“Məni heç vaxt yazmadığın kimi yaz” - Dünya şöhrətli Nikas Safronovla MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

“Məni heç vaxt yazmadığın kimi yaz” - Dünya şöhrətli Nikas Safronovla MÜSAHİBƏ

Publika.az dünyaca ünlü rus rəssam Nikas Safronovla müsahibəni təqdim edir:

I HİSSƏ

-Xoş gəldin. Qorxmursan?

- Nədən?

- Sürətdən...

- Yox.

- Onda getdik...

Avtomobil yerindən elə səs-küy, elə sürətlə sıçrayır ki, “yox” kəlməsini geri götürmək istəyirəm - saniyələr içərisində Tverskaya-Yamskaya küçəsini keçib əsas prospektə dönürük. Usta davranmaq lazımdı. Bu gün meydan onundu – bir dünya brendinin həyat tərzini, arzularını, yaşantılarını oxucuma çatdırmaq üçün düşüncəsinə yol tapmalıyam. Qaydalarına uymaqdan başqa çarəm yoxdur. İlk dəqiqələrdən ürəksiz görünüb maraqsızlaşmaq istəmirəm. Amma sözümü də deməliyəm, axı.

- Nikas, deyəsən, uşaqlıqda pilot olmaq istəmisiz.

- Bizim vaxtımızda bütün oğlanlar kosmonavt olmağı arzulayırdılar.

- Anladım. "Porshe" sizə raket, hər parkinq Baykanurdur.

160 sürəti 180-ə qaldırır.

- Minəndə dedin, qorxmursan, amma yaman ağarmısan.

- Siz rəngləri daha yaxşı görürsüz. Baxın, yaxınlaşdığımız işıqforda indi qırmızı yanacaq.

- (Gülə-gülə sürəti azaldır)... Səninlə maraqlıdır. Düzü, gedəcəyimiz ünvanı dəqiq bilmirəm, mən maşını sürüm, sən telefon kitabından Qalyanın nömrəsini axtar, zəng elə, adresi göndərsin, naviqatorda ünvanı tap, sonra telefonu yapışdır bu maqnitə, özün də döngələrə nəzarət elə, tez çataq.

- Çəkdiyiniz son rəsmi tamamlamağımı tapşırmadığınız üçün sizə dərin təşəkkürümü bildirirəm, Nikolay Stepanoviç.

Kefi yaxşıdı. Dünyanın, o sıradan yol hərəkətinin qaydalarını vecinə almayacaq dərəcədə... 9 may paradının fəlakət dərəcəsində tıxadığı Moskva prospektlərində qəza şəraiti yaratmadan özünə necə rahatdırsa, elə də şütüyür. Saatlarla tıxacda dayanan maşınların solundan qoşa xətti tapdalayıb rahatca qarşı yola çıxır, ta maneə görənə qədər kilometrlərlə “uçur”, sonra yenə eynisi... taa tıxac bitənə qədər.

- Görürsən, ən azı 45 dəqiqəmizə qənaət elədim. Mən buna yol hərəkəti qaydasını pozmaq kimi yox, büdcəmizə dəstək kimi baxıram. Ayda 1000 avro cərimə çekləri alıram. Demək, ildə 12 min avro Moskva yollarının abadlaşmasına pul xərcləyirəm. Bunun nəyi pisdir?

Ən yaxşısı, gülümsəyim...

Rublyovkaya gedirik. Köhnə dostu onu xanımının yubileyinə dəvət edib. Mənə yoldaşlıq etməyi təklif edəndə tərəddüd eləmədim – bir insan məclisdən yaxşı harda tanınar? Tıxacdan qurtulub, Moskva çayını keçib baharın yamyaşıl rənginə bürünən meşə yolu ilə burula-burula şəhərdən uzaqlaşırıq. Radioda musiqiləri tez-tez dəyişir.

- Arxada kvas var, hərəmizə birini aç.

Tünd şüşəni açanda uşaqlığın qoxularından biri ətrafa yayılır. Üzümdə nostaljiqarışıq məmnun ifadə şüşəni rəssama uzadıram.

- Bax, budur Şərq qadını. Öz içmədən, suyu mənə verir - birinciliyi erkəyə tanıyır. Bu, böyük bir mədəniyyət, dərin fəlsəfədir.

O məmnun, mən mutluyam...

- Nikas, sizinlə söhbətə hazırlaşanda Rusiya telekanallarının haqqınızda hazırladıqları o qədər verilişə baxdım, ünlü televizyonçulara verdiyiniz o qədər müsahibələri dinlədim ki, indi bilmirəm nə soruşum...

- Yəni, artıq maraqsızam.

- Yox, artıq tanışsız.

- Amma mən bilmirəm sən necə qəzetçisən. Yazını oxuyanda biləcəm.

- Necə yazım?

- Heç vaxt yazmadığın kimi. Mən hər dəfə molbertin qarşısına belə keçirəm. Səndən yazı ilə bağlı bircə ricam olacaq – düşüncənə azadlıq ver, heç nəyi qəlibə, sıxma-boğmaya salma. Reallığı fəhminə təslim et, fəhmlə qavradığını yaz. Onda yaratdığın fərqli olacaq. Əsas mənim nə danışmağım yox, sənin nə eşidə biləcəyindir. Nə diqqətlə qulaq asırsan? Elə bil birinci dəfə yazı yazacaqsan. Mənə dedilər, ölkəndə tanınırsan...

- Doğrusu, müsahiblərimdən heç vaxt belə önəri almamışdım. Uzaq başı, 10-undan biri deyə bilər ki, müsahibəni göndər, oxuyum.

- Zəhləm gedir, o məsələdən. Mənə də bəzən portret, rəsm sifariş verirlər, sonra deyirlər, qaralamalarını ver, baxaq. İstedadıma etibar eləmirsinizsə, o zaman etibar elədiyinizə çəkdirin portretinizi, mənim qapımı niyə döyürsüz? Bilirsən, axır zamanlar, sifarişləri çox diqqətlə seçirəm.

- Yəni, hər pulu olan sizə rəsm sifariş verə bilməz...

- Əlbəttə, bilməz. Axı, niyə portretini işlədiyim insana nə çəkdiyimi bir də sözlə anlatmalıyam?

- Demək, sənətdən anlayan olmalıdır.

- 100 faiz. Bayaq dedin, müsahibələrimi izləmisən. Ən çox kiminlə söhbəti xoşladın?

- Leonid Yakuboviçlə. Bizdə ona “Pole çudes Yakuboviç” deyirlər.

- Niyə bəyəndin?

- Eyni hissləri duyduğum üçün. Yakuboviç illərdir dostunuzdur, amma verilişi belə qapatdı - sayın seyrçilər, bu gün bizim qonağımız hamının yaxşı tanıdığı və çox bilinməz Nikas Safronovdur. Beş gündür mənə Moskvanı gəzdirirsiz, ondan qabaq Antalyada nə qədər söhbət etmişik, amma mənə də elə gəlir, nə qədər danışsaq, sizi çözə bilməyəcəm. Sehr kimi qalacaqsız. Burdasız, amma burda deyilmişsiz kimi halınız var. Yaradan sizə fərqli məkan, zaman qavrayışı biçib və siz bununla individualsınız.

- Sən günün hansı hissəsində yazdığın yazıdan məmnun olursan?

- İstisnasız gecə.

- Mən də. Gecə 3-də çəkməyə başlayıram, günəşi mütləq qarşılayıram. Onun qaranlığı necə dəldiyini seyr edib yatıram. Eləcə də gecənin düşməsini - Ayın doğuşunu izləyirəm. Çoxları Günəşin və Ayın Yerdə görünməsinə hər gün baxmır. Mən isə bu təkrarsız Gün və Ay doğuşunu izləmədən yaşaya bilmərəm.

- O zaman Günəş və Ay sizə təb verən iki enerji qütbüdür, deyə bilərik.

- Ürəyiniz necə istəyir, elə də deyin.

Bir neçə dəqiqəlik susqunluğu Nikas pozur.

- Mənə Bakıdan danış. Necədi Bakı?

- Bizim mühacir şairimiz var – Almas İldırım. Bir şeirində Bakıya “neft qoxan gülüm” deyir. Gözəl bənzətmədi, hə?

- Çox... Ən sevdiyim şəhərlərdən biridir Bakı. İnsanlarınız, mətbəxiniz təkrarsızdır. Sərgi keçirməyi təklif eləmişdilər. Gərək bu məsələni yenidən gündəmə gətirək. Sevimli şəhərimizi özlədik.

- Necə başladı bu sevgi?

- Günlərin birində Rəfael Allahverdiyev mənə zəng elədi ki, gəl, səni Heydər Əliyevin portretini çəkməyə dəvət edirik. Tərəddüd etmədən uçdum Bakıya. Şəxsiyyəti və özünəməxsus duruşu olan insanları sevirəm. 3 gün Heydər Əliyevi bir neçə saat çəkdim. Sonra qaralamalarımı götürüb qayıtdım Moskvaya.

Allahverdiyev dəfələrlə zəng edib tapşırırdı ki, bax, elə çək, bəyənsin ha... Açığı, onun zəngləri məni təlaşa salmışdı. Rahat deyildim. Hər dəfə işləyəndə düşünürdüm, birdən bəyənməz. Hər səhər Rəfaelin telefonun o başından gələn narahatlıq dolu səsi təlaşı bir az da artırırdı. Axır, bir dəfə öz-özümə dedim ki, bu nə həyəcandır? Bəyənməz, bəyənməz... Özün necə görürsən, onu ən gözəl şəkildə kətana köçürməyə, öz qabiliyyətini göstərməyə çalış. Bu hisslə portreti tamamladım və Bakıya yollandım. Təqdimat günü Heydər Əliyevin çevrəsindəkilərin həyəcanını görəydin gərək... Amma mən artıq sakitləşmişdim. Əmin idim ki, portret çox canlı alınıb - onun xarizmasını yarada bilmişdim. Nəhayət, Əliyev gəldi... Uzun-uzadı əsərə baxdı. Üzündən heç nə anlamaq olmurdu. Bəyənib, bəyənməyib... müəyyən edə bilmirdim. Axırda ağır-ağır yaxınlaşdı, əlimi sıxdı və dedi, bundan sonra bir dostun da var – Heydər Əliyev. O cümlədən sonra hamı rahat nəfəs aldı. Beləliklə, mən oldum Azərbaycan prezidentin, ailəsinin, yaxın çevrəsinin sevimlisi. Ölkənin bütün gözəllikləri mənim üçün artıq açıq idi.

- Heydər Əliyevin portreti sizə düşərli oldu. Ondan sonra neçə liderin portretini işlədiz.

- Hə. Bu yaradıcılığımda bir mərhələyə çevrildi və hələ də davam edir.

- “Saray rəssamı” titulundan darıxmırsız? Sizi belə də adlandıranlar var...

- Kimin nə deməsi o qədər də önəmli deyil. Önəmli olan odur ki, o portretlərdən sonra qışda sinif otaqlarında 5 dərəcə isti olan ucqar bölgədəki hansısa məktəb üçün istixana tikilir, müalicəsinə para tapmayan insan telefonundakı mobil bank bölümünün ciddi məbləğdə pul gəlməsini bildirən mesaj səsinə oyanır. Hansısa istedad dünyanın ünlü məktəbində təhsil imkanı qazanır. Özü də bunların çoxunu anonim edirəm. Bilən bilir...

- Nikas, mən kövrəlmək üzrəyəm.

- Para çox lazımdı. Paylaşmaq, insanlara dəstək olmaq üçün. Anam inanclı idi. Həmişə deyirdi, 3 qazandız, 1-ni Allah yolunda sədəqə verin. Elə olur, 2-sini verirəm...

- Bolşeviklər ailənizi repressiya edibmiş. İnanc üstündə...

- Hə. Bir neçə babam parvoslav keşişi olub. 17-ci əsrdən Volqaboyuna yerləşiblər. Boşevik inqilabından sonra keşiş babalarım güllələnib. Atam kiçik olduğu üçün ailəsi ilə sürgün edilib. Anamın kökləri Finlandiyaya bağlıdır. (Nikası kilsə olsun, məzarlıq olsun, xaç gördüyü hər yerdə ehtiramla əyilib 3 dəfə xaç çevirir) Gözümü açandan, lap sovet məktəblisi olandan boynumda xaç gəzdirmişəm. Məktəbə salmağa ehtiyat edəndə, evə çatıb, əynimi dəyişən kimi xaçı taxırdım. Bir müddət ikona da çəkmişəm. Əməlli-başlı məktəbini oxudum. Çox incə və mistik sahədir.

- Volqa. Türklərin qədim İtil çayı. Qədim türk yurdu. Görəsən, doğulduğunuz torpaqla türk dünyasına bunca sevginiz və marağınız arasında hansı bağ var? Atatürkü də çox gözəl çəkmisiz.

- Sən də Moskvada hər 4 nəfərdən biri tatardır, deyirsən. İndi bircə onu bilirəm ki, möhkəm acımışam. Səbziqovurma olsa, məmnuniyyətlə yeyərdim.

Qəhqəhəm avtomobilin açıq şüşələrindən keçib meşələrə dağılır. Nikas Safronovun dilindən Bakı-Şirvan mətbəxinin incilərindən olan səbziqovurmanın adını eşidəcəyimi ağlımın ucundan da keçirmirdim. Ana dilimdə “Nikas, bəlkə fisincan, ya döşəməplov” soruşub gülüşümün ömrünü uzadıram. “Çto???” deyib mənə qoşulur.

(İkinci hissəni BURADAN oxuya bilərsiniz)

Aygün Muradxanlı

Moskva-Bakı

May, 2018

Oxumağa davam et
Reklam
Reklam

Gündəm