"Qarabağın bu fotoşəkillərini görəndə dəhşətə gəldim" - Məşhur fotoqrafla MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Qarabağın bu fotoşəkillərini görəndə dəhşətə gəldim" - Məşhur fotoqrafla MÜSAHİBƏ

Qarabağın bu fotoşəkillərini görəndə dəhşətə gəldim.

Bu sözləri Publika.az-a müsahibəsində Norveçin məşhur fotoqrafı Edmond Yanq bildirib.

Yanqla müsahibəni təqdim edirik:

- Əziz Edmond, gəlin, tanış olaq...

- Norveçdə doğulub böyümüşəm. Lakin milli mənsubiyyətimi soruşsanız, çinliyəm. Çindən Norveçə mühacirət edən ilk ailələrdən biriyik. Babam 1930-cu ildə Honkonqdan Norveçə köçüb. Elə o vaxtdan da burada kök salıb. 20 ildir dizayner, art direktor vəzifəsində çalışıram. "Nike", "Sony Music", "McDonald's" kimi şirkətlərlə əməkdaşlıq etmişəm. Amma yaradıcılıqla yanaşı, bir sıra biznes layihələri də gerçəkləşdirirəm. Rəqəmsal xidmətlər göstərən şirkətin qurucusuyam. Müxtəlif ölkələrdə yaradıcılıq sərgilərim təşkil olunub. Ümid edirəm, tezliklə Azərbaycanda da sərgim keçirilər. Çox istərdim ki, azərbaycanlı dostlarımı "Milli mirasımızın mənşəyini kəşf et" sərgimlə tanış edim. Bu işdə Azərbaycanın Norveçdə fəaliyyət göstərən CAN təşkilatının mənə dəstək olacağına əminəm.

- Məndə olan məlumata görə, rəqəmsal yaşıl bizneslə də məşğulsunuz. Bu haqda ətraflı danışmağınızı istərdim.

- Yeniliklərin texnologiya ilə vəhdəti, bu vəhdətdən doğulan fərqli sahələr, fəaliyyət növləri həmişə diqqət mərkəzimdə olub. Bu biznes isə bilavasitə internet alış-verişlə bağlıdır. Təkcə Norveçdə onlayn mağazalardan aldığı geyimləri geri qaytaranlar ümumi müştərilərin 50 faizini təşkil edir. Həmin məhsullar isə ya yandırılır, yaxud da yenidən qablaşdırılmaq üçün başqa ölkələrə göndərilir. Bu isə ikiqat ziyan deməkdir. Şirkətimizin əsas məqsədi müştərinin geri qaytardığı həmin geyimləri daha ucuz qiymətə yenidən satışa çıxarmaqdır. Hazırda layihənin icrasının baş tutması üçün ikinci mərhələdəyik. Ümid edirəm ki, tezliklə istədiyimiz nəticəni əldə edəcəyik.

- Nəzərə alsaq ki, pandemiya bir çox planlarımızı sıradan çıxardı, hansı arzularınız hələ də reallaşmayıb? Ümumiyyətlə, bu çətinlik şəxsi həyatınıza, biznesinizə necə təsir etdi?

- Açığı, pandemiya həm şəxsi həyatıma, həm də biznes planlarıma müsbət təsir göstərdi. Elə bu müddətdə “Oslo Digital” şirkətini qurub genişləndirdim. Ümumiyyətlə, pandemiya dövrü onlayn biznesin inkişafına geniş təkan verdi. Bizim də işimiz sırf internetlə bağlı olduğu üçün durmadan irəliləyirik. Norveç rəqəmsal dünyanı çox tez mənimsəyən ölkədir. İstənilən rəqəmsal yeniliyin vətəni sayılır. Odur ki, bir az da xarici işgüzar əlaqələrinizi cəm etsəniz, bu ağır günləri yüksək gəlir mənbəyinə çevirə bilərsiniz.

- Amma bu durum yaradıcılığınıza da təsirsiz ötüşmür. Əminəm ki, dünya səyahətinə çıxıb, lentə aldığınız rəngarəng kadrlar üçün darıxırsınız.

- Doğrudur. Məsələnin bu tərəfi də var. Düz 1 ildir səyahətlərdən məhrum qalmışam. Əsasən Asiya ölkələrini gəzirəm. Bəzən ildə 5 dəfə Asiyada oluram. Yeni məkanlar, insanlar, yeməklər üçün darıxıram. Həm də qurmanam axı... Çörəyimi paylaşmağı, dadlı süfrələri sevirəm. Ümumiyyətlə, fərqli insan simalarına, səslərinə susamışam sanki. Səyahətlər zamanı fotoaparatım bədənimin bir hissəsinə çevrilir. Addımbaaddım gözümə görünən bütün təsvirlərdə sənət axtarıram, yeni layihələrimin əsası da beləcə qoyulur.

- 2019-cu ildə "Milli mirasımızın mənşəyini kəşf et" layihəsi ilə Azərbaycanda da olmusunuz. Ölkəmiz yaddaşınızda necə qalıb?

- Azərbaycan haqda məlumatlı idim. Yaxın dostlarımdan biri Şervin Nəcəfpur vətəni haqda çox danışmışdı. Bu günədək dəfələrlə mədəniyyətlərimizi, xalqlarımızı bir-birinə doğmalaşdıran maraqlı layihələri birgə gerçəkləşdirmişik. Əsas hədəfimiz isə modanı inkişaf etdirmək, mədəniyyətlərin vəhdətindən yeni məcralara yol açmaq olub. Hər ikimiz köklərimizlə, milli mənsubiyyətimizlə qürur duyuruq. Avropada böyüsək də, milli dəyərlərimizə, adətlərimizə sadiqik. Mədəniyyətlərimizin təması isə hər zaman maraq doğurur. Odur ki, layihəyə başlayanda çox həyəcanlı idim. Səyahət etdiyim yeni ölkələrdə bizi birləşdirən dəyərləri axtarıb tapmağı sevirəm. Azərbaycana ilk dəfə gələndə də ölkənizin eskizi təsəvvürümdə artıq hazır idi, amma Bakı məni çox heyrətləndirdi. Çünki gözləntilərimdən də üstün mənzərə ilə qarşılaşdım. Xüsusən də qonaqpərvərliyiniz, yemək mədəniyyətiniz ürəyimi isitdi. Öyrəndim ki, Azərbaycanda çörəyini paylaşmaq dostluğun, doğmalığın təməlidir. Qızıl balığın, yerli şərabın dadından həzz alaraq, Bakını seyr etmək xüsusi zövq idi. Şamaxı, Qobustan və Yanardağda olduq. Moda nümayişlərini izlədik. Fəxriyyə Xələfova ilə tanış oldum. Çox təvazökar və sadə xanımdır. Milli geyimlərdə fotosessiyadan isə xüsusi zövq aldım. Bakı çox əsrarəngiz şəhərdir. Yenidən və yenidən kəşf etsən də, gizli qalan məqamlar da az deyil. Səbirsizliklə növbəti səfərimizi gözləyirəm. Çünki Azərbaycanın milli mətbəxi və müxtəlif regionlarında yaşayan insanların həyatı haqda daha geniş məlumat əldə etmək istəyirəm.

- Tur Heyerdalın izləri ilə addımlamaq necə duyğu idi? Onun nəzəriyyəsini təsdiqləyə bildiniz?

- Qobustan, Yanardağ o qədər maraqlı yerlərdir ki, mənsubiyyətimizin eyni olduğuna şübhə qalmır. Bəli, hamımız bir planetin, eyni torpağın insanlarıyıq. Məsələn, Şamaxının dağları, Qobustanın qayalıqları mənə Norveç təbiətini xatırlatdı. Azərbaycan mətbəxinin dadlı yeməklərini aşpazla birgə hazırlamaq imkanımız da oldu. Bu günlərdə Bakıya yenidən qayıtmaq arzusundayam. Bu dəfə balqabaqlı qutab, paxlava və qızıl balıq bişirmək istəyirəm.

- Artıq tarixi torpağımız Qarabağımız da azaddır. Növbəti səfərinizdə Qarabağa səyahət edib, erməni vandallarının təbiəti necə məhv etdiyinin canlı şahidi ola bilərsiniz. Amma fotokameranızı da özünüzlə götürməyi unutmayın.

- Qarabağ, Xocalı soyqırımı haqda çox oxumuşam. Bakıda Şəhidlər xiyabanını da ziyarət etmişəm. Bilirəm ki, Azərbaycanın tarixi onu sevən övladlarının qanı ilə yazılıb. 1 noyabr 2020-ci il tarixində Osloda "Azərbaycan, Qarabağ üçün ədalət" aksiyasını işıqlandıranlardan biri də mən idim. Bu tədbirdəki fotoşəkillərə baxanda ürəyim sızladı. Artıq görürük ki, torpaqlarınız da soyqırıma məruz qalıb. Odur ki, sənətin təsir gücündən istifadə edərək Qarabağdakı müsibətləri dünyaya yaymaq istəyirəm. Ən çox da məcburi köçkünlərin öz vətənlərinə dönüş səhnələrini əbədiləşdirmək arzusundayam. "Qarabağın simaları" adlandıracağım bu layihəni sərgiyə çevirməyi də düşünürəm. Bu cür ideyalarımız çoxdur. Ümumiyyətlə, düşünürəm ki, beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa yönəltmək üçün əcnəbi incəsənət və media nümayəndələrini Azərbaycana dəvət edib, həqiqəti canlı göstərmək lazımdır. Yaradıcı art direktor kimi daim Azərbaycanın yanında olmağa, təbliğatında yaxından iştirak etməyə hazıram. Əminəm ki, belə bir sərgi ərsəyə gətirmək Skandinaviya ölkələrində dərin maraqla qarşılanacaq. Təəssüf ki, bir çoxları Azərbaycan kimi tolerant, çoxmədəniyyətli ölkəni tanımırlar. Bütün diqqətləri sırf bu məqama yönəltmək istərdim. Ölkənizə daimi sülh arzu edirəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm