Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın notasına cavab verdi
Bizi izləyin

Nida.az

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın notasına cavab verdi

Ukrayna Xarici İşlər Nazirliyi jurnalistləri idarənin tövsiyələrinə qulaq asmağa və Azərbaycan Respublikasının ərazisinə giriş qaydalarına hörmət etməyə çağırıb.

Publika.az-ın “ukrinform.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Yevgeni Perebiynis Azərbaycanın Ukraynadakı səfirliyinin notası ilə əlaqədar şərhində bildirib.

“Biz əlbəttə, Azərbaycan tərəfinə məlumat verəcəyik ki, bizim saytımızda sözügedən regiona səfərlərlə bağlı tövsiyələr var. Aydın yazılıb ki, bu regiona səfər təşkil etmək üçün Azərbaycan dövlət orqanlarının razılığı mütləq lazımdır. Biz həmişə bütün jurnalistləri bu normalara tərəfdar olmağa çağırırır", - Y.Perebiynis deyib.

Eyni zamanda Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, “1+1” özəl kanaldır və özəl kanallara hansısa təlimatlar vermək səlahiyyətində deyillər: “Amma hər halda biz bütün jurnalistləri bu normalara tərəfdar olmağa çağırırıq. Müvafiq olaraq mövqeyimizi kanalın rəhbərliyinə də çatdıracağıq".

Ukraynanın Xarici İşlər Nazirliyinin saytında məsələ ilə bağlı bəyanat yerləşdirilib. Bəyanatda vurğulanıb ki, Ukrayna Azərbaycanın beynəlxalq tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir: “Telekanalın nümayiş etdirdiyi videosüjeti Ukrayna televiziya kanalının jurnalistlərinin şəxsi fikirləri kimi hesab etmək lazımdır".

Xatırladaq ki, Azərbaycan Ukraynadakı səfirliyi bu ölkənin “1+1" televiziya kanalının 23 noyabr 2014-cü il tarixində efirə verdiyi "15 respublika" verilişi ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinə nota verib. Notada televiziya kanalının Azərbaycanın ictimai-siyasi sisteminə, müstəqillik illərində əldə etdiyi nailiyyətlərə qara yaxmağa çalışan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini və səbəblərini təhrif edən "15 respublika" verilişinin yayımlanmasına toxunulub. Notada Azərbaycan torpaqlarının 20 faizini iyirmi ildən çox işğal altında saxlayan, orada etnik təmizləmə aparıb yüz minlərlə vətəndaşımızı qaçqın və məcburi köçkünə çevirən işğalçı Ermənistan və onun müdafiə etdiyi Dağlıq Qarabağdakı separatçı rejimin mədh edildiyi, Azərbaycanın isə qərəzli şəkildə aşağılandığı vurğulanıb. Səfirlik notasında müraciətində adı çəkilən televiziya kanalına müvafiq təsir göstərilməsini, Azərbaycan Respublikasına və onun vətəndaşlarına münasibətdə təhqir və böhtana yol vermiş jurnalistlərin tənbeh edilməsini xahiş edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm