ABŞ-da dünyasını dəyişən Çingiz Sadıqov kim idi? - DOSTLARININ TƏQDİMATINDA DOSYE
Bizi izləyin

Xüsusi

ABŞ-da dünyasını dəyişən Çingiz Sadıqov kim idi? - DOSTLARININ TƏQDİMATINDA DOSYE

Peşəkar pianoçu royalın dillərinə dinləyicisinin qəlbinə təmas edirmiş kimi toxunmalıdır - Bu sözlər əbəs yerə deyilməyib. Axı pianoçunun səsləndirdiyi əsər ürəkləri ovudub, həyat eşqini artırmadıqca, kövrək, incə duyğulara can vermədikcə, onun yaradıcılığı da axsayır. Bir-birindən gözəl ifaları ilə könüllərə məlhəm olan sevimli pianoçumuz Çingiz Sadıqovun sehirli barmaqlarından qopan hər bir musiqi Azərbaycan mədəniyyət xəzinəsinin dəyərli sərvətidir. Uzun illər Amerika Birləşmiş Ştatlarında yaşayan dəyərli sənətkar ötən günlərdə dünyasını dəyişdi. Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, Çingiz Sadıqovun nəşi vətənə gətiriləcək və II Fəxri Xiyabanda dəfn ediləcək.

Publika.az Maestronun zəngin və çoxşaxəli yaradıcılıq yoluna nəzər salır.

Çingiz Hacı oğlu Sadıqov 1929-cu il aprelin 5-də Şuşada dünyaya göz açıb. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

Maestro Sadıqov Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub. Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Uzun illər Amerika Birləşmiş Ştatlarında yaşayıb, fəaliyyət göstərən böyük sənətkarımız Amerika və Kanada konsert salonlarında dəfələrlə çıxış edib. Milli musiqimizin ən gözəl şəkildə təbliği ilə məşğul olub.

İfalarında əbədi həyat qazanan Çingiz Sadıqov haqda xatirələrini Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova bölüşür:

Mina Azeri NY adlı şəxsin şəkli.

"Bu günlərdə kədərli bir xəbər aldıq. Yüksək musiqi duyumu olan, mədəni, sözün əsl mənasında öz işinin ustası olan gözəl piano ifaçısı, sağlığında tarixə çevrilmiş Çingiz Sadıqov dünyasını dəyişdi. Mən çox xoşbəxtəm ki, bu gözəl, istedadlı insanla iki dəfə görüşmək şansım olub. Birinci dəfə 2011-ci ildə Nyu-York şəhərində Novruz bayramı ərəfəsində Firəngiz Rəhimbəyovanın təşkil etdiyi böyük konsert proqramında tanış olduq. Yüksək mədəniyyətə, istedada malik olan Çingiz müəllim həm də çox sadə bir insan kimi yaddaşımda qaldı. İkinci dəfə biz onun yaşadığı Kaliforniya ştatına Los Anceles şəhərinə getmişdik. "Arşın mal alan" operettası amerikalı artistlər tərəfindən səhnəyə qoyulmuşdu. Bu tədbirin ideya müəllifi və təşkilatçısı Azərbaycanın Los Ancelesdəki konsulu Nəsimi Ağayev idi. Xoşbəxtlikdən mən də amerikalı artistlərin tələffüz məşqçisi olmuşdum. Çingiz bəy də xanımı ilə gəlmişdi. Orada da konsert zamanı görüşdük, hal-əhval tutduq. "Necəsiniz" sualıma "Qocalıqda insan necə olar ki?" deyə cavab verdi. Belə tarixi şəxsiyyətləri, Azərbaycan musiqisini bütün dünyaya tanıdan insanları itirmək çox ağırdır... Allah rəhmət eləsin!"

Картинки по запросу səyavuş kərimi

Maestro Çingiz Sadıqovu Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi ilə də yad etdik.

- "Bizim Çingiz bəylə gözəl münasibətimiz var idi. Əvəllər Rafiq Babayevlə çalışanda dəfələrlə studiyamızda musiqilərinin yazısı ilə mən məşğul olmuşam. Hətta sizə deyim ki, Amerikaya köçməyi haqda xəbəri ilk bölüşdüyü insan da mənəm. Xanımı Ceyran xanımla da gözəl münasibətimiz var. Qızları Nərgiz və Lalə də konservatoriyanın tələbələri olublar. Hətta Amerikada ürəyindən əməliyyat keçirdəndə mən orda idim. Xəstəxanaya yanına gedib, görüşdüm.

- Maestro ilə son görüşünüzü necə xatırlayırsınız?

- 2013-cü ildə Bakıdan nümayəndə heyəti ilə birgə ABŞ-a “Arşın mal alan” tamaşasına baxmağa dəvət almışdıq. Mən, Fərhad Bədəlbəyli və digər musiqi xadimlərimiz də orada idik. Çingiz bəy də gəlmişdi. Birgə tamaşanı seyr edəndən sonra dedi, gəlin, sabah görüşək. Özü də piano olan məkan olsun ki, çalıb, oxuya bilək. Ertəsi gün görüşdük, birgə o qədər gözəl, xoş zaman keçirdik ki… Böyük sənətkar idi. Ulu öndərimiz Heydər Əliyev də onun yaradıcılığına yüksək dəyər veridi. Hətta onunla zarafatlaşırdı. Çingiz müəllimin güclü yumor hissi vardı. Özünə qarşı zarafatları çox müsbət şəkildə qəbul edirdi. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunması isə ona çox böyük ruh yüksəkliyi vermişdi.

- Səyavuş bəy, böyük sənətkarımız 1994-cü ildən bəri Amerikada yaşayıb, yaradırdı. Bu milli musiqimizin təbliği baxımından çox əhəmiyyətlidir. Bəs necə düşünürsünüz, onun gedişi ilə gənc musiqiçilərimiz istedadlı ustaddan məhrum olmadılarmı?

- Bilirsiniz, musiqi o qədər böyük məhfumdur ki, sənətkar hansı qitədə, ölkədə yaşayırsa-yaşasın, yaratdığı dəyərli əsərlərin sədası dünyanın dörd bir yanına yayılır. İfası da, musiqisi də öyrədir, düşündürür. Çingiz müəllim Azərbaycanı çox sevirdi. Ürəyi Bakının yanıda idi. Hər zaman deyirdi, Bakı mənim ürəyimdir, həyatımdır. Vətənsiz çox darıxıram. Ruhu şad olsun! Musiqimiz üçün böyük itkidir.

Похожее изображение

Amerikada yaşayan həmyerlimiz, dünya şöhrətli kamança ustası İmamyar Həsənov böyük sənətkarımızla çalışdığı üçün özünü xoşbəxt musiqiçi sayır.

- Mən Çingiz Sadıqovu gözəl piano ifaçısı kimi uşaqlıq illərimdən tanıyırdım və bilirdim ki, o, Azərbaycan vokal sənətinin korifeylərindən olan Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Müslüm Maqamayev və bir çox isteydadlı müğənnilərimizi özünəməxsus ifada müşayət etmişdir. Yadımdadır ki, Azərbaycan televiziya kanallarının birində Çingiz müəlimin daimi yaşamaq üçün Amerikaya köçmək xəbərini eşitdim. Bu xəbəri eşidəndə, düzü çox təəssüf hissi keçirdim ki, Azərbaycan üçün bu böyük bir itki olacaq. Amma çox illər sonra bu talə mənim də qismətim oldu. Amerikada onun davamlı sənət fəaliyətilə tanış oldum ve bu nəticəyə gəldim ki, bir sənətkar öz xalqının sərvəti olan, milli musiqisinə layiqincə sahib çıxarsa, dünyanın hansı ölkəsində yaşamağından asılı olmayaraq, həmişə bu sərvəti qoruyub, təmsil edib, əcinəbilərə tanıtdıracaq. Bu halda sənətkarın xalqına və vətəninə verə biləcəyi töhfə daha qiymətli və əvəzolunmaz olur.

Çingiz müəllimlə mənim ik görüşüm 2005-ci ildə, San Fransisko Dünya Musiqi Festivalında oldu. Elə ilk görüşümüzdən belə qərara gəldik ki, ikimizin ifasında bir albom yazdıraq. Bu qərarı verməkdə səbəb ikimizin də vətəndən kənarda yaşayıb, urəyində xalqının musiqi xəzinəsini gəzdirməsi və təbliq etmək oldu. Şəxsən mənim üçün bu albomun çox önəmi var idi. O öz sənət xatirələrini mənimlə bölüşərkən bildim ki, 25 yaşında olarkən ilk dəfə unudulmaz sənətkarımız Bülbülü müşaiyət edib. 2015-ci ildə isə “Sonsuz məhəbbətim” adlı albomumuzda, 86 yaşlı böyük sənətkarın məni müşaiyət etməsi, mənim üçün böyük şərəf oldu. Əminliklə deyə bilərəm ki, Çingiz Sadıqov Azərbaycan musiqisini sevənlərin ürəklərində daima yaşayacaq. Allahdan ona rəhmət və ruhunun şad olmasını diləyirəm. Amin!

Onu sevənlərin, musiqiçi dostlarının yaddaşında duzlu-məzəli zarafatları, əbədiyyət qazanan əsərlərilə yaşayacaq Maestro. Pianoçu getdi… Amma qəlblərdə hələ də musiqisi səslənir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm