"Anama oxşayırsan, bəlkə onu tanıyarsan?.." - İnternat məktəbindən REPORTAJ
Bizi izləyin

Xüsusi

"Anama oxşayırsan, bəlkə onu tanıyarsan?.." - İnternat məktəbindən REPORTAJ

Martın 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbində Novruz şənliyi keçirildi.

Novruz şənliyi... Ancaq bəzi uşaqların üzündə sevinclə yanaşı, kədər də oxunurdu. Təşkilatçılar, məktəb rəhbərliyi uşaqların əylənməsi üçün əllərindən gələni etsələr də, bir neçə uşaq xüsusilə diqqət çəkirdi. Sanki hərdən aramıza qatılsalar da, çox vaxt yanımızda olmurdular. Bəlkə də analarının, atalarının, qardaş-bacılarının yanında idilər. Kim bilir…

Uşaqları izləyə-izləyə məktəbin baş tərbiyəçisi Təranə Süleymanova ilə söhbət etdik. O, Publika.az-a bu gül balaların təhsil alması üçün məktəbdə hər cür imkanın yaradıldığını söylədi. Sinif otaqları, oğlanlar üçün ayrı, qızlar üçün ayrı hamam və yataq otaqları. Hətta dərslərdən əlavə qalan vaxtlarını daha səmərəli keçirmələri üçün əyləncə, istirahət otaqları ilə yanaşı, müxtəlif dərnəklər, dil kursları fəaliyyət göstərir:

“Uşaqlar burada qalmağı çox sevirlər. Burada əsasən nitq qüsurlu, nevroloji problemləri olan uşaqlar çoxluq təşkil edir. Onların reablitasiyası üçün hər cür şərait var və burada ali təhsilli, xaricdə təcrübə keçmiş müəllimlər çalışır. Bizim uşaqlarla xoş münasibətimiz onların daha tez reablitasiya prosesi keçmələrinə, özlərini daha rahat, səlis şəkildə ifadə edə bilmələrinə şərait yaradır. Bu əsas amildir. Bəzən uşaqlarımız arasında valideynlərini çox gec-gec görənlər olur. Amma baxırıq ki, heç hiss etmirlər. Burda yeyib-içib, dostları ilə oynayıb, yatırlar. Valideynləri işlədikləri, bəzən məsafə çox uzaq olduğu üçün tez-tez gəlib-gedə bilmirlər. Amma həftə sonları gəlib uşaqlarını görə, hətta onları evə apara bilirlər”.

Biz söhbət edərkən ətrafda gəzişən balaca bir qız vardı. Nədənsə diqqətim elə hey onun yanında qalırdı. Bunun niyə belə olduğunu anlamırdım.

T.Süleymanova bizi məktəbdə sinif otaqları, mətbəx və digər uşaqların gün boyu istirahət edib, dərs keçdiyi, eləcə də yatdığı otaqlarla tanış etdi. Maraqlı məqamlardan biri də o idi ki, 1-ci sinifdən 9-cu sinfə qədər burada təhsil alan məktəblilərin (oğlan və qızlar) yatmaq saatı gəldiyində hər iki tərəfin yataq otaqlarını birləşdirən dəhlizin qapısı bağlanır.

Daha sonra İnternat məktəbinin direktor müavini Kərim Dadaşovla həmsöhbət olduq. Dedi ki, 16 ildir bu uşaqlarla gecə-gündüz bir yerdə qalır, artıq onları ailə üzvü sayır:

“Mən bu uşaqları, bundan əvvəl burda oxuyub məzun olanların hər birini çox sevirəm. Onlardan ayrılmaq mənə olduqca çətin gəlir. Amma onların uğurlarına da sevinirəm. Məktəbimiz 200 uşaq üçün hesablanıb və onların saxlanması üçün geniş şərait var. Uşaqlarımız arasında rəsm müsabiqələrində, idman yarışlarında, şahmat yarışlarında qalib olanlar, hətta Fransaya turnirlərə gedənlər də olub. Bu il 630 balla ali məktəbə daxil olan şagirdimiz olub. Bu həddən artıq qürurvericidir. Bəzən valideynlər internat məktəbi anlayışını səhv başa düşür. Bura uşaqlarını qoymaq, onlar üçün “himayədən” çıxartmaq deməkdir. Amma bu heç də elə deyil. Bizim uşaqlarımız arasında birtərəfli valideyn himayəsində olanlar da var, anası-atası ilə birlikdə yaşayanlar da. Məktəbimizdə uşaqlar 6 yaşından 1 sinfə qəbul edilir və 16 yaşına, yəni 9-cu sinifə qədər təhsil alırlar. Təhsil müddəti, eləcə də qəbul prosesi Təhsil Nazirliyinin tibbi pedaqoji komissiyasının nəzarəti altında keçirilir. Bura ancaq nitqi qüsurlu, valideyn himayəsindən məhrum uşaqlar qəbul olunur. Olur ki, uşaqlar ya qəyyumluqda olur, ya da valideynlərindən biri olmur. Məktəbin gündəlik təkrarlanan iş rejimi var: uşaqlar səhər yuxudan duran kimi tərbiyəçilər onların geyimi ilə məşğul olur, sonra səhər yeməyi üçün qızlar ayrı, oğlanlar ayrı mətbəxlərə gedirlər. Növbə ilə yeməklərini yeyirlər. Saat 9-da birinci dərs başlayır və saat 2-yə qədər dərslər yekunlaşdırılır. Daha sonra uşaqlar nahar yeməyi yeyirlər. Hər gün müxtəlif menyu hazırlanır. Onların sağlamlıqları bizim üçün hər şeydən önəmlidir. Dərslər bitdikdən sonra müxtəlif sahələr üzrə dərnəklərə qatılırlar. İnternatı bitirdikdən sonra artıq normal, tam reablitasiya prosesi keçmiş və bərpa olunmuş şagird kimi başqa təhsil müəssisələrində təhsillərini davam etdirə bilirlər. Reablitasiya prosesi isə uşaqdan asılı olaraq dəyişir. Konkret zaman qoymaq olmur, amma uşaqlarda nitq qüsurlarının yaranmasının konkret səbəbləri (genetik, irsi faktor istisna olmaqla) ailədaxili münaqişələr, stress, normal tərbiyənin olmaması, valideynlərin uşaqları təzyiq və təhqirlərə məruz qoymaları, boşanmalar və sairədir”.

Direktor müavini deyir ki, valideyn himayəsində olan uşaqlar həftədə 1 dəfə ailələri ilə görüşə bilirlər:

“Hər həftə sonu, yəni şənbə günləri valideynlər gəlib uşaqlarını görə və ya evə apara bilərlər. Bunun üçün nazirlik tərəfindən ailələri 20 manat yol pulu ödənilir. Birinci gün uşaqlar yenidən dərsdə olurlar. Bəzən elə uşaqlar olur ki, heç bayram günləri də evlərinə getmək istəmirlər. Valideynlər gəlib aparmaq istəyir, amma uşaqlar stresdən qorxduqları üçün getmək istəmirlər. Bir neçə dəfə belə vəziyyətin şahidi olmuşuq. Hətta reablitasiya keçmiş və qüsurları aradan qaldırılmış uşaq ailəsi ilə evə yola salınıb, bir neçə aydan sonra yenidən əvvəlki qüsurları ilə bizə müraciət edilib. Ata-ana o qədər dava-dalaş edir ki, uşaqda nevrotik problemlər yaranır. Bu da uşaq psixologiyasına mənfi təsir edir. Hətta bəzən valideynlərlə danışıb, onları uşaqlarının xatirinə barışdırmağa çalışsaq da, heç bir nəticə əldə edə bilmirik”.

Müəllimlərlə söhbətimizi yekunlaşdırıb şənliyin keçirildiyi zala keçdim. Uşaqların yanında dayanıb onların gülən üzlərini gördükcə, bu tədbirin heç bitməməsini arzulayırdım. Elə bu an gün boyu məni izləyən o balaca qız gəlib, yavaşca əlimdən tutdu. Mənimlə danışmaq istəyirdi, amma özünü ifadə etməyə çətinlik çəkirdir. Səs-küy, musiqi səsləri onu eşitməyimə mane olurdu. Onu da götürüb qapının arxasına keçdim. Qızcığaz mənə baxdı-baxdı və onun anasını tanıyıb-tanımadığımı soruşdu. Sual qarşısında aciz qaldım, ha fikirləşdim ki, görən bu sualı mənə nə üçün ünvanladı, cavab tapa bilmədim. Qorxa-qorxa "yox, gözəlim, tanımıram" dedim.

“Sən qəşəngsən e, bilirsən? Mən bütün qəşəng qızları anama oxşadıram…” - dedi...

Sözlər boğazımda düyünləndi.

Gülşən (ad şərtidir) 4-cü sinfdə oxuyur. Sözlərinə eynən yazdığım kimi davam etdi:

“Müəllimlərim deyir ki, mən də qəşəng qızam. Mən anamı görməmişəm, amma deyirlər ki, onun gözəlliyi mənə keçib. Atam çox işləyir, məni görməyə vaxtı olmur. Anam isə heç vaxt gəlməyib. Mən səni də ona oxşatdım”.

Gülşəndən böyüyəndə kim olmaq istədiyini soruşdum. Cavabında dedi ki, birinci ana olacaq, sonra həkim:

“Mən böyüyəndə ana olacam. Bütün analarla dost olacam. Sonra həkim olacam. Dərslərimdə əlaçıyam. Ədəbiyyatı, riyaziyyatı yaxşı bilirəm. Həkim olacam ki, anaları sağaldım. Bütün xəstə anaları sağaldacam…”

O, bu yaşda bu sözləri necə qura bilirdi, məəttəl qaldım. Onu bərk-bərk qucaqlayıb, hamıdan qəşəng qız olduğunu və çox gözəl ana olacağını dedim.

Digər uşaqlarla da söhbətləşmək istədim. O qədər səs-küyün içində bir oğlan dayanmadan öz sevimli mahnısını oxuyurdu. Səslədim, eşitmədi. Yaxınlaşanda anladım ki, o, ümumiyyətlə, zalda çalınan heç bir musiqini, ucalan gülüş səslərini eşitmir. Baxışlarımdan oxudu sanki. Mən sual verməmiş özünü təqdim elədi:

“Adım Nicatdır, Nicat Əliyev (ad şərtidir). 6-cı sinifdə oxuyuram. Yaxşı oxuyuram. Böyüyəndə polis olmaq istəyirəm. Taxdadan alətlər düzəltməyi sevirəm”.

Nicat heç nə eşitmir, çox nadir hallarda dodaq oxuyaraq, insanların ona nə dediyini başa düşür. Deyir ki, eşitmə aparatının köməyilə eşidə bilir. Anasının pulu yoxdu, aparata istədiyi vaxt daş ala bilmir. Buna görə də itməsin deyə, daşı evdə saxlayır.

Müəllimləri deyir ki, loqopedlər Nicatla məşğul olurlar. Onun dərslərinə köməklik göstərirlər.

5-ci sinif şagirdi Tural Nəcəfov (ad şərtidir) deyir ki, ziyarətinə təkcə bibisi gəlir:

“1-ci sinifdən atam məni bura gətirdi. Sonra getdi. 5 ildir burda oxuyuram. Burada rahatam, dərslərimi yaxşı oxuyuram, dərsdən sonra da burda qalıram, dostlarımla oynayıram. Gecələr bəzən istəyirəm ki, atam gəlsin, evə gedək, amma bilirəm ki, gəlməyəcək. Yenə bibim gələcək. Atamın işləri çox olduğu üçün gələ bilmir. Anam isə məni atıb gedib. Həftədə 2 dəfə Biləcəriyə, bibimgilə gedirəm. Mən yaxşı oxuyub uşaq həkimi olacam. Uşaqlar xəstələnəndə pis oluram. Həkim olsam, onları xəstələnməyə qoymayacam”.

Uşaqların çoxu Türkan qəsəbəsində qalsalar da, uzaq rayonlardan, Quba, Xaçmaz, Lerik, Şamaxıdan gələnlər də var. Qubadan gələn uşaqlardan biri də 7-ci sinifdə oxuyan Hüseyndi (ad şərtidir). Hüseyn deyir ki, ata-anası ayrıldığı üçün anası onu bura qoyub:

“Xalamgil Binəqədidə yaşayır. Anam özü də xalamgildə qalır. Orda evimiz çox balaca olduğu üçün, mənə yer çatmırdı. Anam da məni gətirib bu məktəbə qoydu. Böyük bacım var. O isə Qubada nənəmlə yaşayır. Onun üçün hərdən darıxıram. Yay tətillərində hərdən onun da yanına gedirəm. Amma hamısından yaxşı elə buradı. Həm oxuyuram, həm qalıram. Heç kimin yox, elə bil öz evimdi.

Anam mənə söz verib. Çox işləyib pul qazanacaq, sonra ev alıb, gəlib məni də götürəcək. Bacımı da ora gətirəcək. Bir yerdə olacağıq. Yaxşı oxuyub, vəkil olmaq istəyirəm. Heç kimin insanları aldatmasına icazə verməyəcəm. Sizcə, balaca ev almaq üçün nə qədər pul yığmaq lazımdır?..”

"Elə də çox lazım deyil, yəqin ki, anan xeyli hissəsini düzəldib" - Başqa nə deyə bilərdim ki?..

Məktəbin hər küncündə bir vaxtlar burada oxumuş şagirdlərin əl işləri, rəsm əsərləri, taxtadan hazırladıqları gözəl çərçivələr vardı. Uşaqlar burada bir-birlərinə dəstək olmağı öyrəniblər. Taxtadan çərçivə hazırlayan uşaqlar, o çəçivənin içərisinə rəsm qabiliyyəti olan dostlarının şəkillərini qoyub divardan asırlar. Həyatları kimi ürəklərini də bölüşürlər...

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm