• USD 1,7000 0,00% EUR 1,9912 -0,51%
    • GBP 2,3304 -0,68% RUB 0,0232 -0,86%

Ərəb şeyxinin İsraili silkələməyə hazırlaşan dünya şöhrətli rusdan gözlənilməz istəyi - MÜSAHİBƏ

  • Xüsusi
  • 18 Aprel 2018 16:16
  • 2 927 Baxış
Ərəb şeyxinin İsraili silkələməyə hazırlaşan dünya şöhrətli rusdan gözlənilməz istəyi - MÜSAHİBƏ

Rusiyanın ən məşhur orkestri olan "İP Orchestra"nın yaradıcısı, dünya şöhrətli dirijor İqor Ponomarenko Publika.az ın xüsusi qonağı olub. Məşhur musiqiçinin əsasını qoyduğu “İP Orchestra” müxtəlif janrları simfonik quruluşda ifa edirlər. Orkestrin əsas məqsəd insanlara musiqinin təkcə sintezator və ifaçıdan ibarət olmadığını aşılamaq və “simfonik orkestr yalnız klassik musiqi ifa etməlidir” çərçivəsini qırmaqdır. Heydər Əliyev Sarayının səhnəsində simfonik orkestrin ifasında möhtəşəm rok kompozisiyalardan ibarət konserti idarə edən İqor Ponomarenko ilə görüşüb, söhbətləşdik.

- Bakıya xoş gəlmisiniz

- Təşəkkür edirəm.

- Nə vaxt gəlmisiniz?

- Artıq 5 gündür.

- Rəhbərliyiniz altında möhtəşəm layihə gerçəkləşdi. Bu, Azərbaycan musiqi tarixi üçün yenilik idi. Musiqiçilərimizdən razı qaldınız?

- Gözlədiyimizdən də yaxşı keçdi. Doğrudur hazırlıq üçün zamanımız çox az idi, amma musiqiçilər istedadlıdırlar, ən əsası həvəslidirlər. Zaman keçdikcə hər şey daha da yaxşı olacaq. Proqrama yalnız rok musiqisi daxil edilmişdi. Simfonik orkestrin ifasında rok dinləmək böyük zövqdür. Bəlkə də tamaşaçılar arasında heç vaxt klassik musiqi dinləməyən, simfonik orkestrin konsertində bugünədək iştirak etməyənlər vardı. Hamısı məmnun qaldılar. Bu, həmçinin klassik musiqinin təbliği üçün də atılan ciddi addımdır.

- Bu dərin həzzdən Azərbaycan publikasını da məhrum etmədiyiniz üçün sağ olun. Dünyanın ən məşhur və qeyri-adi orkestri olan "İP Orchestra"nın əsasını qoymusunuz. Bu ideya necə yarandı?

- Bu, mənim Peterburq layihəmdir. İki ildən sonra 10 yaşımızı qeyd edəcəyik. Bir özəlliyimiz də odur ki, musiqiçilərimiz azad işçilərdir. Bugünədək 500-dən çox konsert proqramı ilə çıxış etmişik. Ötən il həm ölkə, həm də Avropa üzrə qastrola çıxdıq. Dəfələrlə Dubayda olmuşuq. Hazırda İsraildəki konsertə hazırlaşırıq. Biletlər artıq satılıb. Əslində uzun illər xalq mahnılarının ifaçısı olmuşam. Əyalətdə böyüyən uşaqlara valideynləri başqa şans buraxmırlar. Mən də nənəmin istəyi ilə bu janra yönəldim. Amma yəqin ki, səmadakı ulduzlar məni klassikada görmək istəyirdilər (gülürük).

- Valideynlərinizi bir neçə cümlə ilə təsvir edə bilərsiniz?

- Atam mədəndə, anam mağazada çalışırdı. Atam yaxşı pul qazanır, anamsa o pulları rahatca xərcləyirdi...

- Bir musiqiçinin dirijor olmağa qərar verməsi böyük cəsarət tələb edir. Sizin ilham qaynağınız nə oldu?

- Ansamblımızla birgə Dubayda festivala dəvət almışdıq. Həmin festivala ölkənin mədəniyyət işlərinə rəhbərlik edən şeyx də gəlmişdi. İfamızı diqqətlə dinləyəndən sonra bizimlə söhbətləşdi. Bir müddət sonra köməkçisi mənə zəng vurub şeyxin “Matritsa” filminin musiqisini simfonik orkestrin ifasında eşitmək istədiyini bildirdi. Adətən mən “bacararam” deyib, sonradan düşünən insanam. Həm də dirijorluq uşaqlıq arzum olub. İnsan sevdiyi işə başlayanda nə qədər çətin olsa da öhdəsindən gəlir. Nəhayət, bu istəyim gerçəkləşdi. Ermitaj Dövlət Orkestrinin önünə keçib, həmin kompozisiyanın yeni tərzdə ifasını idarə etdim. O vaxtdan dirijor oldum.

- Azərbaycandakı konsertinizdə yalnız rok musiqilər ifa etdiniz. Ümumiyyətlə isə, rəngarəng layihələr üzərində çalışırsınız...

- Köhnə rus filmlərinin musiqilərindən tutmuş, Raymond Paulsun yaradıcılığına, dünya filmlərinin ən məşhur musiqilərinədək istənilən mövzuya müraciət etmişik. Yeni tərzdə, simfonik orkestrin ifasında səslənən "Tanqo"nu, yaxud uşaq musiqisini, rok əsərləri kim dinləmək istəməz ki?! Amma bununla yanaşı klassik ənənəvi əsərlərdən ibarət proqramlarımız da çoxdur. "Vivaldi"ni çox ifa edirik. Hətta bəzən xuliqan ideyalar gəlir ağlıma.

- Məsələn...

- Məsələn, simfonik orkestrin ifasında şanson dinləmək istərdiniz? (gülürük)

- Məncə, çox maraqlı olardı.

- Həmçinin bu layihə baş tutsa, sübut edəcəyik ki, musiqini gözəl təqdim edəndə hər şey mümkündür.

- Ümumiyyətlə, qəlbən sizə ən yaxın janr hansıdır?

- Mənim üçün maraqlı ifa, konserti təqdim edəcəyin publikaya xoş gələn musiqi var. Məsələn, Bakıdasansa daha çox şərq musiqilərinə üstünlük verməlisən. İnsanların ruhuna yaxın ifalar seçməlisən.

- "İP Orchestra"nı hobbiniz saya bilərik?

- Bu layihə nəinki hobbi, həyatımın çox böyük hissəsidir. Canlı və azad musiqi bayramıdır.

- Bu orkestr dünyada ilk və təkdir?

- Dəqiq deyə bilmərəm, amma dünyanı gəzən musqiçi kimi ikinci belə orkestr görməmişəm.

- Bütün dirijorlara verdiyim sual: özünüzü diktator sayırsınız?

- Nə istədiyini dəqiq bilən insanam, amma içərimdə balaca, mehriban bir uşaq yatır. Əgər musiqiçini qarşılıqlı söhbət əsnasında fikrindən döndərə bilərsənsə, niyə sərt davranasan axı... Hansı dövrdə yaşayırıq?!

- Musiqiçilərimizdən kimləri tanıyırsınız?

- Müslüm Maqomayev hamımızın sevimlisi idi. Polad Bülbüloğlu, Arif Məlikov böyük sənətkarlardır. Bugünədək “Kara Karayev” kimi tanıyıb, əslində Qara Qarayev olduğunu yenicə öyrəndiyim bəstəkarınız, rus estradasının parlaq siması Emin Ağalarov... Ümumiyyətlə, azərbaycanlılar istedadlı olurlar. Sizə bir şey deyim mən əsgərlikdə xidmət edəndə bütün millətlər qardaş idik. İnsanlar ölkələrə, xalqlara bölünməmişdi. Bir ölkə vardı, biz də onun vətəndaşları. Hətta yaxınlarda orkestrimlə birgə keçmiş SSRİ ölkələrinin ən məşhur unudulmuş musiqilərindən ibarət layihə planlaşdırıram.

- SSRİ-ni geri döndərmək istərdiniz?

- Əsla. O dövr artıq keçmişdə qaldı. Amma bu yaxın münasibəti, xalqlar arasındakı qardaşlığı qorumalıyıq. Nə qədər etiraf etmək istəməsək də, rus dili xalqlarımızı bir-birinə bağlayır. Hətta Baltikyanı ölkələrə gedəndə öncə bizimlə ingiliscə ünsiyyət qururlar, amma bir saatdan sonra köhnə dost kimi keçirik rus dilinə.

- İnsanları dadlı yemək məclisləri də qardaşlaşdırır. Mətbəximizi bəyəndiniz?

- Ümumiyyətlə, yeməyi çox sevirəm. Sizin mətbəxdən də az xörək tanımırdım, amma istənilən təamı doğma torpağında yemək bir başqa ləzzətdir. Sizə maraqlı bir əlvalat danışım: Almaniyada qastrolda idik. Bir rus ailəsində qonaq olduq. Evin xanımına deyirəm, vodkanın yanında turşu xiyar təklif etmirsiniz? Utancaq halda cavab verir ki, inanırsınız, burada nə xiyar turşusu, nə də blinçik hazırlaya bilirəm. Ya suyundandır, ya da duzundan, alınmır ki, alınmır. Bu doğrudur. Əminəm ki, Azərbaycanda yediyim dolmanın dadını da, ətrini də başqa ölkədə ala bilmərəm.

- Sonda bizə ümid dolu bir cümlə deyin...

- Hər şey yaxşıdır, lap yaxşı olacaq. Bəzən gözləmədiyimiz, istəmədiyimiz siyasi oyunlar xalqlarımızı taqətdən sala bilər. Kim düşünərdi ki, gün gələr ukraynalılar və ruslar kimi iki qardaş millət arasında münaqişə, savaş çıxar? Amma bu soyuqluq artıq geridə qalır. Bu yaxınlarda mənim əziz dostum Raymond Pauls müsahibələrinin birində maraqlı ifadə işlətdi. Dedi ki, Yurmala kimi mötəbər musiqi festivalına qatılırsan, insanlar elə bilir ki, Rusiyanın təlimatlı casususan. Axı mənim nəyimə lazımdır, sənin ölkəndə casusluq etmək? Sadəcə insanların şüurunu okeanın o tayından idarə edənlər var. Biz zəiflədikcə onlar sevinir. Odur ki, birgə güclü olmaq zamanıdır. Biz ki, dəfələrlə bu sınaqdan çıxmışıq. Yenə də çıxacağıq.

Leyla Sarabi,

Fotolar: Səfiyar Məcnun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR