• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Futbolun sevgisi, yoxsa bəlası?-Azarkeş ixtişaşları-FOTOLAR

  • Dünya
  • 12 Mart 2014 11:37
  • 733 Baxış
Futbolun sevgisi, yoxsa bəlası?-Azarkeş ixtişaşları-FOTOLAR

Türkiyə Super Liqasının XXIV turunun “Trabzonspor” – “Fənərbaxça” matçı azarkeşlərin meydançaya kənar əşyalar atması üzündən yarımçıq dayandırıldı. Son illər Türkiyə futbolunda azarkeşlərin ucbatından baş verən ixtişaşların sayı durmadan artır.

Bunun nəticəsidi ki, derbi matçlarına rəqib azarkeşlər buraxılmır. Amma təəssüf ki, bu olayların qarşısını almaq mümkün olmur. “Trabzonspor” – “Fənərbaxça” matçında baş verənlər qardaş ölkədə və Avropada bənzər olayların xatırlanmasına səbəb olub. Publika.az futbol oyunlarında yaşanan ixtişaşların bəziləri haqda məlumat verir:

- Türkiyə Super Liqasının V turunda baş tutan “Beşiktaş” – “Qalatasaray” matçı da azarkeşlərə görə yarımçıq qalmışdı. Belə ki, matçın sonlarına yaxın yüzlərlə “Beşiktaş” fanatı meydana çıxdığından hakim qarşılaşmanı dayandırmalı olmuşdu. Nəticədə, TFF “Qalatasaray”a 3:0 hesablı texniki qələbə vermişdi.

- Şiddət olaylarının ən çox yayıldığı ölkələrdən biri də Polşadı. Bir neçə həftə əvvəl Ekstraklasanın “Legiya” – “Yaqelloniya” matçında iki komandanın fanatları tribunada dava etmiş və nəticədə matç yarımçıq dayandırılmışdı. Olayların başlamasına səbəb isə “Legiya” fanatlarının rəqibləri özündən çıxaran pankartı olmuşdu.

- DÇ-2018-ə ev sahibliyi eləcək Rusiyada da vəziyyət bu mənada heç də yaxşı deyil. 2013/14 mövsümündə ölkə kubokunun “Dinamo” (Moskva) – “Torpedo” (Moskva) qarşılaşması yarımçıq qalmışdı. Səbəb isə “Torpedo” fanatlarının meydana kənar əşyalar atması olmuşdu.

- Avropanın azarkeşlər sarıdan bəxti gətirməyən ölkələrindən biri də Yunanıstandı. 2011/12 mövsümündə “Panatinaikos” – “Olimpiakos” derbisi də azarkeşlərə görə başa çatmayıb. Təhlükəsizlik tədbirləri səbəbindən qonaq komandanın – “Olimpiakos” azarkeşlərinin stadiona buraxılmadığı matçdan öncə “Panatinaikos” fanatları polislə dava etmiş, oyun zamanı isə onlar tribunaları yandırmışdılar. Nəticədə hakim 8-ci dəqiqədə - “Olimpiakos”un 1:0 üstünlüyü olduğu vaxt matçı dayandırmışdı.

- Oxşar səbəblərdən Rumıniyada da matç yarımçıq qalıb. Belə ki, 2011/12 mövsümündə “Petrolul” – “Styaua” oyunu zamanı bir azarkeş meydana girərək qonaq komandanın müdafiəçisi George Qalamaza arxadan yumruq atmışdı. Bundan sonra Qalamazın komanda yoldaşları da həmin azarkeşə qarşılıq vermişdi. Nəticədə baş hakim həm özünü müdafiə edən hücuma məruz qalanı, həm də azarkeşi vuran komanda yoldaşını meydandan qovmuşdu. Bundan sonra “Petrolul” azarkeşləri coşaraq stadionda dava salmış, meydana atılan maddələrdən biri “Styaua”nın qapıçısı Kiprian Tatarusanuya dəymişdi. Nəticədə hakim oyunu dayandırmalı olmuşdu.

- Bənzər olay İtaliyada, özü də Çempionlar Liqasının 1/4 final mərhələsinin matçında baş verib. Belə ki, 2004/05 mövsümündə “İnter”lə “Milan” arasında baş tutan qarşılaşmanın sonuna 15 dəqiqə qalmış (həmin vaxt “Milan” 1:0 hesabı ilə öndə olub) “İnter” fanatları “Milan”ın qapıçısı Didaya müxtəlif əşyalar atmağa başlayıb və baş hakim Markus Merk oyunu dayandırmalı olub. Sonradan UEFA “Milan”a 3:0 hesablı texniki qələbə verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR