Xorvatiyada azərbaycanlı aparıcının başına iş gəldi: “Qucaqlaşıb ağlaşdıq” - MÜSAHİBƏ\FOTO
Bizi izləyin

Xüsusi

Xorvatiyada azərbaycanlı aparıcının başına iş gəldi: “Qucaqlaşıb ağlaşdıq” - MÜSAHİBƏ\FOTO

Tanınmış azərbaycanlı aparıcı: Kişilər qorxurlar ki, onlara baxmaram, "yox" deyərəm

Müasir Azərbaycan Gəncinin ("MAG") ilk aparıcılarından olan Turana Hüseynli uzun illər sonra "Oralar" verilişinin yeni siması olaraq ekranlara qayıtmağa qərar verib.

"Turana hazırlayır" və "Əlfəcin" yutub kanallarının da müəllifi olan tanınmış aparıcı Publika.az-a müsahibə verib.

- Dünyada üç şey insanı xoşbəxt edir: sevgi, maraqlı iş və səyahət. Bu baxımdan sizə həsəd aparmaq olar. Bir çox jurnalistlərin arzusunda olduğu verilişdə çalışırsınız. Necə oldu ki, “Oralar”dan dəvət aldınız?

- “Oralar” Bakı Media Mərkəzinin layihəsidir və bu proqram onlar tərəfindən həyata keçirilir. Belə bir layihədən xəbərim yox idi. Bakı Media Mərkəzində bir çox aparıcı arasında kastinq təşkil olunmuşdu. Kastinqə mən də dəvət olunmuşdum, gəldim və seçildim. Həm təəccübləndim, həm də şad oldum. Çünki Bakı Media Mərkəzində çalışmaq arzularımdan biriydi. Üstəlik kastinqin hansı veriliş üçün keçirildiyindən xəbərsiz idim.

Deyərdim ki, bu layihədə üç arzum reallaşdı: həm Bakı Media Mərkəzində çalışmaq, həm səyahət verilişi aparmaq, həm də Azər Qəriblə eyni layihədə yer almaq. Azər bəylə çalışmaq böyük zövqdür.

- Digər aparıcılardan nə ilə fərqləndiniz ki, sizi seçdilər?

- Zənnimcə, təbii olmağım onları cəlb edə bildi. Üz baxımdan da efirlərdə çox “yeyilməmiş” aparıcıyam. Müasir Azərbaycan Gənci layihəsindən sonra efirə çıxmadım. Əlbəttə ki, təkliflər olurdu, lakin ürəyimə yatan layihə yox idi. Düşünürəm ki, daha “fresh” (yeni) sima olmağım və kamera qarşısında səmimi danışmağım onların axtardığı tələblərə cavab verirdi.

- Mətbəx kanalından “Oralara” keçid tamaşaçılar üçün sürpriz oldu.

- Yutubda mətbəx kanalımı açdıqdan sonra mənə bir neçə televiziyadan şou və mətbəx verilişi ilə bağlı təkliflər gəlmişdi. Lakin televiziyada mətbəx verilişinin aparıcısı kimi yadda qalmaq istəmirdim. Səyahət verilişində çalışmaq çoxdankı arzum olduğundan, buna hazır idim. Virtual olsa da, hər gün səyahət edirdim, müxtəlif şəhərlər haqqında çoxlu məqalələr oxuyur və xarici televiziyaların verilişlərinə baxırdım. Odur ki, mətbəx kanalından “Oralar”a keçid ani olmadı.

“Oralar”ın ilk proqramında məni bloger Turana Hüseynli kimi təqdim etmişdilər. Hesab edirəm ki, nəhəng televiziya layihəsinə bloger kimi dəvət olunmaq Azərbaycanın bloginq sahəsində qazandığım daha bir uğurumdur.

- Azər Qərib “Oralar”ın həm unudulmaz aparıcısı, həm də müəllifidir. O, bir müsahibəsində söyləmişdi ki, səssizliyi və təkliyi sevir. İndi isə “Oralar”ın 3 qəhrəmanı var: Azər bəy, siz və Rüstəm Əfsərli. Onu razı salmaq çətin deyil ki? Sizdən əsas tələbləri nələr olur?

- Tez-tez bizə deyir ki, “Uşaq-muşaq əlində qalmışam” (gülürük). İlk səyahətimizdə çox çəkinirdim. “Azər bəylə necə davranacam?”, “Görəsən, hansı hərəkətim onu əsəbiləşdirə bilər?” sualları məni narahat edirdi. O qədər intellektual, səbirli, kamil və gözəl aurası olan insandır ki, onunla söhbət etdikdən sonra bütün qorxularım yoxa çıxdı. Azər Qəriblə çox yaxşı yola gedirəm. Azərbaycanın ən təcrübəli səyyahı, turisti və jurnalistinin biliklərindən bəhrələnir və inanılmaz təcrübə qazanıram. Səhvlərimi çox rahat şəkildə müzakirə edirik. Bəzən çox danışsam da, çalışıram ki, onun sakitliyini pozmayım.

- Səyahət verilişləri maarifləndirici layihədir. Lakin o da həqiqətdir ki, bu gün Azərbaycanda şou proqramlar daha çox reytinq toplayır. Belə verilişlərin fonunda kölgədə qalmağa qorxmursunuz ki?

- Reytinq göstəriciləri məni maraqlandıran və narahat edən mövzu deyil. Aparıcı olmaq heç vaxt həyatımın mərkəzi olmayıb, “Efirdə olmasam, ölərəm” kimi qorxularım yoxdur. Kənardan necə göründüyünü deyə bilmərəm, həqiqətən də məşhurluq dalınca qaçan olmamışam. Hansı layihənin içində olmağım, o layihənin cəmiyyət üçün nə qədər faydalı olması daha çox əhəmiyyət kəsb edir.

Ola bilsin ki, “Oralar”ın yeni versiyası hələ çox səs-küy salmayıb, bununla belə əminəm ki, Azərbaycan televiziya tarixinə düşəcək. Gün gələcək insanlar belə layihələr ərsəyə gətirildiyi üçün minnətdar olacaqlar. Bunu düşünmək məni xoşbəxt edir. Yeri gəlmişkən, reytinqimiz kifayət qədər ürəkaçandır, baxılırıq.

- Demək istəyirsiniz ki, Turanə Hüseynli öz dəyərini bilən və nüfuzunu qoruyan aparıcıdır.

- Eynilə. Dediyim kimi, müasir Azərbaycan gənclərindən sonra mənə şou verilişləri ilə də bağlı təkliflər də gəlirdi. Sima olaraq televiziya üçün maraqlı idim. İstəmədiyim layihədə görünməkdən və istəmədiyim insanlarla ünsiyyət qurmaqdan hər zaman ehtiyat etmişəm. Odur ki, bu təklifləri rədd edirdim.

Aparıcı işləməsəm də, də pul qazana bilən insanam. Televiziya və radio fəaliyyətimdən əlavə, müxtəlif reklam agentliklərində, marketinq və piar sahəsində çalışmışam. Bunlar da olmasa, şəkil çəkib sataram. Yəni, pul qazanmaq üçün zövq aldığım hər hansı başqa işlə məşğul olaram.

- Yerli kanallarımızı izləyirsiniz?

- Səhərdən-axşamacan izləməsəm də, aparıcı kimi bəzi verilişlərdən xəbərim var. Verilişlərin acınacaqlı durumu, tanınmış simaların efirdə bir-birinin ünvanına xoşagəlməz sözlər söyləməsi və s. bu kimi halların baş verməsi məni üzür.

- Sizcə, bu gün Azərbaycan tamaşaçısının hansı verilişlərə tələbatı çoxdur və ya arzuladığı verilişləri efirdə görə bilirmi?

- Gündə bir neçə dəfə intellektual verilişlər təqdim etmək doğru olmaz, tamaşaçılar bunu qəbul etməyəcək. “Oralar” verilişi olaraq çalışırıq ki, tamaşaçıları həm əyləndirək, həm də maarifləndirək. Sözsüz ki, şou verilişləri olmalıdır, amma nə olar ki, bayağı səviyyədə təqdim edilməsin.

Müəyyən qədər format dəyişikliyinə ehtiyac var, lakin bunlar mənim və ya başqa aparıcının edə biləcəyi iş deyil, rəhbərlik səviyyəsində göstərişlər verilməlidir. Onlar istəməsə, montaj olunan proqramın efirə getməyən kadrlarını yaymazlar. Reytinq naminə pis piara da razı olurlar.

- Cəmiyyətin böyük hissəsinin intellektual səviyyəsi ilə verilişlərin səviyyəsi bir-biri ilə uyğunlaşır?

- Bizim kanallarda intellektual verilişlər və müsabiqələr yayımlanır. Sirr deyil ki, şou proqramlarla müqayisədə onların reytinqi çox aşağıdır. Bu, birbaşa təhsil və savadla əlaqəlidir. Məsələn, maarifləndirici verilişə baxan şəxsin orada gedən söhbətdən bixəbər olması onun eqosuna toxunur və dərhal kanalı dəyişib hansısa bayağı şouya, yaxud ucuz zarafatlara baxır. Bir sözlə, hər kəs baxdığı verilişi öz intellektual səviyyəsinə əsasən seçir.

Çoxu özünü inkişaf etdirmək istəmir deyə, daha aşağı səviyyəli verilişlərə baxmaqla öz eqolarını oxşayırlar. Əks halda niyə insan intellektual verilişə baxıb nə isə öyrənmək istəməsin ki? Bizim cəmiyyətdə insanlar öyrənməyə və savadını artırmağa meyilli deyillər. Kitab mağazaları hələ də insanların maariflənməsi üçün mübarizə aparır. Pulunu geyimə və s. əşyalara xərcləyən adamlar var ki, kitabların baha olmasından şikayətlənir.

- Deyirlər ki, səyahət bileti lotereya biletindən daha çox ümid verir və hər bir səyyahın gizli hədəfləri olur. Sizin hədəfiniz nədir? Səyahət sizin üçün nə ifadə edir?

- Səyahət ruhumun hər dəfə yeni rənglərə bürünməsidir. Hər dəfə yeni insanlar, yeni ölkələr və yeni macəralar kəşf edirəm. Bu da sözsüz ki, ruhumu daha rəngli şəxsiyyətə çevirir, səyahət məni mənən zənginləşdirir. Özümüzə pazıl kimi baxıram. Səyahət etdikcə pazıl oyunu kimi daha çox rənglənirsən, böyüyürsən, ruhun genişlənir. Dünyanın necə böyük olduğunu anladıqca əvvəllər özümə dərd etdiyim məsələlər gözümdə mənasızlaşır.

Səyahət edib gözəl yerlər görmək imkanımız olduğu halda, niyə xırda problemləri özümüzə dərd edirik ki? Səyahətlərimdə daha çox ruh azadlığı axtarıram və çalışıram ki, ona nail olum.

- İlk səyahətinizi necə xatırlayırsınız?

- 3-4 yaşım olanda təyyarə ilə Lənkərana getmişəm. Əvvəllər elə bilirdim ki, bu yuxudur. Çünki Lənkərana təyyarə olduğunu bilmirdim. Böyüyəndə anam dedi ki, o vaxtlar da Lənkəranda hava limanı olub.

- Marlen Ditrix deyirdi ki, bu və ya digər şəhərə sevgi onda yaşadığınız hisslərlə bağlıdır, şəhərin mənzərəsi və görünüşü ilə yox. Bu baxımdan səyahətlərdə başınıza gələn ən maraqlı, təsirli və ya gülməli hadisəni danışa bilərsiniz?

- Hava limanından mərkəzə gedən yol məndə hansı hisslər oyadırsa, şəhəri sevib-sevməyəcəyim o təəssüratlar əsasında formalaşır. Yorğun olsam da, hava limanından mərkəzə gedənə qədər yatmıram. Yol boyu Barselonaya ağzım açıq baxmışdım. Memarlıq abidələri sadəcə möhtəşəmdir, şəhərlə yaxın tanışlıqdan sonra həqiqətən də Barselonaya vuruldum.

Əslində komanda ilə səyahət etdiyim üçün maraqlı hadisələr tez-tez baş verir. “Oralar”la ilk səyahətimiz Xorvatiyanın Zaqreb şəhərinə idi. Təsəvvür edin ki, ilk verilişdə çamadanım itmişdi. Səhəri gün çəkiliş baş tutmalı idi, bütün əşyalarım çamadanımın içində qalmışdı.

Zaqrebə İstanbuldan Türk Hava Yolları ilə gəlmişdik, hamının çamadanı gəldi, mənimki isə yox. Ərizə yazanda bizə dedilər ki, çamadanım bir həftə sonra gələcək. Zaqrebin mənim üçün hazırladığı bu “sürprizin” təsirindən uzun müddət çıxa bilmədim. Ağlayırdım, özümü sakitləşdirə bilmirdim.

Zaqreb buraxılışı payızda çəkilmişdi, onda hava soyuq idi. Azər bəy və digər əməkdaşlarımızdan hər dəfə biri mənə palto verirdi ki, üşüməyim. Özümü bomj kimi hiss edirdim. İki gün ərzində eyni paltarda gəzmişəm.

- Çamadana qovuşa bilmədiniz?

- Tapıldı, yoxsa halımı təsəvvür etmirəm. Səfirliyə müraciət etdik, sağ olsunlar, müraciətimizdən iki gün sonra gəldi. Qucaqlaşıb ağlaşdıq (gülürük).

- Turist getdiyi yerdən dərhal geri qayıtmaq istəyir. Səyyah isə geri dönməyə bilər. Sizi hansısa aid etmək olar? Ümumiyyətlə, başqa ölkəyə köçüb orada yaşamağı planlaşdırırsınız?

- Azər bəylə mən daha çox turist kimi gəzirik. “Oralar”ın səyyahı Rüstəmdir. Bakı mənim ən sevdiyim şəhərdir, hətta bir neçə gündən sonra onun üçün darıxıram. Ailəm, yaxınlarım və dostlarım burada yaşayır. Hələ elə bir şəhər olmayıb ki, oradan qayıtmaq istəməyim. Amma daha çox ölkə gəzdikcə ola bilsin ki, nə vaxtsa xaricə köçməyə qərar verim.

- Sizin üçün dünyanın ən huzurlu yeri haradır?

- İçərişəhərin inanılmaz aurası var. Sakitlik və hüzur axtaranda qəlbim də, ayaqlarım da ora üz tutur.

- Səyahət edərkən çox dərinə getmək olmaz, yoxsa unuda bilmədiyin şeylər görəcəksən. O mənada ki, bir çox məsələlərin müqayisəsində səni məyus edən hallarla qarşılaşa bilrəsən. Siz əsasən Avropa ölkələrinə səyahət etmisiniz. Avropada sizi nə təsirləndirib ki, onu Bakıda görmək istəmisiniz?

- “Oralar” komandası şəhərləri üç aspektdən göstərir. Biz həqiqətən də bir şəhəri hərtərəfli tanımaq üçün turistdən daha çox gəzirik. Odur ki, səfərlərdən çəhrayı təəssüratlarla qayıtmırıq. Çünki şəhərlərin hər küçəsi və hər küncünü görüb, gəlirik. Və hər dəfə başa düşürəm ki, Bakı durmadan inkişaf edir. Şəhərin mərkəzi küçələrində təmir işlərinin yaratdığı səs-küydən və ya yolların bağlı olmasından hamımız şikayət edirik. Amma təmir işləri bitəndən sonra görürsən ki, necə gözəl alınıb. Beş ildən sonra Bakı Avropa ölkələrindən seçilməyəcək, Avropada gördüyümüz rahatlığı və bir çox üstünlükləri öz ölkəmizdə də tapa biləcəyik. Bunlar zamanla baş verəcək, Bakının birdən-birə Avropaya çevrilməsini gözləyə bilmərik. On il əvvəlki Bakı ilə indiki arasında böyük fərq var, insanlarımız zamanla dəyişəcək.

- Azərbaycan gəncləri ilə avropalı gənclər arasında gördüyünüz hansı fərqlər sizi narahat edir?

- Beyin olaraq biz gedirədəyik... Ehtiyatla deyirəm ki, kəskin tənqidlərə məruz qalmayım. Yol gedərkən gözünü düz sənin üzünə zilləyib baxan adamlar görəndə təəccüblənirəm. Fərqi yoxdur, qadın və ya kişinin tanımadığı adamı başdan ayağa süzməsi etik deyil, çox böyük tərbiyəsizlikdir. İstər-istəməz insan özünü pis hiss edir.

Avropada insanların səninlə yoxmuş kimi davranmaları xoşuma gəldi. Küçədə gəzərkən maksimum rahatsan, səni heç kimin qəribə baxışları müşayiət etmir.

Bizdə xoşlayırlar ki, başqalarının həyatına qarışsınlar. Hesab edirəm ki, intellektual baxımdan özünü inkişaf etdirən insanı kimin nə cür yaşaması heç vaxt maraqlandırmır. Onlar ancaq özləri ilə məşğul olur, kiminsə şəxsi həyatını mühakimə və müzakirə etmirlər. Sözlərim yekəxanalıq kimi görünməsin, bu problem məni səyahət etməzdən əvvəl də qıcıqlandırırdı.

- İntellektdən çox danışdınız. Yeri gəlmişkən, çox oxuyan, yoxsa çox gəzən çox bilər?

- Yəqin ki, çox oxuyan. Dünyanı gəzən bir neçə tanışım olub, elə fikirləşirdim ki, səyahətlər onların dünya görüşünü zənginləşdirib. Lakin təxminimdə yanıldım.

Getmədiyim ölkələr barəsində elə danışırdılar ki, az qalırdı ki, həvəsdən düşüm. Anladım ki, intellektual olmayan insanları əyləncədən başqa heç nə maraqlandırmır. Pulu var deyə gəzirlər, onlar üçün şəhər sadəcə qaldığı bahalı hotelin pəncərəsindən görünən mənzərədən ibarətdir. Şəhəri bu cür kəşf etməzlər.

- "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı?"

- Bu atalar sözündən heç xoşum gəlmir, ölüm sözü neqativ təsir bağışlayır. Fərqi yoxdur, əsas odur ki, xoşbəxt olduğun yerdə yaşayasan və öləsən.

- Belə bir fikir var ki, ya sənə bərabər və düşüncə tərzi eyni olan insanlarla, ya da səndən yaxşı olanlarla səyahət etməlisən. Onlar yoxdursa, səfərə tək çıxmaq daha yaxşıdır. Siz tək, sevdiyiniz insanlarla, yoxsa proqramın komandası ilə səyahətə çıxmağı xoşlayırsınız?

- Daxili dünyamıza səyahət etmək istəyəndə adətən tək qalmaq istəyirik. Odur ki, belə məqamlarda tək səfərə çıxmaq maraqlıdır, axtarışda olursan. Çox uzağa getməsəm də, bir neçə dəfə tək səyahət etmişəm. Maraqlı insan olduğum üçün təklikdən darıxmıram (gülür).

İş yoldaşlarım arzuların komandasıdır. O qədər yüksək keyfiyyətləri olan insanlardır ki, onlarla yola çıxmaqdan böyük zövq alıram. Bu fikirlə tam razıyam, zövqlərin və düşüncələrin üst-üstə düşən insanlarla yola çıxmalısan.

- “Oralar”da Azərbaycanı tanıyırlar?

- Bəli, xüsusilə “Eurovision” və “Formula 1” yarışlarına görə.

- Hansı ölkənin mətbəxi sizin üçün əvəzolunmazdır?

- Dünyanı gəzmək və dünya mətbəxi ilə yaxından tanış olmağı sevirəm. Səyahətlərdə pulumun çoxunu yeməklərə xərcləyirəm. Mütləq getdiyim ölkənin milli mətbəxləri, məşhur içkiləri ilə tanış olur və şirniyyatlarının dadına baxıram. Yeni dadları kəşf etmək təbii ki, mətbəx bloquma da təsir edəcək. Lakin Azərbaycan mətbəxini əvəz edə biləcək dadlarla hələ tanış olmamışam. Hər dəfə səfərdən qayıdanda anamdan xahiş edirəm ki, milli plovumuzdan bişirsin.

Bu yaxınlarda Yunanıstanın Egina adasına getmişdik. Bax yunan salatının fanatıyam, onun ən dadlısını Egina adasında yedim.

- Səyahət etmək istəyən insanlara nə məsləhət görərdiniz?

- Aşağı büdcə ilə səyahət edə bilmərəm, onu bacaran insanları alqışlayıram. Bu işdə yeni olduğum üçün böyük-böyük məsləhətlər vermək istəmirəm.

Lakin səyahət məntəqəsini müəyyələşdirdikdən sonra mütləq o şəhəri ətraflı araşdırma aparın, yazılar oxuyun, verilişlərə baxın. Hər bir ölkənin maraqlı restoran və ya kafesi olur, hansı ki, oranı mütləq ziyarət etmək lazımdır. Hoteldə oturub qalmayın. Maraqlı məkanların siyahısına nəzər salın. Qısa müddətdə çox yeri gəzmək olar, sadəcə bunun üçün dayanmadan gəzmək lazımdır.

- İmkanınız olsaydı, gələcəyə, yoxsa keçmişə səyahət edərdiniz?

- Heç birinə. Keçmişlə yaşamağı sevmirəm. Əlbəttə ki, yaşadıqlarımızı silib ata bilmərik, lakin orada ilişib qalmaq insana heç nə vermir. Gələcəy özü yavaş-yavaş gələcək, onu tələsdirmək lazım deyil. Anı yaşamağın tərəfdarıyam.

- Hansı ölkənin xanımları və ya bəyləri gözəlliyi ilə qəlbinizdə dərin izlər buraxıb?

- İspan xanımları çox gözəldir. Bəyləri də çox yaraşıqlıdır, hündür və qaraşın. Xoşladığım oğlan tipinə aiddir. Yunan oğlanları da məni cəlb etmişdi, olduqca xarizmatikdirlər.

- Kurort romanlarına münasibətiniz necədir? Heç yaşamısınız?

- Söhbət sevgidən gedirsə, sevgi münasibətlərinə həmişə yaxşı baxmışam. Başıma gəlməsə də, kurort romanları mənim üçün həmişə maraqlı olub. Hava limanında, restoran və ya kafedə yaxınlaşıb tanışlıq təklif edir və kontaktlarını verirlər. Amma heç vaxt onlarla əlaqə saxlamıram, çünki uzaq məsafəli münasibətlər mənlik deyil. Bəlkə də ünsiyyət qurmaq istəyəcəyim insan qarşıma çıxmayıb...

- İşdən və səyahətlərdən doyunca danışdıq. Qaldı könül məsələləri... Növbəti sualım şəxsi həyatınız haqqında olacaq. Ailə qurmaq haqqında nə düşünürsünüz?

- Müəyyən yaşdan sonra evdə də, cəmiyyətdə də artıq təzyiqlər başlayır. Təkliyi sevirəm, amma ömrümün sonuna qədər tək-tənha yaşamaq istəmirəm. İstəyərəm ki, ailə qurduqdan sonra sevdiyim adamla səyahətə çıxım, dünyanı gəzim... Ümumiyyətlə, sevgimi, kədərimi və sevincimi paylaşmağı sevirəm. Təəssüf ki, hələ ailə qurmaq planları qurmuram, çünki həyatımda elə biri yoxdur.

- Turanə Hüseynli necə insanla ailə qurmaq istəyər?

- İdeal insan axtarmıram, gözəl bilirəm ki, heç birimiz ideal deyilik. Həmişə soruşurlar ki, oğlan olsaydın özünü sevərdin? Deyirəm ki, yox, çünki oğlanlarla kobud rəftar edirəm. Oğlan dostlarım mənə bir qədər mülayim olmağı məsləhət görür. Deyirlər ki, bu xarakterlə həyatımda heç kim olmayacaq.

Oğlanlarımızın əksəriyyəti nazlı, ya küsəyəndir. Mən isə nazla oynamağı xoşlamıram. Uğurlu karyerası olan və müəyyən qədər tanınan qadınlar kişiləri qorxudur. Fikirləşir ki, bu qız mənə baxmaz. Elə düşünürlər ki, 100 faiz həyatımda kimsə var və mən ona "yox" deyəcəm. Odur ki, yaxınlaşmağa çəkinirlər.

Bizdə çox adam qadın-kişi bərabərliyini qəbul edə bilmir. Kişilər ailə qurduqdan sonra həyat yoldaşının işləməsinə böyük ehtimalla icazə vermir. Təbii ki, sevdiyim insan olarsa, onunla uyğunlaşmağa və balansı qorumağa çalışacam. Bununla belə öz həyatımdan imtina etmək fikrində deyiləm. Azərbaycanda qadınla kişi bir-birinin şəxsi həyatına həddən artıq müdaxilə edir. Ər-arvad ayrılanda, ələxsus qadınların şəxsi həyatı qalmır, özünü boşluqda hiss edir, kişilər isə həyatına qaldığı yerdən davam edir. Odur ki, boşanma və ayrılıq mərhələsi qadına daha pis təsir edir, nəticədə uzun müddət depressiyaya düşürlər. Çünki kişilər qadınlardan sahib olduğu hər şeyi alıb aparır...

Görüntünün olası içeriği: Turana Huseynli

Qadının təhsilli və özgüvənli olması, öz ayaqlarının üzərində dayana bilməsi əslində cəmiyyət üçün faydalıdır. Bu, o qadınların dünyaya gələcək övladlarının ağıllı və ya yaxşı təhsilli olması deməkdir. Odur ki, kişilər bu gün cəmiyyətdə öndə olan xanımlarla ailə qurmağa qorxmamalıdır. Əksinə onları daha da həvəsləndirməli və dəyər verməlidirlər, nəinki onları qəfəsə salmağa çalışmaq. Kişilər çalışır ki, ailə qurduqları qadını qapalı şəraitdə saxlasınlar, heç kimlə görüşməsin, heç kimlə danışmasın, hətta sosial şəbəkələrdən istifadə etməsinlər və s. Elə bil ki, hamısı zoopark müdiridir (gülürük).

- Fərqli bənzətmədir...

- Bu vaxta qədər daha çox belə situasiyalarda rastlaşmışam və onlardan mümkün qədər uzaq gəzirəm. Çox xırda məsələləri problemə çevirirlər. İnsanlar çox mənasız yerlərə fokuslanır, sevgilərini yaşamaq, hisslərini paylaşmaq qalır bir kənarda. Nəticə ona gətirib çıxarır ki, saf hisslər solub gedir.

- Xaricdə rastlaşdığınız hansı məişət qanunu ölkəmizdə görmək istərdiniz?

- Qadın kişi münasibətlərinə olan yanaşamanı. Avropa ölkələrində qadına mənimsənilmiş, ya alınmış əşya kimi baxmırlar. Qadına ayrı bir şəxsiyyət kimi yanaşmağı öyrənmək inkişaf etmiş ölkələrindən ala biləciyimiz ən dəyərli nümunədir.

- Müsahibə üçün minnətdaram.

- Buyurun, xoşdur.

Aytən,

FOTO: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm