• USD 1,7000 0,00% EUR 2,0697 +0,19%
    • GBP 2,4069 -0,03% RUB 0,0231 +0,87%

Şahları heyran qoyan gəncəli qız: Qərbli qadınların indi etdiyini 900 il əvvəl edirdi

  • Xüsusi
  • 10 Oktyabr 2017 17:30
  • 5 026 Baxış
Şahları heyran qoyan gəncəli qız: Qərbli qadınların indi etdiyini 900 il əvvəl edirdi

Tarix boyu öz fədakarlığı, istedadı, əzmi ilə seçilən Azərbaycan qadını bir çox sahələrdə ilkə imza atıb. Azərbaycan xanımının bədii obrazından, tarixi inkişafından, görkəmli simalarından bəhs edərkən, poetik irsimizin parlaq təmsilçisi, Şərq ədəbiyyatının böyük nümayəndəsi Məhsəti Gəncəvinin adını qeyd etməməyə haqqımız yoxdur.

Poeziyamızın səhər mehi, eşq məbədi sayılan Məhsəti Gəncəvi tarixdə Azərbaycanın birinci qadın şairi, ilk şahmatçı qadın, ilk görkəmli musiqiçi xanım, hətta bəzi mənbələrə əsaslansaq, həmcinsləri arasında ilk bəstəkar kimi də iz qoyub.

XI əsrin sonu XII əsrin əvvəllərində yaşamış şairimiz Azərbaycan ədəbiyyatının qürur mənbəyidir. Axı bütün Şərqdə, hətta Qərb ölkələrində qadınlar öz haqlarından xəbərsizkən, Gəncə torpağında dövrünün ən ziyalı xanımı əsərlər yazıb-yaradır, sarayın ictimai-mədəni həyatında fəal iştirak edirdi.

Publika.az xəbər verir ki, Məhsəti yaradıcılığının zənginliyi, bədii dilinin açıq-saçıqlığı və əxlaqı haqqında əsrlər boyu bir sıra fərziyyələrin, şayiələrin meydana çıxmasına yol açıb. Hətta bəzi tarixi mənbələrdə belə bir şairin varlığı inkar edilir. Bütün bu qaranlıq məqamlara Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunun filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva ilə aydınlıq gətirəcəyik:

- Zəhra xanım, Məhsəti Gəncəvi yaradıcılığına ən çox bələd olan ədəbiyyatçılarımızdansınız. Odur ki, ona dair ən maraqlı, qaranlıq məqamlara aydınlıq gətirəcəyinizə ümid edirəm.

- Öncə ondan başlayım ki, 2013-cü ildə UNESCO-nun təşkilatçılığı ilə böyük şairimizin 900 illik yubileyi qeyd olundu. Elə həmin il Azərbaycan Respublikasının prezidentinin tapşırığı, Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə “Sirli bənövşə” adlı sənədli film çəkildi. Filmin elmi məsləhətçisi mən olmuşam.

- "Bənövşə", yəni Mənicə?

- Bəli, bildiyiniz kimi gözəl şairimizin ismi Mənicə xatın olub. Məhsəti isə onun təxəllüsüdür. “Sirli bənövşə” filmi bir sıra ölkələrdə təşkil edilmiş yubiley tədbirlərində təqdim olundu. İnanın ki, böyük heyrətlə qarşılandı. Hətta ekran işinin xarici ölkələrdə təqdimatı zamanı əcnəbi rejissorlar, ədəbiyyatçılar bizə deyirdilər ki, siz necə də xoşbəxt xalqsınız, hələ XI əsrdə belə böyük şəxsiyyətiniz, qadın şairiniz olub.

- Sözün hər mənasında böyük şəxsiyyət olub…

- Doğrudur. Mötəbər tədqiqatlara əsaslanıb, deyə bilərəm ki, Mənicə xatın Gəncəvi 1098-ci ildə adlı-sanlı zadəgən ailəsində doğulub. Adının yanındakı “xatın” və ya “xatun” titulu buna işarədir. Hətta bir mənbədə deyilir ki, o Bayan bəyləri nəslindəndir.

Mənicə kiçik yaşlarından musiqi elminə yiyələnir. Ustad sənətkarlardan dərs alaraq, çəng, ud və bərbət kimi qədim Şərq milli musiqi alətlərində ifa etməyi öyrənir. Həmçinin dövrünün riyaziyyat, tarix kimi qabaqcıl elmlərinə və fəlsəfi ideyalarına yiyələnir. Şahmat oynayır, hətta musiqi bəstələyirdi. Təsəvvür edin, hələ 19 yaşında ikən Gəncə sarayında dərbar (katib) işləməyə başlayır. Yəni şahın qəbuluna, xidmətinə gələnləri qeydiyyata alır, hüzuruna kimi çıxarmaq lazım olduğunu müəyyən edirdi. Həmçinin bədii gecələr təşkil edir, musiqi və şeirlərilə şahın və qonaqlarının zövqünü oxşayırdı.

- Elə bu sarayda da həyatının ən böyük məhəbbətinə rast gəlir…

- Böyük şairin məhəbbəti də yaradıcılığı qədər qüdrətli və qüsursuz idi. O, xan sarayında Xətib oğlu Tacəddin Əmir Əhmədə aşiq olur. Çox keçmir ki, xan bu haldan xəbərdar olur və çox qəzəblənir. Aşiqlər qaçmaq üçün tədarük görəndə, saray ordusu onları tutur. Onun bu eşq ucbatından zindana salındığı haqda məlumat da var.

Məhsəti cəzalandırıldıqdan sonra sarayın məclisləri olduca rəngsiz, sönük keçməyə başlayır. Qonaqlar tez-tez onu yad edərək, şahın qəlbini yumşaltmağa nail olurlar. O da, Məhsətini əhv edib, vəzifəsinə geri çağırır. Gənclər ikinci dəfə qaçmağa cəhd etsələr də, yenidən cəzalandırılırlar. Mənicə xatının başı üstündəki bu qara buludlara bir neçə rübaisində rast gəlirik.

Şahlar hər gün bəzmi-sağər qurarlar,

Sazıma, çəngimə çakər olarlar.

O əl ki, məndə var, şənliyə balı,

Onu bağlamazlar, zərə tutarlar.

Böyük eşqi ucbatından şahın zülmünə və cahillərin qınağına tuş gələn eşq ilahəsi Gəncəni birdəfəlik tərk etmək qərarına gəlir. Bir sıra mənbələrə görə isə şah onu özü şəhərdən uzaqlaşdırır. Öncə Qarabağa, oradan isə Türküstanın mühüm mərkəzi Xorasana gəlir. Səlcuqilər hökmdarı Sultan Səncər şairi öz sarayına dəvət edir. Burada o "dəbir" vəzifəsinə yüksəlir. Məhsəti xanım iti ağlı, müdrik tövsiyələri ilə sultanın rəğbətini qazanır və sarayın bütün tədbirərinin, mərasimlərinin təşkilatçısı və əsas iştirakçısına çevrilir.

- Bəs özünü uğruna fəda etdiyi eşqi necə olur?

- Məhsəti nəinki dövrünün, dünya tarixinin ən cəsarətli qadınlarından idi. Bir neçə ildən sonra yenidən Gəncəyə dönüb, yolunu gözləyən Əmir Əhmədlə ailə qurur, birgə Xorasana dönürlər. Cəsur və istedadlı qadının sevib-seçdiyi kişi də özünə layiq olmalıdır. Odur ki, Əli kifayət qədər bilikli və bacarıqlı gənc idi. Qısa zamanda Sultan Şəncərin sarayında mövqe qazanır.

- Zəhra xanım, Məhsəti təxəllüsü ilə bağlı bir sıra fərziyyələr var. Onlardan biri də Sultan Səncərin adilə bağlıdır. Guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik olduğunu söyləyib. Sultan isə cavabında “to, meh-həsti” (“sən hamıdan böyüksən”) deyib.

- Bəli, Məhsəti Mənicə xatının təxəllüsü olub. Bu haqda mənbələrdə bir sıra məlumat var. Çoxunda da Sultan Səncərin adı keçir. Məhsəti adının bir mənası da “Ay xanım”dır. “Ay” türkçülüyün qədim tarixə malik simvoludur. Heç şübhə etmirəm ki, əzəmətli türk səlcuq hökmdarının sarayında Məhsəti öz işıqlı, gözəl siması, ağlı və zəkası ilə bu titula layiq görülmüşdü.

- Məhsəti xanım həyatının qürubunda yenidən doğma vətəninə geri dönür, eləmi?

- O, uzun ömür yaşayıb. Təxminən 60 yaşında əri və oğlu ilə birgə Gəncəyə qayıdır. Gəncənin ictimai-mədəni həyatında fəal iştirak edərək, öz məsləyinə sadiq qalır. Azərbaycan Atabəylərinin dövründə Gəncənin mədəni həyatının təkamülü baş verir. Atabəy Cahan Pəhləvan öz sarayında dövrünün məşhur şairlərinə, elm xadimlərinə yer verirdı. Onların arasında Məhsəti Gəncəvi də olur. Söz sənətinin “Ay xanımı” 90 yaşında gözlərini əbədi yumur.

- Bu gün Məhsəti Gəncəvinin 10 əsrə yaxın yaşı olsa da, fəlsəfi düşüncələri, əsrarəngiz yaradıcılığı öz gənclik təravətini itirmir. Lakin, təəssüflə qeyd edirəm ki, insanlar bəzən onun açıq-saçıq fikirlərini, sevgi etiraflarını oxuyub, haqqında xoşagəlməz sözlər danışırlar. Məhsəti xanımın böyük şəxsiyyətinə xələl gətirib, əxlaqını "ifşa" edirlər. Açıq deyim, bir Azərbaycan vətəndaşı kimi bu hal məni çox narahat edir. İstərdim ki, siz elmi faktlarla içimizdən olan bu cahilləri az da olsa, fikirlərindən döndərəsiniz.

- Baxın, onun yaradıcılığını çox vaxt Ömər Xəyyam şeirlərilə müqaisə edirlər. Lakin bu iki cərəyan bir birindən tam fərqlənir. Məhsəti islam dininin hakim olduğu Gəncə mühitinin sufi şairi idi. Doğrudur Məshəti ziyalı qadın olub və Xəyyamın mənimsədiyi qədim yunan filosoflarının düşüncələrinə bələd idi. Lakin Xəyyam yaradıcılığının dəryasına baş vurduqca onun Allahın varlığına şəkk-şübhə ilə yanaşdığının şahidi oluruq.

Məhsəti xanımın rübailərindəki açıq-saçıq etiraflar, şərab eşqi isə sufi simvollarıdır. Hətta ərəb mədəniyyətinin özündə islamadək şərab içmək böyük zövq sayılırdı. Lakin islam spirtli içkiləri qadağan edəndən sonra poeziyadakı bu başlıca ünsür rəmzi məna daşımağa başladı. Axı şərabsız, meysiz, badəsiz, gözəlsiz Şərq şeiriyyatı ola bilməz. Odur ki, bu rəmzlər ilahi eşq kimi məcazlaşdırıldı.

Haşiyədən kənara çıxsam da, sizə maraqlı bir fakt da bildirim ki, Qətran Təbrizi Gəncə haqda xatirələrində yazırdı: "Mən hər yeri qarış-qarış gəzdim, yalnız Gəncədə şərab qadağan olunmamışdı”.

- Həqiqətən maraqlı məlumatdır. Bəs Məhsəti xanımın şeirlərində başqa hansı sufi simvolları vardı?

- Məsələn zülf, yəni saç ömür rəmzidir. Zülfün uzunluğu da uzunömürlülüyə bir işarədir. Yenə haşiyədən çıxacam, lakin deməliyəm. Sırf Türk mifolofiyasında, şumer mədəniyyətində saçın ucun hörmürdülər. Çünki bu zaman insan həyatını düyünləmiş olur. İstər düşmənlərimiz əsrlər boyu “Sari gəlin” bizimdir desinlər. Bu simvolların açmasını verə bilmədikdən sonra iddiaları çox gülünc görünür.

“Saf mey” ilahi sifətlərin təcəllasını bildirir. Saf meyin zərrələri ilahi paklığa nişandır. Eləcə də “şərab”... "Huşyarlıq” eşqdə tam kamil olmayan deməkdir. “Məst” aşiqin xumar gözü anlamını daşıyır. Yəni bu siyahını günlərlə açıqlasaq, bitməz.

- Belə çıxır ki, zəngin türk təfəkkürü, mədəniyyəti bütün dinləri özünə tabe edəcək qədər qüdrətlidir. Buna baxmayaraq, dahi şairlərimiz türk simvollarından qaynaqlanan əsərlərini farsca qələmə alırdılar. Niyə məhz farsca?

- İslam dili yayıldıqdan sonra bir çox ölkələrdə aparıcı dil ərəbcə oldu. Bu isə birbaşa həmin xalqların ədəbiyyatına öz təsirini göstərdi. Bütün şairlər, alimlər əsərlərini ərəbcə qələmə alırdılar. Bu dövrdə İranın öz ərazisində də fars, pəhləvi dillərində yaranan ədəbiyyat yerini tədricən ərəbdilli şeirə verdi. Yalnız IX əsrdə Şərqi İranda Samanilər dövlətinin yaranması ilə farsdilli ədəbiyyat ənənələri dirçəlməyə başladı. Odur ki, dövrün bütün qüdrətli şairləri, həmçinin Məhsəti xanım da bu dildə yazıb-yaratdı.

- Maraqlıdır onun Azərbaycan dilində əsərləri olubmu?

- Bəlkə də olub, amma dövrümüzədək gəlib çatmayıb və ya bunu istəməyənlərin sayəsində bu gün əlimizdə belə bir məlumat yoxdur.

- Məhsəti Gəncəvinin varlığını inkar edənlərin məqsədi nədir?

- Azərbaycanın düşmənləri çoxdur. Onlar tarix boyu bizim dühalarımızın ətrafında xoşagəlməz söhbətlər aparıb, varlıqlarına kölgə salıblar. Mən daim öz araşdırmalarımda dəyərli alimimiz Rafael Hüseynova istinad edirəm. Rafael bəy doktorluq işinin müdafiə edərkən, mən gənc namizəd idim. 1940-cı illərdə Yevgeni Bertels adlı şərqşünas alim araşdırmadan Məhsəti Gəncəvinin varlığına şübhə ilə yanaşmışdı. Bir çox böyük alimlərimiz də bu qeyri-səhih məlumatı əsas gətirirdilər. Rafael Hüseynovsa bütün bu iddialara elmi araşdırmaları ilə cavab gətirərək, şairimizin həqiqətən də yaşayıb-yaratdığını sübut etdi. Bu baxımdan onun böyük əməyi danılmazdır.

- Zəhra xanım, bir az da yaradıcılığından bəhs edək. Əsasən rübailər və bir neçə qəzəl yazıb Məhsəti xanım? Tərcümələri və tərcüməçilər haqda nə deyə bilərsiniz?

- Məhsəti Gəncəvi əsasən rübailərilə dünya şöhrəti qazanıb. Əsərlərindəki fəsləfi məzmun bəşərin söz sənətinin nadir incilərindəndir. Zərif, müdrik və son dərəcə həssas Azərbaycan xanımının yüksək təfəkkürünü, saf duyğularını özündə ehtiva edir.

Qürbət eldə heç taleyim gülmədi

Barı düşmən əhvalımı bilmədi.

Bilsən, niyə dözdüm səfər cövrünə,

Şirin matəmini tülkü görmədi.

Məhsəti Gəncəvinin sirli dünyasına baş vuran hər kəs ilahi bir xəzinəyə yol tapır. Bu rübailər xalqımızın zəngin mənəvi xəzinəsi olmaqla yanaşı, bəşər mədəniyyəti tarixinin şərəfli zirvəsidir.

Onun əsərlərinin tərcüməsində gözəl şairimiz, həmyerlisi Nigar Rəfibəylini, həmçinin professor Xəlil Yusiflini xüsusi qeyd etmək istəyirəm. Bundan əlavə, mən özüm də onun bir neçə rübaisini dilimizə çevirmişəm.

Biz nə səccadə, nə kəlim əhliyik,

Xərabat qoynunda mərifətliyik.

Sakın, qazi, yemə, yetim malını,

Mey iç bizim kimi, yəqin əhliyik.

Diqqətinizi bu misraların dərin, zəngin mənasına yönəltmək istəyirəm. Qazi şərab içmir, çünki qorxur. Lakin yetim malını yeməkdən ehtiyat etmir.

Bu həmçinin, Məhsəti xanımın zülmə, ədalətsizliyə qarşı öz səsini ucaltmağı bacaran cəsarətli bir sənətkar olduğunu sübut edir. Onun yaracılığını bir söhbətə sığışdırmaq olduqca çətindir. Çünki deyilməyən çox faktlar qalır.

- Zəhra xanım, biz Məhsəti Gəncəvi haqda söhbətimizi sizinlə bitirmirik. Növbəti dəfəyə saxlayırıq. Hələliksə verdiyiniz dəyərli açıqlamalar, elmi mənbələrə əsaslanan biliklər üçün təşəkkür edirəm sizə!

- Leyla xanım, məni dərindən düşündürən və məyus edən bir məqam da var. Bu gün dünya Nizami, Məhsəti kimi dühalarımızı düşmənlərimizin səyi ilə fars sənətkarı kimi tanıyır. Əlimizdə olanları qorumalıyıq. Bunun üçün də biz ədəbiyyatçılar tarıxçilərimizlə birgə çalışmalıyıq. Bu zəngin şəxsiyyətlərimizin milli mənsubiyyətini böhtana, yalana qurban verə bilmərik.

- Yəqin ki, onların yaradıcılığından, həyatından bəhz edən məqalələri xarici dillərə tərcümə edib, dünya mediasında yaymaq lazımdır. Təəssüf ki, hətta bəzi yerli mənbələrdə Məhsəti xanımın yaşayıb-yaşamamasına dair şübhələr var. Öncə özümüz maariflənib, inanmalıyıq ki, əcnəbiləri də inandıraq.

- Doğrudur. Bu mövzuya toxunduğunuz üçün mən də sizə minnətdaram.

Картинки по запросу mehseti gencevi dubay

Bu gün sevindirici bir məqam da var ki, Məhsəti Gəncəvi irsi dünyada tanıdılır. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nəşr olunan “Dubai Al-Thakafiya” (“Dubay mədəniyyət jurnalı”) aylıq jurnalının mart nömrəsində bu ölkədə fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun “Məhsəti Gəncəvi - ilk Azərbaycan şairəsi” sərlövhəli geniş məqaləsi dərc olunub.Artıq bir sıra azərbaycanlı tərcüməçilər onun əsərlərini rus, ingilis və fransız dillərinə tərcümə edirlər. Bu işdə əcnəbi tərcüməçilərin də əməyi danılmazdır. Fransız tərcüməçi Jan Batist Para Məhsəti Gəncəvinin bir neçə rübaisini fransız dilinə uğurla çevirib.

D’une main nous tenons le livre, de l’autre la coupe.
Nous sommes tantôt proches du licite, tantôt de l’interdit.
Au-dessus de nous la coupole du ciel n’est ni mûre ni acerbe.
Nous ne sommes ni de purs athées, ni de vrais croyants.

Bir əlimiz Quranda, bir əlimiz camdadır,
Gah halalın, gah da haramın yanındayıq.
Bu göylərin altında nə püxtə, nə xam olan biz,
Nə mütləq kafir, nə də tam müsəlmanıq.

Affiche prix traduction

Həmçinin Fransadakı səfirliyimizin bizə verdiyi məlumata görə, Azərbaycan maddi və mənəvi irsini dünyada təmsil edən Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin təşilatçılığı ilə ötən il Fransanın Konyak şəhər mərkəzində, meriyanın bağında Məhsəti Gəncəvinin heykəli ucaldılıb. Əcnəbi şərqşünasların daim maraq dairəsində olan Məhsəti xanımın xatirəsinin Konyak şəhərində də əbədiləşdirilməsi ədəbiyyatımız adına böyük uğur sayıla bilər.

Leyla Sarabi

Fotolar: Elnur Muxtar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR