Etibar Məmmədov: “20 yanvardakı fəaliyyətimə görə gizlənməmişəm” – MÜSAHİBƏ (FOTOLAR)
Bizi izləyin

Nida.az

Etibar Məmmədov: “20 yanvardakı fəaliyyətimə görə gizlənməmişəm” – MÜSAHİBƏ (FOTOLAR)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, tanınmış siyasətçi Etibar Məmmədovun Publika.az-a müsahibəsi:

– 20 Yanvar faciəsinin 25-ci ildönümünü qeyd edirik. Siz o zaman Milli Azadlıq Hərəkatının liderlərindən biri idiniz. O illəri necə xatırlayırsınız?

– Əvvəla, həmin dövrdə baş verən hadisələri düzgün və obyektiv qiymətləndirmək lazımdır. 20 Yanvar faciəsi, ondan əvvəlki və sonrakı hadisələr Azərbaycan tarixində həlledici mərhələ oldu. Yəni, 20 yanvar 1990-cı ildə baş verən hadisələr milli şüurumuzda Azərbaycanın dövlət müstəqilliyinə və milli azadlığına inamlı bir keçid yaratdı, Azərbaycan xalqının müstəqillik qazanmaq istəyi qətiləşdi və ümummilli ideyaya çevrildi. Əgər 20 Yanvar faciəsinə qədər xalqın bir hissəsində müstəqil dövlət olmaqla bağlı hansısa tərəddüd var idisə, qətliamından sonra əhalinin tam əksəriyyəti Azərbaycanın müstəqil dövlət olmaq arzusunu öz şəxsi arzusuna çevirmiş oldu. Bu baxımdan da 20 Yanvar faciəsi Azərbaycan tarixinə də həlledici məqam olaraq düşdü.

Həmin dövrdə SSRİ-yə xidmət edən bir çox vəzifəli şəxslər var idi ki, sonradan 20 Yanvar faciəsi və Milli Azadlıq Hərəkatının əhəmiyyətini azaltmaq üçün ortalığa müxtəlif versiyalar atdılar, hadisələrdə iştirak edən şəxslərin guya aldadılması və həlak olanların təsadüfü qurbanlar olması fikirlərini irəli sürdülər. Hətta, Milli Azadlıq Hərəkatı iştirakçılarını ittiham etməkdən belə çəkinmədilər. Bütün bunlara baxmayaraq, 20 Yanvar faciəsi ümummilli ideyanın formalaşmasında həlledici gün kimi Azərbaycan tarixinə düşdü. Bunun nəticəsidir ki, hər il yanvarın 20-də heç bir çağırış və məcburiyyət olmadan yüz minlərlə vətəndaşımız Şəhidlər Xiyabanına gedib şəhidlərimizi yad edir.

– Etibar bəy, Sizin 1990-cı il yanvarın 25-də həbs olunmağınızda günahkar və iştirakçı kimi keçmiş prezident Ayaz Mütəllibovun və Azərbaycan Xalq Cəbhəsinin (AXCP) yaradıcılarından biri Hikmət Hacızadənin adı hallanır. Bu, nə qədər doğrudur?

– İlk olaraq onu qeyd edim ki, o dövrdə mənim həbsimə bilavasitə qərar verən SSRİ-nin hüquq-mühafizə orqanları rəhbərləri idi. Çünki o zaman SSRİ rəhbərliyi özlərini bir çox hadisələrdən sığorta etmək üçün təhlükə gördükləri adamların dərhal təcrid və həbs olunmasın tələb edirdilər. O zaman Ayaz Mütəllibov Azərbaycan Kommunist Partiyasının yeni birinci katibi təyin olunmuşdu. Təbii ki, mənim həbsim barədə onun məlumatı vardı. Ancaq məncə, bu həbs bilavasitə onun göstərişi ilə baş vermiş hadisə deyildi.

Hikmət Hacızadə ilə bağlı məsələ isə belədir ki, o həmin dövrdə Azərbaycanın daimi nümayəndəliyinə telefonla zəng edərək bildirmişdi ki, Etibar Məmmədovun heç bir səlahiyyəti yoxdur və hər hansı məsələnin müzakirəsində iştirak edə bilməz. Ancaq onun mənim həbsimlə bağlı hər hansi hərəkətinin olmasını düşünmürəm. Çünki bununla bağlı qərar verən şəxslər başqa səviyyədə idilər.

– Sizin həbsinizdə başqa kimlərin əli var idi?

– Mən konkret deyə bilmərəm ki, həbsimdə kimlərin günahı var idi. Burada kiminsə əlinin olub-olmamasından söhbət gedə bilməz. Sadəcə olaraq, mən sizin bu şəxslərlə bağlı verdiyiniz suala cavab olaraq dedim ki, onlardan birinin mənim həbsimlə heç bir əlaqəsi ola bilməz, digərinin isə ölkə rəhbəri kimi bundan məlumatlı olduğunu bilirəm. Yəni, Ayaz Mütəllibovun xəbəri və ya münasibəti olmadan mənim həbsimlə bağlı bu cür addım atıla bilməzdi. Ancaq mən burada heç kəsi günahlandırmıram. Çünki mənə qarşı hər hansı şər atılmayıb, sadəcə olaraq fəaliyyətimə görə SSRİ rəhbərliyi tərəfindən cəzalandırılmışdım. Mən bu fəaliyyətimə görə də heç zaman gizlənməmişəm və hər hansı bəraət axtarmamışam. Mən nə etmişəmsə, bunu etməkdə haqlı olduğumu bildirmişəm.

– 20 yanvar hadisələrində və həmin ərəfədə baş verən proseslərdə xalqa rəhbərlik edən şəxs kimi Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin adı hallanırdı...

– Şeyx o zaman bir çox məsələlərdə hamının birləşəcəyi simaya çevrilmişdi. Həmin vaxtı Azərbaycanın siyasi və dövlət rəhbərliyi iflic olmuş vəziyyətdə idi. Onlar hər hansı addım atmaqdan və məsuliyyəti üzərlərinə götürməkdən çox qorxurdular. Yəni, Azərbaycanın bütün dövlət strukturları da iflic olmuşdu. Belə bir məqamda Şeyx məsuliyyəti üzərinə götürdü, xalqa müraciət etdi və Mixail Qorbaçovu da baş verən hadisələrə görə ittiham elədi. Bütün bunlar çox təqdirəlayiq hal idi və buna görə ona xüsusi minnətdar olmalıyıq.

– Sizin həbsdən azad olunmağınızla bağlı Şeyxin hər hansı çağırışı var idimi?

– Hesab etmirəm ki, bu cür çağırışların olması və yaxud olmaması ilə bağlı məsələni müzakirə etməliyik. Çünki o zaman həbs olunanların müdafiəsi ümummilli prosesə çevrilmişdi. Yəni, həbs olunanların azad olunması ilə bağlı SSRİ rəhbərliyinə müraciətlər olunurdu. Təbii ki, başda da birinci mənim adım var idi. Hamı da bu cür tələblə çıxış edirdi, rəsmi və qeyri-rəsmi çıxışlar olurdu, hamı çalışırdı ki, nə isə yardımı olsun.

Mənim həbsimə hamının münasibəti pis idi. Ümumiyyətlə, o dövrdə Azərbaycanda SSRİ rəhbərliyinə və SSRİ-yə, Kommunist Partiyasına münasibət çox pis idi.

– Həmin ərəfədə ermənilər də Azərbaycan ərazilərində baş qaldırmağa və Qarabağda müharibə alovlanmağa başladı. Bununla da biz torpaqlarımızın bir hissəsini itirdik. 20 Yanvar faciəsi ilə Qarabağda başlayan müharibənin bir-biri ilə əlaqəsi hansı formada idi?

– Təbii ki, 20 Yanvar faciəsi və Qarabağ müharibəsinin - bütün bu proseslərin bir-biri ilə əlaqəsi var idi. Yanvarın əvvəlində ermənilərin Şaumyankənd rayonu ərazisindən Azərbaycana geniş hücumları başladı. Bu hücumlar nəticəsində insan itkiləri də oldu. Həmin dövrə qədər Ermənistandan azərbaycanlıların qovulması prosesi artıq başa çatmışdı. 1989-cu ilin sonuna kimi bir neçə kənd istisna olmaqla, Ermənistanda Azərbaycan əhalisi qalmamışdı. Həmin dövrdə də xalqın ümumi tələbi ondan ibarət idi ki, Azərbaycanın sərhəd kəndlərinin və əhalisinin qorunması təşkil olunsun. Çünki SSRİ silahlı qüvvələri bir çox hallarda bundan imtina edirdilər. Hətta, bəzi hallarda SSRİ silahlı qüvvələri ermənilərə silah-sursat yardımları göstərirdilər. Ümumi tələb də ondan ibarət idi ki, Azərbaycan özünün silahlı qüvvələrini yaratsın, heç olmasa yerli özünümüdafiə qüvvələri yaradılsın və Azərbaycan kəndləri özlərini müdafiə edə bilsinlər. Amma yarada bilmədilər, çünki rəhbərlikdə bunun yaranmasından qorxmayan və məsuliyyətini üzərinə götürə bilən adamlarımız yox idi. 20 Yanvar bizim fəxr yerimiz olsa da, digər tərəfdən də bu faciədən sonrakı dövrə görə biz bəzi hallarda utanırıq ki, nə üçün bizim rəhbər və vəzifədə olan şəxslərimiz 20 Yanvar faciəsinə münasibət bildirməyib. Ancaq oxşar proseslər Gürcüstanda və digər keçmiş SSRİ ölkələrində də baş vermişdi. Həmin ölkələrdən olan rəsmi şəxslər bu hadisələri pisləmiş və istefa vermişdilər. Ancaq həmin vaxtı Azərbaycanda bu hadisələr baş verəndən sonra SSRİ səviyyəsində bu hadisələrə yalnız Heydər Əliyev münasibət bildirmişdi. Heydər Əliyev də o zaman artıq rəsmi vəzifə daşımırdı. Azərbaycanın siyasi partiya rəhbərlərindən isə rəsmi olaraq Elmira Qafarova bu hadisələrə Ali Sovetin sədri kimi etiraz etmişdi. Digər şəxslər isə 20 yanvar hadisələrinə rəsmi münasibət bildirmədi. Hətta, bunun ardınca o hadisələrdə iştirak edənləri ittiham edirdilər. Çox təəssüf ki, bu ittihamlara sonradan Elmira Qafarova da qoşulmuşdu. Bütün bunlar isə xalqı ruhdan salan amillər idi. Yəni, o dövrdə Azərbaycan rəhbərliyi həlledici məqamlarda xalqla bir yerdə ola bilmirdi. Azərbaycanın da ən böyük problemlərindən biri bu idi. Ancaq Gürcüstanda və Baltik ölkələrində rəhbərlik xalqla birləşə bilmişdi.

Bəzən ittihamlar irəli sürülürdü ki, təcrübəsiz və səriştəsiz adamlar Xalq Hərəkatına rəhbərlik edir və sairə. Axı Milli Azadlıq və Xalq hərəkatları hər hansı məktəbdə öyrədilmir ki, gedib orada oxuyub səriştəli olasan. Belə hərəkatlar uzunmüddətli proseslərin nəticəsi olsa da, ortaya çıxması çox qısa zamanda baş verir. Həmin zaman da müəyyən həyat təcrübəsi və səriştəsi olan adamlar bu prosesə qoşulmurlarsa, sonradan kimisə bacarıqsızlıqda və səriştəsizlikdə ittiham etməyə haqları çatmır.

– 90-cı illərin əvvəllərində sizin də dediyiniz dövlət-xalq birliyi olsaydı, o zaman torpaqlarımız işğal olunacaqdımı?

– O zaman belə birlik olsaydı, həlledici məqamlarda çox irəli gedə bilərdik. Yəni, həmin birlik olsaydı, Dağlıq Qarabağ münaqişəsinin həllində güclü tərəf Azərbaycan olardı. Ancaq çox təəssüf ki, güclü tərəf Ermənistan oldu. Çünki Ermənistan özünə güclü müttəfiqlər tapa bildi. Ermənistan həm SSRİ rəhbərliyində, həm də dünya miqyasında özünə müttəfiqlər tapdı və özünün guya “məzlum xalq” olması ilə bağlı ictimai rəy formalaşdıra bildi. Ermənistan özü qətliam törətsə də, Azərbaycan xalqını qətliam törətməkdə ittiham edirdi. Ermənilər uzunmüddətli təbliğat nəticəsində özlərini təqib olunan xalq kimi dünyaya tanıda bilib, bununla da Qərbi aldatmağı və inandırmağı bacarmışdılar. Bütün bunlar isə yeni müstəqillik qazanmış Azərbaycanı çətin duruma salmışdı.

– Bəs indi Qarabağla bağlı Qərbdən dəstək görürük?

– İndi Rusiya ilə münasibətlər normaldır. Ancaq Rusiyadan hər hansı dəstək görürük? Ümidverici nə isə olanda da, bu gün yaranır, sabah yenə dəyişir. Əgər bu problemi yaradan Rusiyadırsa, Rusiya da tarix boyu ermənilərin himayədarı kimi çıxış edibsə, hakimiyyətdə kimin olmasından asılı olmayaraq ermənilərin müdafiəsi Rusiyanın dövlət siyasətidirsə, o zaman Azərbaycan ancaq özünü qorumaqla məşğul olmalıdır.

Eyni zamanda, Qərb dövlətlərindən də qorunmaq lazımdır. Çünki indi ABŞ və Fransa da ermənilərin müttəfiqi və himayəçisi kimi çıxış edir. Bu dövlətlər Qarabağ məsələsində heç zaman Azərbaycanın müdafiəçisi olmayıb. Bu gün ictimai rəyi Azərbaycanın xeyrinə dəyişmək üçün xeyli işlər görülməlidir.

– Azərbaycan yeni müstəqillik qazananda hökumətin əsas strateji sahə rəhbərləri, misal üçün müdafiə, daxili işlər nazirləri və digər bu cür şəxslər bir-birini Rusiyaya və digər yerlərə “işləməkdə” ittiham etməyə başladılar. Necə düşünürsünüz, müharibə aparan hökumətdə bu cür qarşıdurmalar yaradan komandanı dəyişmək olmazdımı?

– Bu cür ittihamlar olurdu. Ancaq ittihamlar çox hallarda əsassız idi. Bu baxımdan da düşünürəm ki, illər keçəndən sonra kimisə ittiham etmək doğru deyil. Qarabağ münaqişəsinin gedişi zamanı Azərbaycanın bir sıra uğursuzluqlara düçar olmasının bir neçə səbəbləri var. Ancaq həlledici və əsas səbəblərdən biri Rusiyanın işğalçı Ermənistanı hərbi və siyasi baxımdan dəstəkləməsi olub. Digər tərəfdən isə Azərbaycanın ordu quruculuğunda müəyyən çətinliklər var idi. Bunun da kökləri var. Vaxtilə Cənubi Qafqaz Rusiya İmperiyası tərəfindən işğal olunandan sonra Rusiyanın apardığı əsas siyasətdən biri o olub ki, müsəlman əhalisi hərb və silahdan maksimum uzaq olsun. Yəni, Azərbaycanda hərbi ənənələri məhv etmək siyasəti aparılıb. 1918-ci ilədək Azərbaycanın hərbi silahlı qüvvələri olmayıb. Rusiya ordusunda azərbaycanlılar hərbi qulluğa cəlb olunmurdular. Ancaq ermənilər, gürcülər və digər xristian xalqları hərbi qulluğa çağrılırdılar və bu xidmətdən özləri üçün də istifadə edirdilər. Ona görə də ermənilər hərbi kadrların sayı baxımından bizdən irəlidə idilər və müstəqil dövlətlər qurulanda həmin kadrları ordu quruculuğunda istifadə etmişdilər. Azərbaycanda isə 1920-ci ildəki ikinci işğaldan sonra ordu quruculuğu yenidən ləğv olunur, yalnız İkinci Dünya Müharibəsinin gedişində hərbi birliklər yaradılır. Ancaq bunlar da Nikita Xruşovun rəhbərliyi dövründə yenidən ləğv olunur. 90-cı illərin əvvəllərində Azərbaycanda hərbi kadrların çatışmazlığı açıq-aydın hiss olunurdu.

70-ci illərdə Bakıda hərbi məktəb yaradılsa da, o nə say, nə də keyfiyyət baxımından boşluğu doldurmağa yetərli deyildi. Ona görə də, 90-cı illərin əvvəllərində Rusiyadan dəstək alan düşmənlə müharibədə çətin durumda idik. Yəni, bunun obyektiv səbəbləri var. Birdən-birə dinc əhali ilə ordu formalaşdırmaq çətin idi. İstədiyin adamın çiyninə “paqon” qoymaqla ondan peşəkar hərbiçi və zabit olmazdı.

İndi isə 20 ildən artıq bu müddət ərzində Azərbaycanda hərbi kadrların yetişdirilməsi və formalaşdırılması prosesləri gedir.

– 90-cı illərin əvvəllərində Sizin lideri olduğunuz Azərbaycan Milli İstiqlal Partiyası ölkənin 3 əsas müxalifət partiyasından biri idi. Amma bu gün AMİP bərbad vəziyyətdədir. Partiyanın bu vəziyyəti Sizi narahat etmir?

– Bunu müxtəlif cür izah etmək olar. Bu təkcə AMİP-ə aid olan məsələ deyil. Ümumiyyətlə, ölkədə siyasi partiya sistemi çox sürətlə zəifləyir. Hətta yox olmaq təhlükəsi ilə üz-üzədir. Mən də bunu Azərbaycan üçün faydalı hesab etmirəm. Güclü dövlət olmaq üçün Azərbaycanda təkmil partiya sisteminin olması vacibdir. Dövlətin də vəzifəsi siyasi partiyaların inkişafı üçün şərait yaratmaqdır.

– Siyasətə qayıtmağı düşünürsünüz?

– Mən bir dəfə qərarımı vermişəm. Bu qərardan sonra mənim siyasətə qayıdışımı arzu edənlər də olub, bunun əleyhinə olanlar da. Hətta, mənim siyasətə qayıdıb-qayıtmamağımla bağlı məsələ müzakirə olunanda, bunu eşidib qıcıqlananlar da olur ki, birdən mən qayıdaram və sairə. Mən də bütün bunlara normal baxıram. Hesab edirəm ki, bu cür müzakirələr olacaq. Ancaq indi mənim fəal siyasətə qayıtmaq fikrim yoxdur. Eyni zamanda arzu edirəm ki, ölkədə siyasi fəaliyyət üçün normal şərait yaradılsın. Arzu edirəm ki, bu cür şərait yaradılandan sonra da ölkədə yeni qüvvələr ortaya çıxsın. Xüsusilə də gənclər ortaya çıxsın. Onlar ölkədaxili siyasi proseslərə yeni ideyalar və yeni nəfəs gətirə bilərlər. Bütün bunların isə Azərbaycan dövlətinə yalnız faydası ola bilər, ziyanı ola bilməz. Doğrudur, bəziləri bundan qorxub çəkinirlər. Ancaq mən hesab edirəm ki, qorxub çəkinməyə dəyməz. Bu cür sərbəstliyi vermək və insanların öz fikirlərini müzakirə etməsi üçün mühit və şərait yaratmaq lazımdır.

– Sizə elə gəlmirmi ki, dediyiniz sərbəstlik Azərbaycanda “beşinci kolon”un formalaşmasına gətirib çıxara bilər?

– Xeyr, əksinə, azadlıq verilməyəndə “beşinci kolon” formalaşır. Həmin “beşinci kolon”un formalaşması üçün münbit şəraiti sıxıntılar və qadağalar yaradır. Bunu sübut etməyə də ehtiyac yoxdur, sadə bir izahdır. Xalq və milli ideyalara güvənən qüvvələrin formalaşması üçün normal şərait yaradılanda, “beşinci kolon”un fəaliyyət imkanı və yeri olmur. Ancaq hər şeyi sıxanda, “beşinci kolon” bundan özü üçün yararlana bilir.

– Ötən il “Siyasi partiyalar haqqında” qanunda əlavə və dəyişikliklər oldu. Buna münasibətiniz necədir?

– Bilirsiniz, qanunda yaxşı şeylər yazıla da bilər. Əgər o icra olunmursa, bunun heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ real əhval-ruhiyyədən ibarətdir. Yəni, hakimiyyət ölkədəki siyasi rəqiblərinə düşmən kimi baxmamalıdır. Bu atmosferdə güclü tərəf hakimiyyətdir. Əgər hakimiyyət rəqiblərinə mülayim və xoş yanaşacaqsa, o zaman günah ondan gedəcək. Əgər kimsə hakimiyyətdəkilərə düşmən kimi baxacaqsa, o zaman xalq tərəfindən onlara münasibət yaxşı olmayacaq. Ona görə də hakimiyyətdən çox şey asılıdır ki, ölkədə siyasi rəqabət düşmən rəqabətinə çevrilməsin. Daxildə münasibətlərin istiləşməsinə, dialoqun aparılmasına ehtiyac var.

– Amma, Etibar bəy, Türkiyə və digər dövlətlərin təcrübəsi onu deməyə əsas verir ki, Azərbaycan kimi gənc ölkələrdə “qatı demokratiya”nın tətbiqi heç də arzu olunan hesab olunmur...

– Bu mənim üçün ciddi əsas deyil. Əvvəla, Azərbaycan qısa müddət deyil, artıq 24-cü ildir ki, müstəqilliyini qazanıb. İndi Azərbaycan strukturları kifayət qədər oturuşmuş güclü dövlətdir. Ona görə də ölkə daxili siyasətdə yumşalma Azərbaycanın müstəqilliyinə heç bir təhlükə yarada bilməz. Əksinə, bunun faydası olar.

90-cı illərin əvvəllərində Azərbaycan yenicə müstəqillik qazanmışdı və o dövrdə təkcə bizə deyil, SSRİ dağılandan sonra yaranan bütün dövlətlərin müstəqilliyi üçün təhlükə var idi. Artıq bu dövr keçib.

İndi Azərbaycan dövlət kimi də müstəqilliyini saxlayıb. Ona görə də artıq ölkədəki daxili münasibətlərin genişlənməsinə ehtiyac var. Bütün bunlar isə Azərbaycanın müstəqilliyinə heç bir təhlükə gətirmir, əksinə müstəqilliyimizin daha da möhkəmlənməsinə xidmət edir.

– İndi dövlət müstəqilliyimizə xaricdən hər hansı təhlükə görürsünüz?

– Təhdidlər var və yenə də olacaq. Ancaq Azərbaycanın öz müstəqilliyini itirə biləcəyi ilə bağlı hər hansı təhlükə görmürəm.

– Bu yaxınlarda Avrasiya İttifaqı yaradıldı. Bu təşkilatla bağlı tez-tez belə ifadələr eşidirik ki, Rusiya “SSRİ”ni bərpa edir...

– Bu ideya hər zaman Rusiya rəhbərlərinin beynində olub və yenə də olacaq. Onlar imperiya xəstəsidirlər. Onlar hələ də belə xülya ilə yaşayırlar ki, Rusiyanın nə vaxtsa işğal etdiyi ərazilər dədə-baba torpaqlarımız olub və nə zamansa o torpaqları yenidən geri qaytarmaqda haqlıyıq. Yəni, Rusiya bunu istəyir. Ancaq reallıqda bu mümkün olmayacaq.

– Son vaxtlar Qərb ilə Azərbaycan hakimiyyəti arasındakı münasibətlərin vəziyyətinə necə baxırsınız?

– Mənim fikrimcə proseslərin bu şəkildə davam etməsi Azərbaycan üçün yaxşı bir şey vəd etmir. Azərbaycan hökuməti xarici siyasətində müstəqilliyi saxlamaq şərti ilə hər hansı yeni münaqişələrin yaranmasına imkan verməməlidir. Azərbaycan dövləti çalışmalıdır ki, dünyada müttəfiqləri çox olsun və təklənməsin. Hər bir insan və ya dövlət də təklənəndə, onun üzərinə gələnlər çox olur. Azərbaycan hakimiyyəti heç kimə bu cür imkan verməməlidir. Azərbaycan dövlət olaraq öz xalqına, xalq da öz dövlətinə arxalanmalıdır.

Vasif Həsənli

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm