• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanda dini vəziyyət qiymətləndirildi

  • Nida.az
  • 22 Dekabr 2014 19:38
  • 385 Baxış
Azərbaycanda dini vəziyyət qiymətləndirildi

Bu gün Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2014-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Trend-in Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı ilə yanaşı, bölgə şöbə müdirləri də iştirak ediblər.


Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, 2014-cü ili ümumilikdə ölkəmiz üçün müsbət qiymətləndirib, cari ilin Komitə üçün çox məhsuldar olduğunu vurğulayıb. O, maarifləndirmə məqsədi ilə keçirilən və ölkənin bütün regionlarını əhatə edən silsilə tədbirlərin, beynəlxalq konfransların milli-mənəvi və dini dəyərlərimizin, həmçinin Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Dövlət Komitəsinin Əsasnaməsinə edilən əlavə və dəyişikliklər, eyni zamanda, dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı vəsaitin ayrılması ölkəmizdə dinə dövlət qayğısının bariz nümunəsidir. Lakin bütün bunlar Dövlət Komitəsinin əməkdaşlarının hüquq və vəzifələri ilə yanaşı, məsuliyyətini də artırır.


Müşavirədə bölgə şöbə müdirlərinin illik hesabatları dinlənilib. Qeyd olunub ki, son aylarda Dövlət Komitəsinin bölgələrdə həyata keçirdiyi maarifləndirmə tədbirlərinin çox böyük əhəmiyyəti var və insanlar bu cür tədbirlərin növbəti ildə də davam etdirilməsini arzu edirlər.


Daha sonra Dövlət Komitəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olub. Qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib. Müşavirə iştirakçıları qeyd ediblər ki, dövlətin din siyasətinin həyata keçirilməsində, radikal dini qrupların ideyalarının yayılmasının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlərin görülməsində, ölkəmizin tolerant mühitinin qorunub saxlanmasında, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi işinin təşkilində bundan sonra da üzərilərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəklər.


Müşavirənin sonunda Dövlət Komitəsinin sədri M.Qurbanlı Komitə əməkdaşlarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara xoş arzularını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR