Süni mayalanma mütəxəssisi: “Azərbaycanda tənha qadınlar heç vaxt bu riskə getməzlər” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Süni mayalanma mütəxəssisi: “Azərbaycanda tənha qadınlar heç vaxt bu riskə getməzlər” - MÜSAHİBƏ

“Azər-Türk Med” klinikasının baş həkmi, GENOKS-un (genetik xəstəliklərin diqnostikası) Azərbaycanda rəsmi nümayəndəsi Ersadik Turanın müayinə və müalicələri nəticəsində çoxlu ailə həm təbii yolla, həm də süni mayalanma ilə övlad sahibi olub.

Ersadik Turanın Publika.az-a müsahibəsini təqdim edirik.

- Ersadik bəy, ilk olaraq özünüz haqqında məlumat verərdiniz. Azərbaycanda neçə ildir fəaliyyət göstərirsiniz və niyə buranı seçdiniz?

- İstanbulda süni mayalanma mərkəzində işləyəndə yanıma çoxlu azərbaycanlı xəstələr gəlirdi. Zamanla aramızda isti münasibətlər yaranmağa başladı. Sonra Bakıdan iş təklifi gəldi, mən də razılaşdım. Artıq 13 ildir Azərbaycanda fəaliyyət göstərirəm. Razı olmağımın əsas səbəbi o oldu ki, 13 il əvvəl Bakıda bu sahə üzrə mütəxəssisə böyük ehtiyac var idi. Əslində bir illik gəlmişdim, amma ailələrin mənə ehtiyacının olduğunu gördükdən sonra burada qalmağa qərar verdim. Bundan əlavə, Azərbaycan mənə daha da doğmalaşdı, özümü əcnəbi kimi hiss eləmədim. Odur ki, qalmağa qərar verdim.

Bu yaxınlarda klinikamız 10 illiyini qeyd etdi. Yaş günümüzə klinikamızda süni mayalanma nəticəsində doğulan 8-9 yaşlı uşaqlar da gəlmişdi. Çox fərəhlənmişdim...

- Azərbaycanda süni mayalanma müalicəsi Türkiyədəki kimi yüksək səviyyədə həyata keçirilir?

- 2004-cü ildə Azərbaycanda ancaq bir süni mayalanma mərkəzi fəaliyyət göstərirdi, 3-4 il sonra “Azər-Türk Med” klinikası açıldı. Bura ilk özəl mərkəz oldu. İndi isə süni mayalanma müalicəsi 5 yerdə aparılır.

“Azər-Türk Med” klinikası açılanda bütün avadanlıqların yerləşdirilməsinə, işçilərin götürülməsinə özüm nəzarət etmişəm. Müalicələr yüksək səviyyədə aparılır. Dərmanlar Avropa istehsalıdır, avadanlıq isə Amerikadan gətirilib. Yəni süni mayalanma üçün başqa ölkələrə üz tutmağa ehtiyac yoxdur, çünki xaricdə də eyni dərmanlardan və cihazlardan istifadə olunur. Nəticə etibarı ilə müalicənin Türkiyədə və Bakıda aparılması arasında heç bir fərq yoxdur. Üstünlüyü odur ki, indi övlad sahibi olmaq istəyən ailələr bir də əziyyət çəkib xaricə üz tutmur.

- Azərbaycanda övlad sahibi ola bilməyən ailələr çoxdur?

- Azərbaycan üçün çoxdur. 10 milyon əhalidən 4 nəfərin bir ailə olduğunu nəzərə alsaq, bu, 2 milyon 500 min ailə deməkdir. 2 milyon 500 min nəfərin 15 faizi sonsuzluq problemi yaşayır. Bu da təxminən 400 min deməkdir. 400 min arasından da 40-50 min ailənin süni mayalanmaya ehtiyacı var. Təbii ki, bu müalicəni hər kəs etdirə bilmir.

- Normal cinsi əlaqə yaşayan, amma övlad sahibi olmayan cütlüklər nə vaxt müalicəyə başlamalıdır?

- Gözəl sualdır. Qadının hamilə qalması üçün cütlük bir il ərzində həftədə iki-üç dəfə cinsi əlaqədə olmalıdır. Və bir il ərzində 100 ailənin 85-i övlad sahibi olur. Dolayısı ilə bir il səbir etməlidirlər. Əgər bir il ərzində qadın hamilə qala bilmirsə, deməli, həkimlərə müraicət etmək lazımdır.

- Müalicə necə təyin olunur?

- Sonsuzluq problemini həll etmək üçün əvvəl düzgün diaqnoz qoymaq lazımdır. Bunun üçün cütlüklər həkimə müraciət edəndə onları bir neçə analizlərdən keçiririk, USM aparatına salıb yumurtalıqları dəyərləndiririk, hormonlarına və toxumlarına baxırıq, borularını yoxlayırıq, hesablayırıq və s. Müalicə bütün göstəricilərə əsasən təyin olunur.

Ya ovulyasiya indeksi ilə (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması), ya da kişinin hüceyrələrini yuyub yetişdirilmiş folekulları qadının uşaqlığına köçürürk. Yaxud da süni mayalanma müalicəsini həyata keçiririk. Burada yumurtalar yetişdirilir, narkoz altında kənara alınır. Qadın və kişi hüceyrələrinin birləşməsi insan orqanizmində deyil, sınaq şüşəsində, yaxud laboratoriyada baş verir və sonra qadının uşaqlığına yerləşdirilir.

Bəzi insanlarda isə sadəcə histereskopiya (Histeroskopiya uşaqlıq boynu və uşaqlıq boşluğunun vaginal yoldan uşaqlıq boşluğuna optik bir cihaz yerləşdirilərək izlənilməsidir), laparoskopiya (Laparoskopiya - göbək nahiyəsindən qarın boşluğuna teleskopun daxil edilməsi və beləliklə qarın boşluğu orqanlarının görüntülənməsi prinsipinə əsaslanan əməliyyatdır) əməliyyatları aparılır.

Bəzən də analizlərində heç bir problem çıxmayan xəstələr gəlir. Əslində hamiləlik uzun prosesdir. Analizlər sperm sayının, yumurta fəaliyətinin və boruların həmin ankı vəziyyətini göstərir. Hamiləlik baş verənə qədər müxtəlif proseslər cərəyan edir. Yəni qadının yumurtalama funskiyasından mayalanmaya qədər olan vəziyyəti izləyə bilmirik. Nəticə etibarı ilə analizlərin normal olması hamiləlik prosesinin normal olacağını bildirmir.

Məsələn, intim əlaqədən sonra sperm hüceyrələrinin uşaqlıq yoluna tökülməsini, boruya getməsini, boruda mayalanma əmələ gəlməsini, daha sonra yumurtanın yumurtalıqdan atılmasını, borunun içinə gəlməsini, spermin yumurtanı mayalandırmasını, mayalanan yumurtanın yenidən uşaqlığın içinə qayıtması və inkişaf prosesini izləmək həm tibbi, həm də digər cəhətdən mümkün deyil. Bu sadaladıqlarım 3-4 günlük prosesdir. Hamiləliyin baş verməsi üçün hər şey normal olmalıdır. Əgər analizlərdə heç bir problem çıxmırsa, deməli, proses düzgün getmir.

- Belə xəstələrə nə cür müalicə tətbiq olunur?

- Sperm alınır və uşaqlığın içinə yerləşdirilir. Yəni kənarda süni şəkildə mayalandırılmır. Demək ki, problem toxum hüceyrələrinin uşaqlığın içinə daxil ola bilməməsindədir. Bunu 3 dəfə həyata keçirə bilirik.

Əgər nəticə yenə uğursuz alınırsa, deməli, toxum hüceyrələri yumurtanı tapır, amma onu mayalandıra bilmir. Son çarə kimi mayalandırmanı laboratoriya şəraitində yerinə yetiririk.

- Süni mayalanma qadınlarda neçə yaşına kimi tətbiq edilə bilər?

- Yumurtalıqlar fəaliyyətdə olduğu müddətdə edilə bilər. Bu, adamdan adama dəyişir, bəzi adamlarda yumurtalıqların fəaliyyəti 25, bəzilərində 35, başqalarında isə 45 yaşında dayanır. Yumurlıqların fəaliyyəti adətən 44-45 yaşlarında zəifləyir.

- Qadınlarda yumurta rezervinin nə qədər olduğunu necə müəyyən edirsiniz?

- Yumurtalıqların fəaliyyətini hormonal analizlərə görə müəyyən edirik.

- Süni mayalanmanın alınmama ehtimalı nə qədərdir?

- Bu, yardımcı müalicələrdir. Süni mayalanma 100 adama edildikdə 50-60 faizində uğurlu alınır. Bu da o deməkdir ki, alınmama ehtimalı var. Odur ki, xəstələr alınmamasına da hazır olmalıdır.

Süni mayalanma ilk dəfə alınmadıqda ruhdan düşmək lazım deyil, onu bir neçə dəfə təkrar etmək olar. Tövsiyə edirəm ki, inamlarını itirməsinlər, küsməsinlər, övlad sahibi olmağı çox istəyirlərsə, bir neçə aydan sonra təkrar süni mayalanma etdirsinlər.

Azərbaycanda olduğum 13 il ərzində bu arzusundan vaz keçməyən nə qədər ailələr gördüm. Hətta 8-ci və 10-cu müalicədə uşaq sahibi olan xəstələrim olub.

- Süni mayalanma müalicəsində istifadə etdiyiniz dərmanların əks təsirləri varmı?

- İstifadə olunan dərmanların keyfiyyəti çox önəmlidir. Yuxarıda dediyim kimi dərmanlar Avropa və alman istehsalıdır. Bu dərmanlar folekul yetişdirmək üçün 10 gün ərzində istifadə olunur. Sonrakı günlər dərmanlar bədəndən atılır. Onlar diabet və təzyiq dərmanlarından fərqli olaraq çox qısa müddətlik istifadə edilir, ona görə də heç bir əks təsirdən söhbət gedə bilməz.

- Qadının və kişinin övlad sahibi olması üçün ideal yaş həddi nə qədərdir?

- Bu, bir az sosial sualdır. Qadın və ya kişi özünü hazır etdiyi zaman ana, yaxud ata olmağa qərar verməlidir. Mən bu suala ginekoloq kimi cavab verəcəyəm. Erkən və gec yaşlarda da ana olan qadınlar var, amma ən tövsiyə edilən yaş həddi 26 və 32-dir.

- Süni mayalanma yolu ilə ana olmaq istəyən qadınların risk faktorları varmı?

- Risk amili çox azdır. Yumurta iynə ilə toplandığı üçün mində bir faiz də olsa, infeksiya riski var. Bir də iynə batırılan yerlərdə mində bir faiz qanama baş verə bilər. İnfeksiya düşən yerlər antibiotiklə müalicə olunur, qanama olduqda xəstələrə qan köçürülür. Əgər qan dayanmazsa, əməliyyatla dayandırmaq mümkündür. Yəni qorxulu risklər deyil, çox nadir rast gəlinən hallardır. Süni mayalanmada təcrübəli olan həkimlər bunun öhdəsindən asanlıqla gələ bilər.

- Qadının hamilə qalmasını əngəlləyən səbəblər hansılardır?

- Birinci növbədə yaş önəmli amildir, yuxarıda dediyim kimi, qadın yaşa dolduqca ana olmaq şansı aşağı düşür. Allah qadın bədənini elə yaradıb ki, doğulanda 1 milyon yumurtası olur, ilk aybaşı olana qədər yumurtaların 600 mini itir, 400 minə düşür. 35 yaşından sonra yumurtalar özü-özünü yox etməyə başlayır, 38-də isə bu proses sürətlənir və 45 yaşında bitir.

Odur ki, uşaq sahibi olmaq istəyən qadınlara vaxtında ailə qurmağı məsləhət görürəm, bu, 35 yaşdan gec olmalı deyil. Bəzi qadınlar karyera qurmağı üstün tutur, onlara da yumurtalıqları dondurmaq təklif edilir.

- Antibiotik istifadəsi kişilərdə sperm sayı və keyfiyyətinə təsir göstərir?

- Antibiotik yox, amma siqaret sperm keyfiyyətinə mənfi təsir edir. Ümumiyyətlə, spermin birinci düşməni siqaretdir. Siqaretdə 800-ə yaxın toksik maddə var. Toksik maddələr həm sprem sayını, həm hərəkətini azaldır, həm də morfologiyasını pozur. Bu səbəbdən də uşaq sahibi olmaq istəyən kişilər ya siqareti tərgitməli, ya da mütləq sayını azaltmalıdır.

Spermanın sayını azaldan ikinci məqam spritli içkidir.

Üçüncüsü, isti sauna və vannalardır. İşindən dolayı hamam, çörək və şirniyyat sexləri kimi çox isti yerlərdə çalışan kişilərdə sperm sayı azalmağa başlayır. Odur ki, buna diqqət etmək laızmdır.

- Bildiyim qədərilə süni mayalanmadan dünyaya gələn uşaqların cinsiyyətini əvvəlcədən təyin etmək mümkündür. Həmçinin süni mayalanmadan dünyaya gələn uşaqlarda autizm xəstəliyinə daha çox rast gəlinir. Əgər süni mayalanmada uşağın cinsiyyətini müəyyən etmək mümkündürsə, xəstəliklərini də əvvəlcədən öyrənmək və qarşısını almaq olar? Elə götürək autizmi...

- Bu məsələ üzərində çox araşdırma aparmışam. Bizə bir uşağı autizm xəstəsi olan ailə gəlmişdi. “İkinci dəfə uşaq sahibi olmaq istəyirik, amma autizm olmasın. Bunu əvvəlcə bilmək olarmı?” deyə müraciət etmişdi. Autizm genetik də ola bilər, lakin genetik bağlantısı hələ ki tapılmayıb. Bu xəstəlik multifaktorialdır.

Məsələn, talessimiya genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Yəni genetik olduğu tibbə məlumdur. Süni mayalanma əməliyyatı aparanda embrionun sağlamlığı yoxlanılır, əgər talessimiya genləri yoxdursa, embrionu o zaman qadına köçürürük. Yeri gəlmişkən, Azərbaycanda ən böyük problem uşaqların 7-8 faizinin talessimiya daşıyıcısı olmasıdır. Bu, daha böyük problemdir. Çünki uşaq qan azlığından əziyyət çəkir, ona daim qan köçürülmədir ki, inkişafdan qalmasın, dəmirin bədəndən uzaqlaşdırılması üçün də iynələr vurulmalıdır. Bu kimi prosedurlar uzun müddətli və çox maliyyə tələb edən müalicələrdir.

Əgər gələcəkdə autizmin genetik bağlantısı tapılarsa, onda düzəltdiyimiz DNK-sı pozulan embrionları uşaqlığa köçürtmərik. Beləliklə də autizmin qarşısını almaq olar. Ümumiyyətlə, autizm çox ciddi xəstəlikdir, əgər o əvəllər beş mində bir uşaqda rast gəlinirdisə, indi bu qərəm 68-ə düşüb. Əgər autizmin genetik əlaqəsi tapılsa, gələcəkdə süni mayalanma ilə onun qarşısını almaq mümkün olacaq.

- Azərbaycanlı kişilər əvvəllər süni mayalanmaya müsbət baxmırdılar, bu yolla uşaq sahibi olmağı qəbul edə bilmirdilər. İndi münasibət dəyişibmi?

- Azərbaycana gəldiyim ilk vaxtlarda məni narahat edən məsələ bu idi. Süni mayalanma deyən kimi ağıllarına başqa şey gəlirdi. Spermanın başqa birindən götürüldüyünü, öz toxumu ilə edilmədiyini düşünürdülər. Bunu da ayıb hesab edirdilər. İnsanlar bilməlidirlər ki, bu, onların özlərinin toxumları, yumurtalıqları, sperm hüceyrələridir. Xüsusilə kişilər çox narahat idi. Amma baxın, tutaq ki, kimsə şübhə edirsə qan analizi verəndə və bu analiz uşaqla tutuşdurulanda o dəqiqə bilinəcək ki, onun atasıdır, ya yox. Ona görə narahat olmasınlar. Şükürlər olsun ki, indiyə qədər süni mayalanma ilə dünyaya gələn uşaqların valideynlərində bunu yoxlatdırmaq istəyi olmayıb. Hər halda uşaq doğulandan sonra validenylərinə hədsiz bənzəməsi də bu şübhələri yox edir.

İllər ərzində bu səhv inanc azalsa da, tamamilə aradan qalxmayıb. Təəssüf ki, hələ də bu düşüncədə olan kişilər var. İnanıram ki, bu da zamanla öz həllini tapacaq.

- Cütlüklər süni mayalanma ilə övlad sahibi olduqdan sonra onlara nə məsləhət görürsünüz?

- Klinikamızda süni mayalanma ilə 3 və ya 4 uşaq sahibi olan ailələr var. Uşaqların sağlamlığı, inkişafı digərləri kimidir. Süni mayalanmadan dünyaya gələn uşaqlar kifayət qədər ağıllı və sağlam olur. Odur ki, qorxmaq lazım deyil.

- Süni mayalanma mərkəzi seçərkən nələrə diqqət etmək lazımdır?

- Artıq 13 ildir Azərbaycanda süni mayalanma həyata keçirilir. İlk növbədə bu yolla uşaq sahibi olan insanlarla məsləhətləşmək lazımdır. Onlardan ətraflı məlumat əldə etdikdən sonra həkimə müraciət etsinlər. Çünki bu zaman xəstə daha inamlı olur, müalicə də daha rahat həyata keçirilir. Xəstənin inamlı olması müalicənin uğurlu olacağına zəmanət verir. Onda xəstə həm fiziki, həm də ruhən özünü hazır hiss edir.

- Süni mayalanma əməliyyatlarının qiymətləri Azırbaycanda çox bahadır?

- Rəqəm demək istəmirəm. Yalnız onu deyə bilərəm ki, bu əməliyyat əvvəl çox baha idi, dolların bahalaşmasından sonra ucuzlaşdı.

- Tənha qadın sperm bankasına müraciət edib övlad sahibi ola bilərmi? Azərbaycanda sizə belə bir xəstə müraciət edibmi?

- Belə hallar Avropa ölkələrində geniş yayııb. Bizdəki ailə və sağlamlıq qanunlarına görə, tənha qadının uşaq sahibi olma haqqı var. Amma bunu tətbiq edən yoxdur. Burada sosial və milli-mənəvi dəyələrin də rolu var. Avropa mədəniyyəti müsəlman ölkələrin mədəniyyətindən tamamilə fərqlidir. Məsələn, onlarda kişilərin ailə qurmasına normal baxılır, həmçinin belə ailələrin uşağı saxlmasına da icazə verilir. Azərbaycan və Türkiyə mədəniyyətində bu cür hallar qəbuledilməzdir.

13 ildir Azərbaycandayam, bir dəfə də olsun bu səbəbə görə mənə müraciət olunmayıb. Çünki qadından hamı uşağın atasının kim olduğunu soruşur. Ailə ayrılsa da, bizdə qəbul olunub ki, uşağın atası olmalıdır. Odur ki, Azərbaycanda tənha qadınların bu riskə gedəcəyini düşünmürəm.

- Belə başa düşdüm ki, bunu siz də dəstəkləmirisiniz...

- Mən də atayam, iki qızım var. Görürəm ki, uşağın hər ikisinin sevgiyə və şəfqətə ehtiyacı var. Ana ilə ata ayrı-ayrı fiqurlardır. Dolayısı ilə uşağı normal ailə mühitində və sevgi içərisində dünyaya gətirmək lazımdır. Çünki sevildiyini hiss edən, diqqət görən uşaqlar heç vaxt pis insan və xeyirsiz övlad ola bilməz.

Əlbəttə ki, ana və ya ata rəhmətə gedə bilər. Lakin bu, artıq tamamilə başqa mövzudur.

Aytən,

Fotolar: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm