Bakıya vurulan səfir: "Dalinin ruhu evimdə gəzir, tez-tez söhbət edirik" - MÜSAHİBƏ - ÖZƏL
Bizi izləyin

Xüsusi

Bakıya vurulan səfir: "Dalinin ruhu evimdə gəzir, tez-tez söhbət edirik" - MÜSAHİBƏ - ÖZƏL

Publika.az-ın müsahibi Fransanın dünyaşöhrətli heykəltaraş-rəssamı, YUNESKO-nun xoşməramlı səfiri və diplomatiya üzrə xüsusi nümayəndəsi, Azərbaycanın Dostları Assosiasiyasının vitse-prezidenti Edva Serdir.

- Əziz xanım Edva, gəlin tanış olaq. Harada doğulmusunuz?

- İsraildə doğulan polşaəsilli fransızam. Yaşımı soruşmayın, çünki deməyəcəm (Gülür).

- Deməsəniz də, olduqca gənc və təravətli görünürsünüz. Bəs incəsənətə marağınız hansı yaşda yarandı?

- Düşünürəm ki, insanların peşələri də onlarla birgə dünyaya gəlir. Yəqin ki, bu istedadım da mənimlə birgə doğulub. Özümü xatırlayandan rəssamlığa marağım yaranıb. Lap kiçik idim, ətrafı kəşf edib, rənglərlə tanış olurdum. Bütün uşaqlar kimi öz dünyamı rəngli qələmlərlə kağıza köçürürdüm. Elə hər şey də bununla başladı.

- İstedadınız irsidir, yoxsa?

- Deməzdim. Atam həkim olub. Anamsa evdar qadın idi. Heç vaxt işləməyib. Əvəzində məni böyüdüb. Bütün sevgisini mənə verib. Çox sevimli və geniş qəlbli insan idi.

- Fransaya nə vaxt köçdünüz?

- Kiçik yaşlarımdan Fransaya tez-tez xalamın yanına gəlirdim. Xalam Nitsa şəhərində yaşayırdı. Mən ona hər zaman ikinci anam kimi baxmışam. Bir müddət sonra ailəmlə birgə biz də Fransaya köçdük. Parisin məşhur Qrand Şumyer Akademiyası (l'Académie de la Grande Chaumière) və Ekol Komondo (Ecole Comondo) adlanan incəsənət məktəbini bitirib, ali təhsil almaq üçün Britaniyaya getdim. Londonun Hornsi (Hornsey) İncəsənət Kollecini tamamladım. Babam ingilisdir. Ona görə bu ölkə də mənə çox doğmadır.

- Yaradıcılığınızda kimlərin təsiri duyulur?

- Mone, Qonzales, Çilida mənim kumirlərim olublar. Lakin həyatımın ən böyük şansı ustadım Alisiya Penalba ilə tanışlığımdır. O, Fransanın ən məşhur heykəltaraşlarından idi. Ölümündən 10 il əvvəl baş tutdu tanışlığımız və onunla birgə bu sənəti dərindən öyrənməyə başladım. Daşa həyat verən madam Penalba sözün hər mənasında mənim müəllimim olub. Bu xoşbəxtik hər kəsə nəsib olmur.

Alicia penalba Hedva Ser

- Bəs Salvador Dali ilə sizi nə bir-birinizə nə bağlayır?

- Mən onun Parisdəki evində yaşayıram və bununla qürur duyuram. Dalinin çılğın ruhu evdə dolaşır, mənimlə birgə yaşayır, çox vaxt da ilham qaynağım olur. Mən onu hər an yanımda hiss edirəm.

- Necə hiss edirsiniz?

- Bu inanılmazdır, amma o, tez-tez mənimlə söhbət edir. İşlərim haqda öz fikrini bildirir. Bəzən “Edva, bu əsərin çox gözəldir”, ya da “bunun üzərində bir az da işləməlisən” - deyir.

- YUNESKO-nun xoşməramlı səfiri və diplomatiya üzrə xüsusi nümayəndəsisiniz. Hər nöqtəsində savaş qaynayan bu dünyada humanist vəzifə yerinə yetirirsiniz.

- 2011-ci ildən bu şərəfli vəzifəyə layiq görülmüşəm. Bir çox şəhərlərdə sülh rəmzi olan abidələrim ucalır. Maltanın prezidentinin xahişi ilə ABŞ və Rusiya arasında soyuq müharibənin bitməsinin ildönümü münasibətilə xatirə abidəsi hazırladım. Açılışda prezident də şəxsən iştirak etdi. Corc Buş da çox bəyənmişdi əl işimi. Bundan əlavə, Berlində Almaniya və İsrail arasındakı diplomatik əlaqələrin möhkəmlənməsini simvolizə edən müəllifi olduğum abidənin açılışı baş tutdu. Həmçinin Krakov şəhərinin mərkəzi meydanını mənim 4 heykəltaraşlıq nümunəm bəzəyir. Onların 4-ü də xüsusi rəmzi məna daşıyır. Hərəsi tarixin bir anını tərənnüm edir. Biri xalqın başına gələn faciəni anırsa, digəri şəhərin yenidənqurmasını, inkişafını ehtiva edir.

Картинки по запросу Hedva Ser

- Millətlər arasında sülh körpüsü yaratmaq, incəsənət vasitəsilə insanları doğmalaşdırmaq... Sənətinizin sizdə doğurduğu ən xoş hiss də bu olmalıdır.

- Əlbəttə, mən dünyanın bir sıra şəhərlərində gənc rəssamlara dəstək olmaq, həmçinin onları maarifləndirmək məqsədilə sərgilər təşkil edirəm. Beləcə qitələr arası cığır açmağa cəhd edirəm. Qarşılıqlı müharibə şəraitində yaşayan ölkələrin incəsənət nümayəndələrini də ora dəvət edirəm ki, bir birinin əsərlərilə tanış olsunlar. Bu mənim əsas amalımdır. Xalqların faciələrinə dərin sayğını qoruyub, onları barışığa səsləmək.

- Azərbaycanı yaxından tanıyan və sevən biri kimi yəqin ki, Ermənistanla müharibə şəraitində yaşadığımızdan xəbərdarsınız.

- Şübhəsiz. Xoşməramlı incəsənət xadimi kimi bu münaqişənin sülh yolu ilə həllini arzulayıram. Andorrada təşkil olunan Art-Camp layihəm çərçivəsində təşkil olunmuş sərgiyə hər iki ölkənin gənc rəssamlarını dəvət etmişdim. Onların sülh mövzusuna həsr etdikləri əsərləri nümayiş olunurdu. Rəssamları və əsərlərini bir-birinə təqdim edib, onları incəsənətin dili ilə barışığa, ortaq məxrəcə səslədim. Hər bir xalq firavan yaşamağa layiqdir. Xüsusən də Azərbaycan. Çünki sizin xalqınız tolerantlığı qoruyub, təbliğ edən millətlər sırasındadır. Müsəlman ölkəsində bu dəyərlərə rast gəlmək böyük üstünlükdür.

- Bakını sevirsinizmi?

- Bakını həddən artıq sevirəm. Deyərdim ki, Bakı dünyanın ən dəbdəbəli şəhəridir. Bakını sözlə ifadə etmək lazım gələrsə, modernizmlə qədimliyin təzadlı vəhdəti deyərəm. Hələ İçərişəhərin gözəlliyindən danışmıram. O dar küçələr, şəhər içərisində balaca şəhər, burada qorunan qədim tarix... hamısı möhtəşəmdir.

Картинки по запросу HEdva Ser bAKU

- Bakı bulvarında da Edva Serin möhtəşəm abidəsi ucalır...

- Elədir. İki il öncə Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakının ən gözəl güşələrindən biri olan Bayraq Meydanının yanında “Sülh ağacı” abidəmin açılış mərasimi keçirildi. Açılışda çox sevdiyim, hörmət bəslədiyim Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, YUNESKO-nun baş direktoru İrina Bokova da iştirak etdilər. Mənim istəyimlə abidənin arxasında şəlalə yaradıldı və işıqlandırma sistemi quruldu. Bu abidə mənim Azərbaycan xalqının başına gələn müsibətlərə münasibətim, onu daim əmin-amanlıq içərisində görmək istəyimin rəmzidir.

- Sözlərin aciz qaldığı zaman köməyimizə incəsənət gəlir. İnsanın daxili narahatlığını, xoşbəxt anlarını, bütövlükdə hisslərini yalnız sizin kimi yaradıcı simalar bir kəlimə də söyləmədən təsvir edə bilirlər. Fikrimcə, incəsənət xadimlərini cəmiyyətə sevdirən əsas cəhət də budur. Bəs sizcə, sırf Edva Ser yaradıcılığı niyə sevilir?

- Düşünürəm ki, hər bir yaradıcı insanın bu dünyada bir vəzifəsi var. Tutduğu yolu dəstəkləyən, özünə ruhən yaxın hiss edənlər həmin simaya rəğbətlə yanaşırlar. Mənim də məqsədim əsərlərimlə planetdə ədaləti, sülhü təbliğ etməkdir. Yəqin ki, yaradıcılığımı insanlara sevdirən də budur.

Картинки по запросу Hedva Ser

- Yəqin ki, rəngləri bizdən daha yaxşı duyursunuz. Çünki siz onların dili ilə danışırsınız. Bəs ən çox sevdiyiniz rəng hansıdır?

- Rənglər mənim həyatımın və yaradıcılığımın özəyini təşkil edir. Onların arasında ayrı-seçkilik qoya bilmərəm. Həm buz kimi soyuq, həm günəş kimi qaynar, həm də gözə dinclik gətirən xəfif çalarlar qəlbimə yaxındır. Qırmızı, narıncı, sarı... Bilmirəm hansının adını çəkim. Rənglər mənim dünyamdır.

- Bəs həyatımızın rənglərini formalaşdıran insanlara münasibətiniz necədir?

- Mən pozitiv enerjili insanları çox sevirəm, onlar bizim həyatımızı parlaq rənglərə boyayırlar. Savaşlara dəstək verənlərə mənim dünyamda yer yoxdur.

Hong Kong

- Şəhərləri boyalarla kətan üzərinə köçürməkdən zövq alırsınız?

- Doğrudur. Səyahət etdiyim bütün şəhərləri təsvir etməyi sevirəm. Peyzajını yaratdığım hər bir şəhər rəsmi mənim təəssüratlarımın məhsuludur.

Картинки по запросу Hedva Ser

- Gələcək planlarınız haqda danışmaq istərdinizmi?

- Əzizim Leyla, inciməyin, lakin mən görüləcək işlərim haqda danımağı sevmirəm. Yalnız onu deyə bilərəm ki, sülhü və ədaləti tərənnüm edən çox maraqlı layihələr gözləyir bizi. Gerçəkləşdikcə sizinlə bölüşəcəyəm.

- Təşəkkür edirəm. Səbirsizliklə gözləyəcəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm