Halil Sezai azərbaycanlılara sürpriz edəcək: Qəlbimi çox qırıblar - MÜSAHİBƏ - FOTOLAR
Bizi izləyin

Xüsusi

Halil Sezai azərbaycanlılara sürpriz edəcək: Qəlbimi çox qırıblar - MÜSAHİBƏ - FOTOLAR

“İncir reçeli” filmi və “İsyan” mahnısı ilə məşhurlaşan türkiyəli müğənni Halil Sezai bu gün axşam Bakıda “Üsyan” adlı solo konsert proqramı ilə çıxış edəcək.

Publika.az xəbər verir ki, konsert “Elektra Events Hall”-da baş tutacaq. Konsertdən əvvəl müğənni suallarımızı cavablandırıb. O, bizə hüznlü mahnıları və yaradıcılıq panlarından danışıb.

- Halil bəy, xoş gəlmisiniz. Bakı haqqında təəssüratlarınızı bilmək maraqlıdır...

- Bu, son 10 ildə Azərbaycana üçüncü gəlişimdir. Burada konsert proqramı ilə çıxış etmək xüsusilə həyəcanlıdır. Ümumiyyətlə, Bakının yeri ayrıdır. Xalqınız çox qonaqpərvərdir, əlimizi “isti sudan soyuq suya salmağa qoymurlar”, sağ olsunlar.

- Axşam “Elektra Events Hall”da konsertiniz olacaq. Azərbaycanlı dinləyicilərinizi nə ilə təəccübləndirə biləcəksiniz?

- Gözəl bir sürprizim olacaq. Hüsnü Şənləndirici də bizimlə birlikdə konsertdə çıxış edəcək.

- Türk və azərbaycanlı tamaşaçısı arasında fərq var? Bu fərqi hiss edirsiniz?

- Burada iki dəfə konsert vermişəm, təcrübəm çox deyil. Türkiyədə böyük şəhərlərdə tez-tez konsert veririk. Lakin çalışıram ki, özəlliklə ucqar ərazilərə gedim və orada çıxış edim. Bir sözlə, daim gəzirəm. Az-az getdiyimiz şəhərlərdə konsert həyəcanı daha da artır. Onda enerji mübadiləsi də bir başqa olur. Bakının enerjisini çox sevirəm, çünki bir-birimiz üçün əlçatan deyilik.

- Sizi hər kəs dərdli musiqiçi kimi tanıyır. Mahnılarınızda da özünüzlə daim üsyandasınız. Niyə bu qədər çırpınırsınız?

- Mən də belə doğulmuşam, həyata hüznlü tərəfindən baxıram. Bu da mahnılarıma və notlara təsirsiz ötüşmür. Hərdən istəyirəm ki, oturub nəşəli və oynaq bəstə yazım, nə yazıq ki, alınmır. Sınamışam, amma alınmayıb.

- Bəstələrinizdəki hüzn və ağrı həyatınıza, psixoloji durumunuza təsir göstərmir?

- Əksinə, həyatda yaşadıqlarım birbaşa yaradacılığıma təsir edir. Yəqin ki, düşündüklərimi və hisslərimi ifadə edə bilməsəydim, bu, mənim üçün ikiqat ağır olardı. Lakin bu, o demək deyil ki, daim kədərli gəzirəm. Mahnının yaradılma prosesi elə bir hadisədir ki, öz-özünə baş verir.

- “Üsyan” sözü Halil Sezainin bütün həyatını və xarakterini tam olaraq ifadə edir?

- Mahnı sözlərində yazdığım bir çox cümlələr içimdəki duyğularımın ifadəsidir. “Üsyan” mahnını nəzərdə tutursunuzsa, həyata qarşı üsyankar deyiləm. Bu mahnı eşq acısından bəhs edir. Sevgiyə isə üsyanım böyükdür.

- Bu, yaşadıqlarınızla bağlıdır?

- Bəli.

- Onda qəlbinizi qıran xanımlar çox olub ki, eşqə küsmüsünüz?

- Təbii ki, olub. Sizin qəlbinizi qırmayıblar? Doğulan gündən bəri həyata məhəbbətlə baxırıq. Lakin zaman-zaman hamımız bizi incidən insanlardan, eləcə də sevgidən küsürük. Qəlb qırmaq təkcə qadınlara aid edilmir. Yaxın qohumlarımız, dostlarımız və bizə doğma olan şəxslər var. Onlar da bəzən istəmədən, bəzənsə bilərəkdən qəlbimizi qırırlar...

- Olduğunuz yerdən məmnunsunuzmu? Bəzi sənətçilər yutubda yerləşdiyi kliplərin izlənmə sayını müxtəlif yollarla artırır.

- Dünyada hər şey rəqəmsaldır. Əlimizdən gəldiyi qədər insanlar üçün foto və videoları paylaşırıq. Əslində yutub kanalımı yeni açmışam, bu işlərlə çox maraqlanmıram. Musiqilərim onsuz da lazım olan ünvana nə cürsə çatır.

İstəyirsiniz, inanın, istəyirsinizsə, inanmayın, yutubda kliplərin izlənmə sayına baxmağa vaxtım yoxdur, qaldı ki, süni şəkildə qaldırılması ilə məşğul olmağa... Yutub kanalımı da məcbur olduğum üçün açmalı oldum. Çünki mahnılarım çox dağınıq idi, onları bir kanalda sistemləşdirmək lazım idi. Yeri gəlmişkən, televiziya izləyən insan da deyiləm.

- Yaradıcılıq planlarınızda yeni nələr var?

- Uzun müddətdir ki, yeni albom çıxartmağa tərəddüd edirdim. Bunun da bir çox səbəbləri var idi. Müjdə verə bilərəm ki, dinləyicilərimi sentyabr və oktyabr aylarında öz mahnılarımdan ibarət daha əyləncəli albomla sevindirəcəyəm.

- Bugünkü konsertinizdə Azərbaycan dilində mahnı oxumağı düşünürsünüz?

- Azərbaycan mahnılarını çox sevirəm, artıq klassikaya çevrilən və bütün dünyada tanınan “Ayrılıq” mahnısını demək olar ki, hər konsertdə ifa edirəm.

- “İncir reçeli” filminin 3-cü hissəsi gözlənilir?

- Mənə məşhurluq gətirən bu film oldu, insanlar çox sevdi. Ola bilsin ki, nə vaxtsa 3-cü hissəsi çəkilsin. Bu yaxınlarda isə başqa film layihələriylə tamaşaçı qarşısına çıxacağıq. Axşamkı konsertdən sonra Qəbələyə gedib orada qalacam. Azərbaycanlı rejissor Cəfər Axundzadənin çəkdiyi “Qış nağılı” filmində qonaq aktyor kimi rol alacam.

Həmçinin Türkiyədə detektiv janrda bir filmə dəvət almışam, onun çəkilişləri yayda başlayacaq.

- “İncir reçeli”ndən sonra komediya filmlərində rollar aldınız. Hansı obrazı oynamaq daha çətin idi?

- Zamanla təklif edilən hər rol çətinləşir. Çünki ilk başlayanda özünüzə bir məqsəd qoyursunuz, dolayısı ilə sonradan gördüyünüz hər iş o birindən daha üstün olmalıdır.

Aytən,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm