Ermənilərin "dördgünlük" aprel kabusu üçün nazirliyimiz HƏRƏKƏTƏ KEÇDİ
Bizi izləyin

Xüsusi

Ermənilərin "dördgünlük" aprel kabusu üçün nazirliyimiz HƏRƏKƏTƏ KEÇDİ

Tarixən bir çox alovlu, qızğın müharibələrdən keçmiş, habelə hazırda torpaqları düşmən tapdağı altında olan xalq üçün əhəmiyyət kəsb edən mövzulardan biri, bəlkə də birincisi vətənpərvərlik, bu hissin cəmiyyətin hər bir fərdinə aşılanması və nəsillərin bu irsə sadiq qalmasıdır. Çünki patriotluq hissi insanlara keçmişi unutdurmur, gələcək münaqişələr üçün onların psixoloji baxımdan möhkəm, dəyanətli olmasına kömək edir. Bunun ən yaxşı nümunəsini qardaş Türkiyədə görə bilərik. Türklərin hərb sənətinin müxtəlif incəsənət növlərinə köçürülməsinin insanlara böyük vətənpərvərlik hissi aşıladığını mübaliğəsiz söyləyə bilərik. Bu çərçivədə son zamanlarda “Söz”, “Savaşçı”, “Diriliş Ərtoğrul” kimi, təkcə Türkiyədə deyil, eyni zamanda, dünyada geniş əks-səda doğuran seriallar çəkilir. Məhz türk gəncliyi belə vətənpərvər filmlərlə böyüyür, başqa sözlə desək, patriotluq bu yolla sanki təkrar-təkrar onların qanına yeridilir. Bu, qəbul olunmuş həqiqətdir ki, insanların ruhuna təsir edə bilmək üçün filmdən unkial vasitə yoxdur.

Bəs Azərbaycanda incəsənət sahələrinin hərbi mövzulara marağı hansı dərəcədədir? Axı bizim tariximiz də böyük zəfərlərlə, insanı qürurulandıran faktlarla zəngindir. Niyə şanlı tarix yazan bir ölkənin incəsənəti belə mövzulara laqeyd qalır? Elə götürək son - “Aprel döyüşləri”ni. Tariximizin bu şanlı səhifəsini sanballı filmə, yaxud seriala köçürərək görün uşaqlarımıza, gənclərimizə vətənpərvərliyi necə yüksək səviyyədə aşılaya bilərik. Aprel savaşı ilə bağlı zaman-zaman bu təkliflər irəli sürülsə də, hələ ki, nəticəsiz qalır. Son olaraq AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri, diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk bu döyüşlə bağlı filmin çəkilməsi təklifi ilə çıxış edib.

Publika.az mövzunun izi ilə gedərək Aprel hadisələrinin ekran işinə çevrilməsi məsələsini araşdırıb.

Yazıçı Kənan Hacı bu mövzuda ssenarini kağıza töksə də, hələ ki, onun lentə alınması üçün hər hansı müraciətin olunmadığını bildirib:

“Bu mövzunu daha əvvəl esse formasında işləmişdim. Daha sonra bu hekayəvari yazını ssenariyə çevirmək qərarına gəldim. Beləliklə, qısametrajlı filmin ssenarisi alındı. Ssenari İsgəndər adlı bir oğlanın uşaqlığının təsviri ilə başlayır. Baş qəhrəman qarşısına məqsəd qoyur ki, vaxtilə yaşadığı, indi isə işğal olunmuş kəndini ermənilərdən xilas edəcək və onlardan qisas alacaq. Zaman keçir və İsgəndər öz məqsədinə nail olur. Yəni burada işğal edilmiş Lələtəpənin Azərbaycana geri qaytarılması nəzərdə tutulur. Bu ssenarinin ekranlaşdırılması ilə bağlı hələ ki, heç yerə müraciət etməmişəm. Ancaq dostumuz Elnur Eltürk ssenarini öz hesabında paylaşıb və bildirib ki, belə qələbə məzmunlu əsərlərin ekranlaşdırılması lazımdır. Mənim də bir vətəndaş və yazar kimi əlimdən gələn iş budur. Ssenari lentə alınsa, çox istərdim ki, baş rolu Rza Rzayev canlandırsın”.

Aktyor Kamran Ağabalayev ssenarinin film halında ekranlaşdırılmasının daha məqsədəuyğun olduğunu vurğulayıb:

“Bu ssenarinin ekranlaşdırılması, ilk növbədə, torpaqlarımızın 20 fazinin işğal altında olduğunu unutdurmur. Üstəlik, vətənpərvərlik hissini aşılamaq üçün bundan yaxşı nə ola bilər? Filmlərlə, musiqilərlə və əlimizin çata bildiyi hər vasitə ilə bu ideologiyanı insanlara çatdıra bilərik. Amerika bunun üçün əla bir nümunə göstərib ki, insanların ruhuna təsir edə bilmək üçün filmdən unkial vasitə yoxdur. Mən başa düşürəm ki, torpaqlarımızın geri qaytarılması yalnız filmdən və sənətdən asılı deyil. Ancaq sənət qalan torpaqların da geri qaytarılması üçün bir ruh yüksəkliyi yarada bilir. Bunun özü elə böyük bir işdir. Hazırda ölkəmizdə serial sahəsi bərbad vəziyyətdədir. İki insan arasında olan münasibəti normal şəkildə tamaşaçıya göstərə bilmədiyimiz zamanda patriotluğun göstərilməsi ümumiyyətlə faciəvi halda olar. Ona görə çox yaxşı olardı ki, bu ssenari bədii film halında çəkilsin. Baş rola gəldikdə isə, bütün çıxışlarımda bildirmişəm ki, Çingiz xanı canlandırmaq arzusundayam. Bu ssenarinin baş rolunun kim tərəfindən canlandırılması sırf rejissorun görə biləcəyi bir məqamdır. Çünki rejissor çəkiliş meydançasının allahıdır. Ancaq hər bir halda, bu iş üçün çalışacaq bütün heyətə uğurlar diləyirəm”.

Rejissor İlqar Nəcəf isə belə mövzuların individual yanaşma tələb etdiyini bildirib:

“Belə məsələlər rejissorlardan fərdi yanaşmanı ortaya qoymağı tələb edir. Televiziyalar isə tamam başqa şeylər tələb edir. Əgər ssenariyə fərdi baxışla, sənət kimi yanaşılacaqsa, uğur qazana bilər. Doğrudur, mən hələ Qarabağ mövzusunda ssenari işləməmişəm. Ancaq belə bir istəyim olsaydı, mən də hadisələrə bir əsgərin izi ilə gedib çıxardım və onun öldüyü anda hiss etdiklərinə qədər təsvir edərdim”.

Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sədri Yusif Şeyxov bu mövzu üzərində işlədiklərini qeyd edib:

“Aprel döyüşlərini kino dilində də xalqımıza və dünyaya çatdırmaq möhtəşəm iş olar. Kinematoqrafiya şöbəsinə Aprel döyüşlərinin lentə alınması haqqında bir neçə müraciət daxil olub. Ancaq bədii və digər keyfiyyətləri bəyənilmədiyi üçün qəbul edilməyib. Hazırda şöbəmiz bir neçə ssenari üzərində çalışır. Sonda hansı müəllfin işi bəyənilsə, həmin ssenariyə də film çəkiləcək. Filmin çəkilmə tarixi hələ dəqiq məlum deyil. Ancaq ssenarilər hazır olan kimi bu prosesə start veriləcək və film hazır olan kimi dövlət tərəfindən büdcə ayrılacaq və lazımi işlərə başlanılacaq. Bu məsələnin önəmi haqqında çox danışılıb. Aprel döyüşlərinin bədii təcəssümünü çatdırmaq xalqımız üçün də maraqlı olacaq. Hamı başa düşür ki, bu dəyərli bir əsər olmalıdır. Ona görə də bu filmin yüksək səviyyədə alınması üçün hər kəs ciddi şəkildə çalışır”.

"İlkMedia" şirkətinin qurucusu İlkin Həsəni döyüş janrında çəkilən filmlərin gəlir gətirmədiyini, buna görə bu sahəyə dövlət tərəfindən qayğı göstərilməsinin lazım olduğunu qeyd edib:

“Heç kimə sirr deyil ki, bu gün kinoteatrlarda yayımlanan filmlərin hamısı məhz komediya janrındadır. Bu filmlər ona görə çəkilir ki, kinoteatrlarda yayımlansın və gəlir əldə edilsin. Ancaq döyüş filmləri və bu səpkidə olan ekran işlərində məsələnin mahiyyəti başqadır. Bu janrda olan filmlər üçün prodüserlər qapı-qapı gəzib sponsorlardan pul istəməməlidir. Bu məsələyə dövlət özü diqqət yetirməli və konkret olaraq büdcə ayırmalıdır. Əminliklə deyə bilərəm ki, bu gün o janrda filmlər çəkə biləcək rejissorlarımız, böyük çəkiliş qruplarımız, aktyorlarımız var və yetəri qədər də potensiallı, istedadlı kadr mövcuddur”.

Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Jalə Əliyeva Aprel döyüşlərinin ekrana daşınmasının da bir mübarizə yolu olduğunu deyib:

“Belə hekayələrin səhnələşdirilməsi ideologiya baxımından çox faydalı addım olar. Müharibənin dünyada bir çox növü var. Müharibə deyiləndə ilk növbədə silahlı münaqişə, ordunun savaşı göz önünə gəlir. Bununla yanaşı, ölkələrin bir-birinə qarşı tətbiq etdiyi iqtisadi və sənaye məhdudiyyətləri də müharibəyə aid edilir. Ancaq tarix göstərir ki, belə mübarizələrin sonunda qalib gəlməyin ən asan yolu ideoloji, mədəni müharibədir. Bu sahədə addımların atılması vətəndaşlarda ruh yüksəkliyi yaradır, milli ideologiyaya fayda verir və bütün dünyaya hadisələrin olduğu kimi, ədalət prizmasından çatdırılmasını təmin edir. Hər biz qələm sahibinin Azərbaycan həqiqətlərini dünyaya öz silahı vasitəsilə çatdırması isə çox əhəmiyyətlidir. Buna görə də belə ssenarilərin üzərində işləmək ancaq və ancaq alqışlanmağa layiqdir. Dövlətimiz də belə məsələlərə laqeyd qalmır. Bildiyiniz kimi, Heydər Əliyev fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində ideoloji işlər aparılır və Azərbaycanın haqlı mübarizəsininin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynayır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm