72 min sakinin yolundakı təhlükə aradan qaldırılır - FOTO/VİDEO
Bizi izləyin

Nəqliyyat

72 min sakinin yolundakı təhlükə aradan qaldırılır - FOTO/VİDEO

Binəqədi-Novxanı-Corat yolunun tikintisi artıq yekunlaşmaq üzrədir. Yol boyu son tamamlanma işləri görülür.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, avtomobil yolunun eni 12 metrə qədər genişləndirilib. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdır.

14 km uzunluğunda olan avtomobil yolunun 8 km-lik Binəqədi və Novxanı qəsəbələrini birləşdirən hissəsi artıq tam şəkildə yenidən qurularaq sürücülərin istifadəsinə verilib. Ümumilikdə yolun sözügedən hissəsinin təqribən 100 min m2 sahəsinə 2 və 3 qat olmaqla yeni asfalt-beton örtük döşənib, zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1.2 km-lik hissəsində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Binəqədi-Novxanı-Corat avtomobil yolunun Novxanı qəsəbəsindən keçən qalan 6 km-lik hissəsində isə aparılan təmir-tikinti işləri isə son mərhələdədir.

Hazırda ərazi boyu piyada səkilərinin tikintisi, yeni səki daşlarının düzülməsi və asfalt-beton örtüyünün sonuncu layının döşənməsi işləri aparılır ki, bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə layihə boyu 150 min m2-dan çox əraziyə 2 və 3 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Layihə çərçivəsində yolun 1.3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. Bundan başqa Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülər də əsaslı şəkildə yenidən qurularaq eni 7 m-dən 12.5 m-ə qədər genişləndirilib, kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün bir-neçə yerdə xüsusi boruların quraşdırılması işləri aparılıb.

Qeyd edək ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılacaq, 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm