Səhnədə təxribata məruz qalan aktyor: “Badalaq vurub yıxdılar”- MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Səhnədə təxribata məruz qalan aktyor: “Badalaq vurub yıxdılar”- MÜSAHİBƏ/FOTOLAR

Son vaxtlar komediya filmlərində tez-tez görünənlərdən biri də tanınmış aktyor Natiq Fərzəliyevdir. Bəzi həmkarları kimi gənclərin ərsəyə gətirdikləri filmləri qamçılamadı. Əksinə onlara dəstək verdiyini bildirdi.

Publika.az-a danışan aktyor bu filmlərə görə aldığı qonorarın məbləğini də açıqladı.

- Nəhayət ki, sizi də artıq kommersiya filmlərində gördük… Çox vaxt tanınmış aktyorların gənclərin çəkdiyi filmlərə münasibəti birmənalı olmur, buna görə mənə maraqlı gəldi…

- Əslində aktyor üçün əsas olan rolsuz qalmamaqdır. İş olan yerdə həmişə söz-söhbət də olur. Təki filmlər çəkilsin, yaxşı-pis olması barədə sonra danışarıq. Elə biz baltalamağı öyrənmişik. Bilmirik film necədir, başlayırıq onu pisləməyə. Pis odur ki, film çəkilməsin. Məgər Türkiyədə çəkilən filmlərin hamısı uğurlu alınır, əlbəttə yox. Bizdə də çəkiləcək, süzgəcdən keçəcək. Əsas odur ki, gənclər bu işdə fəaldır.

- Gənclərin ərsəyə gətirdikləri neçə filmə çəkilmisniz?

- İki-üç filmə çəkilmişəm, davamı da gələr.

- Dəvət alanda daha çox nəyə önəm verirsiniz?

- Mənim saqqızımı tez oğurlayırlar. Bax elə, çəkildiyim “Biznesmen” filminə əvvəl razılıq vermirdim. Rejissor Nail Naiboğlu mənə zəng edəndə dedi ki, müəllim, mənim sənə ehtiyacım var, çəkilsən də sağ ol, çəkilməsən də. Mən də bu sözün qarşısında etiraz edə bilmədim.

- Filmlərdən aldığınız qonorar ürəyinizcədirmi?

- Təəssüf ki, bizdə hələ o sistem oturuşmayıb. Elə imkanları nəyə çatırsa, onu da verirlər. Olmayan yerdən buna da şükür.

- Son illərdə çəkilən komediya filmləri içərisində ən çox qonorar aldığınız film hansı olub?

- Əslində hamısından qonorar almışam e, amma onlara qonorar demək mümkünsə.

- 300-500?

- Elə minimal rəqəm.

- Aktyorun çörəyi bu gün daha çox nədən çıxır?

- Kommersiya filmlərindən, tamadalıqdan. İndi müğənnilər tamadalığı da özləri edir, orda da çörəyimizi əlimizdən alıblar.

- Siz də tamadalıq edirsiniz?

- Əvvəllər edirdim. Son vaxtlar əsəblərim tab gətirmədiyi üçün getmirəm. Toy idarə etmək insandan səbir, hövsələ tələb edir. Çoxları elə bilir ki, əşi tamadadır də, nə çətin işdir ki? Əslində çox çətin, əziyyətli işdir. İnsan qazandığı pulun müqabilində xəstəlik qazanır.

- Natiq müəllim, bu gün efirlərdə saysız-hesabsız yumorlu şoular nümayiş olunur. Bəyənirsinizmi?

- Mən Novruz bayramı ərəfəsində telekanalları izlədim, verilişlərin hamısı bir-birini təkrarlayırdı. Elə yumoristik verilişlərdə də təkrarçılıq çoxdur. Bayağı yumor insanı bezdirir. Söz yox ki, onların arasında istedadlı uşaqlar da var. Mən özümü onlarla müqayisə də etmək istəmirəm. Əsas odur ki, başlarını aşağı salıb, işlərini görürlər. Həm də pullarını qazanırlar. Heç onlara pis də baxmıram, bacarana can qurban.

- Bəs siz özünüz rahat yolla pul qazanmadığınıza görə peşmansınız?

- Mən də bunu bacararam. Sadəcə olaraq mən peşəkar işlə məşğul oluram. Dövlət Teatrında çalışıram. Ən əsası şou adamı deyiləm. Eyni zamanda da xarakterim buna imkan vermir. Oynadığım obrazlarda da şitliyə çox yol vermirəm. Gərək adamın canında-qanında olsun ki, bunu bacarsın.

- Heç rejissor tamaşanın maraqlı və gülməli olması üçün sizi nəyəsə məcbur edib?

- Yox, qətiyyən. İş prosesində artıq bilmişəm hansı rolu necə oynayacağam. Rejissorla qabaqcadan razılaşıram. Əgər orda şitlik varsa, imtina edirəm. Ola bilər kimsə buna razılıq versin, amma mənlik deyil.

- Sizin üçün səhnədə tərəf-müqabilinin kimliyi önəmlidir?

- Təbii. Tərəf müqabilinin ikisindən biri əgər rolu zəif oynayırsa, mütləq tamaşaçı bunu görəcək, ziyan hər iki tərəfə dəyəcək. Amma hər iki tərəf rolu uğurlu oynasa, tamaşaçı da tamaşanı sevəcək. Tərəf müqabili digərinə uğurlu pas atmalıdır.

- İndiyə qədər oynadığınız tamaşalarda ürəyinizcə olan tərəf müqabilləriniz kimlər olub?

- Xalq artistləri, görkəmli sənətkarlarımız Hacıbaba Bağırov, Siyavuş Aslan, Yaşar Nuri kimi sənətkarlarla səhnədə tərəf müqabili olmuşam və buna görə özümü xoşbəxt sayıram. Onlar ayrı aləm idi. Səhnəyə çıxanda zal dağılırdı, alqış səsindən qulaq tutulurdu.

- Heç səhnədə ekstrim vəziyyətlərlə qarşılaşmısınız?

- Elə hadisələr çox olub. Bəzən səhnədə qəfil gülmək tutub, özümü güclə saxlamışam. Bəzən aktyor yoldaşlarımın təxribatlarına tuş gəlmişəm. Zarafatyana badalaqlar vurublar. Səhnədə maraqlı hadisələr çox olur, indi xatırlaya bilmirəm.

- Buna görə aranızda sonradan inciklik yaşanıb?

- Əlbəttə yox, elə səhnədəcə barışmışıq gedib. Bütün bunlar tamaşa gedə-gedə baş verib, tamaşaçı hiss etməyib. Bəlkə də tamaşanı daha da maraqlı edib.

- Ümumiyyətlə, zarafatla aranız necədir?

- Məni tanıyan dostlarım da bilir ki, həyatda da, səhnədə də şitliyi sevən adam olmamışam. Deyib-gülməyi xoşlayıram, amma həddində. Şişirdilmiş zarafatlar mənlik deyil. Ümumiyyətlə, belə məsələlərdə məsafə saxlayıram. Əslində həmişə insanlarla məsafə saxlamaq lazımdır. Lap sənət dostun olsa da belə. Çünki o məsafə daraldıqca insanların münasibəti də dəyişir. Mən hər kəslə baryer saxlayıram və heç vaxt kiməsə bu baryeri aşmağa icazə vermirəm. Əks halda, bunun nəticəsi yaxşı olmur. İnsanlar səmimiyyətdən çox vaxt istifadə edir.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm