Mirvari Fətəliyeva: "Senatorların iclasında qışqırıb ağladım ki, ermənilər indi Vüsalı öldürəcəklər"
Bizi izləyin

Xüsusi

Mirvari Fətəliyeva: "Senatorların iclasında qışqırıb ağladım ki, ermənilər indi Vüsalı öldürəcəklər"

Bu gün Azərbaycan adlı məmləkətin qürbət ellərdə təbliği yolunda görülən ən xırda iş belə olduqca əhəmiyyətli və dəyərlidir. Tarix boyu erməni diasporunun güclü olduğu Avropa ölkələrində, xüsusən də Fransada Qarabağ həqiqətlərinin üzə çıxarılıb, düşmənin yalanlarının ifşa edilməsi isə ölkəmiz adına böyük uğurdur. Müsahibimiz Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, eləcə də Paris Azərbaycan evinin rəhbəri Mirvari Fətəliyevadır.

- Mirvari xanım, ailəmiz Qarabağdan məcburi köçkün düşəndə cəmi 3 yaşım vardı, amma hər şey xatirimdədir. Sizin yaddaşınızda necə qalıb o ağır illər?

- Qubadlı rayonunun Xanlıq kəndində doğulmuşam. Orta məktəbi 1993-cü ilədək orada oxumuşam. 93-cü ildə Qubadlı ermənilər tərəfindən işğal olundu. Hücum elə ani olmuşdu ki, yurdumuzdan didərgin düşəndə özümüzlə yalnız sənədlərimizi götürüb çıxa bilmişdik. Ailədə 6 uşaq idik. 90-cı illər nəinki məcburi köçkünlər, bütövlükdə xalqımız üçün çox ağır dövr idi. Tez-tez ev dəyişirdik. Evlə birgə isə təbii ki, məktəb də dəyişirdi.

- Bəs fransız dilinə maraq necə yarandı?

- Məktəbin son illərini Maştağa qəsəbəsində oxudum. Orada isə xarici dil kimi ingilis dili yox, fransız və fars dilləri tədris edilirdi. Mən də fransız dilini seçdim. İntensiv kurslara gedib, fransızcamı təkmilləşdirməyə çalışdım. Orta məktəbi bitirib, 1997-ci ildə Azərbaycan Dillər Universitetinin tərcüməçilik fakültəsinə qəbul oldum. Burada oxuduğum müddətdə təhsilimi Fransada davam etdirmək qərarına gəldim. Öncə fransız dilinin filologiyası, sonra isə Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültələrində təhsil aldım. 2008-ci ildə təhsilimi tamamlayıb, ailə qurdum. Parisdən Liona köçüb, 4 ilə yaxın orada yaşadıq. Bu müddətdə övladlarım dünyaya gəldi. 1 oğlum, 1 qızım var.

- Bəs ictimai fəaliyyətə nə zaman başladınız?

- 2003-cü ildə tələbə ikən Azərbaycan-Fransa Gəncləri təşkilatını yaratdıq. Mən təşkilatın vitse-prezidenti seçildim. 1 il sonra isə rəhbər vəzifəsinə təyin olundum. Bu müddətdə Qarabağ hədqiqətlərinin ictimaiyyətə çatdırılması, mədəniyyətimizin təbliği yolunda bir sıra tədbirlər, konsertlər və nümayişlər həyata keçirdik. “Körpü” adlı jurnalımız tərtib olundu. Bu jurnal iki dəfə nəşr edildikdən sonra təşkilatdan ayrıldım. Beləcə, bir sıra yarım qalan layihələr kimi, jurnalın nəşri də dayandı. Bir müddətdən sonra isə ümumiyyətlə təşkilat fəaliyyətini dayandırdı.

- Lion şəhərində 4 il yaşayandan sonra yenidən Parisə qayıtıdınız?

- Bəli, 2011-ci ilin sonunda Parisə qayıtdım. Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının xarici əlaqələr şöbəsində işləməyə başladım. 1 il burda çalışdıqdan sonra Paris Azərbaycan evi təşkilatını yenidən canlandırmaq fikrinə düşdüm.

- Bu təşkilat daha öncə də fəaliyyət göstərirdi?

- Paris Azərbaycan evi 1992-ci ilin 24 fevralında Ramiz Abutalıbov və digər ziyalılar tərəfindən yaradılmışdı. Lakin bir müddət durğunluq yaşanmışdı. Öz təşəbbüsümüzlə Ramiz müəllimə müraciət edəndə o bu işdə bizi dəstəklədi və tövsiyələrini verdi. Bu il təşkilatımızın yaradılmasının 25, fəaliyyətinin yenidən bərpasının isə 5 ili tamam olur. Oktyabrın 19-u bu əlamətdar hadisəni Paris şəhərində təntənəli şəkildə qeyd edəcəyik.

- Paris Azərbaycan evinin həyata keçirdiyi layihələrdən, tədbirlərdən az-çox məlumatım var. Siz də ətraflı qeyd etsəniz, daha maraqlı olardı.

- Bu illər ərzində Paris Azərbaycan evi bir sıra böyük layihələrə imza atıb. Onların bir neçəsi haqda məlumat verə bilərəm.

Bildiyiniz kimi hər Yeni il bayramı ərəfəsində Milad şəhərcikləri qurulur. Biz də artıq iki ildir ki, 1 ay ərzində Parisin ən gözəl ərazisində öz milad köşəmizlə təmsil olunuruq. Bu layihə çərçivəsində Azərbaycan mətbəxinə, musiqisinə aid nümunələr, məlumatlar təqdim olunur. Bir sıra şəhərlərdə konsert proqramları ilə çıxış etmişik.

- Fransanın bir sıra şəhərlərində rusların, polyakların və digər millətlərin öz tədris ocaqları fəliyyət göstərdiyi bir dövrdə dilimizin təbliğ edilməməsi bir azərbaycanlı kimi hər birimizi məyus edirdi. Lakin təşkilatınız bu sahədə də təqdirəlayiq addım atdı.

- Bizim əsas məqsədlərimizdən biri Fransanın müxtəlif ərazilərində yaşayan gənc nəsli təşkilatlandırmaqdır. Burada yaşayan övladlarımız vətəni, dilimizi unutmasınlar deyə, artıq 4 ildir ki, həftə sonları Azərbaycan dili kursları təşkil edirik. Bu müddət ərzində uşaqlarımıza dilimizi, tariximizi, coğrafiyamızı öyrətməyə çalışırıq. Əlbəttə, 1 saat yarım böyük zaman kəsiyi deyil, lakin ümumi məlunatları və milli adət-ənələrimizi onlara aşılamaqda böyük rol oynayır. Dərslərimiz iki qrupdan ibarətdir. Uşaqlarımız dərslərə böyük maraqla gəlirlər. Bayramlarımızda, Xocalı faciəsinin anım günlərində səhnəciklər hazırlayırıq. Nə qədər vətəndən uzaqda yaşasalar da, dilimizi, mədəniyyətimizi unutmağa imkan verə bilmərik. Çünki tarixindən, dilindən xəbərsiz böyüyən uşaq heç vaxt Vətəninə faydalı şəxiyyət kimi yetişə bilməz. Odur ki, bu layihə bizim üçün çox mühümdur.

- Ümid edirəm ki, könüllü soydaşlarımız sayəsində tezliklə bu kurslar digər şəhərlərdə də fəaliyyətə başlayacaq.

- Kurslarımız Azərbaycanın Fransadakı səfirliyinin dəstəyilə baş tutur. İstərdik ki, bu dərslər digər şəhərlərdə də olsun. Soydaşlarımızın belə fikirləri olarsa, yardım etməyə hazırıq.

- Dəstəkdən danışdınız. Təşkilatınızın dəstəkçiləri hansı qurumlardır?

- Təşkilatımızın layihələri Azərbaycanın Fransadakı səfirliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazırliyinin dəstəyi ilə həyata keçirilir. Bu dəstəyi hiss edib, daha da ruhlanırıq. Yeni böyük layihələrə doğru irəliləyirik. Həmçinin Azərbaycan evi olaraq ayaqda durmağa cəhd etdiyimiz ilk dövrdən bugünədək Azərbaycan Dövlət Diaspor Komitəsinin köməyi də danılmazdır. Onlar bizə həm mənəvi, həm də texniki dəstək verən ilk qurumlardan biridirlər.

- Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibisiniz…

- Bəli, 2014-cü ildə Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi kimi fəaliyyət göstərməyə başlamışam. Bu təşkilatı 1998-ci ildə Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren yaradıb. Bir neçə ildən sonra isə fəaliyyəti dayandırılıb. Təşkilat bərpa edildikdən sonra mənə baş katib vəzifəsində çalışmaq təklif olundu və məmnuniyyətlə qəbul etdim. Bu assosiasiya öz ətrafına senatorlar, deputatlar, ictimai şəxsiyyətləri toplayıb. Onların içərisində Azərbaycan mənşəli fransız rejissoru Rober Ossein, fransız bəstəkarı “Xocalı 613” əsərinin müəllifi Pier Tilua, UNESCO-nun xoşməramlı səfiri Edva Serr, siyasətçilərdən sabiq deputat Jan-Fransua Mansel, Avropa Parlamentinin deputatı Raşida Dati, və s. şəxsiyyətlər idarə heyətində fəaliyyət göstərirlər.

- Bu qədər nüfuzlu fransızı bir yerə toplayan qurumun fəaliyyəti də kifayət qədər faydalı olmalıdır…

- Assosiasiyamızın məqsədi ölkəmizin tanıdılması, Qarabağ həqiqətləri və digər acılarımızı ictimailəşdirmək üçün media və müxtəlif təşkilatlarla sıx iş birliyi qurmaqdır. Çünki bu yolla ölkəmizin problemləri bizim yox, onların dilindən səslənir. Hər il Xocalı faciəsinin anım günlərində dəyirmi masa ərtafında konfranslar həyata keçiririk. Novruz günlərində Parisin meriyaları ilə birgə tədbirlər reallaşdırırıq. Artıq iki ildir ki, Fransanın digər şəhərlərinə də üz tutub Novruz şənlikləri təşkil edirik.

- Bildiyimə görə, turizm baxımından əhəmiyyətli növbəti layihə gerçəkləşdirirsiniz?

- Bəli, bu layihə “Azərbaycanı kəşf edək” adlanır. Azərbaycan Dostları Assosiasiyasının ən uğurlu layihələrindən biridir. Artıq iki dəfə gerçəkləşən bu səyahət çərçivəsində 500 dən çox üzvlərimizi növbə ilə Azərbaycana dəvət edir, 1 həftə ərzində ölkəmizlə canlı tanışlıqlarını təmin edirik. Azərbaycanda turizmin inkişafı üçün maraqlı layihədir. Əgər ölkəmizə fransızları cəlb etmək istəyiriksə, qiyabi tanıtmaqla iş bitmir. Onlar gəlib, vətənimizi gəzir, xoş təəssüratlarla geri dönürlər. Ətraflarında, dostları arasında Azərbaycandan bəhs edirlər.

- Erməni diasporunun güclü olduğu bir dövlətdə düşmənlə mübarizə aparmaq hər kəsin işi deyil…

- Paris Azərbaycan evi olaraq Ermənistan səfirliyi önündə və digər ərazilərdə mütəmadi mitinqlər, nümayişlər keçiririk. Bundan əlavə, öz ətrafımızda, fransız dostlarımızla bu həqiqətləri bölüşməyə, fikir mübadiləsi aparmağa çalışırıq. İllər boyu səhnə ermənilərin olub. İndisə biz bura gəlib, onların yalanlarını ifşa edirik. Bu hal onları narahat edir. Çalışdığımız qədər konfranslarına, toplantılarına qatılırıq. Diasporumuz hələ çox gəncdir, formalaşıb, təkmilləşməsi üçün zaman lazımdır. Lakin artıq fəaliyyətimizdə canlanma nəzərə çarpmağa başlayıb. Fransa-Azərbaycan arasında diplomatik əlaqələrin cəmi 25 yaşı var. Odur ki, bu canlanmanı dəstəkləyir və Fransanın müxtəlif bölgələrindən olan soydaşlarımızı başladığımız işə sövq etməyə çalışırıq.

- Mirvari xanım, sizə o dəhşət dolu günü yenidən xatırlatmaq istəməzdim, lakin unudaraq da heç nəyə nail olmayacağıq. 2013-cü il Dövlət Televiziyamızda Parisdə baş verən növbəti erməni vəhşiliyini sübut edən bir süjet efirə getdi. Süjetin qəhrəmanı isə Siz və Vüsal adlı bir gənc idi. Xahiş edirəm o hadisə haqda danışın…

- Uşaqlıqdan erməni barbarlığının canlı şahidi olan bir insan kimi demokratiyanın beşiyi sayılan Parisdə yenidən düşmən vəhşiliyinə məruz qalmaq mənimçün ikiqat ağır zərbə oldu.

2013-cü il fevralın 26-da gənc tədqiqatçı Vüsal Hüseynovla birgə ermənilərin tədbirinə qoşuldum. Artıq anlayırsınız ki, onlar bu tarixi heç də təsadüfi seçməmişdilər. Konfrans Fransanın parlamentində təşkil edilmişdi. Qatılmaqda məqsədim qarşı tərəfin fikirlərini dinləmək, məlumatları ilə tanış olub, fikir mübadiləsi aparmaq idi. Onlar məni zala girən kimi tanıdılar. Bütün tədbir alışdığımız konfranslara bənzəməyən monoloqlardan ibarət idi. Biz də məyus olub, konfrans zalını tərk etməli olduq. Elə hər şey də burdan başladı…

Biz zaldan çıxmağa hazırlaşanda, Sumqayıtda ölən ermənilərin ruhunu anmaq üçün 1 dəqiqəlik sükut elan edildi. Vüsal fransızca bilmədiyinə görə mən ona söylədim ki, biz ayağa qalxmayacağıq. Çünki deyilənlər hamısı yalan və təxribat xarakterli cəfəngiyatdır. Buna etiraz olaraq biz ayağa qalxmadıq. Elə bu vaxt fransız deputatı Fransua Buluan qışqırdı ki, ayağa qalxın. Bu an ayağa qalxıb: “Bu gün Xocalının anım günüdür və biz öz şəhidlərimizi anmaq üçün ayağa qalxırıq” dedim. Konfransın təşkilatçısı üstümə şığıyıb, əli ilə ağzımı qapatdı. Vüsal isə məni müdafiə edərək, “Azadlıq” deyə qışqırmağa başladı. Mən yenidən cümləmi təkrar etdim. 1 dəqiqəlik sükut baş tutdu. Belə çıxdı ki, ordakı ermənilər Xocalı soyqırımında vəfat etmiş şəhidlərimizi andılar. Çünki mənim cümləmdən sonra zala sükut çökdü. Bu isə konfransdakı 200-ə yaxın erməni və fransızı hiddətləndirdi. Onlar hamısı bizim üstümüzə hücum çəkdilər. Bizə fiziki şiddət tədbiq etməyə başladılar.

- Bəs fransızlar onlara mane olmağa çalışmadılar?

- Xeyr. Üstümüzə cuman azğınlaşmış insanlar saçımı yoldular, sillə və təpiklə bizə xəsarət yetirdilər. Vüsal cüssəli gəncdir, məni müdafiə etməyə qalxdı. Biz otaqdan qaçıb canımızı qurtarmağa çalışdıq. Binanın otaqlarını yaxşı tanımadığımız üçün yenidən başqa qapıdan gəlib həmin otağa daxil olduq. Və yenidən eyni vəhşilik təkrarlandı. Vüsal onlara müqavimət göstərib, cavablarını verdiyi üçün onu daha çox şiddətə məruz qoydular. Mən Vüsalı orda qoyub, köməyə qaçdım. Digər otağın qapısını açdım. Qışqırıb ağlamağa başladım ki, köməyə getməsəniz, digər otaqda azərbaycanlı gənci öldürəcəklər. Burada isə sağçılar partiyasının 40-a yaxın üzvü, əsasən də senatorlar iclas edirdilər. Çoxu tanıdığım siyası simlar idi. Onlar çıxıb, Vüsalın köməyinə getdilər və mənə məsləhət gördülər ki, səfirimiz Elçin Əmirbəyova zəng edim.

Həmin gün də, Xocalı faciəsinə həsr edilmiş sərgi keçirilirdi. Bütün azərbaycanlılar və səfirliyin əməkdaşları orda idilər. Dəhşət və qorxu içərisində gözləyirdim. Şükür ki, Vüsalı ordan xilas edə bildilər. Səfir cənab Əmirbəyov da tez vaxtda özünü yetirdi. Bizi təcili xəstəxanaya apardılar, bir müddət evdə qalıb, müalicə olunduq.

- Bu vəhşiliyi törədən ermənilər hələ də cəzalarını çəkməyiblər?

- Biz bu barədə 4 il ərzində 3 dəfə şikayət etmişik, hakim tərəfindən danışdırılmışıq. Lakin çox təəssüf ki, əlimizdə nə tutarlı sübut, nə də olanları təsdiq edəcək şahid yoxdur. Çünki parlamentdə çəkilən videolar, bütün dəlil-sübutlar ermənilərin əlində idi. Cinayətkarlar öz cəzalarını almadan məsələ bağlandı. Bu növbəti erməni vəhşiliyi kimi tarixdə iz qoyan hadisə oldu.

- Ümid edək ki, bu cinayət cəzasız qalmayacaq.

Mirvari xanım “Vətənə xidmət ordeni ilə təltif olunmusunuz. Sizi təbrik edirəm. Daha böyük nailiyyətlər arzu edirəm. Qarşıda yeni layihələr varmı?

- Təşəkkür edirəm. Cənab prezident tərəfindən belə yüksək qiymətləndirilmək işimə olan məsuliyətimi, ölkəmizin tanıdılması üçün səylərimi və həvəsimi artırır. Layihələrimizin sayı olduqca çoxdur. Elə Sentyabrın 22, 23, 24-də Paris Azərbaycan Evi və Fransada Azərbaycanın Dostları Assosiasiyası olaraq Beynəlxalq Qastronomiya Layihəsinə qoşulacağıq. Bu layihədə 40-dan artıq ölkə iştirak edir. Artıq ikinci ildir ki, biz də bu tədbirə qatılırıq. Tədbir Parisin ən gözəl güşələrindən birində - Sena çayının sahilində baş tutacaq. Bu çox geniş auditoriyanı bir yerə toplayan möhtəşəm layihədir. Sevindirici haldır ki, artıq Azərbaycan da 2 ildir ki, Qatronomiya tədbirində təmsil edilir. Digər yeniliklərimiz haqda isə mütəmadi olaraq məlumat verəcəyik.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm