Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman HƏR ŞEYİ AÇDI - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman HƏR ŞEYİ AÇDI - MÜSAHİBƏ

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi:

- Əvvəlcə sizi tanıyaq...

- Xakas türküyəm, 1997-ci ildə İstanbul Universitetinin Beynəlxalq Münasibətlər ixtisasını bitirmişəm, 2006-cı ildə isə Hacettepe Universiteti Sosial Elmlər İnstitutunda Sosiologiya üzrə təhsil almışam. 1999-cu ildən bəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) üzvüyəm.

Enerji təhlükəsizliyi, qədim türklərin sosial siyasəti, onların inanc ənənələri və sosial-mədəni dəyişikliyi mövzularında araşdırmalar aparıram. Zaman-zaman Şamanlıq və Kam mədəniyyətilə bağlı konfranslarda çıxış edirəm.

- Şamanlıq haqqında məlumat verə bilərsiniz?

- Bilirsiniz ki, türk xalqlarının ən qədim yurdları Cənubi Sibirdə yerləşir. Sayan və Altay dağlarının ətrafında və ətəklərində qədim zamanlardan bəri türk xalqlarından olan xakaslar yaşayır. Onlar günümüzdə də atalarının dinlərini və mədəniyyətlərini davam etdirirlər. Araşdırmalara görə, xakasların 30 faizi mənsub olduqları Şamanizm dinini yaşadır. Türkcə buna kamanlıq deyilir. Şamanlıqla kamanlıq eynidir.

Xakasların bir qismi ateistdir, çox az hissəsi buddizm, islam və iudaizm dinlərinə sitayiş edir. Lakin xakaslarda xristianlardan sonra ikinci ən böyük etiqad qrupu Şamanizmdir.

- Sizin şaman kimi yolunuz necə başlayıb?

- Ulu babalarım şaman olub və nəsildən-nəslə ötürülüb. Şamanlığın tarixini onlardan, həmçinin Mircea Eliade, Maykl Harner, türk araşdırmaçılarından Ümid Həsən və başqa mütəxəssislərdən öyrənmişəm.

- Modern şamanı necə təsvir edərdiniz?

- Hamımız müasir texnologiya əsrində yaşayırıq. Dolayısı ilə şamanlar günümüzün modern şərtlərindən qopmuş və ayrı yaşayan kimsələr deyil. Meqapolislərdə və ya kiçik şəhərlərdə yaşayan, araşdırmalar aparan, təhsil alan şamanlar var.

- Dövrümüzün şamanları biliklərini haradan əldə edirlər?

- Onlar Şamanizm haqqında məlumatları həm ənənəvi yollardan əldə edir, yəni, nəsildən-nəslə ötürülür, həm kitablardan, həm də internet mənbələrindən öyrənirlər. Bu barədə araşdırmalar aparır və konfranslara qatılırlar.

Amerikalı antropoloq və professor Maykl Harnerin yaratdığı Şamanizm Araşdırmalar Dərnəyi də şamanlıq sertifikatı verir. Maykl Harnerin araşdırmalarına görə, hər 10 nəfərdən 1-i şaman olma bacarığına sahibdir.

- Şamanizm dindir?

- Əgər yəhudilərə görə iudaizm dindirsə, xristianlar üçün xristianlıq dindirsə, müsəlman üçün İslam dindirsə, buddistlər üçün buddizm dindirsə, deməli, Şamanizm şamanlar üçün dindir. Bəzi alimlər Şamanizmi din kimi qəbul etmir və inanc olduğunu irəli sürür. Əslində, din sözünün türkcəsi inanc deməkdir. Din isə ərəb sözüdür. Dolayısı ilə hər ikisi eyni anlayışdır.

Şamanizm başqa klassik dinlərə bənzəməyə bilər. Siz ona elmi baxımdan fərqli mənalar yükləyə bilərsiniz, lakin bu, həqiqəti dəyişdirməz.

Şamanizmin həyat tərzi və fəlsəfə olduğunu irəli sürənlər də var. Onların bu cür yanaşmaları Şamanizmin din olması faktını inkar edə bilməz. İslam və ya xristianlıq yaşam tərzi deyilmi? Nəticə etibarı ilə onsuz da hər din yaşam tərzidir. Fəlsəfəsi olmayan din varmı? İslamın da öz dərin fəlsəfəsi var. İslamı sadəcə fəlsəfə adlandıra bilmədiyimiz kimi, Şamanizmi də sadəcə fəlsəfə kimi təqdim edə bilmərik.

- Şamanizmin başqa dinlərdən fərqi nədir?

- Əsas fərqi odur ki, insan, tanrılar və ya Allah müqəddəs sayılmır. Şamanizmdə təbiət və ekologiya müqəddəs hesab olunur. Şamanizmə əsasən, tanrı-təbiət-insan arasında qırılmaz əlaqə mövcuddur. Hələ ekologizm və təkamül kimi anlayışlar mövcud olmadığı zamanlarda - 40 min il əvvəl, üst paleolit dövründə Şamanizmdə ətraf-mühitin qorunmasına və müqəddəs olmasına dair inanclar var idi. O vaxtdan bəri su və meşə, ruhlar, tanrılar, üst, alt və orta dünya ilə bağlı müxtəlif inanclar var.

Sibirdə yaşayan yerli xalqların, yəni şamanların inanclarına görə, meşə üçün pis və zərərli olan bizim üçün də zərərlidir. Şamanizm bütün bunları bəzəkli sözlər və duyğusal şəkildə deyil, yalın şəkildə ortaya qoyan inancdır. Şamanlıq bütün dinlərin atası hesab oluna bilər, çünki 40 minillik keçmişi olan başqa bir inanc sistemi yoxdur.

- Təbiətdə hər şey şamanlar üçün müqəddəsdir?

- Əlbəttə, Şamanizmdə kainatın hər bir nöqtəsi qiymətlidir və hər birinin ruhu var. Kainatın içində hər hansı xüsusi bir bölgə müstəsna deyil. Yəni təbiətdə insan aləmi, bitkilər, heyvanlar aləmi var və onların heç birinə qarşı ayrı-seçkilik yoxdur. Şamanlıqda insanlar arasında belə mömin, kafir, ateist kimi ayrı-seçkilik aparılmır. Bunların insan dünyasında var olduğunu qəbul edir.

Şamanların məbəd hesab etdiyi kainat heç bir şəkildə yox olmur və dəyişmir. Məsələn, klassik dinlərdə siz saf duyğularla tanrı adına məbəd tikirsiniz. Sizin tikdiyiniz məscid və kilsələr zəlzələ baş verəndə dağılır. Müqəddəs hesab edilən məbədlər dağılanda mömin kəslər təbii olaraq kədərlənir. Çünki Allah üçün tikdiyiniz məbəd Tanrının yaratdığı təbiət tərəfindən dağıdılır. Şamanlıqda bu kimi sıxıntılar yoxdur, çünki bunlara məhəl qoymurlar.

Şamanlar bütün kainatı məbəd kimi qavradığı üçün kainatın sadəcə bir nöqtəsini müqəddəsləşdirmir. Belə olan halda memarlıq inkişaf etməyə bilər, yeganə pis tərəfi budur. Mədəniyyət, sivilizasiya və s. inkişaf etməyəcək, amma bunlara təbiət səviyyəsində də etibar yoxdur. Bütün bəşəriyyət məhv olsa da, təbiətə heç nə olmayacaq. Bu cəhətdən şamanlıq bir az qəddardır, odur ki, hər kəs şaman ola bilmir, şamanlar ifrat dərəcədə realistdir. Elə buna görə də, missioner deyillər, şamanlar “Bunu da et, ondan sonra mükafat olacaq, səni daha yaxşı dünya gözləyir”, - demirlər. Dolayısıyla kainatın hər nöqtəsində sizin qiblə axtarmaq ehtiyacınız yoxdur. Çünki siz zatən məbədin daxilindəsiniz.

- Şamanların müqəddəs kitabı var?

- Şamanlar öz kitablarını çıxartmayıblar. Şamanlığa mənsub insanlar qəbul edirlər ki, söz uçucu ola bilər, amma yazı qalır. Buna baxmayaraq, yazı da müəyyən müddətdən sonra əhəmiyyətini, xüsusilə müqəddəs mətnlər dinamikliyini itirir. Statik olur, artıq onu bir daha dəyişdirmək mümkün deyil. Şamanlıqda isə ənənələr dinamizmini heç vaxt itirmir, həmişə axır. Onlar həyatın özünü müqəddəs kitab qəbul edirlər.

Zaman keçir, yeni anlayışlar, yeni ictimai dəyərlər ortaya çıxır və siz müqəddəs kitablarda onların izahlarını axtarmağa başlayırsınız. Şamanlarda vəziyyət başqa cürdür. Onlar zamanın yeniliklərini təbii qəbul edir, çünki onların müqəddəs kitabı olan həyat onsuz da bunları ehtiva edir. Müqəddəs bir kitab 1 milyon səhifəlik də olsa, həyatın bütün mürəkkəbliyini ehtiva edə bilməz. Çünki həyat təzadlardan ibarətdir. Bunların ikisi arasında müxtəlif birləşmələr baş verir. Bu səbəbdən şamanların yeganə müqəddəs kitabı var, o da həyatdır. Yaşadıqca doldurulur.

Şamanizmin ən böyük xüsusiyyəti ondan ibarətdir ki, missioner və təbliğatçı deyil. Digər inanc mədəniyyətlərindən fərqli olaraq hər kəsi qəbul edir: imanları da, imansızları da. Yəni bütün bunların var olmasını qəbul edir. Təvazökar inanc sistemidir, kiminsə üstün olmasından söhbət gedə bilməz, hər kəs bərabərhüquqludur.

Sadəcə Şamanlıqda yaxşılıq və pislik var, bunların hamısı da həyatın gətirdiyi məcburiyyətlərdir, həyatda hər ikisi də olmalıdır. Amma başqa mədəniyyətlər “Biz yaxşılığı təmsil edirik, biz pisliyə qarşı savaşacağıq, pisliyi məğlub edəcəyik və dünyaya xeyir hakim olacaq” fikirlərini önə sürür. Bu cür yanaşma özlüyündə təzadlıdır, çünki pisliyi yox etmək mümkün deyil. Bu, Şamanlarda belə açıqlanır: yaşamaq üçün aldığın nəfəsi vaxtaşırı vermək lazımdır. Hara qədər nəfəs alacaqsan ki? O nəfəsi vermək də lazımdır. Dolayısıyla, Şamanlıqda üst, alt və orta dünya arasında iyerarxiya yoxdur. Bəziləri hesab edir ki, yaxşı insanlar üst dünyaya, pis əməl sahibləri isə alt dünyaya gedir. Amma bu, belə deyil. Onların arasında heç bir iyerarxiya yoxdur, bəlkə də paraleldir.

- Yəni Şamanizmə görə, öldükdən sonra cənnətə və cəhənnəmə düşmürük?

- Şamanizm heç vaxt heç nəyin formulunu vermir. Məsələn, Şamanizmdə yoxdur ki, hansısa əməlləri et və öldükdən sonra cənnətə düşəcəksən. Bunlar qəti həll təklifləridir. Şamanizm isə qəti həll təkliflərini qəbul etmir. Xoşbəxtliyin reseptini verərsə, başqa dinlərə bənzəyərdi. Ümumiyyətlə, şamanlarda və qədim türklərdə cənnət və cəhənnəm anlayışları olmayıb. Arxeoloji qazıntıları zamanı sübut olunub ki, qədim türklər öz silah-sursatı, atları, içkilərlə, yeməklərlə və digər qiymətli əşyaları ilə birlikdə dəfn edilirdi. Bu faktlara dayanaraq rahatlıqla ifadə edə bilərik ki, qədim türklərdə semitik anlamda, klassik dinlərdəki cənnət və cəhənnəm mövhumu yox idi.

Klassik semitik dinlərdə o biri dünya daha üstün tutulur, yaşadığımız dünya isə fani adlandırılır. Bu dünya o bir dünyaya hazırlıq mərhələsi kimi izah edilir. Din xadimləri səhərdən-axşama kimi nitqlərində o biri dünyanın əsas olduğunu vurğulayır, amma nədənsə o biri dünyanın çox gözəl olduğu deyilsə də, heç kim ora getməyə tələsmir.

- Bəs şamanlığa görə, öldükdən sonra nə baş verir?

- Fərqli motivlər var. Bəzilərinə görə, alt dünyaya, bəzilərinə görə isə, üst dünyaya köçürlər. Başqa bir inanca görə, tərsinə yaşam olur. Məsələn, bu dünyada körpəlikdən yaşlılığa doğru gedirik, o biri dünyada isə yaşlılıqdan körpəliyə doğru yaşayırıq.

- Qədim türk yazılarında adı çəkilən Umay motivi haqqında nə deyə bilərsiniz?

- Qədim türk yazılarına görə, Tenqri-Umay tanrıçadır. Yeri gəlmişkən, qədim türklər həm şaman, həm də çox tanrılı olub. Bunu bir çox araşdırmaçı öz tədqiqatlarında açıq-aşkar deyib. Məsələn, uzun illər Türkiyədə xidmət göstərən, başqırd əsilli professor Əbdül Kadir İnan, Zeki Velidi Togan, professor Viktor Butanayev, professor Qladişevski, Rəşad Gənc və başqaları bunu təsdiqləyib. Atatürk dövründə də bu barədə çox ciddi araşdırmalar aparılıb. Professor Yusif Ziya Yörükan Atatürkün sifarişi ilə Şamanizmin türklərə yadplanetlilər tərəfindən göndərilməsi nağılını danışmadan, “Şamanizm” kitabında Şamanizmin türklərin ən qədim dini olduğu fikrini irəli sürmüşdü. Zeki Velidi Togana görə, hunlar da şamanlar olub.

Elmi baxımdan Şamanizmin türkcə olmaması doğrudur, amma Şamanlıq Fransadan və Afrikadan gələn anlayış deyil, Altay mədəniyyətində yaranmış inancdır. Nəticə etibarı ilə türk və monqol dili də Altay dil qrupuna aiddir.

- Şamanlığın türk mədəniyyətinə təsirləri haqqında nə deyə bilərsiniz?

- Bunu ilk növbədə türk dilində görə bilirik. Köhnə türk yazılarında şaman izlərinə rast gəlinməyə bilər. Köhnə türk yazılarında şam və kam adları keçməyə bilər, lakin böge anlayışının adları var. Böge sözünün Anadoluda qarşılığı büyüdür (ovsun). Büyü ovsunlarla müalicə və inanc sistemidir. Onlar bu günə qədər həm türk, həm də digər xalqların mədəniyyətində davam edir.

- Belə çıxır ki, cadugərliyi ilk dəfə şamanlar kəşf edib?

- Şamanlar adətən cadu ilə məşğul olmur, sadəcə ayinlər həyata keçirir, ruhlarla danışırlar. Bunu da hər hansı xəstəliyi sağaltmaq məqsədilə edirlər.

- Şaman şəfası nə deməkdir?

- Tanrılar insanları öz rəhbərliyi altındakı ruhlar vasitəsilə idarə edirlər, bütün əmrlərini ruhlar vasitəsilə həyata keçirir. Ruhlar dünyası şamanların məşğuliyyət sahəsi olduğuna görə müalicə işi də onların əlində cəmləşir. Şamanlar bəd ruhlarla mübarizədə ovsun ayinlərindən istifadə edirlər. Çünki ovsun xəstəlik və ölüm törədən qüvvələrdən qorunmaq üçün çox mühüm vasitədir.

Ümumiyyətlə, şəfa tapmaq üçün qeyri-məhdud şaman ayinləri mövcuddur, çünki hər şamanın yardımçı ruhları var. Əslində hər bir hərəkətin, jestin, mimikanın, şamanların çıxartdığı qeyri-adi səslərin, rəqs elementlərinin öz sehrli əlamətləri və mənası var. Şaman daha çox müxtəlif ağır xəstələrə şəfa vermək bacarığını nümayiş etdirir. Hər bir şaman müxtəlif otlardan, meyvə, su və digər təbiət vasitələrindən dərman, məlhəm və məcunlar hazırlayır. Şamanlar həm də müasir hipnozun mahirləri sayıla bilər. Onların icra etdiyi bir sıra ayinlər özündə ekstrasensorik elementləri ifadə edir.

Şamanlıqda bəzi heyvanlardan da müalicə üsulu kimi istifadə edirlər. Məsələn, bizdə də gec dil açan uşağa göyərçin yumurtası içirdilməsi çox yayılıb. Bunlar şaman ənənələrindən qalıb. Bu kimi çoxlu sayda nümunə gətirmək olar.

- Şamanların ruhlarla təmasa keçməsi təhlükəlidirmi?

- Bəli, bəzən hətta həyati təhlükə ola bilir. Məsələn, başqasının xəstəliyilə mübarizə apararkən şamanın ortaya çıxardığı neqativ enerji özünə zərər verə və özü həmin xəstəliyə tutula bilər. Onlar ruhlarla əlaqə yaradaraq birbaşa riskə gedirlər.

- Şamanlar üçün nə müqəddəsdir?

- Od onların üçün çox önəmlidir. Şaman ayinləri və ibadətlər hələ də od ətrafında icra edilir. Ənənəvi türk çadırlarında da od mərkəzi yerə sahib olub.

Odun kəşfi təxmin 700 min-1,5 milyon il əvvəl olub. O zamandan bəri od müqəddəs hesab olunur.

- Peruda alimlərin sirlərini aça bilmədiyi bir çox məbəd və abidələr var. Bəzi alimlər yerlilərin yadplanetlilərlə əlaqə yaratdığını düşünürlər. Hesab edilir ki, oradakı şamanlar vaxtilə kosmosla ünsiyyətə girməyin müxtəlif üsullarını tapıb...

- Bu mövzuya çox girmək istəmirəm, sadəcə onu deyə bilərəm ki, transa düşmək üçün hər kəsin müxtəlif üsulları var. Amerikada narkotik vasitələrdən istifadə edilir. Sibirdəki türk xalqlarından çıxan şamanlar isə hər hansı yardımçı maddə istifadə etmir. Onlar elmi baxımdan bunun doğru olmadığını bilir. Onların istifadə etdikləri tək vasitə qaval və ritmdir. Şaman qavalında ritmlər izlənilir. Ritmlərin müşayiəti ilə insanlar transa keçə və görüntülər görə bilirlər.

- Şamanizmin ülvi məqsədi nələrdir?

- Ruh qurtuluşu və ya insanı cənnətə qovuşdurmaq deyil. Yuxarıda dediyim kimi, mərkəzində insan dayanmır. Onun mərkəzini təbiət təşkil edir. Təbiət isə üzərində yaşadığımız dünya ilə məhdud deyil.

Semitik dinlərdə bizə izah edilir ki, təbiət Allah tərəfindən yaradılıb. Şamanizmdəki təbiət isə sonsuzluğu əhatə edir. Kosmosun dinamik sonsuzluğu ilə sonlanır, kainatdan ötədir.

Professor Sergey Malova görə, xakaslarda kosmos sözünün qarşılığı var. Kosmos və fəza sözləri başqa dillərdən alınmalıdır. Halbuki, 5 və 8 min illik xakas dastanlarında hantigr sözünə rast gəlinir. Hantigr sözünün mənası kosmosdur.

- Bəzi mənbələrdə Stalinin güclü şaman olduğu iddia edilir. Bu, doğrudurmu?

- Stalinin şaman olmasına dair məlumatım yoxdur. Şamanlarla mübarizə aparan ən böyük liderlərdən biri Böyük Pyotr olub. O, 1725-ci ildə vəfat edib. O, xəstələnənə qədər Sibirdə missionerlik işlərini gərginləşdirmişdi. Türkləri tək Allaha inanmağa dəvət edirdi. Çox tanrılı şaman türkləri bu yanaşmanı asanlıqla qəbul etməmişdi.

19-cu əsrdə xristian missionerləri Sibirə gələndə problemlə üzləşmişdilər. Belə ki, missionerlər əhaliyə Allahın birliyi, günah, savabdan danışmışdı. Bunların heç biri şamanlıqda olmadığı üçün yerli türk xalqı onları anlamaqda çətinlik çəkmişdi. Beləliklə, missionerlik səyləri boşa çıxmışdı. Şamanlar missionerlərdən təsirlənməmişdilər.

Lakin birinci Pyotr xəstələnəndə onu müalicə etmək üçün şamanları da çağırmışdılar. Bu barədə arxiv sənədləri də mövcuddur. Romanovlar ailəsinin Pyotrun xilası üçün şamanlardan yardım istədiyini əminliklə deyə bilərik.

- Şamanizmdə kişi və qadın ayrı-seçkiliyi var?

- Xeyr, Şamanizmdə qadın, kişiyə ehtiyac olaraq yaradılan varlıq hesab olunmur. Odur ki, hər hansı cinsiyyət ayrı-seçkiliyindən söz gedə bilməz. Hətta Şamanizmdə qadının lehinə pozitiv ayrı-seçkilik var. Bu motivi Orta Şərqdə klassik və semitik dinlərdə tapa bilməzsiniz. Çünki semitik dinlərdə ilk mömin, yəni ilk müsəlman, ilk yəhudi və ya ilk xristian şəxs həmişə kişidir. Qadın isə sonradan o dinə sitayiş edən tərəf kimi təqdim olunub. Bu baxımdan Şamanizmi digər dinlərlə müqayisə etsək, burada qadınlara bir çox üstünlüklər verilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm