Gömrükçülərlə BİR GÜN: Rusiya ilə sərhəddən REPORTAJ - FOTOLAR
Bizi izləyin

Xüsusi

Gömrükçülərlə BİR GÜN: Rusiya ilə sərhəddən REPORTAJ - FOTOLAR

Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə media nümayəndələrinin Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" keçid məntəqəsinə səfəri təşkil edildi.

Publika.az xəbər verir ki, səfərin məqsədi sərhədkeçmə prosesini, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmanı, gömrük nəzarəti prosedurları haqqında media nümayəndələrini əyani cəhətdən tanış etmək idi.

Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Samur" Gömrük Postunun rəisi Asim Salmanov jurnalistlərin diqqətinə çatdırdı ki, 2018-ci ilin may ayında Samur gömrük məntəqsindən 30 minə yaxın nəqliyyat vasitəsi keçib: “İdxal və ixrac xətlərinin hər birində eyni zamanda 3 yük avtomobilini yoxlamaq mümkündür. Bir saat ərzində "Samur" gömrük məntəqəsinin idxal və ixrac xəttindən ümumi olaraq 15-20 avtomobil yoxlanılır. Gün ərzində isə təxminən 200-250-yə yaxın minik avtomobili və eyni sayda yük avtomobilləri də keçir. İdxal və ixrac xətlərinin hər birində eyni anda 3 yük avtomobilinin yoxlanılması mümkündür. Bir yük avtomobilinin yoxlanılma prosesi 15-20 dəqiqə çəkir. Minik avtomobilinin yoxlanışı isə cəmi 5 dəqiqə ərzində tamamlanır. Nəqliyyat vasitələri əməkdaşlarımız tərəfindən xüsusi qurğular vasitəsilə yoxlanılır. Prosedurlar yekunlaşdıqdan sonar heç bir problem, qanunsuzluq təsbit edilməzsə, həmin nəqliyyat vasitələri keçib məntəqəsindən buraxılır”.

İlk olaraq idxal gömrük nəzarət xəttindəki proseslərlə tanış olduq. Məntəqədə tanış olduğumuz bir sıra məqamlar xüsusilə diqqətimizi çəkdi. Nəqliyyat vasitələrinin hansı normativlər əsasında yoxlandığı, gətirilən malların hansı kriteriyalara uyğunlaşdırılması ilə bağlı suallarımızı isə qurumun Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasova ünvanladıq. A.Abbasov jurnalistləri nəqliyyat vasitəsinin yoxlanılması prosesi ilə tanış edərək bildiridi ki, yük maşınlarının öz çəkisi və əlavə çəkini müəyyənləşdirmək üçün xüsusi tərəzilərdən istifadə edirlər:

“Minik avtomobilləri sərhəd buraxılış məntəqəsinə daxil olan kimi birbaşa xüsusi cihazlar vasitəsilə yoxlanışa gedir. Yük maşınları isə bu gördüyünüz tərəzilərin üzərinə sürülür. Tərəzinin ətrafında görüntü və səs cihazları quraşdırılıb. Əməkdaşlarımız görüntüyə baxaraq səs vasitəsilə sürücünü yük maşınını tərəzi üzərində düzgün istiqamətdə saxlamasına köməklik edir. Yük maşını çəkildikdən sonra məlumatlar qurumun xüsusi Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) bazasına yüklənir. Daha sonar sürücü sənədləri ilə birlikdə “bir pəncərə” sistemi üzrə yaxınlaşır gördüyünüz qurğuya. Orada xarici pasportunu sistemə yaxınlaşdıraraq şəxsi məlumatlarını bazadan tapır. Məlumatları təsdiqlədikdən sonar sürücü gəldiyi ölkəni, getdiyi ölkəni qeyd edərək “ok” düyməsini sıxır və növbə üzrə sərnişin bəyannaməsi alır. Daha sonra əməkdaşlar sənədlərinə baxış keçirdikdən sonra sürücünün iştirakı ilə maşına fiziki baxış keçirilir. Bunun səbəbi maşında sənədlərdə qeyd edilməyən əlavə gizli malların keçirilmə ehtimalının qarşısını almaqdır”.

Bu istiqamətdə gömrük əməkdaşlarına həm də qurumun Kinoloji Xidmətində saxlanılan itlər də köməklik göstərir. Avtonəqliyyat vasitələrinə baxış zamanı xüsusi təlim görmüş itlərdən istifadə olunur.

Ölkəyə gətirilən malların təhlükəsiz çatdırılması və göndərilməsi məqsədilə yük maşınlarına xüsusi “blomb” və “GPS” xidmətləri qoşulur:

“Fiziki baxış keçirilən zaman nəqliyyat vasitəsinin gəldiyi respublikada vurulan “blomb” yoxlanılır. Normativlərə uyğun olaraq əməkdaşlarımız fiziki yoxlanışı yekunlaşdırdıqdan sonra maşınların üzərinə ikinci “blomb” da vurulur və mexaniki-elektron kilidlə (GPS) təmin edilir. GPS xidmətinin əsas funksiyası nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə təyinat məntəqəsinə çatmasını izləməkdən ibarətdir. Belə ki, nəqliyyatın trayektoriyası hədəf mərkəzindən izlənilir. Əgər nəqliyyat vasitəsi onun üçün təyin edilən trayektoriyadan çıxaraq başqa istiqamətə hərəkət edərsə, dərhal GPS (Kilid) xidməti siqnal ötürür və həmin nəqliyyatın hansı səbəbdən qeyd edilən xəttən çıxması aydınlaşdırılır. Əlaqə saxlanılır və həmin əraziyə ən yaxın mobil qruplara məlumat verilərək nəqliyyat vasitəsinin tapılması təmin edilir. Bu qurğuların hər hansı bir şəkildə qırılması, açılması mümkün deyil. Bu GPS kilidlərin 3 açarı olur və onların heç biri digərini aça bilmir. Bunlardan biri bizdə qalır, biri təyinat məntəqəsində olur, digəri isə ehtiyat üçün saxlanılır. Prosesun sonunda isə sürücüyə xüsusi barkod verilir və nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır. Sənədlər qaydasında olduğu halda gömrük yoxlanışı 15 dəqiqə ərzində yekunlaşdırılır”.

A.Abbasov deyir ki, nəqliyyat vasitələri maksimum 30 saat ərzində təyinat məntəqəsinə çatmalıdır. Gecikmə halları müşahidə edildiyi zaman GPS vasitəsilə nəqliyyat vasitəsinin yeri təyin edilir və yubanmanın səbəbləri öyrənilir.

Media nümayəndələrinə gömrük postunda bütün proseslərin informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqinin minimum vaxt ərzində, asan və şəffaf şəkildə, insan amilinin minimuma endirildiyi texnoloji avadanlıqlar vasitəsilə həyata keçirildiyi bildirilib. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir.

Ölkədə Gömrük rüsumlarının qiymətlərində heç bir dəyişiklik olmadığı da jurnalistlərin diqqətinə çatdırıldı. Bildirildi ki, daşıma şirkətlərinin hər hansı bir şəkildə qiymətləri qaldırmalarının Gömrük Komitəsinə heç bir aidiyyəti yoxdur. İstehlakçı gömrük məntəqəsindən qanunla icazə verildiyi məhsulları ümumi çəkisi 30 kiloqramdan çox olmamaq şərtilə keçirə bilər. Əgər göstərilən çəkidən çox olarsa, bu götürülərək saxlanılır. Əgər şəxs onu müvafiq zamanda gömrükdən götürməzsə, qanuni normalara uyğun olaraq həmin mallar məhv edilir.

Daha sonra KİV təmsilçiləri ixrac gömrük nəzarət xəttində həyata keçirilən əməliyyatlarla da tanış oldular. Bildirildi ki, ölkənin kənd təsərrüfatı sahəsində ixrac potensialının artımı nəzərə alınaraq, Rusiya Federal Gömrük Xidmətilə Azərbaycan Respublikası Dövlət Gmrük Xidməti arasında qarşılıqlı razılıq əldə olunub.

A.Abbasovun sözlərinə görə, iki gömrük xidməti arasında ixrac prosesi 2015-ci ildə imzalanmış “bəzi kənd təsərrüfatı məhsullarına münasibətdə gömrük nəzarətinin qarşılıqlı tanınması” haqqında protokola əsasən tənzimlənir:

“Bu protokolun məqsədi Rusiyaya ixrac edilən Azərbaycan kənd təsərrüfatı mallarının gömrük nəzarətində müvafiq olaraq yoxlamalardan azad olmasıdır. Buna görə prtokol əsasında çıxarılmış manifestdə mal müşayət sənədlərində zəruri məlumatlar qeyd edilir. Burada eyni zamanda yük maşınına tərəfimizdən vurulan gömrük təminatı haqqında məlumat, yükə dair məlumatlarlar elektron qaydada Rusiya tərəfinə ötürülür. İxrac edilən məhsulla bağlı informasiya daha əvvəldən Rusiya Federasiyasına ötürüldüyü üçün Azərbaycandan gedən yük maşınları orada gömrük yoxlamalarına məruz qalmır. Bu isə ilk növbədə ixrac edilən məhsulun uzun müddət gömrük məntəqələrində qalaraq yararsız hala düşməsinin qarşısını alır. Bu sistem sayəsində respublikada ixrac prosesi sadələşdirilir. Artıq bütün Gömrük məntəqələri 24 saatlıq iş rejimi ilə fəaliyyət göstərir. Onu da qeyd edək ki, hər gün "Samur" gömrük postundan 1000-ə yaxın avtomobilin keçidi təmin edilir”.

Son olaraq jurnalsitlərə Dövlət Gömrük Komitəsində (DGK) tətbiq edilən iki mühüm yenilik haqında da məlumat verildi. Bunlardan biri 2018-ci ilin may ayının 29-dan DGK tərəfindən aktivləşdirilən yeni “sms” xidmətidir. Bu "sms" xidmətinin vasitəsilə sahibkarlar nəqliyyat vasitələrinin buraxılış məntəqəsindən çıxaraq, təyinat məntəqəsinə yollandıqları haqqında dərhal məlumat əldə edə biləcəklər. Digər bir yenilik isə Gürcüstan, Ukrayna və İranla birbaşa informasiya mübadiləsi apararaq gömrükdə gözləmə müddəti minimuma endirilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm