BMT-nin nümayəndəsi ilə Qarabağla bağlı MÜSAHİBƏ: Dəhşətlisi odur ki, "Quran"dan xəbərsizlər...
Bizi izləyin

Xüsusi

BMT-nin nümayəndəsi ilə Qarabağla bağlı MÜSAHİBƏ: Dəhşətlisi odur ki, "Quran"dan xəbərsizlər...

Ömründə bir dəfə də olsun "Quran"ı əlinə almayan avropalılar islamofobiya təbliğ edir, müsəlman ölkələrinə yönəlmiş haqsızlıqları görməzdən gəlirlər.

Bu sözləri Publika.az-a özəl müsahibəsində BMT-nin Gənclər üzrə nümayəndəsi Neha İkram bildirib.

- Əziz Neha, erməni vandalizminin iç üzünü ölkənizə qərəzsiz çatdırıb, ədaləti təbliğ edirsiniz. Azərbaycanın tarixi həqiqətlərindən kifayət qədər məlumatlısınız.

- Norveçdə "Voyage of Creation" moda platformasının və bir sıra gənclər təşkilatının yaradıcısıyam. Həmçinin BMT-nin Norveç üzrə Gənclər nümayəndəsi seçilmişəm. Azərbaycanın çox çətin günləri geridə qoyduğundan, hələ də mübarizəsini davam etdirdiyindən xəbərdaram. Norveçdə doğulub böyüsəm də əslən pakistanlıyam. Azərbaycan və Türkiyə xalqları pakistanlılar üçün doğmadır, əvəzsizdir. Mədəniyyətlərimiz arasında qan qohumluğu var. Vətən sevgimiz də bənzəyir. Bir az araşdırdıqca, tarixi faktları oxuduqca, xalqınızın illər boyu hansı əziyyətə qatlaşdığının fərqinə varırsan. İnsanlar ömürlərinin 30 ilini doğma evlərindən uzaqda yaşayıblar. Norveçdə yetişsəm də, insanın öz vətəninin nə demək olduğunu bilirəm. Əməlimdə də, qəlbimdə də daim sülhü dəstəkləyirəm. Lakin sülhü, sakitliyi də bərpa etmək lazımdır. Tarixin səhvlərini qəbul edib, yaşamaq olmaz. Qarabağ müsaqişəsi də buna nümunədir. Mən Qarabağı Kəşmirlə müqayisə edirəm. Hər iki ərazi illərlə düşmən işğalı altında qalıb. Yerli əhalisi pərişandır. Fəaliyyətimin əsas hissəsini Kəşmirdə sülhün, ədalətin bərpasına həsr etmişəm. Təsəvvür edirəm ki, Qarabağ da sizin üçün eyni dəyər, bənzər ağrıdır.

Aucune description disponible.

Azərbaycanlı məsləkdaşım Şervin Nəcəfpurun Azərbaycan üçün çırpındığını, Qarabağla bağlı geyim kolleksiyasını, apardığı danışıqları gördükcə, əmin oluram ki, biz öz torpaqlarımızı təcavüzdən azad edəndən sonra da həmin ərazilərin qədrini biləcəyik.

- Xüsusən də hər iki dövlət haqq savaşı aparır...

- Eynən. Ölkələrimizin mübarizəsi dağıtmaq, məhv etmək uğrunda deyil. Bütün beynəlxalq qanunlara əsaslanaraq öz ərazisini işğaldan azad etmək yolundadır.

- Ətrafınıza yüzlərlə Avropa gənci toplamısınız. Onların Qarabağ müharibəsi haqda mülahizələrini, fikirlərini bilmək maraqlıdır.

- Təəssüflə bir faktı deyəcəm. Bəli, Norveç dünyanın ən varlı ölkələrindən biridir. Bu ölkədə gənclər üçün hər cür imkan yaradılıb. Ödənişsiz təhsil, işlə təmin olunmaq, daha üstün mövqeyə çatmaq üçün yeni imkanlar və digər arzu ediləcək hər şey... Lakin ölkə gəncləri yalnız öz mənafelərinin qeydinə qalırlar. Daha yaxşı evim, işim, güzəranım olsun, dünyada baş verən münaqişələr, problemlər isə çoxunu maraqlandırmır. Müzakirələr aparırıq, məlumat veririk, lakin dünyanın digər nöqtələrində sülhün, ədalətin bərpası onlar üçün maraqlıdırmı? Baxın, əsas məsələ də budur. Erməni vəhşiliyi haqda məlumatsızdırlar. Xəbərləri izləsələr də, öz həyatlarına heç nə olmamış kimi davam etməyi seçirlər.

- Bu etinasızlığa rəğmən, faciələrimiz haqda susmamalıyıq...

- Tamamilə razıyam. Nəinki Norveç, bütün dünya səsimizi eşitməlidir. Çünki baş verən bütün münaqişələr zəncirvari bir-birinə bağlıdır. Dünya, xüsusən də güclü dövlətlər daha böyük faciələrlə üz-üzə qalmadan, yanğın nöqtələrindəki odu söndürməyə, haqqı bərpa etməyə məcburdur. Avropa insanının bu eqoizmi, etinasızlığı planetin gələcək taleyini sual altında qoyur. Norveçdə doğulmuşam, karyeramı burada qurmuşam. Amma bu o demək deyil ki, rahat həyat üçün öz vicdanımdan vaz keçməliyəm. Mən müsəlmanam. İslam dinini dərindən bilənlər dərk edirlər ki, dinimizin ədaləti tükənməzdir. Avropa ölkələrinin əhalisini burada hökm sürən islamofobiyadan xilas etməyə məcburuq. Dəhşətlisi odur ki, "Quran"ın bir cümləsindən xəbərsiz insanlar özləri üçün yeni həyat fəlsəfəsi yaradırlar. İslamı da, müsəlmanları da, onların ölkələrinə yönəlmiş haqsızlıqları da, düşmən işğalını da görməzdən gəlirlər. Lakin bizim əks reaksiyamız təmkinə, qanunlara, elə onların öz dillərinə uyğun şəkildə aparılmalıdır ki, ortaq nöqtədə görüşə bilək.

Aucune description disponible.

- Əziz Neha, Norveçdə Qarabağ üçün təşkil olunan nümayişlərdə, həmçinin erməni vandalizminin dünyaya çatdırılmasında fəal iştirak etdiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Azərbaycanın bu davamlı qələbələrinə ürəkdən sevindiyinizi də bilirəm.

- Həqiqətən xoşbəxtəm. İtirilən torpaq məhv olmuş talelər, yox olan xoşbəxt uşaqlıq, didərgin düşən gələcək deməkdir. Amma Azərbaycan xalqı bu məğlubiyyətlə barışmadı. Mübarizə apardı, ağır zamanlardan keçdi və qalib çıxdı. Azərbaycan öz gücünü bir daha dünyaya göstərdi. Siz qalib olmağı bacardınız. Bütün çətinliyin öhdəsindən gəlib, işğal altında olan torpaqlarınızı geri qaytarırsınız. Mübarizə ruhunuzu, gözəl gələcəyə inamınızı 30 il ərzində itirmədiniz. Bundan sonra da heç vaxt itirməməyinizi arzulayıram. 30 ildir Vətənindən uzaq qalan azərbaycanlı dostlarımı da təbrik edirəm. Gözlədiyiniz gün gəlib çatdı. Bilirəm, hazırda bütün sözlər xoşbəxtliyinizi ifadə etməkdə acizdir. İnanın ki, bizim də qəlbimiz sizinlə birgə bayram əhvalındadır. Çünki bizim acımız da, sevincimiz də birdir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm