Söyüşə görə qadağan edilən Azərbaycan filmi barədə BİABIRÇI HƏQİQƏTLƏR ÜZƏ ÇIXDI
Bizi izləyin

Xüsusi

Söyüşə görə qadağan edilən Azərbaycan filmi barədə BİABIRÇI HƏQİQƏTLƏR ÜZƏ ÇIXDI

Fevralın 21-də premyerası baş tutan “Güləhməd” filminin sosial şəbəkələrdə başlanan ictimai qınaq nəticəsində kinoteatrlardan yayımı dayandırıldı. Buna səbəb kimi filmdə qeyri-etik, vulqar ifadələr işlədilməsi göstərildi. Bundan savayı məlum olub ki, büdcəsi 80 min manat olan “Güləhməd” Türkiyədə çəkilmiş “Gülcamal” filminin oğurlanmış versiyasıdır.

Filmin rəsmi və hüquqi mülkiyyət sahibi “İmperator Lion M” şirkətidir. Şirkətin rəhbəri Vüqar Cavadov həm də filmin baş prodüserdir. Rejissor və ssenarist isə Mətin Yücəldir.

Publika.az məsələ ilə bağlı ekspertlərin və yaradıcı heyətin fikirlərini öyrənib. Mütəxəssislər yekdilliklə bildirib ki, dünya kino praktikasında ssenaridə söyüşün olması qəbul edilir, amma Azərbaycan mentaliteti və milli dəyərləri məsələyə başqa cür yanaşmağa məcbur qoyur.

Bəs söyüş yerli filmləri ucuzlaşdırırmı? Məhz bu suala cavab tapmağa çalışacağıq.

“Tamaşaçılar istehsalçılardan keyfiyyət tələb edir”

Ssenarist, kinoprodüser, “Azərbaycanfilm” kinostudiyasının direktoru və Əməkdar incəsənət xadimi Müşfiq Hətəmovun sözlərinə görə, dünya kinolarında söyüşə yer verilir, lakin həddi aşmamaq şərtdir:

“Azərbaycanfilm” dövlət müəssisəsi olaraq kino məktəbini qorumağı öz üzərimizə götürmüşük. Özəl studiyalarda çoxlu eksperimentlər olunur. Prodüserlər müxtəlif sponsorlar tərəfindən maliyyələşir. Özəl filmlərin bəziləri keyfiyyət baxımdan zəif olur, bəziləri də kommersiya baxımdan çətinlik çəkir, digər qrupu da tamaşaçı toplamaq üçün estetik hədləri aşır. Əslində bu, keçid dövrü ilə bağlıdır və sabun köpüyü kimidir, belə ekran işləri tarixdə qalmır, sadəcə zövqü korlayır... Odur ki, ssenaridə mental dəyərlərimizi nəzərə almalı və böyük ustalıq göstərməliyik ki, tamaşaçı zövqü korlanmasın, yaxud valideynlər övladları ilə birlikdə oturub o filmlərə baxa bilsin, uşaqlara mənfi təsir göstərməsin. Hər bir xalqın özünün mədəni müxtəlifliyi var və rejissorlar da buna hörmət etməlidir. Ola bilsin ki, bizim cəmiyyət belə halları qəbul etmir.

Elə ölkələr var ki, onlarda çəkilən 200 filmdən yalnız 10-u özünü doğrulda bilir. Bu, dünyanın bir çox ölkərində gedən təbii prosesdir. Bəzən filmdə bədii həll olmadığına görə prodüserlər tərəfindən tamaşaçılara təqdim olunmur, müəyyən strukturlar tərəfindən qadağa qoyulur. Bunu normal da qarşılamaq lazımdır. Demək ki, tamaşaçılar istehsalçılardan keyfiyyət tələb edir. “Güləhməd” filminə qadağa qoyulması da onu göstərir ki, bizdə ölçü hissi var”.

M.Hətəmov vurğulayıb ki, filmlərə lisenziya Azərbaycan Mədəniyyət və Turizm nazirliyi tərəfindən verilir:

“Kino industriyası demokratik sahədir. Lakin kino haqqında qanunda göstərilir ki, milli dəyərlərin korlanması, erotik, pornoqrafik və açıq-saçıq səhnələrə həddən artıq yol verilməsi qadağandır”.

“Xarici filmlərdə söyüşlərə psixoloji baxımdan hazırlıqlı olurlar”

Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri və kino işləri üzrə direktor müavini Arzu Əhədova filmlərdə həddən artıq qeyri-etik ifadələrə yol verilməsini mənfi qiymətləndirib:

“Kinolarda obrazın aqressiyasını tamaşaçıya təbii şəkildə çatdırmaq üçün söyüşə vermək olar, amma əndazəni aşmamalısan. Bunu alt məna ilə tamaşaçılara təqdim etmək olar. Avropa və Amerika filmlərdə belə hallara yol verilir. Azərbaynın milli mentaliteti isə icazə vermir ki, filmdə biədəb sözlər işlədilsin. Lap istifadə olunsa da, çox qabarıq formada olmasın. Bir neçə il əvvəl çəkilən filmlərdə bayağı ifadələrə çox yer verilirdi, zamanla onlar yığışdırıldı, indi söyüşlərdən daha az istifadə olunur. Ümumiyyətlə, yayım vəsiqəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən və yaş həddi qoyulan filmləri tamaşaçılara təqdim edirik. Kassada bilet alan tamaşaçıya da bildirilir ki, film18 + -dur. Elə filmlər var ki, məsələn, “Güləhməd”i bizim kinoteatr nümayişə çıxartmayıb. Söyüş istifadə edilən xarici filmlərə baxan tamaşaçılardan qınaq eşitməmişik. Amerikalıların və avropalıların həyat tərzi bizdən fərqli olduğu üçün tamaşaçı orada eşidəcəyi sözlərə sanki psixoloji baxımdan hazırlıqlı olur. Amma yerli kinomuzda bu cür hallar xoş qarşılanmır. Hesab edirəm ki, söyüş filmi ucuzlaşdırır”.

“Zövqsüzlükdən xəbər verən əlamətdir”

Tanınmış ssenarist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxovun qənaətincə, söyüş tamaşaçının diqqətini cəlb etməyin ən ucuz və mənəviyyatsız üsuludur:

“Rejissorların və prodüserlərin reytinq naminə mənəviyyatsız üsullardan istifadə etməsi zövqsüzlükdən xəbər verən əlamətdir. “Güləhməd” filmində olanlardan məlumatım var. Baş prodüser müəyyən qədər məbləğ xərcləsə də, cəsarəti çatdı ki, onu gözləyən biabırçılıqdan qurtulmaq xətrinə filmi yayımdan qaldırsın. Vüqar Cavadovun bu addımını ancaq alqışlamaq olar”.

Yusif Şeyxov hesab edir ki, bu məsələ ilə bağlı daxili senzura fəaliyyət göstərməlidir: “Qanunvericilik baxımdan çox təəssüf ki, filmlərdə yol verilən bayağı ifadə və söyüşlərin qarşısını almaq olmur. Ümumiyyətlə, kinoda söyüşlərdən istifadə etmək qeyri-peşəkarlığın bir nümunəsidir, niyə camaatın zövqünü pozurlar? Beş manat artıq qazanmaq üçün ucuz hisslərin arxasınca qaçırlar”.

“Türk filmlərində söyüşlərə yer verilməsi normal qəbul edilir”

Güləhməd rolunun ifaçısı Rəşad Vahidzadə filmin uğursuz alınmasını təcrübəsiz olmaları ilə əlaqələndirib:

“Mədəniyyət və Turizm Nazirliyi filmə 18 + yayım vəsiqəsi vermişdi. Təbii ki, nazirliyin icazəsi olmadan film kinoteatra gedə bilməz. Lakin qala gecəsində montaj olunan material təqdim olunmamışdı. Əslində kinoteatrlara başqa material təqdim edilməli idi. Türkiyəli rejissor özbaşınalıq edərək Azərbaycan mentalitetinə uyğun olmayan ifadələri montajda çıxartmayıb. Biz bunu qala gecəsində gördük və dərhal yayımdan çıxartdıq. Rejissorun niyə belə bir addım atdığını onunla izah edə bilərəm ki, Türkiyədə filmlərdə söyüşlərə yer verilməsi normal qəbul edilir. Azərbaycanda isə bu, ictimai qınağa səbəb oldu. Təəssüf ki, Metin Yücelə biz izah edə bilmədik ki, yerli filmlərimizdə qeyri-etik ifadələrin işlədilməsi xoş qarşılanmır. Filmin prodüseri Vüqar Cavadov rejissora bir neçə dəfə iradını bildirsə də, bunun nəticəsi olmadı. Bilirdik ki, söz-söhbət yaranacaq, ancaq o, bizi dinləmədi. Zalı birinci tərk edənlərdən biri də mən oldum. Əslində bütün bunlar bizim film sektorunda təcrübəsizliyimiz nəticəsində baş verdi”.

Rəşad Vahidovun sözlərinə görə, rejissor filmin çəkilişlərinə bir qəpik verməyib:

“Film öz büdcəmiz hesabına lentə alınıb. Rejissor və onun ətrafı orada-burada deyir ki, hansısa spronordan pul alıb. Məntiqlə düşünün, belə filmə sponsor pul versə, adamı məhkəməyə verib süründürər. Rejissorun pulu da tam olaraq ödənilib. Əslində Metin Yücel həyatı boyu rejissorluq etməyib, sadəcə başqalarının çəkdiyi işləri bizə özününkü kimi təqdim etdi”.

“Ssenari bizim mentalitetə uyğun gəlmir”

Sözügedən filmdə rol alan aktyor Natiq Fərzəliyev etiraf edib ki, həm ssenari, həm də çəkiliş baxımdan ekran işinin keyfiyyəti çox aşağıdır. O deyib ki, filmdə sırf madiyyata görə rol almağa razı olub:

“Filmə baxmamışam, təqdimat günü təcili işim çıxdığı üçün qala gecəsindən tez çıxmalı oldum. Razıyam ki, ssenari bizim mentalitetə uyğun gəlmir, söyüşlərə çox yer verilib. “Güləhməd” ciddi komediya deyil, zəif filmdir. Filmdə oynayan aktyorların çoxu da peşəkarlıqdan uzaqdır. Sözsüz ki, akyor kimi söyüşlərə yer verilməsini istəməzdim. Sosial şəbəkədə kino ilə bağlı yazılan tənqidlər məni narahat edir. Rejissor və prodüserlə oturub məsələni müzakirə edəcəyik”.

Aktyor bildirib ki, çəkildiyi rolun müqabilində ona istədiyi qonorarı veriblər:

“Tam səmimi etiraf etməliyəm ki, maddiyata görə çəkilmişəm. İmtina etmək də olmur. Çünki etiraz edəndən sonra başqa filmlərə təklif etmirlər. Çəkiliş prosesində maddi problemlərin olmasından xəbərim yoxdur, 5-6 səhnəm olub, onları da oynayıb getmişəm. Ümumiyyətlə, texniki problemlərdə sadəcə rejissoru günahlandırmaq doğru deyil”.

“Rejissora etibar etməməli idik”

“Güləhməd”in baş prodüseri Vüqar Cavadov filmin plagiat olduğunu qeyd edib:

“Ssenarinin plagiat olmasından xəbərimiz yox idi. Bəzi səhnələrdə rejissor özü aktyorlara deyir ki, filan söyüşləri deyin. Ona dəfələrlə demişdim ki, qeyri-etik ifadələr bizim mentalitetimizə uyğun deyil. Bizdə bu, qəbul edilmir, mənfi qarşılanır. O, Türkiyədə lentə alınan “Gülcamal” filminin təkrarını Azərbaycanda çəkdi. Rejisor Metin Yücel bu barədə bizə bir kəlmə də deməmişdi. Rejissor iddia edir ki, guya çəkiliş vaxtı ac-susuz qalıblar. Belə deyil, yemək sponsorumuz var idi, üstəlik aktyor heyətini bir məkandan başqa məkana aparmaq üçün kifayət qədər nəqliyyat vasitələri, VİP modeldə mikroavtobus və servislə təmin olunmuşduq. Texniki avadanlıqları daşımaq üçün xüsusi avtomobillərimiz vardı”.

V.Cavadov bildirib ki, montaj və ssenari də daxil olmaqla rejissorun pulu qəpiyinədək ödənilib:

“Montaj prosesində məlum oldu ki, rejissorun bu sahədən anlayışı yoxdur, çətinlik çəkirdi. Bu səbəbdən dolayı başqa bir montajçıya kifayət qədər vəsait ödəmişəm ki, montaj işlərini görsün. Montajı birinci gətirdiyim adam yerinə yetirmişdi. Bu zaman Metin Yücel filmin birinci montaj edilmiş versiyasının kinoteatrlarda təqdim olunmasının əleyhinə olduğunu dedi. Bizim montaja baxıb dedi ki, öz montajımı edəcəm, sizinkini istəmirəm. Ondan alınmış montajın son versiyası rənglənməyə və səsə verildi. Dublyajla özü məşğul olub. Nazirliyə də, kinoteatra da Yücelin montaj etdiyi film göndərilib. Bizim yayım vəsiqəmiz var. Yaradıcı heyətlə birlikdə kinoteatrda filmin görüntüsünü və səsini yoxladıq, sona qədər baxmadıq. Çünki rejissora arxayın olmışduq, amma etibar etməməli imişik. Böyük texniki səhvlər var, eyni kadrlar bir neçə dəfə təkrarlanır, keçidlər düzgün deyil”.

“Türkiyə filmlərində daha ağır təhqirlər işlədilir”

Filmin rejissoru Metin Yücel bildirib ki, Türkiyə sinemasında “Güləhməd”də olan söyüşlərdən daha ağır təhqirlər istifadə edilir:

“Ən bəsit örnək olaraq “Rəcəb İvedik” filmini göstərə bilərəm. Ümumiyyətlə, Türkiyədə sinema filmlərində gündəlik həyatda istifadə edilən sözlərə yer verilir, sadəcə onlara nazirlik tərəfindən yaş həddi qoyulur”.

O, ünvanına deyilən tənqidlərin həqiqəti əks etdirmədiyini bildirib:

“Deyək ki, rejissoram və filmimdə söyüş var. Axı 55 yaşında Əməkdar artistə məcbur edə bilmərəm ki, o söyüşləri desin. Deyə bilərdi ki, söyüş söyə bilmərəm, bu ssenari mənə görə deyil. Aldıqları 100-200 manat milli dəyərlərdən daha qiymətli idi?

Türk və Azərbaycan dilləri oxşar olsa da, başa düşmədiyim çox söz var. Filmdə deyilən söyüşün Azərbaycanda nə məna ifadə etdiyini bilmirdim. Türkcə ssenarimdə həmin söyüş belə idi: “Mənim kimi adamdan belə bir “idiot” necə ola bilər?” Söyüş “idiot” sözündən ibarət idi. “İdiot” sözünü başdanxarab, taxtabaş, axmaq kimi tərcümə edə bilərdilər, amma başqa pis söyüş yazıblar. O söyüşün də mənasını 10-15 gün bundan əvvəl öyrənmişəm. Bu səhnə çəkiləndə hamı qəhqəhə ilə gülürdü. Mən də axmaq kimi fikirləşirdim ki, bunlar nəyə gülür. Sən demə, söyüşə gülürmüşlər”.

O daha sonra sözlərinə belə davam edib: “Aktyorlar ssenaridən kənara çıxıb filmə özündən söz qatıb, yazılmadığı halda əl hərəkəti edib və ondan sonra çıxıb rejissor bizi söydürdü və milli dəyərlərimizi təhqir etdi, iddiaları ilə çıxış edirlər. Əgər aktyorların dediyi kimi olsaydı, millətini sevirdilərsə və o sözlər millətə təhqir anlamını verirdisə, onu dilə gətirməzdilər. Aktyorlar belə bir haqqa sahibdirlər. Filmin dublyajını özüm etməmişəm. Səsləndirmə prodakşının tərkibinə daxildir. O səsləndirməni edən şəxs pulunu məndən yox, prodakşından alıb. Dublyajın da əsas məqsədi ekran işində olan xətaları düzəltməkdir. Bu filmdə dialoq qüsurları vardısa, dublyajda onları aradan qaldırmaq olardı. Filmdə istifadə edilən və anladığım söyüşlərin bir çoxunu özüm çıxartmışam. Bunlar da ana-bacı söyüşləri deyildi, sadəcə bir qədər qeyri-etik ifadələr idi. Filmin ssenarisinə əsasən polis cinayəti üzə çıxan aktyor obrazını canlandıran şəxsi tutmağa gələndə “indi sı....q” deyir. Mən bu sözlərin pis məna ifadə etdiyini bildiyimə görə onu çıxartdım. Natiq Fərzəliyevin övladı ilə səhnəsində isə qızına səslənərək “Ay qa...q, sənə sus, dedim”, - deyib. Bunu da saytlar ata qızını söyüb kimi təqdim edib.

Kinoteatrda göstərilən filmlərdə söyüşlərin yerinə “bip” siqnalı qoyulmur, bu, televiziyada tətbiq edilir. Bir yerdə də atanın qızına dediyi ağır ifadə var idi. Bu söz bütün dünya filmlərində işlədilir. Lakin sizin kanallara baxanda görürəm ki, bəziləri haqqında 300 manata çıxan qız deyirlər. Əslində bu, o söyüşdən daha ağırdır.

Azərbaycanı çox sevirəm, bura mənim ikinci vətənimdir. Təəssüf ki, çoxu “Güləhməd” filminə görə məni günahlandırdı”.

Filmin plagiat olması iddiası ilə bağlı sualımıza rejissor cavab vermək istəmədiyini deyərək, yaxın günlərdə bu və ona qarşı səsləndirilən digər ittihamların əsassız olduğunu sənədlərlə sübut edəcəyini vurğulayıb. O, bütün bunları Publika.az vasitəsilə açıqlayacağını qeyd edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm