Rusiyaya qarşı Uels sammiti: Bakıdan nə istəyəcəklər?
Bizi izləyin

Nida.az

Rusiyaya qarşı Uels sammiti: Bakıdan nə istəyəcəklər?

Sentyabrın 4-5-də NATO-nun Uels sammiti geosiyasi mənzərədə yeni dəyişikliklərə səbəb ola bilər. Belə ki, sammitə Rusiya dəvət olunmayıb, əvəzində post-sovet məkanından bir sıra hörmətli qonaqlar tədbirə qatılacaq.

Publika.az xəbər verir ki, Rusiyanın “Politrus” nəşri sammitdə Gürcüstanın iştirakına xüsusi diqqət çəkir.

Bir sıra ekspertlər hesab edir ki, Uels sammitində Tiflisin NATO üzvlüyünə yolunu açacaq Fəaliyyət planı ala bilər. Bəzi ekspertlər isə bunun əksini deyir. Əks yanaşmaya görə, NATO Tiflisə boş vədlər verir və bu gürcü hərbçilərdən dünyadakı qaynar nöqtələrdə ABŞ-ın xeyrinə istifadə etmək məqsədi daşıyır.


Gürcüstan üzrə Rusiya Tədqiqatlar Mərkəzinin rəhbəri Vitali Arkov hesab edir ki, Uels sammiti Rusiya və Gürcüstan hakimiyyəti üçün xoşagəlməz sürprizlər gətirə bilər. “İndiki gürcü rəhbərliyi tamamilə ABŞ-ın qanadı altına keçmək və yenidən “Kreml ayısına” sataşmaq istəmir. NATO-Tiflis yaxınlaşması Moskvanın sərt reaksiyasını qaçılmaz edir. Mən 2008-ci il müharibəsinin yenidən təkrarlanacağını düşünmürəm. Əksinə, bu dəfə siyasi və iqtisadi rıçaqlar işə düşəcək, bu isə “Gürcü arzusu” koalisiyasının gələcəyini sual altına qoyur. Buna görə də gürcü tərəfi ara vasitəçiləri ilə Moskvanı inandırdı ki, NATO-a qarşı real addımlar atmayacaqlar. Həm də Tiflis Qərblə münasibətləri açıq şəkildə korlamaq istəmir. Ukraynada faciəli avromeydan, o cümlədən Saakaşvilinin “qızılgül inqilabı” nümunəsi var. Buna görə də gürcü hakimiyyəti Gürcüstan-NATO komissiyası çərçivəsində coşqun fəaliyyəti təlqin etməkdə davam edir, məşhur Qafqaz qonaqpərvərliyini nümayiş etdirir”.

Uels sammiti Bakı üçün də olduqca önəmlidir. Çünki Qərb siyasətçiləri bu sammitdə Rusiyaya qarşı atılacaq addımları müzakirə edəcək. Bir sıra ekspertlər belə hesab edir ki, Rusiya əleyhinə toplantıda Bakının təmsil olunması gərgin geosiyasi vəziyyətdə təhlükəli hesab oluna bilər.


Lakin NATO-nun Bakı İnstitutunun rəhbəri Fərrux Məmmədov belə düşünmür.

Publika.az-a açıqlamasında institut rəhbəri bildirib ki, sammitə tərəfdaş və üzv ölkələrin hər biri dəvətlidir.

Onun sözlərinə görə, bu günə qədər Azərbaycan bütün sammitlərdə dövlət başçısı səviyyəsində təmsil olunub: “Düşünürəm ki, bu dəfə də belə olacaq. Azərbaycan NATO qoşunlarının Əfqanıstandan çıxarılma prosesində, yüklərin daşınmasında tranzit ölkə kimi mühüm rol oynayır. Xüsusilə, indiki halda bu mövzu aktualdır. NATO-nun Rusiya ilə münasibətlərə tamamilə son qoyması və hətta tərəfdaşlığın dayandırılması Azərbaycanın tranzit məsələsində önəmini artırıb. Bütün bunlar sammitdə müzakirə olunacaq”.

Qeyd edək ki, bir sıra ekspertlər də Əfqanıstandan çıxarılan koalisiya qoşunlarının Azərbaycan üzərindən çıxarılması məsələsinin müzakirə olunacağını qeyd edirlər. Xüsusilə, ABŞ hərbi texnikasının Əfqanıstandan çıxarılmasında “Qafqaz dəhlizi” gündəmdədir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm