Nərimanov Xan Şuşinskiyə niyə "Yaşa, Mustafa Kamal Paşa" mahnısı oxudurdu? - OĞLU DANIŞIR
Bizi izləyin

Xüsusi

Nərimanov Xan Şuşinskiyə niyə "Yaşa, Mustafa Kamal Paşa" mahnısı oxudurdu? - OĞLU DANIŞIR

Publika.az-ın müsahibi dahi xanəndəmiz Xan Şuşinskinin oğlu Aslan Cavanşirovdur.

- Aslan bəy, dahi xanəndəmiz haqda mənbələrdə məlumat çoxdur. Lakin biz onu sizin dilinizdən tanımaq istəyirik. Xan Şuşinskinin həyat və yaradıcılığı haqda məlumatları oğlundan eşitmək daha maraqlı olardı.

- Elə başlayaq ondan ki, Xan Şusinski dahi muğam ustası olmasaydı belə, təkcə “Şuşanın dağları” mahnısı ona Azərbaycanda böyük şöhrət gətirərdi. Yəqin ki, dəfələrlə siz də dinləmisiniz. Mahının gözəlliyi ondadır ki, sözləri sırf xalq dilindədir. Həm şuxdur, həm Şuşanın gözəlliyini təcəssüm etdirir. Ən əsası isə diqqət yetirsəniz, Azərbaycan Demokratik Respublikasının ilk bayrağına ehyam var. Məhz buna görə atam dəfələrlə təzyiqlərə məruz qalıb, izahatları alınıb. Yenə də mahnı bugünədək gəlib çatıb. Sadəcə, sözlərində cüzi dəyişiklik edərək, “Şuşanın dağları, başı dumanlı” deyil, “Şuşanın dağları deyil dumanlı” kimi ifa edib. Beləcə mahnını qoruyaraq, günümüzədək çatdıra bilib. Özümçün atam haqda xırda tədqiqat aparıram. Azərbaycan xanəndəlik sənətinin baniləri Seyid Şuşinski, Keçəçioğlu Məhəmməd, Şəkili Ələskər, Cabbar Qaryağdı, İslam Abdullayev və s. kimi sənətkarlar olub. Bu dahi muğam ustaları XX əsrin əvvələrində yaşayıblar. Muğam Üzeyir bəyədək şifahi sənət olub. O, ilk dəfə muğamı şöbələrə bölüb, sıralayıb. Xanın yaşadığı dövrdə informasiya qıtlığı vardı. Xanəndələrin çoxu gedib Varşavada, Kievdə səslərini qramofon vallarına yazdırırdılar. Beləcə muğamlar daha geniş kütləyə yayılırdı.

- Yəqin ki, bu vallar çox baha idi.

- Təbii ki. Onları almağa hər kəsin maddi imkanı yetmirdi. Ümumiyyətlə XIX əsrədək muğam hər məclisdə ifa olunmazdı. Yalnız ziyalı məclislərində xanəndələr muğam səsləndirərdilər. Çünki muğam bir fəlsəfədir. Adlarını sadaladığım dahi xanədələr artıq XX əsrin əvvələrində yaşlaşmışdılar. Onların səs imkanları məhdudlaşmışdı. Xan şifahi yolla bu sənətkarlardan mənimsədiyi muğamlarımızın incəliklərini, boğazları, zəngulələri ondan sonra səhnəyə gələn Arif Babayev, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Sara Qədimova, Fatma Mehrəliyeva və başqa xanəndələrə çatırmışdı. Onların muğamdan agah olmalarında, püxtələşmələrində Xanın böyük rolu olub. Həmin dövrdə Seyid Şuşinski də çox güclü pedaqoq idi. Lakin yaş öz sözünü deyirdi. İndiki böyük sənətkarlarımız da etiraf edirlər ki, Seyid bəy bəzi muğam şöbələrini tədris edərkən deyərmiş ki, bunu gedib Xanın ifasında dinləyib, öyrənin. Ötən əsrin 20-ci illərində Sovet hakimiyyəti muğamı milli dəyərlərin bir hisəsi kimi məhdudlaşdı. “Oxuma tar, səni istəmir proletar” və s. kimi şüarlar yayılırdı. Bir növ xalqı kökündən ayırırdılıar. Əsasən kütləvi təbliğat xarakterli mahnılara üstünlük verirdilər. Belə bir mühitdə Xan Şuşinski dövrünün ən güclü səs diapazonu olan xanəndəsi kimi muğamı qoruyub, ifa edib.

- Maraqlıdır, Xanın səsinin qüdrəti haradan qaynaqlanır? Torpağın, suyun rolu varmı burada? Yoxsa elə Allah vergisidir?

- Söz yox ki, tanrı vergisidir. Lakin Qarabağ torpağından hər zaman güclü səslər çıxıb. Məsələn elə bölgələrimiz var ki, orada güclü səslər olmur. Bu bizim istəyimizlə deyil. Görünür, təbiətin bir hikməti var. Məsələn, tovuzluların gözəl səsi olur, qazaxlıların isə yox. Çox nadir halda Gəncədən gözəl ifaçı çıxar. Qərbi Azərbaycandan isə əksinə, məlahətli səsli xanəndələr olur. Quba-Qusar, Xaçmazdan da güclü səslər yoxdur. Bakıdan əsasən pəsxan xanəndələr olur. Bakı publikası gözəl qəzəllərə, onların xırdalanmasına, təhlilinə üstünlük verirlər. Qarabağ, Şirvan bölgələrindən isə çox vaxt güclü səslər olur. Bu bölgələrdə zəngulələr, çılğın səslə oxumaq daha üstün sayılır və bəyənilir. Dediklərim hamısı faktdır, lakin istisna hallar hər zaman olur.

- Atanız Xan nəslindən olub.

- Bu yaxınlarda arxivlərdə bu faktın təsdiqini də tapmışıq. 1870-ci ildə Çar Rusiyası dövründə Sankt-Peterburqa Azərbaycan xanlıqlarının nümayəndələri barədə xüsusi məlumat göndərilib. Həmin mənbələrə əsasən, İsfəndiyar Aslan ağa oğlu Cavanşir Qarabağ xanlığının banisi Pənahəli xanın oğlu İbrahimxəlil xanın nəslindəndir. İbrahimxəlil xanın 24 övladı olub. Onun oğlu Məhəmmmədhəsən ağanın oğlu Xancan ağanın oğlu Mahmud ağanın oğlu Aslan ağanın oğludur. Atam mənə də öz atası Aslan ağanın adını verib. Sovet dövründə xan nəslinin törəməli təqim edildiyi üçün Cavanşir soyadından imtina ediblər. Atam özü Şuşinski familiyasını daşıyıb. Lakin əmim Allahyar Cavanşirov soyadını dəyişməyib.

- Atanız öz ailəsi haqda nə danışardı sizə?

- Atamın anasın Bəyimxanım da Pənahəli xanın törəməlindən olub. Bəyimxanımı uzun müddət Aslan ağaya vermək istəməyiblər. O da qızı qaçırdıb. Bu da aşura gününə təsadüf edib. Uzun müddət övladları doğulmayıb. İnsanlar buna belə yozum veriblər ki, aşura günü qız qaçırdığına görə uşaqları olmur. İşə falçı qarışdıqdan sonra ilk övladları doğulub. Təbii ki, bu bir təsadüf idi. İlk övladları atam - İsfəndiyar olub. Atamın ardınca Zümrüd və Əliyar adlı övladları doğulub, amma tələf olublar. Sonra Allahyar və Rüxsarə adlı uşaqları da olub.

- Əminiz həm də atanızın tarzəni olub.

- Bəli. Aslan ağa uşaqlıqdan görüb ki, atamın musiqiyə marağı var, bir tar alıb ona. Atam bir müddət məşğul olandan sonra tarını qardaşına verib və ona ifa etməyi öyrədib.

- Xan haqda bilmədiyimiz başqa nə danışardınız bizə?

- Elə bir müddət əvvəl sizinlə Cabbar Qaryağdı haqda danışmışdıq. 1924-cü ildə Nəriman Nərimanov Rusiyada işləyirdi və bir gün Ağdama gəlir. Atamı çağırırlar ki, musiqiçilərini də götür gəl, Nərimanov üçün oxuyacaqsınız.

Nərimanov gəlir əyləşir, atamla hal-əlval tutur, gün-güzəranlarını soruşur. Məclisdə də xüsusi rejimin nümayəndələri, hakim təbəqə iştirak edirmiş. Ona görə atam, tar, kamaça ifaçıları şablon cavablar verir, hər şeydən razılıqlarını bildirirlər. Elə bu vaxt Nərimanov deyir ki, “Pəncərədən daş gəlir” mahnısını oxuya bilərsənmi? Atam da oxuyur.

Картинки по запросу xan shushinski

- Bu mahnının tarixçəsi Cabbar bəyin adı ilə bağlıdır?

- Bəli, mahnının maraqlı tarixçəsi var. XX əsrin əvvəllərində Çar rejiminə qarşı xalq hərəkatı güclənmişdi, mütləq hakimiyyəti devirmək üçün dövrün mütərəqqi fikirli insanları bir məqsədə qulluq edirdilər. Cabbar Qaryağdıoğlu da bu insanlarla tərəfdaşlıq edirmiş. Onlara pul lazım olanda, mitinq keçirmək üçün vəsait çatmayanda yardım edirmiş. Həmin vaxt da Bayıl türməsində çoxlu siyası dustaqlar saxlanılırmış. Cabbar Qaryağdıoğlu isə türmənin qarşısındakı çayxanada dəstəsilə oturub, muğam ifa edərmiş. Cabbar bəyin həddən artıq zil səsi olub. Onun ifasını dinləyənlər də gətirib pul verirmişlər. Türməyə məlumat keçirmək lazım olanda isə hərəkatçılar gətirib pul adı ilə gizli məlumat yazılan kağız verirmişlər ki, jandarma şübhələnməsin. “Pəncərədən daş gəlir” mahnısı məxfi məlumatlardan öncə bir xəbərdarlıq xarakteri daşıyırmış. Mahnını ifa edəndən sonra isə məxfi xəbəri qəzələ çevirib, segah üstə oxuyurmuş. Məsələn “Filankəsi tutdular”, “Filan vaxt sizi harasa aparacaqlar” və s. kimi informasiya ötürürmüş.

- Böyük xanəndəmiz həmçinin inqilabçı olub, demək.

- Bəli, heyf ki, yetəri qədər araşdırılmayıb bu faktlar. Həmin vaxt Nərimanovla Stalin də Bayıl türməsində saxlanılırdılar. Stalin Cabbar bəyi çox sevirdi və ona “starik” deyirdi.

- Demək Nərimanov o günlərini xatırlamaq istəyib.

- Atam deyir, elə oxuyanda yadıma düşdü ki, bu mahnını ifa etməyimi niyə istəyib. Sonra da deyib ki, “Yaşa, yaşa, çox yaşa, Mustafa Kamal Paşa” mahnısını bilirsənmi?

- Bu mahnının da tarixçəsindən danışaqmı?

- Bildiyiniz kimi, Sovet dövrünün ilk illərində Mustafa Kamal Atatürklə Leninin isti münasibəti olub. Sovet Rusiyası yeni yaranan Türkiyə Cumhuriyyətinə silah-sursatla yardım etmişdi. Məqsəd bu idi ki, Türkiyə də sosializm yolunu seçsin. Buna görə də onların arasında dostluq əlaqəsi vardı. Həmin dövrdə Türkiyədə “Yaşa, yaşa, çox yaşa, Mustafa Kamal Paşa" mahnısı yaranmışdı. Bu mahnı azərbaycanlı xanəndələr arasında populyarlıq qazanmışdı. Toylarda, şənliklərdə ifa olunardı. Mustafa Kamal Paşa Sovet Rusiyasından üz çevirəndən sonra sovet hakimiyyəti bu mahnıya qadağa qoyur.

- Bəs böyük xanəndəmiz ifa edirmi mahnını?

- Atam onlara mahnını qadağan edən məmurun üzünə tərəddüdlə baxır ki, nə cavab versin. O da üz ifadəsilə bildirir ki, oxu. Bu Nərimanovun gözündən yayınmır. Atam danışırdı ki, mahnı bitəndən sonra Nərimanovun bərk qanı qaraldı və otaqdan çıxıb, həmin məmurları danladı ki, Lenin özü Mustafa Kamal Paşa ilə yaxşı münasibətdədir. Niyə axı münasibətləri zədələyirsiniz?

- O vaxtlar xanəndələrimizin ətrafında erməni musiqiçilər də olurdu.

- Atamın ovcunda uzun çapıq izi var idi. Bir dəfə soruşdum ki, bu nəyin izidir? Dedi ki, bir dəfə musiqiçilərlə birgə toydan qayıdırlarmış. Qarabağdakı bir erməni kəndində çayxanada oturub, çay içirlər. Birdən görürlər ki, yanlarındakı masada erməni quldurlar gəlib oturdular. Atamgilin dəstəsində də bir erməni kamança ifaçısı varmış. Quldurlar bu ermənini yanlarına çağırıb nə isə deyirlər. Bu da pərt halda atamgilin yanına qayıdır. Atam nə baş verdiyini soruşanda deyir ki, quldurlar sizi öldürmək istəyirlər. Məni də yanlarına çağırırlar. Mən də onlara dedim ki, sizə toxunmasınlar. Həmin vaxtlar da hamı üzərində silah gəzdirirmiş. Nə isə... vəziyyət gərginləşir. Atamgil arxa qapıdan qaçırlar. Quldurlar da durub onların ardınca cumurlar. Atışma düşür, tüfəngdən atəş açılır, atamın əlinin içərisi sıyrılır. Həqiqətən də ölənə qədər əlindəki bu çapıq qalmışdı.

- Xan Şuşinski çox çətin dövrdə yaşayıb...

- Olduqca çətin dövr olub. Təsəvvür edin, neçə rejim dəyişib. Onun tək qalxanı, tək sipəri səsi olub. Atam danışırdı ki, 30-cu illərdə aclıq, yoxsulluq baş alıb gedirdi. Hətta mübaliğə ilə deyirdi ki, adam adam əti yeyirdi.

Bir dəfə faytonla toydan qayıdırmışlar. Birdən tozanaq qopur, faytonun adınca qaçaq-quldurlar at belində gəlib onlara çatmaq istəyirlər. Kimin qiymətli nə əşyası, pulu varsa, gizlətməyə çalışır. Elə atamgilə çatmağa az qalmış musiqiçilər deyir ki, Xan, başla oxumağa. Atam da yüksək səslə “Qarabağ şikəstəsi” ifa edir. Quldurlar çatanda atamı tanıyırlar. Deyirlər, bu Xandır, ona qıymaq olmaz. Hətta öz adamlarından bələdçi də qoşurlar ki ki, qarşıda da quldurlar var, qoy sizi təhlükəsiz mənzil başına çatdıraq.

Təsəvvür edin, Mircəfər Bağırov da Xan Şuşinskinin səsinin vurğunu olub. O, atamın sənətini çox sevirdi. Atam Xan nəslindən idi. Bağırova dəfələrlə onu tutdurmaq, aradan götürmək sifariş olunmuşdu. Yenə də Xan sənətinin hesabına hifz edilmişdi.

Davamı var…

Leyla Sarabi

Fotolar: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm