Belçikanın ən məşhur aktyoru: ""Qarabağ"a görə yüzlərlə mesaj aldım" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Belçikanın ən məşhur aktyoru: ""Qarabağ"a görə yüzlərlə mesaj aldım" - MÜSAHİBƏ

Bu həyat bir səhnədir, bizsə onun aktyorları... Hər birimiz zamanımız gələndə o səhnəyə çıxıb öz obrazımızı canlandırır, vaxt tamam olanda isə üzümüzü çevirib gedirik. Bəzən o çıxışımızla seyrçiləri mənəvi dünyamızdan uzaqlaşdırır, bəzən də milyonları özümüzə heyran qoyuruq. Müxtəlif dildə danışan izləyicilərin sevgisini qazanıb, öz daxili aləmimizə aparmaq isə hər kəsə nəsib olmur. Müsahibimiz Erhan Dəmirçinin bu baxımdan bəxti gətirib, həm həyat səhnəsində, həm də yaradıcılıqda…

Publika.az məşhur belçikalı soydaşımız, sevilən aktyor Erhan Demirçi ilə müsahibəni təqdim edir.

- Erhan bəy, öncə sizi yaxından tanıtmaq istərdik. Azərbaycanlısınız. Belçikaya köçəndə neçə yaşınız vardı?

- Türkiyənin İğdir şəhərindən Belçikaya köçən azərbaycanlı türk ailəsində dünyaya gəlmişəm. 3 övladın ən böyüyüyəm. Hazırda 34 yaşım var. Bacımın adı Azər, qardaşımın ismi isə Yasimdir.

Brüsselin paytaxtı Belçikadan 100 km aralıqda yerləşən türk qəsəbəsində doğulmuşam. 20 yaşım tamam olanda ali təhsil almaq üçün Brüsselə gəldim və bir daha geri dönmədim.

- Ailənizdə azərbaycanlı ruhu duyulurmu?

- Təbii ki... Azərbaycanla bağımız çox böyükdür. Anamın adı Məryəmdir, atam Ayhan Demirci Azərbaycan-Belçika Dostluq Cəmiyyətinə rəhbərlik edir. Ailə üzvlərim tez-tez Bakıya səfər edirlər. Mən isə işlərimin çoxluğundan hələ ki, ikinci vətənimi ziyarət edə bilməmişəm. Lakin tezliklə bu arzumu gerçəkləşdirməyi düşünürəm. Tez-tez dəvətlər də alıram.

- Dəfələrlə Brüsselə səfər etmişəm. Bu şəhər sanki hər zaman buludlu, yağışlı və bozdur. Onun bu özəlliyi ruhunuzu sıxmırmı? Zənnimcə, Brüsseldə yaşayıb, şən əhvalda mətnlər yaratmaq çox çətindir...

- (Gülür) Yəqin ki, siz yayda olmamısınız burada. Çünki digər fəsillərdə Brüssel soyuq və boz olur. Buna baxmayaraq, onun yeri qəlbimdə bambaşqadır. Doğrudur, Brüsselin qışı, yayı bəlli deyil, amma elə ən çox da bunu sevirəm.

Ötən həftə “New York Times” qəzeti Brüsseli Avropanın yeni Berlini adlandırdı. Bu fikirlə tam razıyam. Hazırda Brüsseldə 1,5 milyon insan yaşayır. Onların yarısı xaricilərdir. Nyu York və Londondan sonra ən çox axın olan şəhərdir. Dünyanın dörd bir yanından insanlar buraya oxumaq və işləmək üçün gəlirlər. Son 10 il ərzində Brüsseldə çox böyük dəyişiklik oldu. Təsəvvür edin, Brüsseldə 170 ölkənin vətəndaşı yaşayır. Bu da şəhərin ruhuna yeni mədəniyyət, həyəcan və dinamika qatır.

- Yəqin sizə ilham verən bu multikulturalizmdir...

- Eynən... Artıq dünyanın hər yerindən dostlarım var. Həftənin istənilən günü və saatı çəkinmədən əyləncə, istirahət və mədəniyyət mərkəzlərinə gedə bilirik. Bir daha Brüsselə gəlsəniz, sizə onun digər simasını tanıdacağıma söz verirəm.

schermafbeelding-2016-11-07-om-13-10-43

Səhv edin... Səy göstərin...Yanlış qərar verməyin sizə zərəri yoxdur. Özünüzə güvənib, çalışsanız, bir gün hərşey mütləq könlünüzcə olacaq.

- Şablon fikir olsa da, söyləcəyəm. Məncə, insanlara gülüş bəxş etmək, onları çağdaş dövrün problemlərindən bir anlıq da olsun uzaqlaşdırıb, düşüncələrini təravətləndirmək çox böyük zəhmət tələb edir. Qarşındakı sənin söylədiklərinə güldükcə, əhvalın yüksəlir. Odur ki, stəndapçılıq olduqca faydalı və əyləncəli peşədir... Bəs, onun çətinlikləri nədir?

- Mənim üçün bu dünyanın ən gözəl peşəsidir. Kiçik yaşlarımda ya pilot, ya da futbolçu olmaq istəyirdim, amma indi nə qədər futbol izləsəm də, peşəmdən aldığım zövq onu geridə qoyur. Bir insanın üzünü güldürmək dünyanın ən xoş duyğusudur. Çətinliyə gələndə isə bunu bəhanə edib, büdrəmirəm. Hər birimiz insanıq, dəyərliyik və heç kimdən üstün və ya əskik deyilik. İşimə çox böyük hörmətlə yanaşıram. Doğrudur, səhvlərim olur, amma hər birimiz səhv edirik. Bu da növbəti pilləyə qalxmağımıza təkan verir.

Bəlkə də fikrimi bi raz geniş ifadə edirəm, amma təhsil müəssisələrinə dəvət olunanda yeniyetmələrə, gənclərə bunu deyirəm: Səhv edin...Səy göstərin...Yanlış qərar verməyin sizə zərəri yoxdur. Özünüzə güvənib, çalışsanız, bir gün hər şey könlünüzcə olacaq. Məsələn, mən yeni başlayanda kafe-barlarda ən çox 50 nəfər üçün çıxış edirdim. İndi isə böyük səhnələrdə yer alıram, ən az 500 nəfər tamaşaçım olur. Etdiyim səhvlər isə indi maraqlı çıxışlarım üçün ssenaridir.

- Avropa insanı ilə bizim gülüş anlayışlarımız tam fərqlidir. Onlar ən çox hansı zarafatlara qəhqəhə çəkirlər?

- Avropalılar daha çox siyasət, gündəlik məişət mövzuları, ailə məsələləri və idman mövzularına maraq göstərirlər. Müxtəlif mədəniyyətlərin mövcud olduğu bir ölkədə bu mövzuları müqayisə edib, aradakı fərqləri önə çəkmək və bunları məzəli şəkildə insanlara çatdırmaq ən çox sevdiyim şeydir. Biz insanlar bir birimizdən nə qədər fərqli olsaq da, bir o qədər də bənzərik. Bunları dinləmək belçikalıların çox xoşuna gəlir.

- Bəs stəndapçı olmağa nə zaman qərar verdiniz?

- Brüsseldə iki ali məktəb bitirmişəm. Marketinq üzrə əlaqələr və Benəlxalq Ticarət diplomlarım var. Universiteti bitirdikdən sonra "Toyota Motor Europe" şirkətində marketinq üzrə mütəxəssis olaraq çalışmağa başladım. Elə bu ərəfədə dostumla birgə Londona səyahət etdik. Günlərin bir günü Londondakı "Komedi klub"a getdik. Bu məkanı çox sevdim. Brüsselə geri dönəndən sonra da komedi klublara getməyə başladım. 28 yaşımda peşəkar olaraq bu işlə məşğul olmağa qərar verdim. Mənə görə stəndapçılıq üçün bu yaş gecdir.

İncəsənət üzrə ali təhsil almadan hobbi olaraq bu yola düşdüm. Lakin elə həmin il "Production Company" tərəfindən kəşf edildim və artıq 5 ildir ki, televiziya və radio fəaliyyətimi, həmçinin stəndap peşəsini davam etdirirəm. Bu işdə marketoloq ixtisasım da köməyimə gəlir. Düşünün, özünü zarafatlarınla tamaşaçına ən gözəl şəkildə təqdim edirsən. Yəni, mən belə görürəm...

- Sizə Belçikanın ən məşhur aktyorlarından biri deyə bilərikmi?

- Hazırda ölkənin ən çox dinlənilən "Radio 2" kanalında həftədə iki dəfə verilişdə çıxış edirəm. Televiziyada ən çox izlənilən serialda maraqlı obraz canlandırıram. Axşamlar isə komedi-şou ilə birgə ölkənin bütün şəhərlərini gəzirəm. Olduqca yorucu, bir o qədər də zövqlü işim var, amma əsla həyatımda heç nəyi dəyişmək istəmirəm.

Dünyanın ən güclü silahı gülüşdür

- Belcikada 3 dövlət dili var: fransız, ingilis və flaman dilləri. Çıxışlarınızı izləyərkən görürəm ki, zarafat edəcək qədər mükəmməl bildiyiniz dil flamancadır. Yanılmıram ki?

- Belçikada böyüməyin ən üstün xüsusiyyəti elə budur. Universitetə başlamadan artıq 3 dil bilirsən. Onların biri ana dili, digərləri isə ikinci dərəcəli dillərinə çevrilir. Mənim ana dilim flamancadır (hollandca), amma Brüsseldə yaşadığıma görə ingilis və fransız dillərini də yaxşı bilirəm. Üstəlik, evdə danışdığımız türkcə (Azərbaycanca) və universitetdə öyrəndiyim ispancanı da əlavə etsək, 5 dildə rahat ünsiyyət qururam. Bu mənim üçün böyük sərvətdir. Dil mövzusunda özümü çox şanslı hesab edirəm. Lakin ana dilim flamancadır. Odur ki 80% çıxışlarım, televiziya və radiodakı fəaliyyətim bu dildədir.

- Sizcə, insanı ağlatmaq çətindir, yoxsa güldürmək?

- Mənə elə gəlir ki, insanı ağlatmaq, qəlbini qırmaq dünyanın ən asan işidir. Hamımız insanıq. Hisslərimiz, duyğularımız incidilə bilər. Təəssüf ki, bu dünyanın hər yerində belədir.

Ən çətini isə tanımadığın bir izləyicini, dinləyicini zarafatlarla güldürməkdir. Sənin bəhs etdiyin məzəli dünyaya onu da aparmaq, keçirdiyin xoş hissləri ona ötürmək ən böyük xoşbəxtlikdir.

Deyirlər, dünyanın ən güclü silahı gülüşdür. Bu fikirlə tam razıyam. Gülüş insanları bir-birinə doğmalaşdırır.

Похожее изображение

"Qarabağ" komandasının Çempionlar liqasina qalması bütün azərbaycanlıları çox qürürlandırdı. Bununla bağlı belçikalı dostlarımdan çoxlu sayda təbrik mesajı aldım. Həmin gecə telefonum susmadı. Bu cür qələbələr insanı qururlandırmaya bilməz.

- Gəlin bir az da Azərbaycandan danışaq. Ölkəmiz, ölkəniz haqda nələr bilirsiniz? Xəbərlərimizi izləyirsiniz?

- Atamın sayəsində Azərbaycanla bağlı çox mövzudan xəbərdaram. Çox vaxt qastrol səfərlərində olduğum üçün valideynlərimlə az ünsiyyətdə oluram, amma hər görüşəndə, zəngləşəndə vətəndə baş verənlərdən bəhs edirik. Azərbaycan və Bakı son 10 il ərzində çox dəyişib. Ölkəmiz günbəgün inkişaf edir və gözəlləşir. Bunu kənardan görüb, hiss etmək möhtəşəm duyğudur. "Evrovision" müsabiqəsi, digər mötəbər yarışların Bakıda keçirilməsi məni çox sevindirir.

Son günlər isə "Qarabağ" komandasının Çempionlar Liqasina qalması bütün azərbaycanlıları çox qürürlandırdı. Bununla bağlı belçikalı dostlarımdan çoxlu sayda təbrik mesajı aldım. Həmin gecə telefonum susmadı. Bu cür qələbələr insanı qururlandırmaya bilməz. Arzu edirəm ki, bu cür uğurlarımızın say gələcəkdə lap çox olsun. Biz azərbaycanlı gənclər istər incəsənət, istər elm, istər idman, istərsə də digər sahələrdə öz şaxələrimizi genişləndirib, ölkəmizin adını Avropa və bütün dünyaya tanıtmalıyıq. Həm Azərbaycan, həm də Türkiyə naminə bu borcumuzu yerinə yetirməliyik.

- Doğrudur. Avropalılar öz köklərini, adətlərini unudub avropalılaşan insanlara dərin hörmət bəsləmirlər…

- Bəli, odur ki, nə qədər Avropada doğulub, böyüsəm də, Belçikanı Azərbaycan və Türkiyə qədər sevsəm də, bir azəri türküyəm. Bütün müsahibələrimdə də dönə-dönə qeyd edirəm: “3 ölkə, 3 mədəniyyətlə böyümək qədər böyük sərvət yoxdur”.

- Çıxışlarınızı xaricdən daha rahat izləmək üçün nə edək?

- erhandemirci.be saytında bütün layihələrim, stəndaplarım toplanıb. Komt-goed.be yeni komedi şoularımızın saytıdır. Bu günlərdə Belçikanın mədəniyyət naziri Sven Gatz bizim konsertimizdə oldu. Çıxışımdan sonra isə onunla uzun və səmimi söhbət etdik.

Hazırda hər həftə çox məşhur jurnalların birində məmim fransızca və flamanca animasiya şəkillərim paylaşılır.

- Xanımınız belçikalıdır. İki övladınız da var…

- Bəli, iki oğlum var. Ümid edirəm ki, onlar da türk və azərbaycanlı ataları, belçikalı anaları kimi hər 3 ölkəni layiqincə təmsil edəcəklər.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm