Elxan Süleymanov: “Gənc demokratiyanın stabilliyini poza bilərlər”
Bizi izləyin

Nida.az

Elxan Süleymanov: “Gənc demokratiyanın stabilliyini poza bilərlər”

“Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanın tənqid edildiyi Avropada qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti haqqında məruzəsi qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsi zamanı şəffaflıq prinsipini nəzərə almır”.


Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun “prnewswire.com” saytında yerləşdirilmiş məqaləsində deyilir.


Onun sözlərinə görə, AŞPA-nın məruzəsi bu sahədə baş verənlərin tam mənzərəsini əks etdirmir: “Bəzi beynəlxalq QHT-lərin “siyasi məhbuslar” məsələsinə gəldikdə, AŞ PA Hüquqi məsələlər və insan haqları üzrə komissiyanın məruzəçisi Pedro Aqramunt tərəfindən hazırlanan digər məruzəni gözləməlidir”.


Deputat hər iki məruzənin yekununun Azərbaycanda QHT-lərə vahid yanaşmanın hazırlanması baxımından vacibliyini qeyd edib. Onun sözlərinə görə, “Siyasi məhbuslar”ın əksəriyyəti vergidən yayınma və qanunsuz sahibkarlıq ittihamları ilə azadlıqdan məhrum ediliblər: “Vergidən yayınma məsələsi bir çox hallarda onların xaricdə fəaliyyətləri zamanı maliyyələşdirmə faktlarının gizlədilməsi ilə bağlıdır. Azərbaycan yerli QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsinin şəffaf xarakter daşımasına can atır. Bu qayda AŞPA-ya üzv olan bütün ölkələrə münasibətdə qüvvədədir”.


Deputat QHT-lərin tərtib etdikləri “siyasi məhbuslar” siyahısının siyasi məna kəsb etdiyini və hüquqi qüvvəyə malik olmadığını bildirib.

Onun fikrincə, QHT-lər xaricdəki “havadarların” köməyi ilə gənc demokratiyanın stabilliyini poza bilər: “Yetkin demokratiyalara bunu xatırlamaq lazımdır. Nə üçün kiçik ölkələrdəki fəallar xaricdəki donorlardan belə böyük qrantlar alırlar? Bu məsələni məruzəçi Aqramunt da qaldırıb”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm