Sabunçu bazarında "qoçuluq" edən şəxs həbs edilib - FOTO
Bizi izləyin

Hadisə

Sabunçu bazarında "qoçuluq" edən şəxs həbs edilib - FOTO

Sabunçu bazarında satıcılardan yer haqqı yığan bir qrup şəxs saxlanılıb. Onlar bazarda çalışanlardan hədə-qorxu yolu ilə əlavə icarə haqqı alırmışlar.

Musavat.com-un məlumatına görə, idmançı görkəmli şəxslər elə iş başındaca yaxalanıblar. Hadisə may ayının 1-də baş verib.

Həmin şəxslər Sabunçuda şənbə və bazar günləri təşkil olunan “rus bazarı”nda yer haqqı yığarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər. Əməliyyat zamanı həmin şəxslər iş başında saxlanılıblar.

Onlar bazar rəhbərliyinin göstərişlərinə əsasən piştaxtalardan gündəlik icarə haqqı yığmaqla məşğul imişlər. Bundan əlavə həftə sonları təşkil olunan “rus bazarı”na gələn alverçilərdən də yer haqqı yığırmışlar.

Kobudluqları və satıcılara qarşı zorakılıqları ilə seçilən bu şəxslər barəsində bazarda çalışanlar tərəfindən bir neçə dəfə polisə müraciətlər edilib. Onları himayə edənlərə güvənən bu şəxslər bazarda çalışan bəzi şəxsləri bir neçə dəfə də döyüblər. Bazarda olan piştaxtalara görə icarə haqqı alan bu şəxslər həmçinin bazar ətrafında dayanan və rayonlardan məhsul gətirib satan sahibkarlardan da yer haqqı toplayıblar. Həm də heç bir qəbz təqdim etmədən, istədikləri məbləği alıblar.

Sabunçu vağzalında kriminal aləmə yaxınlığı ilə bilinən şəxslərin həbsindən 2 gün sonra növbə bazarda pul yığan bu şəxslərə çatdı.

Sabunçu bazarında çalışanlar musavat.com-un əməkdaşına bildiriblər ki, artıq uzun zamandır, bu şəxslərin təzyiqləri ilə üz-üzə qalıblar: “Bir neçə satıcını döyüblər. İstədikləri kimi hərəkət edirdilər. Nə qədər istəsələr, o qədər də icarə haqqı alırdılar. Hamı da qorxudan səsini çıxarmırdı. Kim narazılıq etsə, ondan əl çəkmirdilər. Özlərini qoçu kimi aparırdılar. Hamı bir tikə çörək puluna görə susurdu”.

Bazar çalışanlarının verdiyi məlumata görə, bu vəziyyət ötən ildən yaranmağa başlayıb: “Bazarın rəhbərliyi ötən il dəyişdi. Bazarın indiki sahibi yüksək vəzifəli məmurlardan birinin oğludur. Əvvəl buradakı vəziyyət belə deyildi. Heç kim bazarın ərazisindən kənarda mal sata bilməzdi. Hər kəs bazarın ərazisində işləyirdi. Ancaq indi özbaşınalıq baş alıb gedir. Pulu olan gəlir bazarın qabağında, yolun kənarında malını qoyub satır. Artıq bazarın içərisində alıcı qalmayıb. Elə hamı yol kənarından alıb gedir. Bunlara da sərf edir. Pullarını alıb ciblərinə qoyurlar. Deyəndə də deyirlər ki, “istəmirsən, işləmə”.

Əldə etdiyimiz məlumata görə, pul yığan bu dəstə bir qrup idmançı görünüşlü şəxslərdən ibarətdir. Dəstə şəklində gəzən bu şəxslər elə pul yığmağa da qrup şəklində gəlirmişlər.








Oxumağa davam et
Reklam
Reklam

Gündəm