"Ərəb, fars dilində yazan şairlər ortababab aşığın yarısı qədər iş görməyiblər" - Məhərrəm Qasımlı
Bizi izləyin

Xüsusi

"Ərəb, fars dilində yazan şairlər ortababab aşığın yarısı qədər iş görməyiblər" - Məhərrəm Qasımlı

Publika.az-ın müsahibi Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıdır.

- Məhərrəm müəllim, aşıqlığa ən qədim musiqi sənəti deyə bilərik?

- Aşıqlığın kökü şamanlara bağlıdır. Qam-şaman ənənəsi üzərindən gəlib, ozan sənətinə, oradansa aşıqlığa doğru yol keçir. Bu anlamda aşıqlığın bəzi keyfiyyətləri şamanizmdən qalıb. Bir nəfərin timsalında çalmaq, oxumaq, şeir demək, teatr göstərmək, rejissorluq, aktyorluq bacarığı və s. kimi özəlliklərin olması bundan xəbər verir. Hətta şamanizmdə aşıqlar təbib idilər. Musiqi vasitəsilə insanları sağaldırdılar. Öncəgörənlikləri vardı. Musiqi yolu ilə gələcəkdən xəbər verirdilər. Gələcəkdən xəbər vermək daha çox haqq aşıqlarına məxsus idi. Dastanlarda da bu haqda məlumat var. Hətta şamanlıqdan sonra ozanlar da həm toy, həm də yas mərasimlərini idarə edirdilər. Çünki görürsünüzmü, bəzi havalar qəm üzərindədir, digərləri dəm. İslamdan sonra isə bu ənənə ortadan çıxdı və yuğçu ozanları mollalar əvəz etdi.

- Bəs aşıqla ozan arasında nə kimi fərq var?

- Aşıq daha çox islami dünyagörüşə malikdir. Ozan isə daha çox tanrıçı, şamanizmə aiddir. Onlar dağ, su kimi obrazlara inanır və təbliğ edirdilər. Aşıqlıqda isə daha çox ilahi eşqə həsr olunmuş əsərlər yarandı. Amma geniologiya birdir. Bu baxımdan aşıqlıq Azərbaycan musiqisinin ən qədim sənətidir və tarixi eramızdan uzaqlara gedib çıxır.

- Bu sual bir az şablondur, amma cavabınız maraqlıdır. Niyə “Yanıq Kərəmi” kimi faciə üzərində qurulmuş bir hava toylarda səslənir, insanlar da rəqs edir?

- Bəli, bu hava gəncin facəsini əks etdirir. Mən uşaq olanda çox həzin idi. Sonra “Yeddi oğul istərəm” filmində Aşıq Ədalətin barmaqlarından qopdu və bir az ritm qatıldı. Zaman keçdikcə “Yanıq Kərəm”in ritmi daha da sürətləndirildi. Nəticədə toylarda səslənməyə başlandı. Bu gün aşıqların çaldığı “Yanıq Kərəmi”ni klassik variantla bir tuta bilmərik. O indi olub ”Oynaq Kərəmi”... Havanın şikəstə ruhu, həzinliyi, hüznü tamam itib. Gedib bir qocaman aşığın barmağından eşitsəniz, görəcəksiniz ki, tam fərqli havalardır.

- Ümumiyyətlə, tarixdən, dərsliklərdən aşıqlar haqda az da olsa, məlumat əldə etmişik. Elə bir aşıq varmı ki, araşdırmalarınız zamanı onun haqda maraqlı faktlar əldə etmisiniz, amma mənbələrdə bu haqda məlumat çox azdır?

- Şübhəsiz ki, var. Əsasən də onları bizə miras qoyduqları dastanlar vasitəsilə tanıyırıq. Elə bu yaxınlaradək Aşıq Qəribi “Qərib və Şahsənəm” dastanının bir qəhrəmanı kimi tanıyırdıq. Əslində Aşıq Qəribin özü də klassik aşıq olub, dastan da onun ətrafında yaranıb. Əsl adı Rəsul olub. Özü də Təbrizdəndır. Amma xalq onu Aşıq Qərib Təbrizli kimi tanıyıb. Bir maraqlı fakt da deyim, Sadıqcan tarı hazırlayanda, evin divarından asılan sazdan ilhamlanıb. Görürsünüzmü, tarın yuxarı hissəsi kamaçaya, çanağı isə saza bənzəyir.

- Orxan Paşa kimdir?

- Təxəllüsümdür.

- Maraqlıdır niyə bu adla yazırsınız?

- Paşa atamın adıdır, Orxan da mənim. Anam çox istəyirmiş ki, adımı Orxan qoysun. Məhərrəmlik ayında dünyaya gəldiyim üçün babam adımı Məhərrəm qoyub. Anamın istəyinə uyğun olaraq Orxan adımı da yazılarımda yaşadıram. Amma təkcə bədii əsərlərimdə. Elmi yazımlarımda Məhərrəm Qasımlı imzası ilə yazıram.

- 2010-cu ildən dövlət kanalında aşıq sənətinin təbliği ilə bağlı veriliş aparırsınız. Bu müddət ərzində nələr dəyişib?

- Heç nə, elə həmin AzTV-dir.

- Mən təbliğatı nəzərdə tuturam.

- Təbliğat çox güclüdür. Baxın, 2010-cu ildən bəri hər həftə saat yarım olmaqla “Saz-söz axşamı” verilişi efirə gedir. Bunu üst-üstə yığanda min saatdan çox edir. Verilişdə yüzlərlə unikal, yüksək səviyyəli aşıq ifaları təqdim olunur. Elə İctimai Televiyada “Ozan məclisi” proqramı var. Heydər Əliyev Sarayından tutmuş, Mahnı Teatrının, Filarmoniyanın səhnəsinədək hər il onlarla aşıq konsertləri təşkil olunur.

- Nədənsə aşıq deyəndə enlibalaq şalvarlı, uzun çəkməli kişi canlanır gözümdə...

- Artıq aşıqların geyim məsələsində islahatlar aparmışıq. Yeni geyimlər hazırlatmışıq. Dizdən olan xrom çəkmələr, qəhvəyi şalvarlar aradan qaldırılıb. Yeni, müasir qayda ilə tikilən libaslar var. Buta və digər milli ornamentlərlə bəzədilmiş bu geyimlər aşığın sazla rəftarına da mane olmayacaq.

- Aşıq sənətinin keçdiyi mürəkkəb yola nəzər salaqmı?

- Aşıq sənəti müstəqil Azərbaycanın humanitar mədəniyyət strategiyasına aiddir. Bu çox önəmli məsələdir. Sovet dönəmində aşıqlıqdan sadəcə təbliğat növü kimi istifadə olunurdu. Yəni, inqilab ideyaları, rəhbərlərə dəstək... Bir sözlə, Sovet ideologiyasına xidmət edən vasitə sayılırdı. Həmin dövrün vallarını dinləsək, festivallarına baxsaq, görərik ki, kolxoz, partiya, neft, pambıq mövzusu əsas diqqət mərkəzindədir. Yəni aşıqlar məhz bu məcraya yönəldilib. Aşıq tarix boyu ən vacib məsələləri yerinə yetirən yaradıcı şəxsiyyət olub. Sovet hakimiyyəti onu o vəzifələrdən tədricən uzaqlaşdırdıqca, xalq da öz aşığını sırf sovet quruculuğuna xidmət edən vasitə kimi gördü. Tədricən də ondan uzaqlaşmağa başladı. Amma bu hakimiyyətə qarşı çıxan Mikayıl Azaflı kimi aşıqlarımız da az olmayıb. Onlar sandıq ədəbiyyatı kimi qorunurdular. Bəzən həbs olunurdular, başlarına yüz oyun gətirilirdi, amma yollarından dönmürdülər. Təsəvvür edin ki, Molla Cümə kimi qüdrətli aşığı 1920-ci ildə bolşeviklər Şəkidə güllələmişdilər. Mirzə Bilal kimi ustad sənətkar 1938-ci ildə güllələnmişdi. Bütün bunların səbəbi aşığı dədə-baba ənənəsindən, təsəvvüf dünyagörüşündən, milli kimlikdən uzaqlaşdırıb, “işıqlıdır lampaları kolxozun” dedirdib, başqa səmtə yönəltmək idi. Gedənlər də az olmadı. Bəzən hətta tədbirlərdə aşıqlar Stalin haqda xorla oxuyurdular.

- Düzü mən belə aşıq havaları ilə rastlaşmamışam.

- Çünki bu sizin dönəmə təsadüf etmədi. Biz daha əvvəllərdən danışırıq. Sovet hakimiyyəti çökəndən sonra aşıqlıq sənəti özünə qayıtmağa başladı. Artıq nə kolxoza, nə də partiyaya ehtiyac qaldı. Bu qayğılardan azad olmuş aşıq nə etməlidir?! Ümumiyyətlə, Azərbaycan dövləti öz milli-mənəvi dəyərlərinə sahib çıxdı. Muğam sənəti, aşıq sənətinin güclü təbliğatı başlandı. Özü də tək ölkə səviyyəsində deyil, daha geniş meydanda. Aşıqlarımızın, xanəndələrimizin səsi Fransadan, Almaniyadan, Amerikadan, ümumiyyətlə, dünyanın dörd bir yanından gəlməyə başladı. Öncə muğamımız, sonra isə aşıq sənətimiz YUNESKO-nun dünya sənət şedevrləri siyahısına salındı. Bugünədək 7 dəfə muğam, bir neçə dəfə isə aşıq müsabiqəsi keçirilib. 2010 və 2014-cü illərdə Beynəlxalq Ozan Aşıq festivalları Bakıda təşkil olunub. Onlarla ölkədən paytaxtımıza ozanlar gəlib. Bilirsiniz, bunlar çox vacib məsələlərdir.

- Bəs çağdaş aşıq hansı funksiyaları yerinə yetirir?

- Bu gün aşıqlarımız, müstəqilliyi, milli ruhu, mübarizliyi aşılayırlar. İllərdir əsgərlərimizin qarşısında çıxış edirlər. Koroğludan, digər qəhrəmanlıq dastanlarımızdan parçalar səsləndirirlər. Bu gün onlar Dədə Qoquddan Şah İsmayıladək olan torpaq, vətən sevgisini günümüzə daşıyırlar. Azərbaycan türkcəsinin əsl simasını qoruyub saxlayırlar. Ərəb, fars dilində yazan şairlər nə qədər qüdrətli olur-olsunlar, Azərbaycan ruhunun daşınmasında ortababab aşığın gördüyü işin yarısını görməyiblər.

- Elə götürək Nizamı Gəncəvini...

- Belə şairlərin xalqla birbaşa əlaqələri yoxdur. Dilini öz kürəyində, ürəyində, sinəsində gəzdirən Xəstə Qasımların, Qurbanilərin, Aşıq Ələsgərlərin, Tufarqanlıların söylədikləri qoşmalarda, dastanlarda yaşadı dilimiz. Ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın zəhməti sayəsində aşıq sənəti Luvr muzeyindən tutmuş, dünyanın ən böyük səhnələrinədəh hər yerdə səsləndi. Bugün dövlətin bütün diqqəti aşıq sənətinin üzərindədir.

- Mədəniyyət və İncəsənət Universitetindəki Aşıq sənəti fakültəsi nə vaxt yaradılıb?

- 2000-ci ildən bəri...

- Bəs ondan əvvəl aşıq olmaq istəyənlər bu peşəni harada və kimdən öyrənirdilər?

- Şifahi yolla ustadlardan öyrənirdilər. İndi zaman da dəyişib axı. Ustad-şagird münasibəti müəllim-tələbə ənənəsinə keçid alıb. Bu gün müxtəlif rayonlarımızda yüzlərlə saz sinfi var.

- Demək ki, tələbat böyükdür.

- Əlbəttə. Ötən il Azərbaycanda 500-dən çox saz satılıb. Bu o deməkdir ki, bunun hardasa 200-ü saza yeni gələnlərdir. Gədəbəydə ayrıca aşıq məktəbi var. Orada 70-dək aşıq hazırlanır. Ağstafada, Tovuzda, Qazaxda da belə tədris ocaqları var.

- Bəs hansı saz keyfiyyətli sayılır?

- Keyfiyyət saz çalınanda akustikasından, çalğı manerasından bilinir. Aşıq dilində desək, saz danışanda səsindən duymaq olur. Tarixən ən məşhur saz düzəldəni Usta Xudu olub. Bu gün Azərbaycanda əl-əl gəzən ən gözəl sazlar Usta Xudunun barmaqlarından qopub. İndi ölkəmizdə 5-6 saz emalatxanası var. Çanağı tut ağacından, qol hissəsi qoz, yaxud ərik ağacından hazırlanan saz ən keyfiyyətli sayılır. Keçmişdə oyma saz varmış. O bütöv olduğu üçün içərisini xüsusi şəkildə oyub, hazırlayardılar. Bu sazlar çox qiymətli və nadir olub.

- Ən qocaman sazın neçə yaşı var?

- Musiqi Mədəniyyəti Dövlət Muzeyində Hüseyn Saraclının və digər qüdrətli aşıqlarımızın sazları və geyimləri qorunur. Amma sualınıza konkret cavab verə bilməyəcəm. Məsələn, bu yaxınlarda bir saz gətirdilər ki, Aşıq Ələsgərin olub. Çox sadə şəkildə sübut etdim ki, Ələsgərin sazı deyil.

- Maraqlıdır necə?

- Sual verdim ki, bu sazın sahibi hansı əllə ifa edib, dedilər sağ. Aşıq Ələsgərsə solaxay olub. Solaxay aşıqların sazı da fərqli olmalıdır. Bir də gözümlə gördüyüm kifayət qədər qocaman saz var. 100 yaşı var. Mirzə Bilalın sazı olub. Ailələrində qorunur.

- Sizcə hansı bölgələrdən daha yaxşı aşıqlar çıxır?

- Tarixən belədir ki, Göyçə-Gəncəbasar, Borçalı və Şirvan ənənəsi daha güclü olub. Amma son vaxtlar Gədəbəy, Kəlbəcər, Laçın və digər bölgələrdən də güclü aşıqlar çıxır. Verilişimdə də tez-tez qeyd edirəm. Birdən gözləmədiyin ərazidən elə usta aşıqlar yetişir ki, heyrətlənirsən. Məsələn, Lerik, Masallı, İmişlidən də istedadlar çıxır. Bu da aşıq sənətinə olan böyük axından xəbər verir.

- Bu tələbatı nə ilə izah edə bilərsiniz?

- Zahirən adama elə gəlir ki, bu sənətə çox da tələbat yoxdur. Qədim toylarımıza nəzər salaq. Mağar toylarının hamısının bəzəyi aşıqlar olub. Daha sonra mağarlar şadlıq evlərilə əvəzləndi. Sazları da elektro-gitaralara dəyişdilər. Amma yenidən saz vurub, elektro-gitaranı meydandan çıxardı. Bu gün elə həmin şadlıq saraylarının ansamblının tərkibində bir nəfər də olsa, saz ifaçısı var. Toyun gedişatı boyu transformasiya olsa da, mütləq saz havaları səslənir.

- Aşıq havalarını müasirləşdirib, ifa edəndə sizə necə təsir bağışlayır?

- Bəzən deyirlər ki, dövr dəyişib, aşıq mahnıları başqa şəkil alır. Nə şəkil alırsa-alsın, qoyun havalarımız yaşasın. Axı o böyük dəyişikliyə də uğraya bilməz. Doğrudur klassik ənənələri də qorumalıyıq, amma yeniliyin də qarşısını almaq mümkün deyil. Alınmamalıdır da. Bu gün yüzlərlə gənc aşıq sənətinə axın edir. Xanım ifaçıların sayı artır.

- Ümumiyyətlə, tarixdə xanım aşıqların sayı çox azdır. Ya da bizə məlum deyil.

- Deməzdim. Məsələn, Dərbəndli Zərnigar Aşıq Valeh Abdal Gülablının həyat yoldaşı olub. Dərbəndli Diləfruz da ustad sənətkarlardan sayılıb. Dədə Qorqud dastanında bütün xanımlar qopuzda ifa etməyi bacarıblar. Bu gün Borçalıya getsək, görəcəksiniz ki, kişilər bir yana, qadınlar, qızlar da sazda çalıb-oxumağı bacarırlar. Bir növ saz mənəvi həyatın tərkibidir.

- Bu gün bir aşığın gəlir mənbəyi hardandır?

- Aşıqlıq professional sənətdir. Yəni bir pinəçi, dərzi öz peşəsindən necə gəlir əldə edib, ailəsini dolandırırsa, aşıq da el məclislərində sazındakı havalarını, sinəsindəki şeirlərini, səs tellərini dövriyyəyə salıb, halal zəhmətlə pul qazanır.

- İdeal aşıq obrazı necə olmalıdır?

- Bu gün ideal aşıq obrazına az adam uyğundur. Tarixən belə olub ki, gözəl barmaqları, iti yaddaşı olan insanlar aşıqlıq edib. Rəhmətlik aşıq Ədalət 3000-dən çox şeir bilirdi. Əsl aşığın zəngin dünyagörüşü, gözəl avazı olmalıdır. Ən əsası məclis aparmaq bacarığı vacibdir. Hətta Şirvan məktəbində aşığın gözəl rəqs etmək istedadı da lazımı şərtdir. Bu gün Azərbaycanda mindən çox saz ifaçısı var. Amma onların hamısı aşıq deyil. Sazı alır əlinə, deyirsən, dastan söylə, qoşma oxu. Bacarmır... Halbuki tək saz çalmaq aşıqlıq ənənəsinin cəmi 20 faizidir.

Leyla Sarabi

Fotolar: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm