Müsəlman ölkələrində yerlə yeksan edilən, milyonlar qazandıran heyrətamiz sərvət - FOTO
Bizi izləyin

Xüsusi

Müsəlman ölkələrində yerlə yeksan edilən, milyonlar qazandıran heyrətamiz sərvət - FOTO

Necə bilirsiniz, nə vaxtsa zaman çarxı icad olunacaq? Yəni biz o çarxa minib keçmişə səyahət edə biləcəyikmi?

Futuroloqlar gələcəyə belə tələsərkən, bu hadisənin baş verəcəyinə inanmıram. Amma etiraf edim ki, məni gələcəkdən ziyadə keçmiş maraqlandırır. Ona görə də qədim əyyamların lap dibində gizlənən əşyaların qorunduğu muzeyləri sevirəm. Doğrudur, hələ də torpağın alt qatında yüzlərlə, minlərlə tarixi fakt yatır. Amma dünya incəsənət nümayəndələri əsrlər boyu keçmişə təmas etməyimiz üçün əllərindən gələni ediblər.

Bəs dünyanın ən qədim muzeyi haqda düşünmüsünüz?

Картинки по запросу капитоÐ

Publika.az bildirir ki, kürəmizin ən qocaman muzeyi İtaliya ərazisindədir. Əbədi şəhər - Romada Kapitoli təpəsində yerləşirdi. Kapitoli məbədi Yunona, Yupiter və Minerva tanrılarına ibadət üçün qurulmuşdu. Qədim Romada bu məkanda senatla xalqın iclasları təşkil olunardı. Hələ Sezarın hakimiyyət illərində Kapitoli qalası dəfələrlə təmir olunmuşdu. Xristianlığa keçiddən sonra isə bu möhtəşəm tikilidən əsər də qalmır.

Haşiyədən bir qədər çıxsam da nəzərinizə çatdırım ki, müqəddəs Yunona Monetin də məbədi də Kapitoli ilə yanaşı idi. Tanrıça Yunonanın müqəddəs qazları romalıları qalların istilasından xəbərdar edirlər. Məşhur “Romanı qazlar xilas etdi” ifadəsi də buradan yaranır. Hətta dünyanın bir sıra dilində istifadə olunan "monet" yəni qəpik ifadəsinin də kökü tanrıça Yunona Monetin adı ilə bağlıdır.

XVI əsrdə Kapitoli məbədi Mikelancelonun layihəsi əsasında yenidən bərpa olunur. Mikelancelo dövrünün ən yaxşı sənətkarlarından idi və məkanı qəlbi ilə duyurdu. Bəli, bu gün Kapitoli səma altında ən qədim muzeylər kompleksidir. Kompleksin tərkibinə bir neçə incəsənət və arxeologiya muzeyi daxildir. Romaya getsəniz, Kapitolidə nəfəs dərmədən qayıtmayın.

Картинки по запросу luvr

Bəs ən çox ziyarət edilən muzeydən necə, xəbəriniz varmı?

Yəqin təxmin etdiniz, dünyanın ən məşhur muzeyi Luvrdan danışacam. Hafizəmdə ən dərin təəssüratlar oyadan Luvru bir gündə tam gəzmək mümkün deyil. Bu informasiya selinə nə zehniniz, nə də vücudunuz tab gətirər. Luvrun bütün eksponatlarını hələ tələsik seyr etmək üçün ən azı 1 həftə zamanınız gedəcək. Luvru həm də cəmiyyətə açıq ilk dünya muzeyi saya bilərik.

"Louvre", yəni Luvr fransız dilindən tərcümədə canavarların meşəsi anlamına gəlir. Unutmadan xatırladım ki, Luvr muzeyində vətənimizin tarixi ilə bağlı olan eksponatlar da qorunur.

4 binadan ibarət olan bu muzeyə ziyarət zamanı sadaladıqlarımı etməsəniz, həm fransızlar, həm də ana tarix sizdən narazı qalacaq: əlinizdə yeməklə sərgini seyr etmək, işıqla şəkil çəkmək, eksponatlara toxunmaq və s.

В старом Хомсе разрушена мечеть Ибн аÐ

Amma bunlar lap xırda xahişdir. Sizdən daha böyük təvəqqem var. Dünya tarixini savaşların qurbanına çevirməyin. Çox acınacaqlı haldır ki, xüsusən də şərq ölkələri müharibələrin, terrorun qurbanına çevrilir. Dünyanın ən ali sərvəti olan insanla yanaşı ölkələrin zəngin tarixi, muzeyləri də yerlə yeksan olur. Təsəvvür edirsinizmi, məmləkətinizin tarixinin carçıları məhv edilir. Axı biz də xalq olaraq bu faciəni dəfələrlə yaşamışıq.

XIX əsrdə incəsənət əsərlərini satın almaq dəb sayılırdı. İngiltərənin Konstantinopoldakı (İndiki İstanbul) fövqəladə səfiri Lord Elqlin türk hakimiyyətinin iznilə Yunanıstan muzeylərində qorunan Parfenonun onlarla barelyef və heykəllərini Londona aparmışdı. Az keçmədi ki, bu, dəb halına gəldi və yunan maniyası bütün Avropanı bürüdü. Həmin dövrdə incəsənət əsərlərini toplayan kolleksiyaçılar ən hörmətli şəxsiyyətlər hesab olunurdular. Lakin bəzi incəsənət nümayəndələri bu şəxsləri oğru adılandırmaqdan çəkinmirdilər. Məsələn, Bayron Elqlinə "yunan xalqını talayan barbar", deyə müraciət edirdi.

Varlı avropalı kolleksionerlərin əsas gəlir mənbəyi ərəb ölkələri və yunan torpaqları idi. Ərəb torpaqlarından tapılan daş-qaşlar, zinət əşyaları bu şəxslərin sevimli oyuncaqları sayılırdı. Hələ onda mədəniyyət və incəsənət xadimləri düşünə də bilməzdilər ki, zaman gələcək, davamçları bu şəxslərə dəyərləri qoruyub, gələcəyə ötürdükləri üçün minnət hissi duyacaqlar.

Картинки по запросу музеи Sirii которые уничтожиÐ

Ölkənin mədəni irsi, onun vətəndaşları qədər dəyərlidir. Odur ki, bu irs silahlı qüvvələr tərəfindən qorunmalıdır. Hərbi və silahlı qüvvələr mədəniyyət abidələrini nəinki münaqişə dövründə, adi zamanlarda da göz bəbəyi kimi qorumağa məcburdur.

Təəssüf ki, bəzən mədəni irsi qoruyub saxlamaq heç silah gücünə də mümkün olmur. Suriya bu baxımdan günümüzün ən acınacaqlı nümunəsidir. Bu ərazidə yerləşən tarixi məbədləri terrorçu qruplar durmadan məhv edir.

Mütəxəssislərin eksponatları muzeylərə aparıb, orada qorumaq fikri də bəzən nəticəsiz qalır. Buna misal olaraq, Bağdad və Qahirə muzeylərini göstərə bilərik. Hələ yaxın keçmişdə bu torpaqları işğal edən ABŞ hərbçiləri 15 minədək eksponat ələ keçirmişdi ki, onların da sadəcə 4 minini geri qaytarmaq mümkün oldu. 2011-ci ildə isə Qahirə muzeylərinin birində Tutanxamon və Nefertitinin qızıl suyuna çəkilmiş heykəlləri yoxa çıxdı.

Alimlər düşünürlər ki, mədəni irsi dünya muzeylərinə hissə-hissə paylamaq lazımdır. Yalnız bu halda uğur əldə etmək olar.

Hətta nəzərinizə çatdırım ki, 6 dekabr 1992-ci ildə Hindistanda minlərlə buddist mitinqə toplaşaraq, Bəbri Məscidinin sökülməsini tələb edirdilər. Onlar məscidin qədim məbədlərinin yerində tikildiyi üçün çox hiddətli idilər. Mitinq iştirakçıları cəmi iki saat ərzində möhtəşəm məscidi darmadağın etdilər. Bu qarşıdurmada minlərlə buddist və müsəlman dünyasını dəyişdi. Məsələ burasındadır ki, kimlər üçünsə dəyərli olan bir tikili, digər dindən olan insanlar üçün əhəmiyyətsiz daş toplusudur.

2001-ci ildə “Taliban” dəstəsi Bamian vadisindəki nəhəng Budda heykəlini yerlə yeksan etdi. Bundan sonra Molla Ömər öz çıxışında qeyd etdi ki, Allah təkdir və ona şərik qoşmaq ən böyük günahdır. Həmin hadisə bütün dünyanı sarsıtdı.

L’image contient peut-être : 2 personnes, personnes debout

Dərindən düşünsək, bir nəticəyə varacağıq. Bəli, günah tək İŞİD və digər terrorçu dəstələrdə deyil. Zamanında ən güclü məktəblərdə təhsil almış, tarix və mədəniyyət elmlərinə dair yetərincə bilik toplamış ABŞ hərbçiləri də İraq səmasında barbarlıq edərək hər daşında, qayasında bir tarix yatan abidələri məhv etmişdilər.

Nə qədər ki, müxtəlif mədəniyyətlərdən və dinlərdən olan insanlar digərlərinə hörmət etməyi öyrənməyəcək, o vaxta qədər də tarixin məhvi səngiməyəcək.

Bütün bu səbəblərin nəticəsində göz önündə bir fakt canlanır: humanist, yüksək intellektli avropalı muzeylərə, dünyanın tarixinə daha çox qayğı göstərir. Onların muzeylərə olan marağı da sanki şərqlilərdən çoxdur. Ahıldan körpəyə bir nəfər kimi dünya muzeylərinə səyahət edir, təfəkkürlərini zənginləşdirirlər.

Maraqlıdır, bu, həqiqətənmi belədir? Yoxsa biz şərqlilərdə də bu mədəniyyət yüksək səviyyədə formalaşıb, sadəcə dərdimiz, problemimiz başımıza ağırlıq edir?

Ölkəmizin ən məşhur məkanlarından olan, həm turistlərin, həm də həmvətənlərimin sevərək ziyarət etdiyi Xalça Muzeyinin direktoru Şirin Məlikova ilə bu mövzudakı suallarıma cavab tapmağa çalışdım. Şirin xanım hesab edir ki, dünyanın hansı nöqtəsində olursa-olsun muzey adlı orqanizm daim özünü təkmilləşdirməlidir ki, ziyarətçilərin sayı da artsın.

- Şirin xanım, həqiqətənmi qərblilərin muzey sevdası bizdən qat-qat üstündür? Belədirsə, səbəbini necə izah edə bilərsiniz?

- Gəlin ondan başlayaq ki, Avropa muzeylərinin yaşı bizim muzeylərdən qədimdir. Ona görə muzey mədəniyyəti onlarda çox yüksək səviyyədədir. Amma bu, o demək deyil ki, bütün avropalılar muzey həvəskarıdırlar, zamanlarının çox hissəsini də muzeylərdə keçirdirlər. Bu stereotip yanaşmadır. Son illər muzeylər fəaliyyətlərinin səmtini dəyişdirirlər. Yəni əsrlər boyu muzeylərlə cəmiyyət arasında daş sərhədlər olub. İnsanlar muzeyi ziyarət edəndə bir çox qadağalarla rastlaşıblar. Eksponatlara yalnız vitrinlərdən baxmaq mümkün olub, otaqlarda qəribə bir sükut hökm sürüb. İnformasiya qıtlığı, özünə qapanmış bələdçilər və s. Amma son illər muzey siyasəti tam dəyişib. Bu gün dünyanın əksər muzeyləri cəmiyyətə tam açıqdır. Hazırda bu sahənin başlıca trendi cəmiyyəti muzeylərə cəlb etməkdir.

- Azərbaycan Xalça Muzeyi də bu vəzifənin öhdəsindən gəlirmi? Məncə, bu məkan son illər dünyanın ən fəal muzeylərindəndir.

- Elədir. Bilirsiniz, hər il Avropa Muzeylər Forumu EMYA adlı mükafatın təqdimetmə mərasimini təşkil edir. Müsabiqədə üç il ərzində tikilmiş tam yeni, yaxud ekspozisiyasını tam yeniləmiş və ya fərqli sərgi nümayiş etdirən muzeylər iştirak edə bilər. Bu muzey sferasında Oskara bərabər mükafatdır. Bu il Azərbaycan Xalça Muzeyi də həmin mükafata nominant oldu. Biz orada çıxış etdik, Bakı Media Mərkəzinin xüsusi olaraq Xalça muzeyi üçün hazırladığı filmin təqdimatını keçirdik. Muzeyimiz çox böyük maraqla qarşılandı. Orada əsas mövzu muzeylərin yerli cəmiyyətlə qarşılıqlı iş fəaliyyəti idi. EMYA Azərbaycan Xalça muzeyini sertifikatla təltif etdi. Çünki muzeyimiz çox interaktivdir və yerli əhali ilə iş prosesimizi maraqla qarşıladılar.

- Xalça Muzeyinin ən maraqlı PR nümunələrindən biri də “Ailə “ layihəsi idi. Başqa hansı yenilikləriniz var?

- 18 may Dünya Muzeylər günündə muzeyimizin foyesində 3 toxuma dəzgahı qoyub, yeni layihəyə start verdik. Muzeyə gələn ziyarətçilər rəngli sapları özləri seçib, sadə sapkeçirmə texnikası ilə xalça toxuya bilərlər. Nəticələrimiz çox maraqlıdır. Üç bir-birindən fərqli xalça ərsəyə gəldi. Bu xalçaların toxunuşunda heç bir eskizdən, keşnidən istifadə olunmadı. Sadəcə insanlar o ilmələri sapa keçirdikcə, gəldikləri muzeyin əhəmiyyətini dərk edirlər, toxuculuq haqda anlayışları yaranır. Həm də bunun özü də böyük təcrübədir. Muzeydəki xalçalara baxmaqla kifayətlənməyib özün də iş prosesinə qapılırsan. Toxuma prosesi güclü terapiya olmaqla yanaşı böyük təcrübədir. Gələn qonaq tək kolleksiya izləməklə kifayətlənmir, prosesin bir hissəsinə çevrilir. Müasir muzey siyasətinin əsas cəhəti də budur. Ümumiyyətlə, muzey özü haqda məlumatı çatdırarkən bütün yeni texnologiyalardan yararlanmalıdır və bu gözü, qulağı yormamalıdır. Şübhəsiz ki, bütün muzeylərdə bələdçilər ekspozisiya haqda məlumat verir. Lakin bununla yanaşı, media məlumatlar, avtobələdçi və digər üsullara da əl atmaq lazımdır. Biz bununla kifayətlənmirik, muzeyə üç ay müddətinə könüllü işçilər qəbul edirik. Bəziləri hətta bu sahə üzrə təhsil almalarına rəğmən sınaqdan keçə bilmirlər. Könüllülər ələnir, yerdə ən yaxşılar qalır və biz onları daimi əməkdaşlığa dəvət edirik.

- Şirin xanım, xalça muzeyinin binası göz oxşayır, müasirdir, yenidir. Həm də son illərin ən çox ziyarət olunan yerli muzeyidir. Bir növ keçmişlə gələcəyin vəhdətinə bürünən məkandır. Sizcə, tarixi təbliğ etmək yolunda bu da önəmli addım deyilmi?

- Xalça Muzeyimizin bu zirvəyə çatmağında cənab Prezedentimizə və Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımızı bildiririk. Çoxları düşünür ki, muzeyin binası bükülən xalça formasındadır, lakin bu belə deyil. Diqqətlə baxsanız, binamız açılan, uçan xalçanı xatırladır.

- Ümumiyyətlə, muzey siyasəti ölkəmizdə son illər fəallaşıb?

- Təbii ki... Əsasən də son 10 ildə nəinki Bakıda, eləcə də bütün rayonlarımızda muzey siyasəti gücləndirilir, ekspozisiyalar yenilənir.

- Təmtəraqlı Avropa muzeylərinin, iqamətgahlarının, tarixi binalarının yanında bizim abidələrimiz bir az sönük, yaxud sadə təsir bağışlayır. Sizcə bunun dinlə əlaqəsi var?

- Xeyr. Sadəcə bunlar tamamilə fərqli memarlıq məktəbləridir. Məsələn, Şirvanşahlar sarayı və digər tarixi abidələr Şirvan Abşeron məktəbinin nümunəsidir və heç də sadə deyil. Bizim öz daşımız var, onun da özünəxas dili var. O daşları hətta torpaq rəngində olduğu üçün badamdaş adlandırırdılar. Amma təbii ki, biz şərq ölkəsiyik, memarlğımız da digər cəhətlər kimi bununla bağlıdır. Mədrəsələr, məscidlər də şərq üslubunda tikilib.

- Şirin xanım, sonda gəlin, xalqımıza müraciət edək. Cəmiyyətimizin mənəvi aclığını təmin edən muzeylərə axını necə artıra bilərik?

- Mənim ən böyük arzularımdan biri də odur ki, uşaqlarımızda muzeyə maraq oyansın. Gəlin övladlarımızı mollarda, ticarət mərkəzlərində deyil, muzeylərdə böyüdək. Ancaq bu yolla istədiyimiz nəticəni əldə edə bilərik.

Mənsə düşünürəm ki, muzeylər tarixin ən müqəddəs, ən qərəzsiz məbədidir. İnsanın ruhu da, hissləri də burada aydınlanır. Özümüzü bu zövqdən məhrum etməyək.

Leyla Sarabi,

Fotolar: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm