Olland prezidentlərin görüşünü yenidən təşkil edəcək – İddia
Bizi izləyin

Dünya

Olland prezidentlərin görüşünü yenidən təşkil edəcək – İddia

Azərbaycan və Ermənistan prezidentləri Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaxın zamanlarda yenidən görüşə bilərlər. Publika.az xəbər verir ki, Rusiya mediası bu barədə qərb mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, NATO-nun Uels sammitində hər iki ölkənin dövlət başçıları ilə ayrılıqda görüşən Olland Qarabağ mövzusuna da toxunub. Məhz Uels sammitindən sonra Fransa prezidentinin təşəbbüsü ilə üçtərəfli görüş keçirilə bilər.

Qeyd edək ki, bu ilin iyulunda Olland prezidentlərin görüşməsi ilə bağlı təklif irəli sürmüşdü. Həmin vaxt Fransanın Ermənistandakı səfiri açıqlama ilə çıxış edərək bildirmişdi ki, Azərbaycan və Ermənistan prezidentləri görüşmək barədə razılığa gəlsələr, Fransa görüşün keçirilməsi üçün əlindən gələni edəcək.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesini sürətləndirmək lazımdır. Bundan başqa, Olland münaqişə ətrafında razılığın əldə olunması üçün tərəfləri mövqelərini dəyişməyə çağırmışdı. Məhz buna görə də Fransua Olland görüşün keçirilməsini təklif edib. İndi isə Azərbaycan və Ermənistan prezidentləri görüşlə bağlı razılığa gəlməlidir. Biz görüşün keçirilməsinə hazırıq”, - deyə səfir bildirmişdi.


Lakin həmin vaxt görüşlə bağlı razılaşma əldə olunmadı.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də Publika.az-a açıqlamasında bu təklifi dəyərləndirərkən demişdi ki, Azərbaycan görüş xatirinə görüşlərin keçirilməsini istəmir.


XİN sözçüsü qeyd etmişdi: “Biz görüşlərdən konkretlik istəyirik və danışıqların substantiv şəkildə aparılmasının tərəfdarıyıq. Təəssüf ki, bu gün Ermənistan görüşlərin keçirilməsinə maraq nümayiş etdirmir və müxtəlif bəhanələrlə bundan qaçır. Bir şeyi anlamalıdırlar ki, müxtəlif bəhanələrlə qaça bilərlər, amma bu məsələlərin əsasında Ermənistanın işğalçılıq siyasəti dayanır. Ermənistan Azərbaycan ərazilərini tərk etməli, bu da sülh prosesinin başlanğıcının əsası olmalıdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, etimad tədbirləri işğal olunmuş ərazilərin boşaldılmasından sonra başlaya bilər. Həmsədrlər də vasitəçilik missiyalarının uğurlu olması üçün buna çalışmalıdırlar və bütün danışıqlar mahiyyət üzərində qurulmalı, konkret nəticələrə söykənməlidir”.


Ollandın bu təklifi qəbul edilmədikdən sonra cəbhədə məlum gərginlik yaşandı. Daha sonra Rusiyanın təşəbbüsü ilə Soçi görüşü baş tutdu. Ekspertlər bunu Rusiyanın Qərbə əzələ nümayişi hesab edirdilər. Ehtimallar var idi ki, Qərb Qarabağ münaqişəsinin həllində aktivləşəcək. Hazırkı proseslər də məsələlərin buna doğru getdiyini göstərir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm