• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

ABŞ-da Xocalı soyqırımını tanıtım aksiyası davam edir – FOTO + VİDEO

  • Nida.az
  • 24 Fevral 2015 12:24
  • 265 Baxış
ABŞ-da Xocalı soyqırımını tanıtım aksiyası davam edir – FOTO + VİDEO

“Bu cür yürüşlər getdikcə daha çox insanın etiraz səsinin ucalmasına təkan verəcək”.

Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyası davam edir.

Nyu-York ştatından sonra başlanan tanıtım kampaniyası hal-hazırda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində həyata keçirilir. Amerika Birləşmiş Ştatlarının həm siyasi, həm də strateji baxımdan əhəmiyyətli şəhərinin mərkəzi küçələrində yerləşən binalar üzərində proyeksiya üsulu ilə “Xocalıya ədalət... Azərbaycana qarşı bəşər faciəsi” başlıqlı görüntü yayımlanır.

Xüsusən, axşam saatlarında əhalinin və nəqliyyatın sıx olduğu ərazilərdə daş tikililər üzərinə yansıdılan görüntü kampaniyanın loqo və statistik məlumatlarını amerikalıların diqqətinə çatdırır. Bununla yanaşı, mərkəzi marşrutla hərəkət edən böyük ölçülü avtobuslar üzərinə də posterlər həkk olunub. Bu avtobuslar Sözügedən posterləri üç həftə boyunca üzərində daşıyacaq və daha çox insanın faciənin miqyasından xəbərdar edəcək.

Aksiyanın növbəti və əhəmiyyətli addımlarından biri dünən - fevralın 23-ü gerçəkləşdirildi. 100-dən çox amerikalı Xocalı soyqırımına olan münasibətini və qəddarlığa etirazını bildirmək məqsədilə Vaşinqton şəhərinin küçələrində yürüşə çıxıb. “Walking billboard”, yəni “Gəzən elan” adlandırılan bu tip aksiyalar xüsusilə piyadaların çox olduğu ərazilərdə çox effektivdir. Bu növ yürüş avtomobil və digər nəqliyyat vasitələrinin daxil ola bilmədiyi ərazilərdə insanların diqqətini cəlb etməyə müvəffəq olur.

Yürüş iştirakçıları “Xocalıya ədalət..”, “23 il bundan əvvəl baş vermiş soyqırım”, “Azərbaycana qarşı bəşər faciəsi” yazılarının həkk olunduğu posterləri öz üzərilərinə bərkidərək şəhərin mərkəzi küçələrini dolaşdı, mühüm dövlət obyektlərinin qarşısında dayanaraq ətrafdakı insanlara çoxsaylı flayer və broşürlər payladı. Yürüş iştirakçılarının keçdiyi marşrutun ən önəmli və uzunmüddətli dayanacaqlarından biri isə Ağ Ev oldu. Ağ evin qarşısı ənənəvi olaraq aksiya və etiraz kampaniyalarına ev sahibliyi edir.

Bu dəfə sözügedən obyektin qarşısına toplaşan insanlar 23 il öncə Azərbaycanda baş verən Xocalı soyqırımına öz münasibətlərini sərgilədi. Azərbaycan Amerika Alyansının təsisçisi, aksiyanın təşəbbüskarı Anar Məmmədov Soyqırımın 23-cü ildönümünə həsr olunan kampaniya və cari yürüş haqqında danışdı:

“Biz artıq dördüncü ildir ki, ABŞ-da nəinki Azərbaycan, habelə müasir dünya tarixinin ən qanlı səhifələrindən biri, Xocalı soyqırımını tanıtım kampaniyasını keçiririk. İlk ildən etibarən, biz okeanın bu tayında yaşayan insanlara faciənin miqyası, dərinliyi haqqında ən optimal, əlverişli və mümkün üsullarla məlumat verməyə çalışmışıq. Hər il kampaniyaya müəyyən yeniliklər əlavə edirik.

Bununla da, “Xocalıya ədalət... Azərbaycana qarşı bəşər faciəsi” başlığı altında keçirilən kampaniyanın miqyasını ildən-ilə artırırıq. Kampaniyanın ABŞ-ın ən strateji ştatlarında həyata keçirilməsinə çalışırıq. Nyu York, Vaşinqton bizim xüsusilə hədəfə aldığımız nöqtələrdir. Tayms meydanı, Brodvey küçəsi nəinki Nyu Yorkun və ABŞ-ın dünyanın ən qaynar və ən çox ziyarət olunan obyektləri sırasındadır. Xocalı həqiqətlərinin məhz bu ərazilərdə işıqlandırılması daha çox insanın faciə haqqında xəbər tutmasına xidmət edir.

ABŞ Prezidentinin iqamətgahından tutmuş Federal hakimiyyətin hər üç budağının əsas təmsilçiliklərinə, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların baş ofisinə qədər bütün strateji obyektlərin yerləşdiyi Vaşinqtonda Xocalı soyqırımının tanıdılması, əsl həqiqətin işıqlandırılması Alyansın bu kampaniyada qarşısına qoyduğu əsas hədəflərdən biridir. Hal-hazırda Vaşinqtonda keçirilən yürüş builki aksiyaya əlavə edilmiş bir yenilikdir.

Gördüyünüz kimi, aksiyada iştirak edənlər belə yerli insanlardır. Bu, onların faciəyə olan münasibətidir. Əminəm ki, bu cür yürüşlər getdikcə daha çox insanın etiraz səsinin ucalmasına təkan verəcək. Azərbaycan Amerika Alyansının multimedia kampaniyası Xocalı faciəsinin ədalətli olaraq soyqırım kimi tanınmasına və qəbul edilməsinə xidmət edir. Əslində, Vaşinqton şəhərinin rəsmi sloqanı da belə səslənir: Justice for All - “Hər kəsə ədalət” .

Qeyd edək ki, ABŞ-da Xocalı soyqırımını tanıtım aksiyası mart ayına qədər davam edəcək.

Aksiyanın gedişatı ilə http://azerbaijanamericaalliance.org/ saytından,

https://www.facebook.com/pages/Azerbaijan-America-Alliance/296931403654112 səhifəsindən tanış ola bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR