• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hitler ordusunu geyindirən dünya brendi

Hitler ordusunu geyindirən dünya brendi

2014-cü ildə Dünya Kubokunun keçirildiyi müddətdə 14 milyon ədəd “Brazuca” adlandırılan futbol topunu satmağı hədəfə alıb. Kubok daxilində 9 qrupun sponsorluğunu edib.Onlardan ikisi finalda yarışacaq Almaniya və Argentinadir. Bu brend təkcə idmançıları deyil, Hitlerin ordusunu da geyindirib.

Söhbət “Adidas”dan gedir.

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində idman geyim markasının necə və kim tərəfindən yaradıldığını təqdim edir.

Çamaşırxanada ayaqqabı biznesi

“Adidas AG” yaradıcısı Adolf Dassler adlı almandır.

O, 1900-cü il noyabrın 3-də anadan olub. Adolf kasıb ailədən idi, anası Paulina paltar yumaqla, atası Kristof isə çörək bişirməklə güzəranlarını təmin edirdi. Uşaqlıqdan hər kəsin “Adi” deyə çağırdığı Adolfun 14 yaşı olanda Almaniyada Birinci Dünya Müharibəsi başlayır. Məhz yaşının az olması səbəbindən o, cəhbəyə gedə bilmir. Düzü, özü də buna həvəs göstərmir. Çünki marağı döyüşə deyil, o zamanlar Avropada məşhur olan futbola idi.

1918-ci ildə müharibə Almaniyanın məğlubiyyəti ilə bitir. İşsizlik, inflyasiya, iqtisadi xaosun yaşandığı ölkədə Dasslerlər üçün də pis günlər başlayır.Vəziyyətdən çıxış yolu tapmaq barədə düşünən ailə biznesə başlanağa – ayaqqabı tikib satmağa qərar verir. İstehsal məqsədilə məkan kimi Adolfun anasının çamaşırxanası seçilir.

İlk fabrik

Dasslerlər ailəsinin ilk istehsalı yataq otağı üçün tərliklər olur. Tərliklərin üst hissəsi əsasən istifadədən çıxarılmış hərbi formalardan, atlıqları isə köhnə avtomobillərin təkərlərindən hazırlanır. Məhsulun satışının məsuliyyəti böyük qardaş – Rudolfun, yəni Rudinin üzərinə düşür, Adi isə istehsal və yeni modellərin kəşfi ilə məşğul olurdu. Dörd il sonra artıq Dasslerlər 12 işçi tuturlar. Günə 50 cüt ayaqqabı istehsal olunur. 1924-cü ildə isə “Dassler qardaşlarının ayaqqabı fabriki”ni açırlar. İşlər o qədər yaxşı gedir ki, 1925-ci ildə Adinin beyninə istehsalın növünü dəyişib futbol ayaqqabıları tikmək gəlir. Beləcə çivili- mismarlı idman ayaqqabıları peyda olur. İdeya bazarda özünü tutur. Getdikcə Dasslerlərin istehsal həcmləri evlərinin hüdudlarına sığmır. 1927-ci ildə onlar özlərinin fabrikləri üçün bina kirayələyirlər. İşçi sayını 25 nəfərə, fabrikin istehsal gücünü gündəlik 100 cüt ayaqqabıya çatdırırlar. Bir müddətdən sonra Dasslerlər kirayələdikləri binanı belə satın alırlar.

“Dassler” ayaqqabıları idman sektorunda

“Adidas”ın sələfi olan “Dassler” ayaqqabıları ölkənin hər yerinə yayılır. Hətta Adi bir zamanlar çörəkçi olmaq istədiyini unudur. Bütün enerjisini, ideyalarını yeni növ idman ayaqqabılarının istehsalına yönəldir. Olimpiada oyunlarının güclü istirakçılarına ayaqqabı tikməklə məşğul olur. İdmançlar ilk dəfə1928-ci ildə Amsterdamda keçirilən Yay Olimpiya Oyunlarında “Dassler” ayaqqabıları ilə çıxış edirlər. Adi Dassler bir sıra atleti geyim və inventarla təmin edərək şirkətin beynəlxalq bazara çıxmasına təkan verir. 1936-cı il Berlin Olimpiadasında Dasslerlərin ayaqqabılarını geyinən ABŞ təmsilçisi Cess Ovens dördqat qızıl medal sahibi olur. Həmin vaxtdan sonra “Dassler” idman ayaqqabılarının standartı hesab edilir.

1938-ci ildə Dasslerlər ikinci fabriklərini açırlar. Artıq onların fabriklərində günə 50 deyil, 1000 cüt ayaqqabı istehsal edilir.

Alman ordusuna ayaqqabı tikir

Birinci Dünya Müharibəsi kimi, İkinci Dünya Müharibəsi də Dasslerlərin taleyini dəyişir. Faşist partiyasına üzv olan Dassler qardaşları həmin müddətdə orduya ayaqqabı istehsal edirlər. Qardaşların ayaqqabı fabriki tanklara qarşı istifadə edilən "Panzerşrek" (“Panzerschreck”) silahının istehsalı məqsədilə istifadə olunur. Hətta Rudi vətən qarşısında borcunu ödəmək üçün orduya yollanır. Adi isə ailə biznesinin başında qalır. Almaniya ikinci dəfə müharibəni uduzduqda milli fəlakətdə Dasslerlərin də payına çox şey düşür. Əvvəla yaşadıqları ərazi Amerika qoşunlarının nəzarətinə keçir, bütün mal-mülkləri müsadirə olunur. Vəziyyət elə kritikləşir ki, Adinin həyat yoldaşı ailəni dolandırmaq üçün mal-qara da otarır.
“Pis günün ömrü az olur” deyirlər. Dasslerlərin də çiləsi uzun çəkmir. Bir il sonra amerikalılar ərazini tərk edir, Rudi də əsir düşərgəsindən geri qayıdır. Qardaşlar ailə biznesini sıfırdan dirçəltməyə başlayırlar. “Dassler” ayaqqabıları yenə də alman ordusunun hərbi ləvazimatlarının qalıqlarından istehsal edilir. Rudi və Adi fabrikə 47 işçi cəlb edir. Amma onlara verməyə nağd pulları olmadığından borclarını – iplik və ağacla ödəyirlər. Bu arada qardaşların münasibəti əvvəlki kimi olmur. Aralarında narazılıq başlayır. Bir-birlərini başa düşmür, yola getmirlər. 1948-ci ildə atalarının vəfatınından sonra paylarını ayırırlar. Rudi və Adi eyni zamanda ailə biznesinin rəmzlərindən istifadə etməməyə dair razılığa gəlirlər. Rudi fabrikinini ”Ruda”, Adi isə “Addas“ adlandırır. Bir neçə ay sonra “Addas” Adi Dassler sözlərinin abbreviaturasına uyğun “Adidas”, “Ruda” “Puma” adlandırılır. Beləcə, dövrünün məşhur “Dassler” brendi məhv edilir. Bazarda isə iki qardaşın bir-birinə rəqib markası yaranır.

Heç kəs niyə danışmadıqlarını bilmir

Dassler qardaşları ömürlərinin sonunadək küsülü qalır. Onların davalarnın səbəbi heç kəsə bəlli olmur. Deyilənlərə inansaq, Rudi qardaşının onu əsirlikdən qurtarmamasını bağışlaya bilmir. Lakin bu bir versiyadır. Bəlkə də, qardaşlar atalarnın sərvətini bölüşdürə bilməmişdilər. Bütün hallarda gerçək səbəb məlum deyil.

Ailə biznesini ucuz satırlar

1978-ci ildə Adolf Dassler insult keçirərək vəfat edir. A.Dasslerin şəxsi keyfiyyətlərini xarakterizə edənlər onun haqqında belə deyirlər: “Onun üçün kommersiya uğuru ikinci sırada dayanırdı. Birinci yerdə daim idmana olan sonsuz məhəbbəti gəlirdi. Çox aktiv biri idi. 75 yaşında tennis oynayır, üzgüçülüklə məşğul olurdu. Ömrünün sonunadək biznesini özü idarə etdi. Vəfat etdikdə 5 övladına dövriyyəsi 500 milyon dollardan yüksək olan, ilə 150 model və 45 milyon cüt ayaqqabı, aksessuar, geyim istehsal edən şirkət buraxdı”.

Maraqlıdır ki, öz qardaşı ilə sərvət üstündə dava aparan Adi kimi, övladları da ailə şirkətini qoruyub saxlaya bilmirlər. “Adidas”a hökmranlıq üstündə 10 ilə yaxın davam edən mübarizənin sonucunda şirkəti çox ucuz qiymətə – 390 milyon dollara satırlar.

“Adidas” bu gün

1949-cu il avqustun 18-də "adidas AG" (birinci hərf kiçik yazılır – red.) olaraq qeydiyyatdan keçirilən “Adidas”ın hazırda tam adı “Adidas-Salomon AG”dır. 1993-cü ildə şirkət fəaliyyətində əsaslı dönüş edir. Belə ki, istehsalı Almaniyanın hüdudlarından kənara çıxararaq, insan əməyinin ucuz olduğu Çin, Tailand, İndoneziya kimi ölkələrdə fakriklər açır. 1997-ci ildə “Adidas AG”ni Fransanın “Salomon” şirkəti satın alır. Beləliklə “Adidas” AG “Adidas-Salomon AG”ya çevrilir. Son məlumatlara əsasən, şirkətin Almaniyada 8 müəssisəsi və Fransa, Böyük Britaniya, ABŞ, Kanada, CAR daxil olmaqla digər ölkələrdə 25 alt müəssisəsi fəaliyyət göstərir.

2009-cu ilə qədər brend aşağıdakı ticarət nişanlarını birləşdirib:

“Adidas” - yüngül atletika, Amerika futbolu, tennis, fitnes, futbol, basketbol, idman yerişi və bir çox digər idman növləri üzrə geyim, ayaqqabı və aksessuarlar.

“Salomon” - dağ xizəyi və təchizatı. (2008-ci ilin II yarısından etibarən “Adidas Ltd”nin tərkibindən çıxmışdır.)

“Mavic2 - velosiped üçün hissələr.

“Bonfire Snowboarding Company” - snoubordlar, idman ləvazimatı.

“Arc`Teryx”.

“Maxfli”.

Hal-hazırda “Reebok” (“Adidas”ın keçmiş rəqibi, idman geyim və ayaqqabılarının istehsalı üzrə ixtisaslaşıb), “Rockport 9” klassik və gündəlik ayaqqabılar), “CCM” (hokkey üçün ləvazimatı), “Taylor Made Golf” (qolf ləvazimatı) kimi brendlər “Adidas”a məxsusdur. Şirkətin 2008-ci ildə dövriyyəsi 10 799,0 milyon avro, əməliyyat mənfəəti 1 070,0 milyon avro, təmiz mənfəəti 642,0 milyon avro olub. Əməkdaşların sayı 38 980 nəfər təşkil edib.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR