• USD 1,7000 0,00% EUR 1,9932 -0,15%
    • GBP 2,3252 -0,36% RUB 0,0234 0,00%

Elçibəy zəng edib mənə dedi ki, Türkiyə səfirliyinə 5-10 sot yer verə bilmərikmi? - Akif Aşırlı

  • Xüsusi
  • 26 Oktyabr 2017 11:00
  • 7 736 Baxış
Elçibəy zəng edib mənə dedi ki, Türkiyə səfirliyinə 5-10 sot yer verə bilmərikmi? - Akif Aşırlı

Publika.az “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə müsahibəni təqdim edir.

– Akif müəllim, siz Qazaxda doğulmusunuz...

– Bəli...

– Hiss olunur ki, Qazaxa aşırı bir bağlılığınız var.

– Özümü Azərbaycan türkü hesab edirəm. Azərbaycanın hər bir bölgəsi, yurdu mənim üçün doğmadır. Amma təbii, insan ruhən doğulduğu yerə daha çox bağlı olur. Mən də Qazaxda doğulduğum üçün o torpağa bağlıyam. Burda qəbahətli bir məsələ yoxdur.

– Səməd Vurğunu tez-tez tənqid edirlər. Bu tənqidlər bir qazaxlı kimi sizə pis təsir edirmi?

– Hansısa sayt və ya qəzet, yaxud hansısa bir imza Səməd Vurğun haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirirsə, əlbəttə, bu, başqaları kimi məndə də ikrah doğurur. Təbii, ədəbi zövq məsələsi var. Kimsə hansısa şairi, yazıçının əsərlərini qəbul etməyə bilər. Bu, normaldır. Amma hiss olunur ki, aparılan müzakirələr Səməd Vurğunun ədəbi yaradıcılığı haqqında deyil. Onu 37-ci ildə öz qələm dostlarını satmaqda ittiham edirlər. Axı ortada fakt yoxdur. İndiyə qədər hansısa bir sayt bu barədə sənəd ortaya qoyubmu? Səməd Vurğunun özü 37-ci ilin çox ağır günlərindən keçib gəlmiş bir şəxsiyyətdir.

Sizə bir fakt deyim. 1992-ci ildə Mirzə İbrahimovun ömrünün sonları idi və mən onunla görüşdüm, “Yeddi gün” qəzeti üçün müsahibə götürdüm. Bu, arxivdə hələ də qalır. Ondan soruşdum ki, 37-ci ildə Səməd Vurğunun vəziyyəti necə idi? Onlar qapı qonşusu olub. Mirzə İbrahimov danışırdı ki, həmin illərdə elə vaxtlar olurdu, Səməd Vurğunu gecə yarısı aparıb KQB-nin zindanına atırdılar. Başa düşürsünüzmü bu, nə deməkdir?

– Əlbəttə...

– İkinci tərəfdən isə 37-ci illər repressiyası təkcə Azərbaycanla bağlı deyildi. Leninin ölümü, Stalin rejiminin kəskin vaxtı Sovet impreriyasının tərkibinə daxil olan bütün dövlətlərdə bu cəza, repressiya üsulu tətbiq edilirdi. Bu, tarixi bir proses idi. Təsəvvür edin, repressiya olunan qadınlara aid Qazaxıstanda muzey var. Belə çıxır ki, qazaxlar da bir-birini satmışdı?

Bir şeyi də deyim. Əli Vəliyevin 30-cu illərdə tüfəngi varmış və Süleyman Rəhimov bu tüfəngi görür. Görən kimi də gedib hüquq mühafizə orqanlarına xəbər verir. Buna görə illərin dostları, bir yerdə çörək kəsmiş yoldaşlar dəfələrlə sorğu-suala çəkilir. Bir müddət sonra onlar görüşürlər və Əli Vəliyev Süleyman Rəhimovdan soruşur ki, niyə belə etdin? O da deyir ki, mən Sovet hökumətinə xəyanət edə bilməzdim...

– Maraqlıdır, bunu nə üçün danışdınız ki?

– Nə bilim, danışdım. Yəni bu cür əqidə daşıyıcısı olan insanı - Süleyman Rəhimovu belə mən satqın hesab etmirəm. Sadəcə, o zaman vəziyyət elə idi ki, insanlar öz-özündən qorxurdu. Belə deyək, repressiya illəri jurnalistikasını az-çox araşdırmışam. Vəziyyətin nə qədər faciəvi olduğu duyulur, o yazılardan qan damır. Sizə bir fakt deyim, Azərbaycanda yazıçı qadınlarının 1930-cu illərdən sonra ayrıca bir təşkilatı olub. Çünki həmin yazıçılara ciddi nəzarət etmək üçün onların həyat yoldaşlarının bolşevizm, sovet tərbiyə üsulunda yetişməsi lazım idi. Yəni qadınlar da öz həyat yoldaşlarına bu xətdən və sistemdən kənara çıxmağa icazə verməsinlər.

– Akif müəllim, söz düşmüşkən, hansı Azərbaycan yazıçı və şairlərinin qadınını nümunəvi həyat yoldaşı hesab edərdiniz?

– Məsələn, İsmayıl Şıxlının həyat yoldaşı Umidə xanımı misal çəkə bilərəm.

– Niyə məhz Umidə xanım?

– Mən Umidə xanımı canlı görməmişəm, sadəcə, bir-iki dəfə telefonla danışmışdım. Amma dostarı danışırlar ki, Umidə xanım çox ciddi şəkildə İsmayıl bəyi qoruyub, müdafiə edib. Hətta ömrünün sonlarında İsmayıl Şıxlının gözləri görmürdü və xanımına “Ölən dünyam” əsərini diktə eləmişdi. O da yazıya almışdı.

Eyni zamanda, İsa Hüseynovun həyat yoldaşı Firuzə xanımı da nümunə çəkmək olar. Ömrünün sonlarına yaxın İsa Hüseynovun evinə getmişdim. O, müsahibə verəndə də həyat yoldaşı Firuzə xanım yanında olurdu...

– Fikir verin, İsmayıl Şıxlı da, İsa Hüseynov da Qazaxlıdır. Sonra da deyirsiniz ki, yerlipərəst deyiləm...

– Bəli... (gülür) Çünki tanıdıqlarımdan və gördüklərimdən danışıram.

– Niyə tanıdıqlarınızın hamısı Qazaxlıdır?

– Axı, kənar adamlardan görmədiyim, bilmədiyim hadisələrdən necə danışa bilərəm? Onların evinə getməmişəm, onları görməmişəm. Qeyri-dəqiq şeylər haqqında isə fikir deyə bilmərəm. İkincisi, niyə mənə ancaq Qazaxdan sual verirsiniz?

– Dedim axı, haqqınızda yaradılmış yerlipərəst obrazına görə...

– Heç vaxt yerliçilik etməmişəm. Pafoslu səslənməsin, böyük Turan eşqi ilə yaşayan və az-çox yazı-pozusu bu yöndə olan bir adam necə yerlipərəst ola bilər? Sadəcə, bəzən insanları yerliçi olmağa məcbur edirlər. Haqsız bir yazıya cavab verib, münasibət bildirən kimi deyirlər ki, qazaxlıdır, ona görə belə danışır...

Fikir verin, “Şərq” qəzetinə indiyə qədər yüzdən çox jurnalist gəlib-gedib. Onun cəmi on nəfəri Qazaxdan ola-olmaya. Və yaxud, hər hansı bir istedadlı qazaxlının yazısını oxuyub bəyənirəmsə, fərəhlənirəmsə, ona dəstək verirəmsə, burada hansı yerliçilikdən söhbət gedə bilər?

Bəs bir qazaxlı kimi Aşıq Ədalətin Fəxri Xiyabanda dəfn olunmamasına görə də narahat oldunuzmu?

– Təbii... Ən azından kaman ustası Habil Əliyev, tarımızın ən müqəddəs təmsilçilərindən olan Qurban Pirimov Fəxri Xiyabanda dəfn olunmuşdusa, Aşıq Ədalətin də Fəxri Xiaybanda uyumağa haqqı vardı. Amma bu, faciə də deyil.

– Sualım kobud səslənə bilər, üzürlü sayın. Sizin də ürəyinizdə Fəxri Xiyaban eşqi varmı?

– Övladlarıma da həmişə demişəm, dünyanın harasında oluram olum, həyatdır harda dünyamı dəyişsəm belə doğulduğum yerdə, doğmalarımın yanında – Qazaxda dəfn edin. İkincisi, Fəxri Xiyabanda dəfn olunmaq üçün gərək o haqqı qazanasan. Hesab edirəm ki, o haqqa sahib deyiləm.

– Akif müəllim, əvvəl müxalif, sonra isə siyasi mövqeyni dəyişən media kapitanlarına baxanda heç fikirləşirsiniz ki, nə yaxşı mən əvvəldən hökumətyönümlü olmuşam?

– Birmənalı şəkildə deyirəm, mən heç vaxt hökumətyönümlü olmamışam, dövlətçi olmuşam. “Şərq”i digər mətbuat orqanlarından fərqləndirən bir cəhət də odur ki, biz heç vaxt partiya qəzeti olmamışıq. Həmişə müstəqil şəkildə fəaliyyət göstərmişik. Təbii, qəzetin müstəqillik əmsalı haqqında hərə bir cür danışa bilər. Çünki müstəqillik nisbi anlayışdır. Məsələn, biz gedib Azərbaycan Nəşriyyatının qabağında istədiyimiz hərəkəti edə bilərikmi? Yox! Ona görə də təbii, dövlət və milli maraqlar qorunmalıdır. Sual edirəm, Qarabağ kimi problemi olan bir məmləkətdə peşə maraqlarından öndə niyə Vətən maraqları olmamalıdır ki?

– Dövlətçisiniz və qəzetiniz də dövlət tərəfindən maliyyələşir... Niyə dövlətçi olmayasınız ki?

– Bəli, gündəlik nəşr olunan 30 qəzet dövlət səviyyəsində maliyyələşir və yardım alır. Bu qəzetlərdən biri də "Şərq"dir. Amma biz bu yardım pulunu öz əziyyətimizlə qazanırıq. Dövlətin prioritet hesab etdiyi mövzulardan birini hər gün gündəmdə saxlayır, yazı veririk. Dövlətin imkanlarından yararlanmaq nə vaxtdan qəbahət sayılır, xəyanət hesab olunur?

– Əbülfəz Elçibəyin dövründə Azərbaycan mətbuatının vəziyyətindən danışaq... Necə idi?

– Elçibəyin dövrü Azərbaycan mətbuatında xüsusi bir mərhələdir. Bir müddət senzura da ləğv olundu. Həmin dövrdə artıq kim istəsə, cəbhəyə gedib reportaj hazırlayır, şəkil çəkir, yazı yazırdı. Amma səhəri gün eşidirdik ki, fotosu çəkilən həmin təpələr və yüksəkilkər alınıb. Ona görə də Elçibəy hakimiyyətinin son iki-üç ayında hərbi senzuranın bərpası ilə bağlı qərar qəbul olundu.

– Dediniz ki, Elçibəy hakimiyyəti vaxtı bir müddət senzura ləğv olundu. Bəs niyə senzuranın ləğvi Heydər Əliyevin adı ilə bağlıdır?

– Elçibəy hakimiyyətinin bir illik dövrünün yeddi, səkkiz ayı senzurasız dövrdür. 1993-cü ilin fevral ayından etibarən isə dediyim kimi, hərbi senzura yenidən yaradıldı. Qəzetin çapı üçün xüsusi razılıq alınırdı. Həmin senzura "Azərnəşr"dən "Azərbaycan" nəşriyyatına gəldi. Və 1998-ci ildə tamamilə ləğv olundu, mətbuat üzərindən bütün nəzarət mexanizmləri götürüldü. Mətbuat və İnformasiya Nazirliyi bir struktur kimi ləğv edildi. Bu isə təbii ki, Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.

– Sizcə, indi senzura yoxdur?

– İndi də senzura var, amma hər kəsin, hər bir yazarın daxilindədir. Yəni hər şey baş redaktorun məsələyə necə yanaşmasından asılıdır.

– Yaxınlarda Rauf Arifoğlu müsahibəsində Heydər Əliyevə qarşı səhv etdiyini açıqladı. O müsahibəmizi oxudunuzmu?

– Oxudum. Doğrudan da, Heydər Əliyevin hakimiyyəti illərində mətbuat qızıl dövrünü yaşayırdı. Qəzetlərimiz kifayət qədər tirajla çap olunurdu, yayım imkanlarımız böyük idi. Gəlirlərimiz həddən artıq çox idi. Biz hətta yeri gələndə məhkəmələri udurduq. Məsələn, Heydər Əliyevin dövründə biz məhkəmədə Murtuz Ələsgərovu udmuşduq. Daha doğrusu, heç-heç oynamışdıq.

– Murtuz Ələsgərov sizi məhkəməyə vermişdi ki?

– Bəli...

– Niyə?

– Biz Milli Məclisdə sədr postu üçün gedən siyasi mübarizədən yazmışdıq. Yazıda hər hansı bir təhqir elementləri olmasa da, qeyri-dəqiq ifadələr vardı. Sadəcə, yazmışdıq ki, qənaətlər bunu deməyə əsas verir ki, Murtuz Ələsgərov tezliklə sədr postundan gedəcək. Buna görə bir ay çəkişməmiz oldu. Məhkəmədə prosesin sonunda Murtuz Ələsgərovun əsl ağsaqqal olduğunu gördüm.

– Niyə əvvəl dediniz ki, məhkəməni udduq, sonra isə fikrinizi dəyişdiniz ki, heç-heçə oynadıq...

– Bu mənada udduq ki, bizi cərimələmədilər, qəzetimiz bağlanmadı... Və qəzetimizdə də bəzi ifadələrə görə təkzib verildi. Halbuki, Murtuz Ələsgərovun imkanları var idi ki, “Şərq” qəzetini bağlatdırsın, yaxud da, böyük bir cərimə kəsdirsin. Çünki o, ölkənin ikinci şəxsi idi. Və həmin vaxt Murtuz Ələsgərov böyük ağsaqqallıq elədi, nə qəzetin bağlanmasını, nə də cərimə kəsilməsini tələb etdi. Bu da onunla bağlıdır ki, Heydər Əliyev və onun birlikdə işlədiyi insanlarda dövlətçilik əxlaqı çox yüksək idi.

– Maraqlıdır, Murtuz Ələsgərov haqqında niyə bu qədər ehtiyatla danışırsınız?

– Burda ehtiyatla danışılacaq heç nə yoxdur. Allah rəhmət eləsin, mən həqiqətən də Murtuz müəllimin xatirəsini böyük ehtiramla anıram. Çünki ondan sonra bizi məhkəməyə verən çox adamlar oldu, hətta həmkarlarımızla da aramızda çəkişmələr baş verdi. Onlar bizim üzərimizə maddi təzminat qoydular. Amma Murtuz müəllim bunu eləmədi. Bəs niyə onun haqqında xoş danışmayım?!

– Elçibəylə şəxsi münasibətiniz olub?

– Bəli...

– Hansı səviyyədə?

– Təbii ki, mən təkcə jurnalist yox, həm də hərəkatçı olmuşam. Elçibəyi də bu proseslərdən tanıyırdım. Onu bir lider olaraq görmüşəm. Bu gün də, sabah da, 100 il sonra da onun Azərbaycan tarixində önəmli yeri var. Elçibəylə bir neçə dəfə görüşlərimiz, söhbətlərimiz olub. Ondan müsahibələr götürmüşəm.

Sizə bir maraqlı fakt da danışım. Təxminən, 1998-1999-cu il idi. Otaqda oturmuşdum. Qəzet çapa hazırlanırdı. Saat axşam 10 olardı. Birdən Elçibəyin köməkçisi zəng elədi, dedi ki, bəy səninlə danışmaq istəyir. Telefonu qaldırdım. Hal-əhval tutandan sonra dedi ki, Türkiyə səfirliyinin binası niyə pionerlər parkında inşa olunmamalıdır? Park niyə onlara verilməməlidir? Çünki o vaxt mətbuatda bu mövzuda yazılar gedirdi. Türkiyə səfirliyinə həmin məkanda yer verilməsinə etiraz eləyənlər vardı və bu barədə mətbuatda yazılar yazılırdı. Bəy mənə dedi ki, Türkiyənin Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğunda böyük rolu olub. İndi biz bu məmləkətdə Türkiyə səfirliyinə beş-on sot yer verə bilmərik? Niyə bu məsələyə etiraz edib, məqalə yazmırsınız?

– Elibəy sizə sifariş verirdi?

– Yox... Bir ağsaqqal kimi öz məsləhətlərini verirdi.

– Akif müəllim, necə düşünürsünüz, həm Elçibəyi, həm də Heydər Əliyevi birlikdə sevmək mümkündürmü?

– Sizə bir şey deyim. Əlbəttə, Elçibəy də, Heydər Əliyev də Azərbaycan tarixində müstəsna rolu olan milli, tarixi şəxsiyyətlərdir. XX əsrin Azərbaycan dövlətçilik tarixində dörd böyük şəxsiyyətin böyük rolu, xidmətləri var. Rəsulzadə, Nərimanov, Elçibəy və Heydər Əliyev.

– Sizcə, Rəsulzadə ilə Nəriman Nərimanovun Azərbaycan tarixində oynadığı rol eynidirmi?

– Təbii, rollar fərqli ola bilər. Mən Azərbaycan Xalq Cümhuriyyətini, o dövrün mətbuatını tədqiq eləyən, Məmməd Əmin Rəsulzadə və onun irsini az-çox bilən və araşdıran bir insanam. Nərimanovun ərazi siyasətində səhvlər var idi. Amma mövcud tarixi şərait və şərtlər daxilində Qarabağın, Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səy etdi və buna nail də oldu. Düzdür, onun 1920-ci il 1 dekabr bəyanatı da var, yenə deyirəm, səhvləri ola bilər, amma yenə də Nərimanovu tariximizdən silmək mümkün deyil. Onun Azərbaycan dilinin qorunması ilə bağlı gördüyü işlər də birmənalı şəkildə qiymətləndirilməlidir.

– Dediniz ki, mən Rəsulzadəni tədqiq eləyən, müəyyən dərəcədə araşdıran bir insanam. Şirməmməd Hüseynovdan sonra bu işi görmək çətin deyil?

– Şirməmməd Hüseynov Məmməd Əmin Rəsulzadənin məqalələrini transliterasiya ilə məşğuldur. Biri var mənbəşünaslıq, biri də var tarixi təhlil. Bu yaşda onun əməyi, fəaliyyəti çox yüksəkdir. Şirməmməd müəllim yorulmadan Rəsulzadənin “Açıq söz”, “Azərbaycan” qəzetindəki məqalələrini transliterasiya eləyib. Yəni ərəb əlifbasından latın əlifbasına çevirib. Bu baxımdan o, ən yaxşı, məhsuldar mənbəşünasdır.

İkincisi, Azərbaycan Xalq Cümhuriyyəti təkcə Məmməd Əmin Rəsulzadənin fəaliyyətindən ibarət deyil. Rəsulzadənin böyüklüyü həm də ondadır ki, ətrafında böyük qələm sahibləri vardı. Xəlil İbrahim, Fərhad Ağazadə, Şəfi bəy Rüstəmbəyli, Şəfiqə xanım Əfəndizadə, İdris Axundzadə və adını sadalamadığım onlarla böyük insanlar... Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti bütöv öyrənilməlidir.

Təbii, Rəsulzadə bizim üçün ona görə əhəmiyyətlidir ki, o, təkcə qəzetçi, publisist, naşir deyil, həm də ictimai fikir adamı, ideoloq, milli dövlətimizin banisidir. Amma Xəlil İbrahim də Müsavat Partiyasında təmsil olunub və heç də Rəsulzadədən geri qalmayan məqalələrin müəllifidir.

– Demək istəyirsiniz ki, Şirməmməd Hüseynov sadəcə, bir məbəşünasıdır, o dövrün araşdırmaçısı deyil?

– Cümhuriyyət dövrünün araşdırmaçıları çoxdur. Məsələn, Cəmil Həsənli, Nəsiman Yaqublu, Nəsib Nəsibzadə, Şirməmməd Hüseynov... Bu siyahını uzatmaq da olar. Şirməmməd müəllim isə mənbəşünasdır.

– Yəni araşdırmaçı deyil?

– Axı dedim, mənbəşünas və araşdırmaçıdır...

Kəramət Böyükçöl

Fotolar: Elnur Muxtar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR