“Almanlar Bakıya gəlmək üçün sinov gedirlər” - 18 ildir ki, Almaniyada yaşayan qızla MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

“Almanlar Bakıya gəlmək üçün sinov gedirlər” - 18 ildir ki, Almaniyada yaşayan qızla MÜSAHİBƏ

Lətifə Sadıqlı, 23 yaşı var. 18 ildir Almaniyada yaşayır və tibb təhsili alır. Azərbaycan dilində sərbəst danışan Lətifə ilə Diasporla İş üzrə Dövlət Komitəsinin və Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Bakıya səfəri çərçivəsində gərgin tədbir qrafikində görüşmək imkanımız oldu. Söhbətimiz zamanı onun Almaniya həyatı, çətinlikləri, Bakı, habelə vətənə qayıtmaq planları ətrafında danışdıq.

- Lətifə, xoş gəlmisiniz vətənə. Əvvəlcə oxucularımıza özünüz haqqında bir az məlumat verərdiniz...

- Bakıda doğulmuşam, əslən bakılıyam. 5 yaşım olanda ailəmlə birlikdə Almaniyaya köçmüşük. İndi onlarla Boxum şəhərində yaşayıram. Hazırda universitetdə oxuyuram, tibb üzrə təhsil alıram. Məndən başqa bir bacım var. O, Köln şəhərində hüquq üzrə təhsil alır və orada yaşayır.

- Sizin köçdüyünüz illərdə yəqin ki, Almaniyada azərbaycanlıların sayı çox deyildi. Almaniyaya adaptasiya olmaq sizin və ailəniz üçün çətin oldumu? O günlərlə bağlı nələr xatırlayırsınız?

- Təbii ki, ilk vaxtlar adaptasiya çətin olur. Qohumlardan, xüsusən, nənə-babadan uzaq yaşamaq bütün uşaqlar kimi bizim üçün də çətin idi. İllər keçsə də, buna öyrəşmək olmur. Məsələn, doğum günlərimiz olanda qohumlardan heç kim olmurdu yanımızda, ancaq dördümüz qeyd edirdik.

- Heç qohumunuz yox idi, Almaniyada?

- Ancaq atamın xalası vardı, o da bizdən uzaq şəhərdə yaşayırdı. Hər kəsin işi var, tez-tez görüşmək mümkün olmurdu. Yaşadığımız şəhərdə heç bir azərbaycanlı yox idi.

- Uşaqlığınızda Azərbaycanla bağlı xatirə qalıbmı?

- Təbii ki, buradakı dostlarımı, bacımın baletə getdiyi məktəbi xatırlayıram. Ancaq yaxın çevrəmizi qohum və qonşuları xatırlayıram.

- Dil açanda Azərbaycan dilində danışmısınız. Alman dili heç də asan dil deyil. Öyrənmək çətin oldu yəqin ki?

- Bakıda yaşayanda Azərbaycan və rus dillərini bilirdik. Rus dilini bizə dayəmiz öyrətmişdi. Almaniyaya köçəndə bu ölkənin dilini öyrənmək və Azərbaycan dilini də unutmamaq vacib idi, arada rus dilini unutduq. Rus dilində anlayıram, amma əvvəlki kimi deyil. Alman dilini isə məktəbə başlayanda öyrəndik. Lakin dili öyrənmək heç də asan olmadı. Çünki məktəbdə bütün uşaqlar dil açandan həmin dildə danışmışdı, biz isə Azərbaycan dilini bilirdik. Valideynlərimizin bizə dəstəyi, Almaniyada nə isə əldə etmək üçün dili öyrənməyin vacibliyi barədə söhbətləri çox kömək oldu. Onu da deyim ki, valideynlərim də Alman dilini bilmirdi, onlar da bizim kimi sonradan öyrənib. Atam Azərbaycanda Tarix müəllimliyini bitirmişdi, amma orada Alman dilini öyrəndi, ixtisasını dəyişdi, indi Alman dili müəllimi işləyir. Dili öyrənmək istəyən xaricilər üçün hətta kitab da yazıb. Anam isə burada kimya müəllimi idi, indi isə xaricilərlə işləyir. Çünki Rus, Türk, Alman, Azərbaycan dilini bildiyinə görə bu cür işləmək ona rahatdır. Kimyaçı kimi Almaniyada işləməsi üçün bir çox tələblər var idi. Həmin tələblərə uyğunlaşmaq üçün vaxt lazım idi. Anamın isə 38 yaşı olduğundan həmin istiqamətə getmədi.

- Bir az da istəyirəm Almaniyadakı təhsilinizdən danışaq. Dili öyrənmək çətin olsa da, öyrəndiniz və bu gün həkim olmaq üçün təhsil alırsınız.

- Almaniyada ibtidai təhsildən sonra 3 qrup məktəblər var, ən yüksəyi gimnaziyadır. Mən gimnaziyada oxumuşam. Bu seçimdə adətən, müəllimlər şagirdin səviyyəsinə uyğun valideynlərə təklif verə bilir. 9 ildən sonra 2-3 il abituriyent oluruq, bu müddət ərzində müvafiq bal toplayırıq və ona əsasən də universitetlərə sənəd veririk. Tibdə oxumaq üçün mən abituriyent illərimdə əsas kimya və biologiyanı seçdim, riyaziyyat, alman və ingilis dili kurslarına getmək məcburiyyət var idi, həmçinin digər fənləri də tədris edirdilər, sadəcə saatlar daha az olurdu. Almaniyada ali məktəb seçiminin bir üstünlüyü var ki, imtahan verirsiniz və sizin tibb, hüquq və digər sahələri seçmək şansınız olur. Yəni Azərbaycandakı kimi qruplar yoxdur. Buna görə də seçim nisbətən geniş və sərbəstdir.

- Almaniya tibb oxumaq çətindir?

- Tibb təhsilini seçməyimdə səbəb uşaq həkimim idi. Almaniyada pediatrım 50-55 yaşında çox gülərüz, mehriban, uşaqlara qarşı həssas idi. Heç bir uşaq həkimə getmək istəməz, amma mənim pediatrdan o qədər xoşum gəlirdi ki, yanına həvəslə gedirdim. Atama da həmişə deyirdim ki, o təqaüdə çıxanda mən onun yerində işə başlayacam. Bu məqsədi qarşıma qoydum və tibbə qarşı sevgim yarandı. Amma bütün ölkələrdə olduğu kimi Almaniyada da tibb təhsili almaq çətindir. Tibb təhsili 6 il yarım olur, yəni 13 semestr. Mən 10-cu semstrdəyəm. 6 ilin sonunda dövlət imtahanı verib, diplom alacam, onunla xəstəxanaların pediatriya şöbələrinə ərizə yazıb assistent həkim olaraq işləyəcəm. 7 il işlədikdən sonra imtahan verib, uşaq həkimi kimi fəaliyyət göstərə biləcəm. Hər bir ixtisasda bu tələblər fərqlidir.

- Adətən, bizdə belə fikirlər var ki, Avropada tələbələr daha sərbəstdirlər. İstədikləri vaxt dərsə gəlib-gedirlər, dərslərdə yemək yeyir, su içir və s...

- Tələbələrin dərsdə sərbəstliyi professorlara görə dəyişir. Bəzi professor auditoriyaya girən kimi yeyib-içməyə qadağa qoyur, bunun fikrini yayındırdığını deyir. Amma eləsi də var ki, auditoriyada yemək yeməsə də, su içmək istəyəndə içir və tələbəyə də etiraz etmir. Səs çıxarmadığımız müddətdə sərbəst hərəkət edə bilirik. Dərsə davamiyyətə gəldikdə, mühazirədə iştirak mütləq deyil. Tələbə evindən də oxuya bilər. Lakin seminarlarda mütləq iştirak etmək lazımdır. İştirak etmədikdə, həmin fəndən qiymət ala bilməzsiniz. Mənim təhsil aldığım ixtisasda mühazirədə belə universitetə getmək daha yaxşıdır. Bəzi dostlarım var ki, onlar üçün evdə oxumaq daha rahatdır. Almaniyada ali təhsilin bir sıra üstünlükləri var. Almaniya torpaqlara bölünür və mən tələbə olduğum üçün yaşadığım bölgədə bütün avtobus və tramvaylara pulsuz minmək biletim var. Bu hüquq yerli və ya xarici olmağından asılı olmayaraq hər kəsə verilir. Bundan başqa, universitetlərdə əlavə kurslar fəaliyyət göstərir. Mən ödənişsiz ərəb dili kursuna getmişəm. İdman kursları var, onlar ödənişli olsa da, xərclər yüksək deyil. Yəni tələbə ancaq öz sahəsində qalmır, digər sahələrdə olanlarla da tanış olur. Ancaq tibdə oxuyanlarla dost olmursan. Hesab edirəm ki, bu üstünlükdür.

- Almaniyada təhsil haqqı necə, bahadır?

- Kitablar çox bahadır. Dövlət universitetində 6 aydan bir bufet, nəqliyyat kartı üçün ödəniş edirik. Özəl universitetlərdə isə təhsil təbii ki, bahadır. Ümumiyyətlə, Almaniyada yaşayış bahadır. Əlbəttə, bu insanın maaşından da asılıdır. Amma nəqliyyat pulu çox yüksəkdir. Mən evimdən universitetə bir gediş üçün 3 avro verməliyəm, qayıtmaq üçün əlavə ödəniş olur. Üstəlik, həmin biletlə gediş 1.5 saat ərzində olmalıdır, vaxt keçəndə biletdən istifadə mümkün olmur. Azərbaycana gələndə bu məsələdə məəttəl qalıram ki, avtobusla getmək bu qədər ucuz ola bilərmi? Almaniyada maşın və benzin də bahadır.

- Azərbaycanda ucuz nəqliyyatdan başqa nə üçün darıxırsınız?

- (gülürük) Dəniz üçün, havası üçün çox darıxıram. Almaniyada hava tez-tez dəyişir və bu qədər günəşli deyil. Bu da insanın əhvalına təsir edir. Azərbaycana gələndə adam gülmək, danışmaq istəyir. Bütün uzaqda yaşayanlar kimi qohumlar üçün darıxıram. Buradakı qohumlarla telefon, skaypla danışırıq. Ad günlərində, bayramlarda hamısı bir yerdə olur, biz isə orada tək oluruq. Dostlarımız var, amma qohumların, ailənin yerini heç nə verə bilməz.

- Bayramlardan danışmışkən, milli bayramları Almaniyada qeyd edirsiniz?

- Təbii ki, Azərbaycanda olanda ətrafdakılar da hamısı həmin bayramı qeyd edir, iş, məktəb olmur. Amma Almaniyada fərqlidir, bizim bayramımız olanda orada iş günüdür. Bu da normaldır. Buradakı qohumlarla danışanda Novruzda bir həftə istirahət günü olduğunu deyirlər, biz isə orada məktəbə gedirik. Buna bir az məyus olurduq. Hesab edirəm ki, bayramlarımızı qorumalıyıq. Azərbaycanlı tanışlar və ya ailəmizlə mütləq Novruzu qeyd edirik, hər çərşənbədə evdə şam yandırırıq, qoğal bişiririk. Xüsusən, yaxınlıqdakı azərbaycanlılarla birlikdə şəkərbura, paxlava bişiririk. Təbii ki, Azərbaycandakı kimi dadlı alınmır, amma ən azından bayram adətlərini yaşadırıq. Qurban bayramını da keçiririk.

- Almaniyaya köçəndə ətrafınızda azərbaycanlı olmadığını dediniz, məktəbdə isə alman dilini öyrənmisiniz. Amma Azərbaycan dilində də yaxşı danışırsınız, adətlər kimi dili də unutmamısınız.

- Çox sevindim unutmadığımı düşünməyinizə. Çünki mən danışanda çox narahat oluram, yaxşı danışmadığımı düşünürəm. Amma dili qorumaq üçün ailədə danışmaq vacibdir. Çünki məktəbimizdə heç azərbaycanlı yox idi. Beş il əvvələ qədər də yaşadığımız şəhərdə azərbaycanlı yaşamırdı. İndi az da olsa var, amma onlarla da hər gün ünsiyyət qurmaq şansımız yoxdur. Ona görə ailədə ana dilində danışmaq vacibdir, həmçinin buradakı qohumlarla da Azərbaycan dilində danışırdıq. Evdə bütün söhbətlərimiz Azərbaycan dilində olur. Gün ərzində məktəbdə, küçədə daha çox alman dilində danışdığımızdan bəzən evdə də, sözləri bu dildə işlədirik, amma valideynlərim tez düzəliş edir, sözün Azərbaycan dilindəki qarşılığını xatırladır. Açıq deyim ki, Azərbaycan dilindəki bütün sözləri bilmirəm, amma bilmədiklərimi hər dəfə evdə soruşuram. Çalışırıq ki, dili və adətləri qoruyaq.

- Məskunlaşdığınız şəhərdə yaşayan azərbaycanlılar əsasən kimlərdir?

- Əsasən, gənclərdir. Onlar təhsil almaq üçün Almaniyaya üz tuturlar. Boxumda ailəvi gələnlərin sayı azdır.

- Almaniyada tanıdığınız azərbaycanlılar ölkəmizi necə təmsil edir? Siz özünüz ölkəmizi tanıtmaq üçün nə etmisiniz?

- Biz Almaniyada dostlarımıza ölkəmizi bacardığımız qədər tanıdırıq. Sosial şəbəkədə bu mövzuda paylaşımlar edirik. Təbii ki, sosial şəbəkədə dostlarımızın çox almanlar, əcnəbilərdir. Düşünürəm ki, hər kəs ətrafındakı bir insana ölkəmizlə bağlı məlumat versə, böyük iş görmüş olur, çünki həmin məlumatı onlar da başqaları ilə paylaşır. Hər kəsin adından danışa bilmərəm, amma tanıdıqlarıma əsasən deyə bilərəm ki, ölkəmizi yaxşı təmsil edirik. Cəmiyyətlər qururuq, Azərbaycana gəlib, burada gördüklərimizi geri qayıdarkən Almaniyadakı dostlarımıza danışırıq. Biz ölkəmizi yaxşı tanımalıyıq ki, tanıda bilək. Xocalı ilə bağlı tədbirlər keçiririk, təkcə yolun kənarında durub broşür paylamaq belə ölkəmizi təmsil etməkdir. Xocalı soyqırımı, iki yaşlı Zəhra balanın ölümü ilə bağlı sosial şəbəkədə paylaşım edirəm. Burada olduğum müddətdə getdiyim yerlər, öyrəndiyim yeniliklər barədə də tez-tez bilgilər paylaşıram. Bununla da dostlarımızın ölkəmizlə bağlı məlumatı və marağı artır. Bəlkə də, birinci dəfə görəndə baxmayacaq, amma şəkil diqqəti çəkir və növbəti dəfə görəndə açıb baxacaq.

- Azərbaycan Almaniyadan necə görünür?

- Almaniyaya getdiyimiz ilk illərdə Azərbaycan deyəndə insanlar hara olduğunu xatırlamaq üçün beş dəqiqə fikirləşirdi. Son 8-9 ildə Azərbaycan deyən kimi, Bakı və Xəzər dənizini xatırlayırlar. Avropadan Azərbaycan inkişaf etmiş bir ölkə kimi görünür. Digər ölkələri deyə bilmərəm, amma Almaniyada Azərbaycanı yaxşı tanıyırlar. Xüsusən, “Evrovision”, “Formula 1”, Avropa Oyunlarından sonra nə qədər dostum mütləq Azərbaycana gəlmək, internetdən gördükləri məkanlarda olmaq istədiklərini deyir. Gələn il rəfiqələrimlə gəlmək istəyirik. Onlar Azərbaycan üçün sinov gedirlər. Qeyd etdiyim o tədbirlərdən sonra Azərbaycan çox inkişaf etmiş ölkə kimi görünür. İnsanların bura gəlmək istəyində həmin tədbirlərin rolu böyükdür.

- Azərbaycana bir neçə dəfə gəlmisiniz. Almaniyadan görünənlə reallıq arasında fərq var?

- Azərbaycana bir-iki ildən bir gəlirəm. Deyə bilərəm ki, artıq Azərbaycan Avropa standartlarına uyğunlaşıb. Azərbaycan çox inkişaf edib, xüsusən turizmlə bağlı məqamlar məni heyran etdi. Küçələrdə müxtəlif ölkələrdən gəlmiş çoxlu turist var. Ölkəmiz çox gözəlləşib, həmişə də gözəl idi. Sanki Azərbaycan bum yaşayıb və bir anda hər şey gözəlləşib.

- Madam ki, Azərbaycan bu qədər heyran edib sizi, bundan sonra geri dönüb burada işləmək, yaşamaq kimi planlarınız varmı?

- Hələ ki, qarşımdakı məqsəd təhsilimi bitirməkdir. İndi də orada həkimin yanında işləyirəm, inşallah diplom alandan sonra Almaniyada həkim kimi işləmək istəyirəm. Təhsilimə görə yaxın 10 il üçün Azərbaycana qayıda bilmərəm, bəlkə, tam başqa bir ölkəyə gedəcəm. Ancaq heç vaxt heç vaxt demək olmaz. Valideynlərim orada özlərinə uyğun bir şərait qurublar, amma hər zaman deyirlər ki, vətən kimi yer yoxdur. Ola bilər ki, bir neçə il sonra qayıtsınlar. Çünki insan hər zaman vətəni üçün darıxır.

- Müsahibə üçün təşəkkür edirəm. Bundan sonra hansı ölkədə yaşamağınızdan asılı olmayaraq uğurlar arzu edirəm!

- Mən təşəkkür edirəm.

Gülxar,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm