Bakıya gələn türk aktyor o qızı görən kimi aşiq oldu: "Rəngim-ruhum qaçdı, küçənin ortasında..." - - MÜSAHİBƏ/FOTO
Bizi izləyin

Xüsusi

Bakıya gələn türk aktyor o qızı görən kimi aşiq oldu: "Rəngim-ruhum qaçdı, küçənin ortasında..." - - MÜSAHİBƏ/FOTO

“Ailecek Şaşkınız” filminin baş qəhrəmanları Əhməd Kural, Səadət Işıl Aksoy və Murad Cemcir Bakıya gəlib. Aktyorlar Park Bulvarda keçirilən “Ailecek Şaşkınız” filminin qalasında iştirak edib.

Ssenaristi və rejissoru Selçuk Aydemir olan komediya filmi atasının şirkətində direktor vəzifəsinə təyin olunan Fərhad və onun uşaqlıq dostu, şirkətin maliyyə direktoru Gökhanın iki bacıya aşiq olmasından sonra həyatlarının dəyişməsindən bəhs edir.

Qaladan sonra Əhməd Kural Publika.az-ın suallarını cavablandırıb.

- Bakıya xoş gəlmisiniz. Gəlişiniz sizdə hansı təəssüratlar oyatdı?

- Birinci dəfədir ki, qardaş ölkəyə gəlirik. Amma yadlıq çəkmədik, çox məmnunuq. Azərbaycanlıların qonaqpərvər xalq olduğunu eşitmişdik, gəlib özümüz şahidi olduq. Bizim kimi istiqanlısınız. Mətbəxinizlə də tanış oldum, 17 ədəd qutab yemişəm.

- Şəhəri gəzməyə imkanınız oldu?

- Bəli, İçərişəhəri gəzdik, Qız qalasına heyran qaldıq. Qədim tikililəri görəndə, tarixi məhəllələrə daxil olan andan bu unikal məkanın fərqli aurasını hiss etdik, insanı müsbət enerji ilə yükləyir. Bəxtimizdən hava da gözəl idi.

- Burada çox sevildiyinizi təxmin edirdiniz?

- Yox, bizim üçün də gözlənilməz oldu. Filmi seyrçilərlə birlikdə izlədik, zala daxil olanda çox həyəcanlı idik ki, görəsən necə olacaq, bəyənəcəklərmi, ya yox. Reaksiyalarından anladıq ki, xoşlarına gəlib. Bakıdakı qala gecəmiz bizim üçün yaddaqalan oldu. Demək olar ki, hər səhnəyə güldülər. Azərbaycanlı tamaşaçılardan isti münasibət görmək sevindiricidir.

- Tənqidlərə hazırsınız?

- Tənqid bilavasitə işimizin bir hissəsidir.

- Zala daxil olan kimi pozitiv enerjinizi hər kəsə ötürüb coşqu yaratdınız. Bu pozitivliyinizi necə qoruyursunuz?

- Şən olmaq məcburiyyətindəyik, çünki insanlar bizə gülür.

- Filmin çəkiliş proseslərindən danışaq. “Ailəcək Şaşkınız”ın hansı səhnələrində problem yaşadınız?

- Çox oldu, filmdə əzələli bədənə sahib olan kişini canlandırmışam. Odur ki, bu rola uyğun ola bilmək üçün uzun müddət idman edib 15 kq arıqladım. Məsələn, süni tənəffüs və döyüş səhnələri bizi xeyli tərlətdi. Xüsusilə atla bağlı olan kadrlarda həm qorxdum, həm də mənim üçün əsl adrenalin oldu. At sürə bilirəm, buna baxmayaraq, küçənin ortasında, avtomobil yolunda ata minmək bir qədər təhlükəli idi. At qəfildən sürətini artıranda rəngim-ruhum qaçdı, məni qaçırdı. Şükür ki, yaxşı qurtardıq. Bunun xaricində hər şey əla keçdi, birinci dəfədir ki, filmə baxanda özümü tənqid etmədim.

- “Düğün Dernek: Sünnet” filminin kinoteatrlarda izlənmə sayı 7 milyondan çox olmuşdu. Sizcə, “Ailecek Şaşkınız” ekran işi rekordunuzu təzələyəcək?

- Rekord yenilənməz, rəqəmlər işin dəyər və keyfiyyət göstəricisi olmamalıdır. Lakin filmlə bağlı gözləntilərimiz böyükdür. Türkiyə və Azərbaycandan başqa Hollandiya, Belçika və Almaniyada da filmin təqdimat mərasimləri keçirilib. Bütün ölkələrdən müsbət rəylər almışıq. Ümumilikdə Türkiyədə 5 həftədə 3 milyondan çox izləyici toplaya bilmişik. Əgər sevilərsə, “Ailecek Şaşkınız”ın ikinci hissəsini çəkməyi düşünürük.

Əvvəlki filmlərə bənzəmir, fərqli iş oldu. Səsləndirdiyimiz musiqilər də dəyişikdir.

- Bu layihədə özünə vurğun xarakteri canlandırmısınız. Real həyatda da özündən bu qədər razısınız?

- Həddi keçmədiyin müddətdə özünü sevmək gözəldir, özümü sevirəm, amma filmdəki kimi özündən razı tip deyiləm.

- Çox cəsarətli və hər istədiyini əldə edə bilən obrazınız var.

- Dediyiniz kimi, cəsarətli deyiləm, qorxduğum və çəkindiyim məqamlar da var.

- Filmdə bəyəndiyim sosial mesajlar var idi. İş adamlarının işçi haqlarını istismar etməsi, onları əlavə saatlarda işləməyə məcbur etməsi ustalıqla təsvir olunmuşdu...

- Bəli, çalışdıq ki, bəsit komediya olmasın. Cəmiyyətdə gördüyümüz və bizi narahat edən mövzuları özünəməxsus yumorla tənqid etmişik.

- Fərhad xarakteri işçilərindən tələb edir ki, iş saatlarından əlavə, hətta həftə sonları da işləsinlər. Bəhanə olaraq da göstərir ki, yaxşılıq edəndə qarşılığını gözləmək lazım deyil. Əhməd bəy, sizcə müasir dövrün adamları təmənnasız yaxşılıq etməyi bacarır?

- Ümumilikdə sosial baxımdan xeyriyyə layihələri çox az həyata keçilir. Amma dostlarıma, yaxınlarıma lazım olanda yaxşılıq edirəm və qarşılığını gözləmirəm. Layihədə xatırlatmaq istədiyimiz mesajlardan biri də budur.

- Əhməd bəy, Murad Cemcirlə birlikdə çəkildiyiniz komediyalarınızla hər kəsi güldürürsünüz. Bəs sizi kim güldürür?

- Murad Cemcir və Cengiz Bozkurta çox gülürəm.

- Tərəf müqabiliniz Səadət İşıl Aksoydur. Səadət xanım dünya şöhrətli italyan rejissoru Sergio Kastelittonun filmində rol alıb. Onunla oynamaq sizə hansı hissləri yaşatdı?

- Səadət çox peşəkar və istedadlı aktrisadır, insana özünü rahat hiss etdirir, zövq aldım.

- “Onunla oynamaram” dediyiniz aktyor var?

- Yox, həmkarlarımla çox yaxşı münasibətdəyik.

- Komediya filmində Səadət xanıma, daha dəqiq desəm, filmdəki qəhrəmanı - Elifi görən kimi ona aşiq olursunuz. Sizcə, kişilər hansı xanımlara ilk baxışdan aşiq olur?

- Bəli, filmdə Elifi görən Fərhad ona o dəqiqə valeh olur. Çünki Elif xarakter baxımdan çox güclü qadındır.

Real həyatda vallah bilmirəm, qəliz sualdır. Bilsək, zatən gedib aşiq olardıq. İlk baxışdan kimdənsə xoşun gələ bilər, amma eşqin yaranması üçün münasibətlər daha dərin olmalıdır.

- Son illərdə Türkiyədə də, Azərbaycandakı kimi komediya filmləri çox çəkildi. Sizcə, bizim gülməyə ehtiyacımız varmı?

- Gülməyə hər zaman ehtiyacımız var, insanın təbii tələbatıdır.

- Serial təklifləri gəlir?

- Bəli, yaxın aylarda tamaşaçıları yeni serialla sevindirəcəyik. Çox maraqlı layihədir.

- Azərbaycanlı aktyorlarla eyni layihədə rol almaq istərdiniz?

- Planımızda yoxdur, olarsa da, məmnuniyyətlə.

- Vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm.

- Buyurun, xoş oldu.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm