ABŞ-ın 1 universitet, 5 orta məktəbinin müəllimi: DÜNYANI HEYRAN QOYAN AZƏRBAYCANLI - - FOTOLAR - VİDEO
Bizi izləyin

Xüsusi

ABŞ-ın 1 universitet, 5 orta məktəbinin müəllimi: DÜNYANI HEYRAN QOYAN AZƏRBAYCANLI - - FOTOLAR - VİDEO

Azərbaycanın zəngin mədəni irsinin, əsrarəngiz folklorunun böyük hissəsini onun milli musiqisi tutur. Tarixi keçmişimizi, folklorumuzu özündə yaşadan musiqi alətlərimizdən biri də kamançadır. İllər, əsrlər bir-birini əvəz etsə də, kamanın simləri öz zərif və füsunkar sədası ilə yenə qəlbimizi isidir, hisslərimizi süsləyir. Xüsusən də onun səsini uzaq məsafələrdən duyanda qürurumuzun həddi-hüdudu olmur.

Müsahibimiz Amerikanın San-Fransisko Dünya Musiqi Festivalının musiqi direktoru vəzifəsində çalışan istedadlı kaman ustası İmamyar Həsənovdur.

O, Bakının Mərdəkan qəsəbəsində, musiqiçi ailəsində dünyaya göz açıb. 10 yaşından etibarən kamançanın sehirli aləminə düşüb. Musiqi Akademiyasını bitirdikdən sonra, taleyin qisməti ilə Amerika Birləşmiş Ştatlarına köçüb.

- İmamyar bəy, hazırda ABŞ-da yaşayırsınız. Oradakı peşəkar fəaliyyətiniz haqda ətraflı danışa bilərsinizmi?

- Bəli, uzun müddətdir ABŞ-da yaşayıram. San-Fransisko Dünya Musiqi Festivalının musiqi direktoru vəzifəsində çalışıram. Eyni zamanda, Stanford Universitetində və 5 orta məktəbdə Azərbaycan musiqisindən vaxtaşırı dərslər verirəm. Amerikanın bir çox ştatlarının folk və dünya musiqi festivallarında, solo və ya başqa xalqların sənətkarlarıyla sintez şəklində konsertlərdə iştirak edirəm. Amerikadan başqa, İsraildə, Yunanıstanda, İranın müxtəlif şəhərlərində kamançadan və ümumi Azərbaycan musiqisindən Ustad Dərsləri və konsertlər verirəm. Hazırda, Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək solo konsertimə və ustad dərslərinə hazırlaşıram.

- Habil Əliyevədək insanlar düşünürdülər ki, kamançanı tardan ayırmaq olmaz. Onlar mütləq birgə səslənməlidirlər. Lakin mərhum sənətkarımız bunun əksini sübut etdi. Bu gün Habil Əliyevi özünə mənəvi ustad hesab edən onlarla xarici kamança ustaları var. Siz də öz ifanızla ürəkləri fəth edirsiniz. Bəs Vətəndən uzaqda kamança məktəbi açıb, davamçılarınızı yetişdirməyi düşünürsünüzmü?

- Çox gözəl məqama toxundunuz. Unudulmaz sənətkarımız kamança aləti üçün gözəl bir iş gördü. O, kamançanı yalnız tarı müşayiət edən alət kimi yox, solo aləti kimi özünəməxsus şəkildə dinləyicilərə təqdim edib, sevdirməyi bacardı. Mən də öz növbəmdə, bu gözəl işi nəinki davam etdirirəm, hətta bir mərhələdə irəli gedib, kamançanı sözün əsl mənasında solo (heç bir musiqi alətinin müşayiəti olmadan) da təqdim etməyə çalışıram.

Amerikaya gəldiyim zamandan bu günə qədər ifaçılığımla bərabər, müəllimliklə də məşğul oluram. Tələbələrimin arasında amerikalı, yapon, yəhudi, iranlı və digər millətlər də var. Dərslərimi internet vasitəsilə həm fərdi, həm də sinif şəraitində keçirəm. Məşğələlərim ingiliscə “World Wide Kamancha Classes” yəni “Dünya həcimli kamança dərsləri” adlanır.

- Dünyanın bir sıra mötəbər konsert salonlarının səhnəsində milli musiqi alətimiz kamança ilə çıxış etmək yəqin ki, çox məsuliyyətli hissdir. Maraqlıdır, ifalarınızdan sonra sizə yaxınlaşan əcnəbilərin təəssüratı necə olur?

- Bəli, çox məsuliyyətli hissdir. Xüsusilə, sənətkar öz vətənindən kənarda yaşayırsa, onda bu məsyliyyətli hiss, vətəninin, xalqının övladı kimi bir vəzifə borcuna çevrilir. Buna görə də nəinki sənətkarın səhnə mədəniyyəti, hətta gündəlik həyatdakı rolu da əcinəbilər arasında onun millətini, xalqını təmsil edir. Çox zamanlar konsertlərimdən sonra əcnəbi tamaşaçılar öz hisslərini bölüşmək üçün mənə yaxınlaşırlar. Bəziləri bu aləti əvvəllər heç eşitmədiyini, tanımadığını, bir çoxları isə başqa xalqların nümayəndələrindən eşidib tanıdıqlarını deyirlər. Amma çox maraqlıdır ki, əksəriyyəti musiqinin onların ruhuna necə tez müsbət təsir etdiyini bildirir. Bu da mənim üçün çox sevindirici haldır.

- Xarici qruplarla çox maraqlı eksperimentlər etmisiniz. Hətta Anna RF qrupu ilə birgə hazırladığınız “Ay laçın” kompozisiyasının uğurlu sintezi uzun müddət sosial şəbəkələrdə insanların böyük marağına səbəb oldu. Belə möhtəşəm layihələrin davamı olacaqmı?

- Ümumiyyətlə mən eksperimentlərə, sintezlərə çox üstünlük verirəm. Məhz bu halda da, öz musiqimizi kamançanın ifasında misiqiçi həmkarlarıma və tamaşaçılara sevdirməyə çalışıram. Bu qəbildən olan layihələr üzərində daim çalışıram və yaxın zamanlarda yeni sintezlərlə tamaşaçılarımızı sevindirəcəyəm.

- Maraqlıdır, muğam üçlüyü şəkilində çıxış etsəniz, hansı sənətkarlarımızı müşayiət etmək istərdiniz?

- İstərdim bu sualınıza cavab verməzdən əvvəl, öz fikirlərimi sizinlə və oxucularımızla bölüşəm. Ümumiyyətlə mənim muğam üçlüyünə münasibətim fərqlidir. Azərbaycanımızdakı muğam üçlüklərinə nəzər salanda görürük ki, xanəndəni tar, tarı isə kamança müşayiət edir. Məsələn, hər-hansı muğam dəstgahını ifa edərkən, kamança tarın cümlələrini eynilə təkrarlamaqla bərabər, bir və ya iki dəfə solo ifa etdiyi halda, tar xanəndəni dəstgah boyu müşayət edib, demək olar muğamın əksər şöbələrində solo ifa edir. Mən şəxsən bu sistemlə razılaşmıram. Çünki kamança və tar eyni alət deyil, onların çalınma üslubu (tar mizrablı, kamança yaylı) və xarakteri fərqlidir. Mənim fikrimcə, muğam cümlələri, dəstgah şöbələri də xarakter baxımından fərqli olduqları üçün, onlar musiqi alətlərinin xarakterinə uyğun bölünməlidir.

İndi sualınızı cavablandırım: Bu fikrimi hansı sənətkarlar qəbul edərsə, yalnız o vaxt, mən də onları müşayət etməyə çox məmnuniyyətlə razılıq verərəm.

- Amerikalılar və avropalılar keyfiyyətli musiqini sevirlər. Lakin bir çox xaricdə yaşayan musiqiçilərimiz iddia edirlər ki, onlar digər xalqların incəsənətinə qarşı qısqanc olurlar. Yəni bir növ “mənim ölkəmdə yaşayırsan, mənim musiqimi daha çox ifa etməlisən” deyirlər. Bəs sizə qarşı belə yad münasibət olubmu?

- Çox düz buyurursunuz. Amerikalılar və avropalılar keyfiyyətli musiqini sevirlər. Amma heç vaxt onların qısqanclıqlarının şahidi olmamışam. Əksinə, onlardan ancaq minnətdarlıq və ən çox bu sözləri eşitmişəm: "Təşəkkür edirik ki, öz milli və klassik musiqinizi, musiqi mədəniyyətinizi bizimlə bölüşürsünüz". Çünki onlar başqa millətlərin musiqisinə, musiqi mədəniyyətinə və onların tarixinə böyük önəm verirlər.

- İfalarınızı özünüz dinləyəndə zövq alırsınızmı?

- Repertuarlarımı hazırlayarkən hansısa musiqi ürəyimə yatmasa, ruhumu oxşamasa, ondan zövq almasam, ifa etmirəm. Çünki nəfəs verdiyim musiqinin ilk dinləyicisi elə özüməm. İfalarımı müəyyən vaxtdan sonra dinləyəndə düşünürəm ki, onları yenidən ifa etsəm, daha fərqli və gözəl alınardı. Bu məni çox sevindirir və yaradıcılığımın hələ inkişaf səviyyəsində olduğundan xəbər verir. Əgər hər-hansı musiqiçi öz ifalarının yüksək səviyyədə olduğunu düşünürsə, demək inkişaf səviyyəsi artıq dayanıb. Bu sualınızın cavabını, şeirlə bitirmək istərdim:

Ustadın ifası qəlbdən keçməsə,


Qəlbindən keçəndə, qəlb titrəməsə,

"Ustadam" deyərək düşmə həvəsə,

Etdiyin ifanın dəyəri olmaz.

(Atəş İbrahimov - red.)

- İmamyar bəy, qürbətdə yaşayan həmvətənlərimizin ilk vəzifəsi bu gün ürəyimizin göynərtisi olan Qarabağ problemini imkan daxilində dünya birliyinə tanıtmaq olmalıdır. Bəs Amerikadakı soydaşlarımız bu məsuliyyətin öhdəsindən gəlirlərmi?

- Nəinki Amerikada, dünyanın hər bir yerində yaşayan azərbaycanlıların Qarabağ probleminə olan münasibəti eynidir. Bu problem çoxdan Azərbaycanın leyhinə, müsbət həll olunmalı idi. Çox təəssüflər ki, hələ də torpağlarımız işğal altındadır.

- Bəs rayonlarımızın işğal günlərində tədbirlər təşkil edilirmi? Bu tədbirlərə qatılırsınız?

- Bəli, tədbirlər təşkil edilir, mən də dəvət olunuram. Ancaq bir az əvvəl söylədiyim kimi, bu problem nə qədər uzanırsa, bir o qədər də əcinəbilər üçün adi hala çevrilir. Beləcə təşkil etdiyimiz anım günləri də öz mahiyyətini itirir.

- İmamyar bəy, milli musiqimizin təbliğində sizə bundan sonra da uğurlar arzu edirik. Qızğın konsert məşqləri ərəfəsində bizə zaman ayırdığınız üçün minnətdarıq.

- Mən də müsahibə təklifi üçün sizə və rəhbərliyinizə təşəkkür edirəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm