• USD 1,7000 0,00% EUR 1,9828 0,00%
    • GBP 2,2148 0,00% RUB 0,0267 0,00%

Dünyanın ən məşhur fotoqrafı: "Azərbaycanlı əsirlərin o halı hələ də gözümün önündən getmir" - FOTOLAR

  • Xüsusi
  • 17 Aprel 2018 16:00
  • 2 357 Baxış
Dünyanın ən məşhur fotoqrafı: "Azərbaycanlı əsirlərin o halı hələ də gözümün önündən getmir" - FOTOLAR

Küləklər şəhəri Bakı növbəti möhtəşəm sərgiyə ev sahibliyi edir. Dünyanın ən məşhur fotojurnalisti sayılan həmvətənimiz, "National Geographic", "GEO" və digər dünyaca məşhur jurnalların fəxri fotoqrafı olan Rza Diqqətinin 40 illik fəaliyyəti boyu obyektivinə tuş gələn ən gözəl fotoşəkillər incəsənətsevərlərə təqdim olunur.

Dünyanın ən humanist fotoqrafı Rza bəyin “Bəşəriyyət” adlı sərgisinin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.

Mən də öz növbəmdə yaradıcılığına böyük rəğbət bəslədiyim sevimli Rza bəylə ikinci dəfə böyük müsahibə etmək imkanı qazandım. Beləliklə, Publika.az-ın xüsusi qonağı obyektivindən savaşlara atəş açan Rza Diqqətidir.

- Rza bəy, necəsiniz?

- Yaxşıyam, sən necəsən?

- Sizi görüb, xoşbəxt olmamaq mümkün deyil. Rza bəy, səfəriniz, sərginiz haqda məlumat verə bilərsinizmi?

- Bildiyin kimi mən 40 il ərzində 100-dən çox ölkə gəzmişəm. Özü də ən çətin zamanlarda... Bu müddət ərzində insanların ən ağır, xoşbəxt anlarının şahidi olmuşam, və bu qənaətə gəlmişəm ki, bir torpağa ayaq basırıqsa, aramızda fərq olmamalıdır. Bu sərginin əsas məqsədi də budur. İnsanların irqindən, rəngindən asılı olmayaraq hamısı bir dünyanın sakinlərdir, əsilləri birdir. Fotolardakı simalar seyrçiyə nə qədər yad gəlirsə-gəlsin, gözünün içinə baxanda mütləq özünü görəcək. Məqsəd də budur. Baxın, görün, biz hamımız necə də doğmayıq.

- Rza bəy, əbədiləşdirdiyiniz kadrlar yuxularınıza gəlir?

- Çox yuxu görürəm. Bəzən kabuslar, çox vaxtsa gözəlliklər girir yuxuma.

- İlk müsahibəmizdə mənə söz vermişdiniz ki, üz-üzə görüşüb Qarabağ müharibəsi ilə bağlı xatirələrinizi bölüşəcəksiniz. Bu haqda danışa bilərik?

- Əlbəttə. Yaxşı xatırlayıram, fevral ayının son günləri idi. Parisdə idim. Xəbər aldım ki, Qarabağda savaş başlayıb, vəziyyət çətindir. Bakıya gəlməyə qərar verdim. Bakıya çatanda gördüm ki, paytaxt insanları müharibədən xəbərsizdilər. O zaman da Bakıda ancaq "İnturist" hoteli fəaliyyət göstərirdi. Hər otaq da bir ölkənin səfirliyinə verilmişdi. Hətta beynəlxaq təşkilatlardan da nümayəndələr vardı. Fransanın da iki təşkilatınan heyət gəlmişdi - Dünya Həkimlər Təşkilatı və Sərhədsiz Əczaçılıq Birliyi... Onlar Qarabağ müharibəsində zərər görən dinc əhaliyə tibbi yardım aparırdılar. Jurnalist olduğuma görə müharibə bölgəsinə yollanmağa icazə vermirdilər. Tək ümidim bu təşkilatların nümayəndələrinə qoşulub Xankəndinə getmək idi. Onlarla birgə Ağdamadək getdik. Yolboyu narahatlıq, qorxu içərisində dincə əhaliyə rast gəlirdik. Ağdamın mərkəzindəki məscidə çatanda böyük izdihamla qarşılaşdıq. Çoxu Xocalıdan əliyalın qaçmış insanlar idilər. Min bir zorakılıqla qətl olunmuş doğmalarını, ailə üzvlərini məsciddə yuyub, basdırmaq üçün toplanmışdılar.

Hətta bəziləri gözü çıxarılmış, dərisi soyulmuş cəsədlər arasında öz qohumlarını axtarırdılar. Faciənin şahidi olan insanlar mənə dedilər ki, onların diri-diri gözlərini çıxarıblar. Milli Qəhrəman Allahverdi Bağırovla elə Ağdamda tanış oldum. Bir neçə gün orada qalıb, həmin insanların dərdinə fotoaparatımla şərik oldum. Bir gün Allahverdi mənə dedi ki, əsirləri dəyişmək istəyirlər. Ağdamla Xocalı arasındakı yolda hər iki tərəfin əsgərləri əsirləri gətirdilər. Mən o əsirləri görəndə çox təsirləndim. Azərbaycanlıları ac, susuz saxlamaqdan elə vəziyyətə gətirmişdilər ki, hələ də o halları gözümün önündən getmir. Erməni əsirlərinsə əksinə, heç girovluqda saxlandıqlarını deməzdin. Orada çox foto çəkmişdim. Elə Ağdamda ikən eşitdik ki, Şuşada da döyüş başlayıb. Bütün Qarabağı dövrə vuraraq Şuşaya yollandım. O yolu da erməni qüvvələri mühasirəyə almışdılar. Keçən maşınları, əsgərləri atəşə tuturdular. Məcbur olub, bir neçə gün dağların arası ilə gedib, Şuşaya çatdım. Çox pis vəziyyət idi. Aclıq, səfalət, savaş insanları çox yormuşdu. Sonra Fransaya döndüm. Elə onda eşitdim ki, Şuşa da işğal olundu. Qarabağda çəkdiyim fotolar dünyanın ən mötəbər sərgi salonlarında nümayiş olunub. Dəfələrlə Azərbaycanda olmuşam. Qaçqın düşərgələrindəki insanlarla görüşmüşəm. Onların güzəranını çəkib, kitabıma əlavə etmişəm.

- “Reza visual academy” layihənizə Azərbaycandan olan məcburi köçkün uşaqları da cəlb etməyi düşünürsünüzmü?

- Əlbəttə, düşünürəm. Hətta bu layihə üzərində iş gedir.

- Maraqlıdır, əsərlərinizin sayını dəqiq bilirsiniz?

- Parisdəki ofisimdə əsərlərimin sayını hesablayıblar. Bugünədək 1 550 000 şəkil çəkmişəm.

- Adətən yaradıcı insanlar özlərinə qarşı tələbkar olurlar. Fotolarınız arasında əsl sənət əsəri saydığınız varmı?

- Mən onu hələ çəkməmişəm (gülürük).

- Rza Diqqətinin heyran olacağı əsərinin doğulmasına nə qədər vaxt qalıb?

- Bilmirəm, bəlkə də burdan çıxandan sonra yaranacaq o foto... Bəlkə sabah, bəlkə də 40 il sonra...

- Uşaqlara olan məhəbbətiniz sizə olan sevgimi daha da artırır.

- Mənim üçün bu həyatda uşaqlar və onların təhsilindən vacib heç nə yoxdur. Buna görə əlimdən gələni edirəm.

- Tələbələriniz çoxdur...

- Argentinada, İtaliyada, Fransanın özündə, ən qaynar müharibə bölgələrində tələbələr yetişdirmişəm.

- Sizin yolunuzu tuta bilirlərmi?

- Mən onlara hər zaman deyirəm ki, öz yolunuzla irəliləyin.

- Bəs özünüzün ustad saydığınız fotoqraf olub?

- Yaşından, təcrübəsindən asılı olmayaraq bütün fotoqraflar mənim ustadımdırlar.

- Çox təvazökar cavab oldu, ustad!

- (Gülür) İnan ki, tam ciddiyəm. Bəzən Luvr muzeyinə gedib, saatlarla bir rəsm əsərinin qarşısında durub, tamaşa edə bilərəm. Sevgi ilə yaranan hər şey gözəldir.

- Rza Diqqəti fotoqraf olmasaydı, hansı peşədə yenə birinci olardı?

- Mən ixtisasca memaram. 40 il öncə sənətimin daşını atıb, fotoqraf olmağa qərar verdim. Bilmirəm pis iş gördüm, yoxsa yaxşı...

- Məncə çox yaxşı iş görmüsünüz. Rza bəy, 40 ildir fasiləsiz səyahətlərdəsiniz. Necə düşünürsünüz, bu gərgin iş qrafiki övladlarınızda sizə qarşı bir inciklik yaradıb?

- Leyla, mən ilin bəzən 9, bəzən 10 ayını səfərlərdə keçirirəm. Xanımım uşaqlıqdan onlara aşılayıb ki, bu atalarının işidir. Bəzən qaynar savaş nöqtələrində olanda belə, neytral ərazilərə gəliblər, görüşmüşük, hətta bir müddət mənimlə qalıblar. Bilirsən, ata ilin 12 ayını övladının yanında ola bilər, amma gərəkli istini, qayğını onlara verməyəndən sonra bu birgəliyin önəmi qalmır. Mən həmişə övladlarıma ata yox, dost olmağa çalışmışam.

- Rza bəyin bugünədək aşiq olub, unuda bilmədiyi o gözəl qadın kimdir?

- Öz qadınım... Həyat yoldaşım... 25 ildir birgəyik. Yaradıcılığımız da bir-birinə təmas edib.

- Xanımınız yazıçıdır...

- Bəli, hər ikimizin öz yaradıcı dünyası var.

- Rza bəy, ilk müsahibəmizdə demişdiniz ki, sərgi ölkəmizin digər şəhərlərində də davam edəcək. Bu layihə qüvvədə qalır?

- Əlbəttə, sərgimiz Bakıdan sonra digər şəhərlərimizdə də davam edəcək.

- Bakıya növbəti səfərinizdə söhbətimizin davamına ümid edirəm.

- Mütləq!

Leyla Sarabi

Fotolar: Səfiyar Məcnun

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>