VHP-dən Eldar Namazova ağır ittihamlar: “Hardan çıxdı, bilinmir”
Bizi izləyin

Nida.az

VHP-dən Eldar Namazova ağır ittihamlar: “Hardan çıxdı, bilinmir”

“Eldar Namazov Milli Şuradan daha çox öz maraqları: gündəmə gəlmək və məşhurlaşmaq üçün istifadə etdi”.


“Eldar Namazov Milli Şuradan daha çox öz maraqları: gündəmə gəlmək və məşhurlaşmaq üçün istifadə etdi”.

Bu barədə Vətəndaş Həmrəyli Partiyasının Ali Məclisinin sədri, Milli Şura üzvü Rafiq Manaflı Publika.Az -a açıqlamasında “El” hərəkatının sədri Eldar Namazovun ona qarşı ittihamlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, heç nə yaddan çıxmayıb: “Hamı elə bilir ki, dünən olanlar dünəndə qaldı, lakin heç nə yaddan çıxmayıb. Mən bilirəm ki, Eldar Namazov Milli Şuraya nə üçün gəlmişdi və nə üçün getdi. Sadəcə olaraq əvvəlcə hər şey onun əlindən keçirdi, o monopoliyaya almışdı. Hətta Rüstəm İbrahimbəyovla əlaqə yaratmaq üçün də mütləq ona müraciət edilməli idi. Amma sonra vəziyyət dəyişdi, vahid namizəd Cəmil Həsənli oldu və Eldar Namazov təsirlərini itirdi. Ona görə də Milli Şuradan getdi. İndi də başlayıb əvvəl bir yerdə olduğu insanlara qarşı kampaniya aparmağa. Bu, şantaj və şər-böhtandır. Mən siyasətə dünən gəlməmişəm, nə də imicim bir -iki ildə formalaşmayıb. 20 ildir bu proseslərin içindəyəm. Mən dünən ortaya çıxmamışam. Eldar Namazov kim idi?”.

R. Manaflı R. İbrahiombəyovun Milli Şuraya yardımlarının da E. Namazov vasitəsilə verildiyi məsələsinə münasibətində deyib ki, o, bununla bağlı dəqiq məlumatlı deyil.“Bir dəfə gənclərin həbsi və qəzetlərin bağlanması ilə bağlı Rüstəm İbrahimbəyov pul göndərmişdi. Onu da qeydə aldılar. Ola bilsin ki, aralarında hansısa pul məsələsi, yaxud Milli Şuraya köməklik olub. Bunu dəqiq bilmirəm. Mən bildiklərimi deyirəm”-deyə VHP rəsmisi qeyd edib.

Özünün Milli Şuraya İctimai Palatadan gəldiyini deyən VHP funksioneri qeyd edib ki, “El” də, Eldar Namazov da hardan çıxdı, bilinmir. R. Manaflı günahı E. Namazovu Milli Şuraya gətirənlərdə görür: “Mən əvvəldən də demişəm ki, “El” hərəkatı sabun köpüyüdür, bir neçə nəfərdən başqa orda heç kim yoxdur. Amma elə danışırdılar ki, guya Milli Şuranı onlar yaradıb, onlar ayaq üstə saxlayırlar. Bəs sonra nə oldu? Maraqları təmin olunmayan kimi dağılışdılar”.

Qeyd edək ki, E. Namazov Rafiq Manaflını ağzına gələni danışmaqda ittiham edib, VHP-nin isə hakimiyyətə işlədiyini deyib.

“2013-cü il prezident seçkisi kampaniyası başlayanda Rafiq Manaflı bildirib ki, VHP-nin seçki komissiyalarında üzvlərinin hamısını hakimiyyət təyin edir. Rafiq Manaflı dedi ki, heç biz özümüz də bilmirik onlar kimlərdir, bunu nəzərə alıb bizə ümidli olmayın. Həqiqətən də mən Ağstafada, Qazaxda, Tovuzda Milli Şuraya daxil olan partiyaların 200-ə yaxın üzvünün iştirakı ilə toplantı keçirəndə bəlli oldu ki, VHP-nin rayon şöbələrinin rəhbərləri də tanımırlar ki, yerli hakimiyyət kimləri VHP adından seçki komissiyalarına daxil edir. İndi bu partiyanın vəzifəcə ikinci adamı “EL” Hərəkatı haqqında ağzına gələni danışır. Günah onlarda deyil. Günah onları gətirib Milli Şuranın başında oturdanlardadır”-deyə o bildirib.

R. Manaflı isə bu ittihamlara cavabında bildirib ki, o belə bir söz deməyib, Eldar Namazov yalan danışır: “O yenə şər atmaqla məşğuldur. Mən öz partiyam haqqında bu sözləri necə deyə bilərəm. Məsələ belə olub ki, seçkiqabağı Milli Şurada komissiyaların tərkibi ilə bağlı müzakirələr aparılanda bildirmişəm ki, bizim partiyanın ölkənin əksər bölgələrinə təşkilatları var. Lakin təşkilatlarımız olmayan yerlərdə hakimiyyətin tapşırığı ilə kimlərsə VHP-nin adından danışa bilərlər. Yəni ehtiyatlı davranmaq lazımdır. Eldar Namazov əvvəlcə Cəmil Həsənlini ittiham etdi, cavabını verdim. Sonra mənə qarşı gəldi, mən də cavabını verdim. Bundan sonra Eldar Namazov adlı şəxs məni maraqlandırmır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm