“Ufak Tefek Cinayetler”in rejissoru finalı açıqladı: “Öldürülən qəhrəman...” - MÜSAHİBƏ/FOTO
Bizi izləyin

Xüsusi

“Ufak Tefek Cinayetler”in rejissoru finalı açıqladı: “Öldürülən qəhrəman...” - MÜSAHİBƏ/FOTO

“Ufak Tefek Cinayetler” serialının rejissoru Əli Bilgin Bakının qonağı olub. Azərbaycanda da böyük izləyici kütləsi toplayan serialın rejissoru ilk dəfə olaraq mövsüm finalının necə bitəcəyi haqqında ipucları verib.

Publika.az rejissorla müsahibəni təqdim edir.

"Serialın çəkiliş prosesləri bizi yorur"

- Əli bəy, Bakıya xoş gəlmisiniz. Söhbətimizə təəssüratlarınızdan başlayaq.

- Xoş gördük. Bakıya AF Media incəsənət məktəbinin dəvəti ilə gəlmişəm. İlk dəfədir Azərbaycana təşrif buyururam. Qəribədir ki, özünü qərib kimi hiss etmirəm, sanki Türkiyədə başqa bir şəhərə getmişəm. Məsafə də çox azdır. Bakı özümü yaxşı hiss etdiyim yer oldu.

- Azərbaycan oxucularına özünüzü daha yaxından tanış edə bilərsiniz?

- 1981-ci ildə Elazığda dünyaya gəlmişəm, atam hərbçi idi. Odur ki, çox şəhər gəzməli olmuşuq, təxminən 12 məktəb dəyişdirmişəm. Yaşadığın yeri tərk etmək, başqa şəhərə köçmək bezdirici prosesdir. Lakin indi başa düşürəm ki, tez-tez yer dəyişmək və yeni insanlarla tanışlıq mənim üçün faydalı olub.

İzmir Universitetinin Sinema və Televiziya fakültəsini bitirdikdən sonra İstanbula gəldim. Bu sektora daxil olmaq istəyirsənsə, İstanbula gəlməlisən. Çünki bütün çarx İstanbulda dönür, bütün rejissorlar, prodüser şirkətləri, televiziya kanallar və s. oradadır.

Karyerama seriallarda rejissor köməkçisi kimi başladım. Rejissor kimi ilk işim “Arka Sıradakılar” serialı olub. Daha sonra “Ay yapım” şirkəti ilə əməkdaşlığa başladım və bir çox televiziya layihəsinin rejissorluğunu etdim. Bildiyiniz kimi hazırda “Ufak Tefek Cinayetler” serialının rejissoruyam.

- Yaradıcılıq planlarınız və gələcək fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?

- Təəssüf ki, serial müddətinin uzun olması tələb edildiyi bir vaxtda kino çəkmək mümkün deyil. Serialın çəkiliş prosesləri bizi yorur, bütün vaxtımızı alır. Bu səbəbdən də zaman-zaman fasilə verməyi düşündüyüm dönəmlər olur. Yay aylarında “Ay Yapım” şirkəti ilə birlikdə sinema filmi çəkəcəyik. İnşallah qalasını Bakıda da edərik.

- Serialdan kinoya keçid çətin deyil?

- Əlbəttə ki, asan iş deyil. Serialla kinonun sistemi və konsepti tamamilə fərqlidir. Payız və qış aylarında bir çox ssenaristlər “Ay Yapım”a öz ssenarilərini göndərir. Serial mövsüm finalına çıxandan sonra şirkətlə birlikdə onlar arasında seçim edib dəyərləndiririk.

Bu sektorda heç bir şey təkbaşına həyata keçirilmir, bunun üçün böyük bir yaradıcı heyət çalışır. İstər rejissor, istər ssenarist, istərsə də prodüserlər ayı-ayrı hərəkət etmir, ortaq qərarlar verilir. Çünki bu, layihənin uğuruna birbaşa təsir göstərir. Məsələn, ssenari çox gözəl olanda rejissor da, aktyorlar da, prodüser də həyəcanlı olur, ortaya çıxan iş də keyfiyyətli alınır.

"Başqası çəksəydi, onu çox qısqanardım"

- “Ufak Tefek Cinayetler”in Azərbaycanda da böyük maraqlı izləndiyindən xəbəriniz var idi?

- Bilirdim ki, baxılır, amma böyük izləyici auditoriyası topladığından xəbərim yox idi. Bu serial haqqında müsbət rəylər eşidəndə ikiqat sevinirəm. “Cəsur və gözəl” bitdikdən sonra qərara gəlmişdim ki, bir il dincəlim. Ssenari gələndə gördüm ki, tamamilə fərqli hekayədən bəhs edir. Öz-özümə dedim ki, Türkiyənin serial sənayesində bu mövzu işlənməyib. Sözün düzü, bu serialı başqası çəksəydi, onu çox qısqanardım. Bir neçə nəfər xəbərdarlıq etdi ki, risklidir və bizə reytinq gətirməyə bilər. Prodüser şirkəti riskə girərək onu çəkməyə qərar verdi. Özümüzə təsəlli verdik ki, klişe serial üzündən batmaqdansa, heç olmasa sanballı layihə üzündən bataq. Nəticədə risk etdiyimizə dəydi.

- Tarixi seriallar da reytinqlərdə həmişə ilk sıralarda olur...

- Bir rejissor kimi tarixi layihələrə razılıq vermirəm. Səbəbi onunla bağlıdır ki, tarixi və auksion seriallar çəkmək çox yorucu və ağır işdir. O işin altından çıxa bilməsəm, ruh düşkünlüyü yaşayaram.

“Senzura və qadağalar hər il getdikcə daha sərtləşir”

- Son bir neçə ildir ki, Türkiyə mətbuatında RTÜK-ün həm verilişləri, həm də serialları cərimələməsi xəbərlərini tez-tez oxuyuruq. Bu cür senzuraların olması sizin işinizə nə kimi təsiri edir?

- Gördüyün iş uğurludursa, haqqında da müxtəlif xəbərlər çıxmağa başlayır. Məsələn, Gökçe Bahadırın gələn mövsüm serialdan ayrılacağı və yerinə Bensu Soralın gələcəyi irəli sürülmüşdü. Halbuki, bu, doğru deyil.

Senzura və qadağalar hər il getdikcə daha sərtləşir. Bu da bizi kədərləndirir. İndi “Medcezir”dəki kimi cürətli ola bilmirik. Həddən artıq sevişmə səhnələri və pornoqrafiya çəkib göstərmək fikrimiz yoxdur, lakin işin estetikası tələb edir ki, bəzən intim səhnələr də çəkilsin. Sevgililərin öpüşməsi kimi təbii heç nə yoxdur. Onu qədərində göstərməyə və uşaqların yatdığı saatlara salmağa çalışırıq.

Cərimə olunmamaq üçün artıq məcburuq ki, özümüz özümüzə avtomatik senzura tətbiq edək, alternativ çözümlər tapaq. Kino yaradıcı sahə olduğundan həll yolunu özü istehsal edir.

Bildiyiniz kimi, spiritli içki səhnələri kəsilir. Qədəhlərin üstü örtülür deyə biz rəngli stəkanlardan istifadə etməyə başlamışıq. Çünki qəhrəman qədəhi ağzına aparanda üstü örtülür və nəticədə çirkin görüntü yaradır.

Ssenaridəki Sarmaşıq adlandırılan yerdə yaşayan insanlar varlı ailələrdir. Təbii ki, onlar yeməkdə spiritli içkilər içir. Dünən eşitdim ki, mahnıda şərab sözü olduğu üçün onu da kəsiblər. Artıq kompozisiyalara da müdaxilə edilməyə başlanılıb...

"Dərhal əxlaqi dəyərlər önə çıxır"

- “Ufak Tefek cinayetler”də Oya qəhrəmanı tənqid olunmuşdu ki, rəfiqəsinin həyat yoldaşı ilə sevgi münasibəti yaşayır...

- Əslində bununla əlaqədar olaraq RTÜK-dən bizə heç bir cərimə gəlməyib. Sadəcə dediyiniz kimi, Oyanın Sehranla yaxınlaşması xoş qarşılanmamışdı. Maraqlıdır ki, Mehmet xarakteri Burcu ilə sevgili olanda ciddi müzakirə mövzusu olmur. Oya ilə Serhanın romantik münasibət yaşaması tamaşaçıları narahat edir, dərhal əxlaqi dəyərlər önə çıxır. İstənilən halda bu mövzunun müzakirə doğurması müsbət haldır.

- Haqqında danışdığımız qadınlar kişilərin fonunda çox qəddar və zalım görünür. Merve, Burcu və Pelinin münasibətlərində bir-birinə qarşı paxıllıq, həsəd və nifrət hissinin ən yüksək həddini görürük. Qadınlar gerçək həyatda da həqiqətən qəddardır? Və sizcə, qatil kim olmalıdır?

- Vaoo, ikisi də gözəl sualdır. Zalımı qadın və kişiyə ayırmıram. Onlar bizim uydurduğumuz xarakterlər olsa da, gərçək həyatda da belə tiplərlə qarşılaşmalı oluruq. Merve və Pelin kimilər az deyil.

Qatil hamısı ola bilər. Ssenarini oxuduğumdan bəri serialı həyəcanla “Kim ölməli”, “Kim kimi öldürməli” suallarını düşünərək çəkirik. Tamaşaçı kimi hərdən mən də deyirəm ki, bu məqamda qəhrəmanlardan biri digərini öldürməlidir...

“Mövsüm finalında ölən şəxsin kim olduğunu göstərəcəyik”

- Serialın necə bitəcəyindən xəbəriniz var? Ssenarist sizinlə məsləhətləşir?

- Əlbəttə, bu mövsümün bütün bölümlərinin hekayəsi kiçik paraqraflarla bizə təqdim olunur, finala gedəcəyimiz yol bəllidir. “Ufak Tefek cinayetler”in mövsüm finalında öldürülən qəhrəmanın kim olduğunu göstərəcəyik. Qətli kimin və ya kimlərin həyata keçirdiyi isə gələn mövsüm bəlli olacaq.

- Seriallar adətən filmlərdən daha zəif hesab olunur. Son illərdə vəziyyət bir qədər dəyişib...

- Bəli, bir vaxtlar reklam çəkənlər və film rejissorları serialları zəif məhsul hesab edirdi. Bu işlə məşğul olanları bir növ aşağılayırdılar. İndi isə vəziyyət dəyişib, bütün dünyada hər kəs serial izləyir. Hollivudda da seriallar film sənayesi üçün təhdid olmağa başlayıb. Açığı, yaxşı seriallar kinonu üstələyib. Rejissorlar da öz növbəsində 6-7 bölümlük seriallar çəkməyə üstünlük verir. Ümumiyyətlə, son dövrlərdə həm ssenari, həm də texniki baxımdan keyfiyyətli seriallar istehsal edilir.

Rejissorun əsas vəzifəsi odur ki, istər kinoda, istər serialda, istər klipdə, istərsə də sənədli filmdə tamaşaçıya nə isə hiss etdirə bilsin, onu düşündürsün. Necə çəkdiyin yox, qarşındakına nə hiss etdirdiyin daha önəmlidir.

- Əli bəy, Türkiyədə də bir-biri ilə eyni filmdə çəkilmək istəməyən aktyorlar var?

- Əlbəttə ki, belə hallarla tez-tez rastlaşırıq. Biz dəvət edirik, son qərar yenə də aktyorundur. Əgər dəvət etdiyimiz şəxs başqa bir aktyorla filmə çəkilmək istəmirsə, onu razı salmağa çalışmaram, özü bilər. Çünki bu, serialların iş prosesinə mənfi təsir edir. Təsəvvür edin ki, 40 həftə evdəkilərdən çox çəkiliş meydançasındakı insanları görürsünüz. Kinoda 5-6 həftə olsa, nə cürsə yola gedərlər, amma 40 həftə davam edən seriallarda bu, mümkün deyil. Bəzi çəkilişlər soyuq hava şəraitində və ya gecə yarısında aparılır. Yuxusuz qalanda sinirlər gərilir və insanlar kəskin reaksiyalar göstərə bilir.

- Layihələrinizin yüksək reytinq toplaya bilməməsi sizi ruhdan salır?

- Bəli, serialın ilk bölümlərində hamımız həyəcan içində oluruq.

- Türkiyə istehsal etdiyi bir çox serialı onlarla xarici ölkəyə sata bilir, onlar dünyada çox populyardır. Bu uğurunuzu nəyə bağlayırsınız?

- Son illərdə bütün dünyada türk serialları böyük maraq doğurur. Beynəlxalq səviyyəyə çatmaq bizim üçün sevindiricidir. Daha böyük xəyallar qurmalıyıq ki, daha geniş auditoriyaya çıxa bilək.

"Kino sektoru birbaşa tamaşaçı marağı ilə idarə olunur"

- Türkiyədə siyasi mövzulara toxunan layihələr çəkilmir. Səbəb nədir? Heç bir rejissor başını iqtidarla bəlaya salmaq istəmir?

- Qorxuları olan insanlar da var. Sadəcə bu mövzuya müraciət edənlər azdır. Əslində hər bir rejissor müəyyən filmə başlamazdan əvvəl tamaşaçı tələbatını nəzərə alır. Kino sektoru birbaşa tamaşaçı marağı ilə idarə olunur. Siyasi mövzuda filmlərin reytinqinə nəzər salsaq, görərik ki, onlar çox izlənməyib. Bunun üçün müasir mədəniyyət və incəsənət növlərindən istifadə etməyi daha məqsədəuyğun hesab edirəm. Məsələn, 20 min tamaşaçı yox, 5 milyon tamaşaçı toplaya biləcək filmdə nəyi isə tənqid etsən, daha güclü olarsan. Dolayısı ilə rejissorun demək istədiyi fikir nəticəsiz qalmaz.

- Sizi nə ilhamlandır?

- Karyerama başlayanda bəxtim gətirdi. Tələbələr elə bilir ki, universiteti bitirən kimi rejissor olacaqlar, amma yanılırlar. Film və serial sektorunda çalışmaq üçün ciddi rəqabət var, öncə rejissor assistenti kimi özünü sınaqdan keçirməlisən. Bu müddət ərzində özünüzü nə qədər göstərsəniz, rejissor kimi fəaliyyətinizə bir o qədər tez başlayarsınız.

Rejissor olmaq istəyənlərə tövsiyə edərdim ki, özünə bir kamera alıb 3-4 dəqiqəlik video çəkməyə başlasın, mobil telefonla da çəkmək olar. Çəkdiyiniz videoları mümkün qədər ətrafınızdakı insanlarla paylaşın. Bizim dövrümüzdə bu qədər üstünlüklər yox idi.

- Özünü göstərmək dedikdə nəyi nəzərdə tutursunuz?

- İlk növbədə yaxşı müşahidə qabiliyyətiniz olmalıdır, həyata bir pəncərədən baxmamalısan. Çox yer gəzdim, çox insanla tanış oldum və bundan sonra da nə qədər çox gəzsəm, bu, xeyrimə işləyəcək. Nəticədə dünya qurarkən tanımadığınız insanı anlatmaq çox qəlizdir. Həddən artıq gərgin rəqabət var. Odur ki, rejissor olmaq istəyirsənsə, dünyaya hərtərəfli baxmağı bacarmalısan. Kaş ki, bu qədər rəqabət olmasaydı, amma bunun da pozitiv tərəfləri var.

Bundan savayı, izlədiyimiz filmlər, dinlədiyimiz musiqilər də bizi yaradıcılıq baxımından çox qidalandırır. İnternet dövründə yaşayan gənclər çox şanslıdır ki, nə isə araşdırmaq istədikdə onu rahatlıqla əldə edə və öyrənə bilər.

Bir rejissoru ən çox qidalandıran məsələlərdən biri də gördüklərini yazmasıdır. İnanın ki, gün gəlir və bu qeydlər ssenariyə çevrilə bilir.

"Ədaləti göstərməyə çalışıram"

- Rejissor kimi dünyaya və ya türk izləyicisinə vermək istədiyiniz mesaj nədir?

- Mesaj vermək kimi dərdim yoxdur. Mədəni və ədalətli olan hər şeyin yanındayam. Ümid edirəm ki, dünya zamanla daha ədalətli olar. Çox şablon səslənsə də, mən də bir vətəndaş kimi müharibələrin olmadığı dünyada yaşamaq istərdim. Gördüyüm işlərdə də mümkün qədər ədalətli olmağa, ədaləti göstərməyə, mədəni şəkildə ətrafımdakı insanlara, təbiətə və heyvanlara qarşı sayğılı olmağa çalışıram. İnşallah bu həssaslığı hər kəs hər yerdə göstərər.

- Əli bəy, sizi Bakıda görməkdən çox məmnun olduq. “Ufak Tefek Cinayetler” serialının qəhrəmanları Gökçe Bahadır, Aslıhan Gürbüz, Bade İşçil, Tülin Özen və digər aktyorları da şəhərəmizdə görməyi istərdik.

- Türkiyəyə qayıdan kimi sizin arzularını onlara mütləq çatdıracağam.

- Təşəkkür edirəm, sizinlə söhbət etmək imkanı qazandığım üçün şad oldum.

- Mənim üçün də xoş oldu.

Aytən,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm