• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İŞİD-çilərin məhkəməsindən: Şahidlərdən üçü Suriyaya qaçdı

  • Hadisə
  • 27 Aprel 2015 16:27
  • 606 Baxış
İŞİD-çilərin məhkəməsindən: Şahidlərdən üçü Suriyaya qaçdı

Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvləri – Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Tariyel Mustafayev, Namiq Məmmədov və Ruslan Mustafayevin məhkəmə prosesi davam edir.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrlik etdiyi prosesdə şahid qismində Ayşən Namazova ifadə verib. O bildirib ki, Tariyel Mustafayevin həyat yoldaşı Yeganənin bacısıdır. Onun sözlərinə görə, Tariyelin müalicə almaq məqsədilə Türkiyəyə getdiyini bilib: “Tariyelin bədənindən cin çıxarılması ilə bağlı müalicə alıb. Bacım da Tariyelin müalicə almaq məqsədilə Türkiyəyə getdiyini deyib”.

Prokuror bildirib ki, şahid istintaq zamanı fərqli ifadə verib. Prokurorun sözlərinə görə, şahid istintaqa verdiyi ifadəsində Tariyel Mustafayevin Suriya Ərəb Respublikasına getməsindən xəbəri olub. Prokuror əlavə edib ki, şahid həmin ifadəni yazandan sonra imza edib: “Şahid ifadəsini oxuduğunu və təsdiq etdiyini yazıb”.

Ayşən Namazova istintaq zamanı verdiyi ifadəsini oxumadan yazdığını bildirib. Hakim Ənvər Seyidov bildirib ki, istintaq zamanı ifadə verəndən sonra oxumaq lazımdır: “Oxumadan ifadəni imzalamaq olmaz. İstintaq zamanı təzyiq də göstərilmir. MTN-də qadınlara qarşı ümumiyyətlə təzyiq edilmir, onlara hörmətlə yanaşılır. İfadə verən zaman da heç kimin üstünə qışqırmırlar”.

İstintaqa verdiyi ifadəsini təkzib edən Ayşən Namazova bildirib ki, istintaq zamanı bacısının qatı dindar olması barədə yazıblar: “Amma mən belə ifadə verməmişəm. Həmin ifadəni mənim adımdan yazıblar”.

Hakim isə qeyd edib ki, qatı dindar olmaq cinayət deyil. Daha sonra prokurorun vəsatəti əsasında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupunun üzvü V. H. ifadə verib. O, bildirib ki, Tural Mustafayevin Suriyaya getməsi barədə istintaqda əməliyyat məlumatı olub: “Bununla bağlı onun yaşadığı evdə əməliyyata getdik. Həmin vaxt qapı bağlı idi. Biz ev sahibi ilə əlaqə qurduq. Ev sahibi gələnə qədər içəri daxil olmadıq. Ev sahibi gələndən sonra özümüzü təqdim etdik. Ev sahibinin razılığı ilə evdə əməliyyat apardıq”.

Əməliyyatçı daha sonra bildirib ki, əməliyyat zamanı evdən tapança patronları aşkar edilib. Onun sözlərinə görə, həmin vaxt keçirilən əməliyyatın protokolunu özü yazıb. Daha sonra hakim bildirib ki, cinayət işi üzrə dindirilən şahidlərin əksəriyyətindən çox dindirilib. Onun sözlərinə görə, cinayət işi üzrə üç şahid – Üzeyr, Tural və Elmirin ifadəsi alınmayıb: “Biz həmin şahidlərlə bağlı müvafiq qurumlara sorğu vermişik. Rəsmi cavabda həmin şəxslərin Suriyaya ərazisinə keçmələri müəyyən edilib”.

Məhkəmə iclası mayın 4-də davam etdiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR