İsa Qəmbərlə Rauf Arifoğlu arasında qalmaqal: “Bu ssenari sizə sərf edir”
Bizi izləyin

Nida.az

İsa Qəmbərlə Rauf Arifoğlu arasında qalmaqal: “Bu ssenari sizə sərf edir”

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyadan istefa verməsinə və “Əməkdar jurnalist” fəxri adı almasına münasibət bildirib.


Publika.az xəbər verir ki, sabiq başqan prosesin kifayət qədər şəffaf getdiyini deyib: “Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, xüsusən də partiyadan çıxmasını ətraflı izah edib”.


İ. Qəmbər daha sonra R. Arifoğlunun mükafat almasını Prezident İlham Əliyevlə barışmaq kimi qiymətləndirib və bunun hakimiyyətlə barışığa getmək olduğunu deyib.

Sabiq başqan barışıq adlandırdığı bu prosesi sərt tənqid də edib.


Rauf Arifoğlunun qardaşı, “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxan isə sosial şəbəkə üzərində İsa Qəmbərə sərt cavab verib.


“Bir öz barışdıqlarınıza baxın bu günə kimi, bir bizim barışdığımıza. Rəsul Quliyevdən, Lalə Şövkətə, Əli İnsanovdan Gültəkin Hacıbəyliyə, Rəhim Qazıyevdən Etibar Məmmədova, Rüstəm İbrahimbəyovdan Əli Ömərova kimi onlarca hakimiyyət tərəfdarına qucaq açmısınız. Bu adamları Heydər Əliyev və İlham Əliyevlər dövlətə sözün birbaşa və dolayı mənasında güllə sıxdıqlarına görə, siyasi dönüklük etdikləri üçün vəzifədən, təmsil olunduqları postlardan qovub. Onlar qovduqca siz həmin adamların reabilitasiyasını icra edib yenidən siyasi həyata döndərmisiniz. Siz bu korrupsionerlərlə barışanda biz bunu milli xilas kimi təqdim edib sizi tarixi qınaqdan qorumağa çalışmışıq. Siz isə bizim dövlətin 1-ci şəxsi ilə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiniz. “Bu, hakimiyyətlə barışmaqdır” deyib Dədə Qorqudluq iddiasına düşürsünüz”, - deyə A. Ayxan vurğulayıb.


O, ad çəkmədən “Yaxşı, indi neynəyək, dövlətlə düşmənçilik edək?” deyə İsa Qəmbərə sual ünvanlayıb: “Təbii, bu ssenari sizə sərf edir. Çünki biz hakimiyyətlə sizin də yerinizə vuruşaq, həbsxanaya düşək, siz də bəyanat verəsiniz ki, hakimiyyət daha bir jurnalisti həbs etdi. Arada siz də girin də həbsxanaya, qorxmayın, o qədər də qorxulu yer deyil. Həm də zatən əlinizdən bir iş gəlmir, heç olmaya, məhbəs xatirəniz olsun. Gələcəkdə nəvələrinizə danışmağa nəsə tapasınız”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm