Bakıda almanların 99 illik icarəyə götürdükləri SEHİRLİ MƏKAN: Burada işıqdan möcüzə yaranacaq
Bizi izləyin

Xüsusi

Bakıda almanların 99 illik icarəyə götürdükləri SEHİRLİ MƏKAN: Burada işıqdan möcüzə yaranacaq

Paytaxtımızın mərkəzi küçələrinin birində memarlıq baxımından fərqli, əsrarəngiz məkan var. Çoxumuz onun qarşısından zaman-zaman etinasızca ötüb keçmişik. Bu dəfə də yolum həmin küçədən düşmüşdü. İçimdəki maraq mənə yol yoldaşı olan zaman qıtlığına qalib gəldi. Bir neçə dəqiqəlik də olsa, addımlarımı ləngidib, binaya yaxınlaşdım. Xüsusi zövq və alman memarlıq məktəbinə xas üslubda tikilmiş bu məkanın qapısını döydüm...

II HİSSƏ

Yazının birinci hissəsini BURADAN oxuya bilərsiniz.

- Zəhra xanım, Alman Dili Tədris Mərkəzinin direktorusunuz. Bu vəzifəyə necə təyin olundunuz?

- Almaniyadan geri dönəndən sonra Alman-Azərabaycan Birliyinin rəhbəri kimi çalışmağa başladım. 2008-ci ilinin sonunda Almaniyanın məşhur Goethe (Höte) adına Dövlət Mədəniyyət İnstitutu Azərbaycanda araşdırma apardı və burada böyük potensialın olduğuna qərar verdilər. Bu bir şəbəkədir. Ukraynada, Rusiyada, Qazaxıstanda bizim kimi onlarla mərkəz var. Filial açmaq böyük maddi vəsait tələb edir. Odur ki, Höte İnstitutunun rəhbərliyi tərəfdaş mərkəzlərin fəaliyyət göstərməsinə qərar verdi. Almaniya səfirliyi də araşdırmalardan sonra bu işi mənə həvalə etdi və bir neçə ay ərzinə tədris mərkəzi yaradıb, alman dili öyrənmək istəyənlərin ixtiyarına verdik. Ümumiyyətlə, dil mərkəzləri qurulan binalar müəyyən standartlara cavab verməlidir. Məsələn, bizim 40 standartımız var. Bura işıqlandırma, akustika, otaqların məsafəsi və digər şərtlər daxildir. 2010-cu ildə biz artıq imtahan lisenziyasını qazandıq. Almaniyada oxuyub, yaşamaqçün 3 imtahan tələb olunursa, onun 2-si mərkəzimizdə keçirilir. Biz Höte İnstitutunun imtahan mərkəziyik. Əvvəllər insanlar bu imtahanlardan keçmək üçün Almaniyaya üz tuturdular. İndi isə bizə müraciət edib, sertifikat ala bilirlər.

- Bəs 3-cü imtahan hansıdır?

- Bu artıq Almaniyaya gedəndən sonra universitetin özündə verəcəyiniz imtahandır. Lakin imtahanların səviyyəsi və formatı demək olar ki, fərqlənmir. Əsas dil bilgisidir. O varsa, demək, bu imtahandan da uğurla keçə biləcəksiniz.

- Bir mütəxəssis kimi alman dili öyrənmək istəyənlərə nə məsləhət görürsünüz?

- Bilirsiniz, insan bacarığı hüdudsuzdur. Bəziləri bir neçə ay ərzində dili ideal öyrənmək istəyirlər. Bu mümkün deyil. Hətta ana dilində təmiz danışmaq üçün bir uşağa 10 il vaxt lazım olur. Bunun üçün səbr, istək və ünsiyyət vacibdir.

- Höte İnstitutu Bakı mərkəzinin direktoru Alfons Huqla görüşüb, həmöhbət olmaq, gələcək layihələr haqda danışmaq imkanı da qazandıq.

- Cənab Huq, sizi yaxından tanımaq istərdik.

- Adımı artıq bilirsiniz. 1950-ci ildə Almaniyada doğulmuşam. Uzun illərdir ki, sərgi təşkilatçısı, tənqidçi və inzibatçı olaraq çalışıram. 1980-ci ildən etibarən Höte İnstitutunun Nigeriya, Venesuella, Braziliya və Rusiyada fəaliyyət göstərən mədəniyyət mərkəzlərinə rəhbərlik etmişəm. 1990-cı ildə Berlin Dünya Mədəniyyət Mərkəzinin İncəsənət Departamentinin icraçı direktoru olmuşam. Belə deyim, əsas məsləyimiz alman dilini, zəngin mədəniyyətini dünyaya tanıtmaq, xarici ölkələrlə dostluq əlaqəsi qurmaqdır. Ötən ilin sentyabrından Bakıya gəlmişəm və mərkəzimizi Kapellhausun binasında qurmuşuq. Bakıya gəlməzdən öncə Laqosdakı mərkəzimizi idarə edirdim. Yəqin bilirsiniz, Nigeriya il boyu günəşli ölkədir. Azərbaycanda da qış çox soyuq keçir. Mənsə artıq yaşlanmışam, bu hava şəraiti bir az kefimi pozur.

- Sizə yaşlı deməzdim. Çünki gerçəkləşdirdiyiniz layihələr kifayət qədər gənc əhval-ruhiyyədə olur. Məsələn, Höte Mərkəzinin “Silk Road” ( İpək Yolu) festivalı kifayət qədər səs-sədaya səbəb oldu.

- Ötən ilin dekabr ayında gerçəkləşdirdiyimiz Silk Road festivalı böyük uğurla sonlandı. 9 gün davam edən festivalda Azərbaycanın, Qazaxıstanın, Gürcüstanın, Türkiyənin, Rusiyanın, eləcə də Almaniyanın musiqi qrupları, pulsuz konsertlərlə çıxış etdilər. Biz mədəniyyətlərin vəhdətinə önəm verən xalqıq. Gördüyünüz kimi hazırda Kapellhausun mərkəzində Faiq Əhmədin sərgisi keçirilir. Layihələrimiz siyahısına musiqidən əlavə müasir incəsənət nümayişləri, oxu gecələri və sərgilər daxildir.

- Çox vaxt avropalılara "Azərbaycan haqda məlumatınız varmı" deyəndə, "yox" cavabını verirlər. Bəs siz necə, Azərbaycana gəlməzdən öncə ölkəmizi tanıyırdınız?

- Əlbəttə. Elə qayıdaq 18 il əvvələ. 2000-ci ildə Kapellhausun açılışda iştirak etmək üçün gəlib, bir müddət qonaq olmuşdum. Ölkənizə ilk ayaq basanda insan sovet qalıqlarının şahidi olur. Eyni zamanda, qədim küçələri, xüsusən də İçərişəhəri gəzəndə Şərq koloritinə qərq olursan. Bakının mərkəzində isə sırf Avropa ruhu duyulur.

- Bəs sadaladıqlarınızdan hansı sizin marağınıza daha çox səbəb olur?

- Təbii ki, Şərq koloriti. İçərişəhəri gəzməyi çox sevirəm. Şərq memamarlıq üslubunda tikilən məscidlər, kilsə, muzeylər o qədər maraqlı vəhdət yaradır ki…Şərqlə Qərbin bu poetik dialoqunu dinləmək ruhu sakitləşdirir. Şirvanşahlar Sarayı isə açıq havada möhtəşəm muzeydir. Bu tarixi abidədə multimedia instalyasiyasının da əsas təşkilatçısı Höte Mərkəzidir. Ümumiyyətlə, İçərişəhərlə bağlı kifayət qədər layihələrimiz var. Həyata keçdikcə, şahidi olacaqsınız.

- Ümumiyyətlə, gələcək layihələrinizlə bağlı bizi məlumatlandıra bilərsinizmi?

- Fevral ayında iki həftə rok musiqi sərgisi təşkil edəcəyik. Klassik musiqi konsertlərimiz olacaq. Ən maraqlısı isə instalyasiya layihəsi olacaq. Gördüyünüz bu zal qaranlığa qərq ediləcək, sonra isə Almaniyadan gələn instalyasiya mütəxəssisləri otaqda maraqlı işıqlandırma sistemi sərgiləyəcəklər. Hər kəsə gəlib, bu gözəlliyi görməyi tövsiyə edirəm.

- Bilmirəm, hiss etmisiniz, yoxsa yox, bizim xalqın bir xüsusiyyəti var. Yaşadığımız ölkənin dilini mütləq öyrənirik. Bəs siz necə, Azərbaycan dilini öyrənmək istəmirsiniz?

- Əslində, Azərbaycan dili qulağıma yad deyil. Bildiyiniz kimi, Almaniyada çoxsaylı türklər yaşayır. Türk dili isə Azərbaycan dilinə bənzəyir. Axıcı diliniz var. Ərəb dilindən qat-qat gözəldir, qəlbəyatımlıdır. Amma mən artıq yaşlanmışam. Düşünürəm ki, yeni dil öyrənməyə nə səbrim, nə də gücüm çatar. Ümumiyyətlə isə muğamınızı, xüsusən də xalçalarınızı çox bəyənirəm. İpək parçalarınız isə unikaldır.

Azərbaycan son 100 ildə düz 3 əlifba dəyişib - ərəb, kiril və latın. Bu çox mürəkkəb mərhələdir. Lakin ölkəniz artıq müstəqildir. Gənc olmağına baxmayaraq, iqtisadiyyatı və digər sahələri da inkişaf edir. Düşünürəm ki, bu baxımdan Azərbaycan-Almaniya münasibətlərinin möhkəmləndirilməsi önəmlidir.

- Müsahibə üçün sizə təşəkkür edirəm.

- Buyurun.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm