“Əskər” sözünü niyə dəyişdirə bilmərik? - Zəhra Allahverdiyevadan TUTARLI YANAŞMA
Bizi izləyin

Xüsusi

“Əskər” sözünü niyə dəyişdirə bilmərik? - Zəhra Allahverdiyevadan TUTARLI YANAŞMA

Artıq xeyli vaxtdır, Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub. AMEA-nın Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında layihənin müzakirəsi keçirilib və çap olunması tövsiyə edilib.

Yeni "Azərbaycan dilinin orfoqrafiya qaydaları” ilə bağlı filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevanın fikirlərini öyrəndik.

O bildirdi ki, yeni qaydalar yüksək ixtisaslı mütəxəssis qrupu tərəfindən çox dəqiq və nəfis şəkildə hazırlanıb.

Lakin layihənin bəzi müddəaları ətrafında mətbuatda və sosial şəbəkələrdə gedən bir neçə ziddiyyətli fikirləri görüb, mübahisəyə səbəb olan bir neçə söz ətrafında öz araşdırmalarını təqdim etmək qərarına gəlib:

"Bunlardan biri “əskər” sözüdür. Türklərin əcdadları olan skiflər - əskifərlər hərbdə ən yaxşı döyüşçü hesab olunurdular. Bizim eradan əvvəl IV əsrdə Heradot, Diodor kimi yunan tarixçiləri təsdiq ediblər ki, skiflər çox mərd, döyüşkən xalqdırlar, müharibə zamanı onların qadınları da kişiləri kimi döyüşürdülər. Avropa və Asiya ərazisində heç bir xalq skiflərlə təkbətək döyüşə girişə bilmirdi və bu haqda qədim tarixçilər kifayət qədər məlumatlar veriblər.

Beləliklə, "əskifər" sözü iki komponentdən ibarətdir: əskif (skif) və ər (mərd, kişi) - Bu söz uzun əsrlərdən sonra “əskər” formasında dilimizdə yaşayır. Etnosu və etnosa xas əlaməti bildirən sözü necə təhrif edib, sözün quruluşunu və mənasını dəyişmək olar? Bəzi iddiaçıların dedikləri kimi, "əskər" sözünü “əsgər” kimi yazmış olsaq, o zaman dilimizdəki sözün mürəkkəb kökü və mənası itər. Həmçinin, məlumdur ki, “gər” şəkilçisi bizim dilin şəkilçisi deyil. Axı, min illər yaşayan dil sərvətimizi niyə itirməliyik? Orfoqrafiya lüğətində bu söz elə “əskər” formasında, doğru yazılıb".

Alim bildirdi ki, bu tip sözlərdən biri də “əskinaz”dır:

“Əskinaz” sözünün kökündə də “sikkə” pul vahidinə məxsus ilkin məna dayanır. Məlumdur ki, çox qədim dövrlərdən Azərbaycan ərazisində əvvəl metal, bürünc, daha sonra gümüş və qızıl üzərinə sikkələr vurularaq, pul vahidləri kəsilib. Bu sözdə “k” samitini “g” ilə əvəz etməyə heç bir ehtiyac yoxdur.

Bundan başqa, “İşkəncə” – شکنجه – sözü haqqında onu deyim ki, bu fars dilindən alınma sözdür. Bu sözdə də əgər “k”-nı “g” ilə əvəz etsək, sözün mənası dəyişib, tamam başqa şey olur. Elə isə niyə özümüzü gülünc vəziyyətə salıb, “g” ilə yazmalıyıq?

Bir də onu qeyd edim ki, bizim dildə də bəzi alınma sözlərdə “k” hərfinin yumşaq deyiliş forması var. Məsələn, elə “İskəndər” sözü kimi. Bu sözlərdə “k” hərfini “g”ilə əvəz etməyə heç bir əsas yoxdur.

“Ədəbiyat” sözünə gəldikdə isə məlumdur ki, bu söz dilimizə ərəb dilindən keçib. Bu ərəb sözündə “y” hərfi təşdid işarəsi ilə yazılır və bu samit şiddətli səslənir, yəni qoşa tələffüz olunur. Lakin müasir dövrdə ərəb əlifbasında yazan bir çox xalqların yazısında bu sözdə “y” samitinin üstünə təşdid işarəsi qoyulmur. Bizim də dilimizdə “y” hərfinin ərəbcə tələffüzü, yəni şiddətli deyilməsi ağırlıq yaradır və hecaya xələl gətirir. Odur ki, bu sözün yeni təqdim olunan orfoqrafiya lüğətində “ədəbiyat” formasında yazılmasını məqbul hesab edirəm".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm