Ermənistan bölgənin "qara dəliyi"dir - Türkiyənin Norveçdəki səfiri ilə ÖZƏL MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Ermənistan bölgənin "qara dəliyi"dir - Türkiyənin Norveçdəki səfiri ilə ÖZƏL MÜSAHİBƏ

Ermənistan hazırkı məqamda bölgənin "qara dəliyi"dir.

Bu sözləri Publika.az-a özəl müsahibəsində qardaş Türkiyə Cümhuriyyətinin Norveçdəki fövqəladə və səlahiyyətli səfiri Fazlı Çorman bildirib.

- Cənab səfir, ölkəmizin hər nöqtəsində, hətta doğma Qarabağımızda ölkələrimizin bayraqları birgə dalğalanır...

- Azərbaycanla Türkiyə arasındakı dostluğun, qardaşlığın sübutuna heç vaxt ehtiyac olmayıb. Lakin bu da danılmaz faktdır ki, İkinci Qarabağ savaşı dönəmində qardaşlığımıza həm də dünya şahidlik etdi. Tək sözdə deyil, atdığımız addımlarda, əməllərimizdə də bir millət olduğumuzu göstərdik.

- Avropa ölkələrinin bir çox qüvvələri bu münasibətə çirkin libas geyindirməyə cəhd etdilər.

- Doğrudur. Türkiyənin Azərbaycana Suriya, Livandan döyüşçülər gətirdiyini iddia etməyə başladılar. Azərbaycan Ordusunda minlərlə igid oğullar var. Heç onlar izn verərlər ki, kənardan kimsə gəlib Vətənlərini qorusun?! Absurddur axı. Elə Norveçdə də ermənipərəst qüvvələrin sayı az deyil. Lakin istənilən halda hakimiyyət öz adekvat mövqeyini göstərməyə çalışdı. Buna baxmayaraq, müharibə zonasına heç bir aidiyyəti olmayan Azərbaycan ərazilərinin raket bombaları ilə atəşə tutulmağına göz yumub, guya özlərinə dəyən ziyanı əks etdirən görüntülər paylaşıldı. Özlərini dünyaya yenə məzlum göstərməyə çalışdılar. Halbukı bu görüntülər heç İkinci Qarabağ müharibəsinə aid deyildi. Daha sonra Norveç dövlətinin Qarabağ müharibəsində zərər görmüş ermənilərə yardım edəcəyi barədə xəbər yayıldı. Etirazlarımızdan sonra yardımın hər iki tərəfdən zərər çəkmiş şəxslərə çatdırılacağı bildirildi. Əgər belə ədalətlisinizsə, Birinci Qarabağ müharibəsində evini, ocağını, torpağını itirən 1 milyon azərbaycanlı məcburi köçkünün taleyinə niyə biganə qaldınız?! Təəssüf ki, erməni yalanına inanmaq istəyənlərin sayı daha çoxdur.

- Müharibə müddətində dünyada yaşayan türk qardaşlarımız da bütün çətinliklərə rəğmən, həmrəylik nümayiş etdirdilər.

- Xüsusən də Avropada Türkiyəyə qarşı münasibət birmənalı deyil. Müharibə dövründə də hər cür reaksiya ilə qarşılaşdıq. Əsas odur ki, qardaş Azərbaycan xalqı haqq savaşında qalibiyyət əldə etdi. Sonra isə ədalətli siyasətini dünyaya bir daha sübut edərək, ərazisində məskunlaşan erməni xalqına sülh və təhlükəsizliyi təmin edəcəyini bildirdi. Ermənistan regionun izolyasiya edilmiş dövlətidir. Müharibədən sonra da kifayət qədər zəifləyib. Hazırkı məqamda Ermənistan bölgənin "qara dəliyi"dir. Türkiyə və Azərbaycanla münasibətləri stabilləşdirməyə cəhd etməsə, böhranı, süqutu mütləq olacaq.

- Yəqin Qarabağdan görüntüləri izləyirsiniz. Şəhərlərimizi məhv ediblər. Evlər, ağaclar, tarixi abidələr can verir...

- Türkiyədə qədim və dəyərli ifadə var - imece. Əl birliyi ilə bütün kənd toplaşıb bir ailənin taxılını biçir, məhsulunu toplayır, evini abadlaşdırır. İstəyirik ki, biləsiniz, Can Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın yenidən quruculuğunda, imece prosesində iştirak etməyə ürəkdən hazırıq. Qarabağımız əvvəlkindən də gözəl olacaq. Bütün dünya görəcək ki, bu torpaqların əsl sahibləri kimlərdir.

- Hazırda dünya həmçinin gözəgörünməz düşmənlə də mübarizə aparır. Norveçin pandemiya əhvalı necədir?

- Norveç koronavirusla ən uğurlu mübarizə aparan ölkələr sırasındadır. Birincisi ona görə ki, insanlar dəqiqliklə bütün gigiyena şərtlərinə əməl edirlər. İkincisi isə daha məsafəli xalqdırlar. Bir-birinin evinə tez-tez qonaq getmək, böyük süfrə əhatəsində zaman keçirmək kimi vərdişlərdən uzaqdırlar. Biz türklər, azərbaycanlılar daha çox böyük ailələr, isti münasibətlər sevdalısıyıq. Odur ki, yoluxma riskimiz daha çoxdur. Lakin son aylarda biz də qoyulan şərtlərə ayaq uydurmağa başlamışıq. Bu çətin günləri də tezliklə geridə qoyacağımıza ürəkdən inanıram.

- Cənab səfir, sizi tezliklə Qarabağda gözləyirik.

- İnanın, Qarabağa səfər etmək, o doğma torpaqlara ayaq basmaq ən böyük arzularımdandır. Qarabağda görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm. Bütün oxucularınıza, qardaş Azərbaycan xalqına salam və sevgilərimizi yollayıram.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm