• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“AXC məni dəstəkləsəydi, Xocalı faciəsi olmayacaqdı”

  • Nida.az
  • 20 Fevral 2014 13:51
  • 600 Baxış
“AXC məni dəstəkləsəydi, Xocalı faciəsi olmayacaqdı”

“Opponentlərim mane olmasaydılar, daha çox işlər görə bilərdim”

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun AzNews.az-a müsahibəsi

-Qarşıdan Xocalı faciəsinin ildönümü gəlir. Ölkəyə rəhbərlik etdiyiniz həmin dövrü, ümumiyyətlə o faciəli hadisələri necə xatırlayırsınız?

-İlk növbədə, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlıları tərəfindən qətlə yetirilən Xocalı qəsəbə sakinlərinin qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Onların xatirəsi bütün azərbaycanlıların, Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Allah onlara rəhmət eləsin.

Hər dəfə o faciəli günlər haqqında xatirələrimdən söhbət düşəndə, mən İttifaq dövlətində demokratikləşmənin ecazkar şüarları altında dinc yanaşı yaşamış xalqları qanlı toqquşmalara sürükləmək, vahid ölkənin vətəndaşları arasında qanlı toqquşmalara gətirib çıxaran tamamilə uydurma millətlərarası və ideoloji qarşıdurma xaosu səpmək istəyən "yenidənqurma" siyasətçilərini həyasızlıqda və zehni şikəstlikdə damğalamaqdan savayı digər söz tapa bilmirəm.

Keçmiş vətənin ataları tərəfindən elan olunmuş demokratik niyyətlərin müttəfiq respublikalarda və muxtar qurumlarda SSRİ-nin dağılması ilə nəticələnə biləcək separatçı əhval-ruhiyyənin artmasına gətirib çıxarması aydın olduqda, müttəfiq respublikaların inzibati ərazilərinin dezinteqrasiyası oyunu ortaya atıldı. Bu metod, idarə olunan münaqişələr nəzəriyyəsindən irəli gələrək, ilk dəfə Azərbaycan ərazisində, Dağlıq Qarabağ muxtar vilayətində M.Qorbaçovun irəli sürdüyü demokratik dəyişikliklər sayəsində genişlənmiş separatizmin müttəfiq respublikalarda qarşısının alınması məqsədi ilə tətbiq edildi.

Lakin bu işin müəllifləri tezliklə anladılar ki, onların özləri tərəfindən müttəfiq respublikaların və muxtar qurumların ərazilərində qarşıdurmaya səbəb olan mexanizm çarxının işə salınması separatizmi neytrallaşdıran bir alət olmadı, əksinə SSRİ-nin dağılmasına gətirib çıxardı. Sözsüz ki, münaqişə heç də kortəbii yaranmamışdı. O, ilk günlərdən idarə olunan idi və bu gün də belədir. Ona görə də onun əvvəlcədən geosiyasi təyinatlı alət olmasına şübhə edilməməlidir.

İttifaq Mərkəzi bunun köməyi ilə əvvəlcə bizdə, sonra isə mahiyyət etibarı ilə digər respublikalarda separatizmin güclənməsinin qarşısının alınması vəzifəsini icra edirdi. Dediyim kimi, ölkəni dağılmaqdan xilas etmək mümkün olmadı. Amma Qarabağ amilindən istifadə zərurəti də itmədi. O, varislik üzrə Rusiyaya keçdi. İttifaq dövlətinin süqutu dövründə olduğu kimi, indi də bu amil münaqişə edən hər iki respublikaya siyasi təsir göstərilməsi üçün istifadə olunur.

Böyük əhəmiyyət kəsb edən bu məqam, bu mərhələdə bizdən əlində Dağlıq Qarabağ münaqişəsinin həlli açarı olan İttifaq Mərkəzi ilə münasibətlərdə ehtiyatlı olmağı tələb edirdi. Təəssüf ki, ictimaiyyət həmin dövrdə vəziyyətin özünəməxsus xüsusiyyətlərini və bu qəbildən bizim hərəkətlərimizi anlaya bilmirdi. Hakimiyyət uğrunda dağıdıcı mübarizə zamanı sağlam düşüncə Qarabağ amilində emosiya və spekulyasiyaların zərərli təsiri altında qaldı.

Verdiyiniz suala cavabı ümumiləşdirərək vurğulamaq istərdim ki, mənim prezidentlik dövrüm Qarabağ münaqişəsinin nizamlanması probleminin beynəlxalq səviyyəyə çıxarılmasının faydaları barədə yanlış təsəvvürlər, AXC-nin fəaliyyətində az olmayan digər ciddi səhvlər nəticəsində itirilmiş imkanlar dövrü olub. Ərazi bütövlüyünün bərpası naminə sovet Moskvasının, SSRİ dağıldıqdan sonra isə Rusiya paytaxtının imkanlarından maksimum istifadə etmək lazım idi. Torpaqlarımızın düşmən tapdağından kimin köməyi ilə azad edilməsinin fərqi varmı?

Məncə, yox! Məhz bunu əsas tutaraq, mən 1991-ci ilin yazında M.Qorbaçovdan qeyri-qanuni hərbi birləşmələrin tərksilah edilməsi və pasport rejiminin həyata keçirilməsi haqqında onun özünün əvvəllər imzaladığı fərmanın icrasının həyata keçirilməsini xahiş etdim. Bizdə belə yerlər, əsas etibarı ilə ermənilərin kompakt yaşadığı Şaumyan kənd rayonu ərazisi və digərləri olub.

Bu əməliyyat zamanı uzun illər ərzində ilk dəfə olaraq, 24 kənd, o cümlədən indi də Ermənistandan qaçqın düşmüş azərbaycanlılar yaşayan dağlıq ərazi olan Çaykənd qəsəbəsi erməni silahlılarından azad edildi. Bunu ona görə deyirəm ki, praqmatizmi rəhbər tutaraq, bizim keçmişdə və hal-hazırda Cənubi Qafqaz respublikasına indiyədək təsiri olan Rusiya ilə münasibətlər qurmağımızın zərurət olduğu fikirlərini təsdiq edim. Amma bu, digər dövlətlərlə də əməkdaşlığın daha səmərəli davam etdirilməsini istisna etmir.

Qarabağ faktorunun geosiyasi əhəmiyyətini belə qısaca əsaslandırmağım onunla izah edilir ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəlində Azərbaycanda gedən bütün faciəli hadisələrin səbəblərini, xalqımız üçün faciəli vaxtlarda düşdüyüm vəziyyətin mürəkkəbliyini oxuculara çatdırım. İctimai rəylə manipulyasiya etməyin və ondan hakimiyyətin sıxışdırılması üçün istifadənin, hakimiyyəti xalq arasında nüfuzdan salmağın, “məqsədə çatmaq üçün bütün vasitələr doğrudur” kimi məşhur kəlama uyğun olaraq təxribat və maneələrin yaradılmasının necə asan olduğunu mənim müasirlərim yaxşı xatırlayırlar.

Bununla belə, mən prezident olaraq həmin vaxt təcavüzkarlara qarşı olmalı, yəni silahlı qüvvələrimizin olmadığı bir şəraitdə respublika ərazisini sui-qəsddən qorumalı idim. Sovet dövlətinin dağılmış binasının qalıqları altına düşməyə imkan verməmək, özgə torpaqlarına göz dikənlərin məqsədlərinə hesablanmış dövlətçiliyimizin itirilməsi kimi real təhlükəli vəziyyətdə öz müstəqilliyimizi elan etməyə hazır olmaq, eyni zamanda demokratik gələcəyə aparan yoldan dönməmək lazım idi.

Mənə həmçinin Dağlıq Qarabağ ərazisində Bakının yurisdiksiyasını bərpa etmək, terror aktlarının qarşısını almaq, ermənilərin kompakt yaşadığı rayonlarda gizlənərək əhalinin qonşuları ilə münasibət qurmasına mane olan qanunsuz erməni silahlı birləşmələrindən təmizləmək gərək idi. Deyim ki, mən bu mənada çox şey edə bildim. Əgər AXC-nin şəxsində mənim opponentlərim mane olmasaydılar, mən daha çox işlər görə bilərdim.

Söz və vicdan azadlığı, xalqların milli mənlik şüurunun artması, müttəfiq respublikaların suverenliyinin real məzmunla doldurulması, aşkarlıq, çoxpartiyalılıq hesabına təsdiqlənməsi nəzərdə tutulan siyasi plüralizm, parlamentarizm, xüsusi mülkiyyətin bərpası, xalqların öz müqəddəratını təyin etmək hüququ, hakim kommunist partiyasına müxalif olan qeyri-formal ictimai qurumların fəaliyyətinin qanunvericiliklə leqallaşdırılması SSRİ-nin demokratikləşməsinin əsas komponentləri kimi “Yenidənqurma” adı altında Qorbaçovun proqramına daxil oldu.

Etiraf etmək lazımdır ki, belə bir demokratik dəyişikliklər proqramı Sovetlər İttifaqının bütün tarixi boyu heç vaxt həyata keçirilməmişdi. Məhz buna görə də Qorbaçov tarixə görkəmli, ancaq uğursuz islahatçı kimi düşdü... Məlum olduqda ki, onlara verilən azadlıqlar mərkəzdənqaçan qüvvələrin artmasına gətirib çıxardı və respublikalarda sovet beynəlmiləlçiliyinin əvəzinə radikal millətçilik üstünlük təşkil etdi, rəhbərlik etdikləri ölkənin sürüklənməsinin qarşısının alınması yönündə güc işlədilməsi üsullarına cəhd göstərildi.

Lakin bu cəhdlər nəticə vermədi və ölkədə vəziyyəti daha da gərginləşdirdi. Qorbaçov sadəlövhcəsinə düşünürdü ki, onun radikal islahatlar proqramı bütün müttəfiq respublikaları təmin etməli idi. O, respublikalara böyük güzəştə getdi. Lakin onun Yeltsinlə çəkişməsi siyasi qarşıdurmanın ağlasığan mümkün dərəcəsini aşır, gələcək ittifaq dövləti haqqında müqavilənin qəbulunu ləngidir və uçuruma aparan millətlərarası münaqişələrin yayılmasına şərait yaradırdı.

Deyim ki, qısa zamanda bu mənada mən bir sıra yetərli işlər gördüm. Nədənsə, bu haqda danışmaq istəmirlər. Ancaq onun Yeltsinlə mübarizəsi gələcək ittifaq dövlətinin başlanğıcını heçə endirdi, siyasi isteblişment səviyyəsində qarşıdurma üçün bəhanə yaratdı, yeni dövlət quruculuğunu rasional mahiyyətdən uzaqlaşdırdı.

Həmin hadisələrin şahidi kimi deyə bilərəm ki, Qorbaçov yeni dövlət quruculuğunda qətiyyətli olmağın vacibliyini anlamadığı üçün onun qurbanı oldu. Bununla yanaşı, FHDK ilə əlaqədar 1991-ci ilin avqust hadisələrindən sonra, gözümüzün qarşısında təşəbbüsü ələ alan Yeltsinin simasında yeni ittifaq mərkəzi yaranmağa başladı. Müttəfiq respublikalar bununla razı ola bilmədilər və nəticədə MDB təsis olundu. Mən Yeltsinlə tanış deyildim və onunla münasibətim yox idi.

Bu məqamdan bəhrələnərək AXC müdafiə etdiyi Yeltsinin "demokratik" ətrafı simasında o vaxtkı Moskvadan mənə qarşı istifadə etdi. Aydındır ki, ölkəyə xidmət etmək yolunda o zaman itirilmiş imkanlar haqqında mənim yadımda qalan faktların təqdimatı oxuculara o dövrün çətinlikləri barədə ilkin mənbədən obyektiv fikir əldə etməyə imkan verəcək.

- Konkret olaraq, Xocalı soyqırımının baş vermə səbəbləri haqqında nə deyə bilərsiniz?

- Mən buna bənzər suala bir neçə dəfə cavab vermişəm. Səbəblərdən danışarkən, mən bəzilərinin üzərində dayanmaq istəyirəm. Mən yuxarıda Qarabağ amilinin geosiyasi əhəmiyyəti haqqında dedim. Siyasi kataklizmlərin bütün səbəblərini məhz bununla, həm də Xocalıda baş verən hadisələrlə əlaqəli izah etmək lazımdır. Fövqəladə vəziyyət rejimini həyata keçirən SSRİ daxili qoşunlarının məhdud kontingentinin Respublika və Dağlıq Qarabağ ərazisindən çıxarılması haqqında Milli Məclisin AXC-nin təzyiqi altında 1991-ci ilin payızında qəbul etdiyi qərarını dəlillərdən biri kimi göstərə bilərəm. Respublikanın öz gücü olsaydı, bununla razılaşmaq olardı.

Amma o vaxt XTMD batalyonundan başqa güc yox idi. Onun isə bütün Qarabağ bölgəsini nəzarətə götürmək imkanı yox idi. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan Daxili İşlər Nazirliyinin XTMD batalyonu 1991-ci ilin aprel-may aylarında ermənilərin kompakt yaşadığı yerlərdə pasport rejiminin həyata keçirilməsi üzrə vəzifənin öhdəsindən uğurla gəlmişdi ki, bu barədə mən yuxarıda qeyd etmişəm. Ancaq daha böyük işlərin görülməsi üçün onun şəxsi heyəti və silahları çatmırdı.

Bununla belə, AXC bilərəkdən o vaxtkı SSRİ DİN-nin daxili qoşunları kontingentinin çıxarılması və Dağlıq Qarabağ üzrə respublika komitəsinin fəaliyyətinə xitam verilməsi haqqında qərarın qəbuluna nail oldu. Əgər belə bir qərar qəbul olunmasaydı, öz silahlı qüvvələrimizin yaradılmasına qədər məhdud kontingentin qalma müddətinin uzadılması barədə Rusiya rəhbərliyi ilə razılıq əldə edə bilərdik və onların ermənilərlə qarşıdurma xəttində yerləşdirilməsinə nail olardıq.

Amma bizim “romantik” müxalifət özünü əhalinin təhlükəsizliyini təmin etməyə qadir hesab etməyə tələsdi. Bu isə Xocalı hadisəsinin baş vermə səbəblərindən biri oldu. Digər geosiyasi səbəb yenicə yaradılmış Azərbaycan silahlı qüvvələrinin Quru Qoşunları Baş Komandanlığının tərkibinə daxil olmaq barədə sazişi Milli Məclisin mənə imzalamağa razılıq verməməsi oldu. Baş Komandanlıq və onun nəzdində MDB ölkələrinin müdafiə nazirləri şurası Birliyin kollektiv təhlükəsizlik sistemində idarəetmə orqanı kimi yaradılmışdı.

O zaman sistem yenicə yaranırdı və onun tərkibinə daxil olan MDB üzvləri ölkələrinin öz silahlı qüvvələri yox idi. Bu səbəbdən də razılaşma müəyyən mənada formal xarakter daşıyırdı. Əgər öz silahlı qüvvələrimizin olmadığı həmin şəraitdə və Baş Komandanlığın yaranacağı həmin dövrdə saziş imzalasaydıq, bizə qarşı heç nə baş verməyəcəkdi. O zaman biz, Dağlıq Qarabağda yaşayış məskənlərimizi qorumaq imkanlarımızın olmadığı şəraitdə MDB-dən, o cümlədən komanda heyətindən, hərbi mütəxəssislərdən dəstək alardıq.

Hələ sovet dövründə Dağlıq Qarabağda yerləşdirilmiş 366 sovet ordusunun motoatıcı alayı isə bu vaxt bilmirəm kim tərəfindən və hansı ağılla Xankəndidə yerləşdirilmişdi. Beləliklə, sazişin imzalanmasından imtina etməyimiz nəticəsində Rusiya generaliteti bizdən üz çevirdi. Ermənistan isə öz ərazisində Rusiya hərbi bazasının dislokasiya olunmasını elan etdi. Məsuliyyət hissini itirən bizim o vaxtkı müxalif siyasətçilər SSRİ dağıldıqdan sonra qorunmayan sərhədlər boyu yeni qoruyucu kəmər yaradılmasında maraqlı olan həmin Rusiya ilə ikitərəfli münasibətlərin formalaşmasında Azərbaycanı kifayət qədər müstəqil hesab edirdilər.

Kollektiv təhlükəsizlik sisteminin yaradılması zərurətdən irəli gəlirdi. Bu, ilk növbədə, Rusiya Federasiyasının özünün təhlükəsizliyinin möhkəmləndirilməsi idi. Bu mənada, kollektiv təhlükəsizlik sistemində iştirakdan imtina edən Birlik üzvü olan hər bir ölkə avtomatik olaraq Rusiyanın şərti düşməni sırasına daxil edilirdi. Xocalı faciəsinə gətirib çıxaran daxili amillərə gəldikdə, fikrimcə əsas məqam həmin dövrün mövcud çətinliklərinin siyasiləşdirilməsi, hakimiyyətlə münasibətlərdə müxalifətin seçdiyi mövqe barışmazlığının irrasionallığı, daha dəqiq desək, düşmənçiliyidir.

- Deməli, kimin, hansı qüvvənin səhvi ucbatından olursa-olsun faciənin baş verməsi, qırğınların törədilməsi gözlənilən imiş. Eləysə, Azərbaycan rəhbərliyi heç olmasa, faciələrin qarşısını almaq və ya insan tələfatlarının qarşısını almaq üçün addımlar atmalıydı. Niyə bu addımlar atılmadı?

- Yuxarıda mən artıq bu suala qismən cavab verdim. Bildiyiniz kimi, Dağlıq Qarabağda həyata keçirilmiş fövqəladə vəziyyətdə və Respublika komitəsinin fəaliyyəti dövründə biz Xocalıdakı vəziyyətə və burada olan hava limanına nəzarət edirdik. Mən hələ demirəm ki, qısa müddət ərzində qəsəbə yaşayış və sosial obyektlər, sənaye müəssisələrinin filiallarının tikintisi hesabına genişləndirilmişdi.

Qaçqınların yerləşdirilməsi hesabına əhalisinin sayının artması nəticəsində o, rayon miqyaslı şəhər statusu almışdı. Buradan qoşun kontingenti çıxarıldıqdan və Respublika komitəsi buraxıldıqdan sonra vəziyyət kəskin surətdə pisləşdı. 366-cı motoatıcı alaydan, onun silah və zirehli texnikasından istifadə edən ermənilərə qarşı dayana bilmədik. Bizim belə imkanımız yox idi. Bu imkan vaxtilə mənim göstərdiyim səylər nəticəsində 1992-ci ilin yayında hakimiyyətə gələn AXC-də yarandı. Belə ki, mən MDB dövlət başçılarının iclasının protokol tapşırığına 4-cü Sovet Ordusunun silah və əmlakının, Xəzər Hərbi dəniz donanmasının gəmilərinin bir hissəsinin Azərbaycana verilməsini təkid etdim.

Lakin bütün bunların ölkəmizə verilməsi artıq 1992-ci ilin mart ayında, mən istefa verdikdən sonra reallaşdı. Bununla yanaşı, daim lovğalanaraq məni tənqid edən Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra sərəncamında tam təchiz olunmuş milli ordu olmasına baxmayaraq, qələbə qazana bilmədi. Qeyd edim ki, ötən illər ərzində peşəkar, güclü orduya malik Azərbaycan işğal olunmuş ərazilərin qaytarılması üçün təcavüzkarın üzərinə müharibəyə getməyə beləcə risk etmədi. Belə ki, güc tətbiq edilərsə, ölkə münaqişənin sülh yolu ilə həlli uğrunda çıxış edən beynəlxalq birliyin qınağı ilə rastlaşa bilər.

Bu, yəqin ki, düzgün addımdır. Çünki, hər bir müsbət və mənfi halları hesablamaq, problemin siyasi həllinin mövcud potensialından sonadək istifadə etmək lazımdır. Baxmayaraq ki, işğal olunmuş ərazilərin güc yolu ilə qaytarılması üçün respublikanın əlində hər cür əsas var.

- Xocalı faciəsinin qarşısının alınması üçün AXC-nin imkanları var idimi?

- Ümumiyyətlə, ermənilərin nəzarəti altında olan Dağlıq Qarabağ ərazisində AXC-nin imkanları barədə bu bölgədə olan fəaliyyətimizin konteksti xaricində danışmaq düzgün olmaz. Bayaq dediyim kimi, Xocalı üzərində nəzarət o vaxt itirildi ki, Dağlıq Qarabağda həyata keçirilmiş fövqəladə vəziyyət rejimi AXC-nin təkidi ilə respublika Ali Soveti 1991-ci ilin payızında SSRİ DİN-in daxili qoşunları kontingentinin çıxarılması barədə qərar qəbul etdi. Bununla əlaqədar olaraq, həmin vaxtda Dağlıq Qarabağ üzrə Respublika Komitəsi buraxıldı. Xatırladım ki, bu komitə “Volskiy Komitəsi” kimi yadda qalan və respublikanın razılığı olmadan yaradılan uğursuz Dağlıq Qarabağda Xüsusi İdarəetmə Komitəsinin (XİK) əvəzinə 1989-cu ildə təsis edilmişdi.

Komitə regionda vəziyyətə nəzarət edir və ermənilərlə azərbaycanlılar arasında hər hansı bir ciddi toqquşmalara imkan vermirdi. Həmin qoşunların çıxarılması və respublika komitəsinin buraxılması ilə Xocalıda mövcudluğumuza son qoyuldu, baxmayaraq ki, burada qəsəbənin inkişafı istiqamətində işlərin aparılması ilə paralel olaraq hərbi komendatura ilə birgə yerli hava limanı üzərində nəzarəti həyata keçirirdik. Artıq qeyd etdiyim kimi, həmin dövrdə Xocalıda və digər azərbaycanlılar olan yaşayış məntəqələrində nəzarətin təmin olunması üçün bizim öz qüvvələrimiz yox idi.

Milli Ordu hələ təzə yaranırdı, rayon özünümüdafiə batalyonları isə həddən artıq siyasiləşdirilərək, AXC-nin ayrı-ayrı liderlərinə tabe idilər. Onların Dağlıq Qarabağ ərazisinə daxil olmaq və burada yerləşmək imkanları yox idi. AXC liderləri də onların qarşısında belə bir vəzifə qoymamışdılar. Lakin, onlar Xocalıdan qaçmış sakinlərin qarşısına çıxa bilərdilər. Bütün təşkil edilmiş qarışıqlıqlara baxmayaraq, müəyyən təcrübəyə malik olan rayon özünümüdafiə batalyonları lokal əməliyyatları operativ qaydada həyata keçirə bilərdilər.

- Ayaz müəllim, məcburam ki, bu sualı sizə təkrar ünvanlayım: Xocalı faciəsinin qarşısının alınması üçün AXC-nin imkanları var idimi?

- O zaman kağızda mövcud olan milli ordunun MDB Baş Komandanlığının tərkibinə daxil olması haqqında sazişin imzalanması üçün parlamentin razılığının alınmasında mənə bilərəkdən maneçilik törətmiş AXC liderlərinin geosiyasi nöqsanlarından danışarkən bu suala artıq cavab verdim.

Xatırladım ki, Milli Məclisdə mənim xahişlərimin müzakirəsi zamanı Moskvadan B.Yeltsin zəng etdi və 366-cı alayın ləğv ediləcəyini söz verərək onun xahişini parlament deputatlarına çatdırmağı xahiş etdi. Lakin nə mən, nə də Rusiya prezidenti razılıq aldıq. Bu hadisədən sonra Yeltsinin əhvalını və Azərbaycana münasibətini asanlıqla təsəvvür etmək olar. Əvəzində isə AXC öz imtinası ilə prezident Yeltsinin yanında məni gözdən salmağa nail oldu.

Yəqin ki, onda belə bir fikir formalaşdı ki, Azərbaycan prezidenti parlamentin dəstəyini qazana bilmir. Bunu da əlavə edim ki, bir az əvvəl respublikanın həmin Ali Soveti AXC-nin təzyiqi altında Azərbaycanın MDB-yə qoşulması barədə imzaladığım sazişi təsdiq etməmişdi.

İmzaladığım bu saziş sayəsində respublika hüquqi status alaraq BMT-nin tamhüquqlu üzvü oldu. Hərdən fikirləşəndə məni dəhşət bürüyür ki, əgər mən respublikanın MDB dövlətləri siyahısına üzv salınmasına nail olmasaydım, Azərbaycanın başına nələr gələ bilərdi. Mən bu haqda demişəm, quru və dəniz şelfinin neft rayonlarını ələ keçirərək respublikanı sadəcə olaraq parçalayardılar.

Bəyan edirəm, əgər Milli Məclis və AXC qeyd etdiyim sazişi imzalamaq üçün mənim xahişimi dəstəkləsəydilər, Xocalı faciəsinin qarşısını almaq mümkün olardı. Sadəcə, belə bir şəraitdə ermənilər Xocalıya hücum üçün risk etməzdilər. Oxucu məndən soruşa bilər: ordumuzun Baş Komandanlığa daxil olması haqqında sazişə imza atmamağın nəticəsini qabaqcadan bilərək niyə mən özüm onu imzalamadım. Sual yerində verilir, ancaq ona cavab da var.

Cavab belədir ki, AXC tez-tez məni ittiham edirdi ki, guya, mən Azərbaycan ordusunu yaratmaq istəmirəm. İmzaladığım halda bunlar car çəkəcəkdilər ki, respublikanın Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul etməyə macal tapmamış, Nazirlər Kabineti isə Müdafiə Nazirliyinin yaradılması barədə qərar verməmiş prezident ordunu Moskvanın nəzarətinə verir! Bədxahlar dərhal mənə xalq düşməni adını yapacaqdılar.

- Hazırkı vəziyyətdə Dağlıq Qarabağla bağlı aparılan danışıqları necə qiymətləndirirsiz?

- Münaqişə tərəfləri arasında aparılan vaxtaşırı danışıqları, Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu üzvlərinin dövlət başçıları ilə birgə görüşlərini səmərəlilik dərəcəsinə görə qiymətləndirmək lazımdır. Tərəflərin hər birinin danışıqlar prosesini nəticəsiz edən öz mövqeyi var. Ekspertlərin fikrincə, tərəflər danışıqlarda kompromis axtarışı yolu ilə getməlidirlər. Amma bu, bizim üçün qəbuledilməzdir, çünki istənilən kompromis respublikamızın ərazi bütövlüyünü pozan güzəşt deməkdir.

Eyni zamanda Azərbaycanın təklifi məqbuldur və Ermənistanın razılığı olsaydı, problem çoxdan həllini tapmışdı. Danışıqlarda vasitəçilik edən Minsk qrupuna daxil olan dövlətlərin nümayəndələri Azərbaycanın kompromissiz mövqeyinin səbəblərini dərk edə bilmirlər, ondan mümkün olmayan şeyləri gözləyirlər. Hansı ölkə təcavüzün qurbanı olaraq öz ərazisinin itirilməsi ilə razılaşa bilər? Beynəlxalq danışıqlar prosesinin iştirakçılarının Azərbaycana irəli sürdükləri tələb onu şərtsiz təslim olmağa məcbur etməyə bərabərdir.

Bu isə ondan irəli gəlir ki, ərazi bütövlüyünün qorunub saxlanılması istiqamətində olan vəzifə təkcə Azərbaycanın vəzifəsidir. Çünki prinsip etibarilə, bütün digərləri üçün Dağlıq Qarabağın harada qalacağı maraqsızdır. Burada yəqin ki, Rusiya istisnadır, çünki o münaqişə iştirakçıları üzərində öz təsirini saxlamaqda maraqlıdır.

- Müharibə olarsa, Azərbaycanın ermənilər üzərində qalib gəlmək şansı sizcə neçə faizdir?

- Bilmək və yadda saxlamaq lazımdır ki, əgər belə olsa, döyüşən ölkələr tərəfində onunla hərbi-strateji ittifaqda olan dövlət duracaq. Məlumdur ki, Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərində olduğu üçün Ermənistanın tərəfində Rusiya olmalıdır. Azərbaycanın tərəfində isə onunla müttəfiqlik münasibətləri olan Türkiyə duracaq. Bax, burada mümkün uğur qazanmaq faizi barədə özünüz nəticə çıxarın.

- Bu gün bəzi iqtidar yönümlü şəxslər və müxalifətdəki partiyaların əksəriyyəti Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız müharibə variantında görür. O da bəllidir ki, müxalifətin iqtidara yönəlik əsas tənqidlərindin biri də məhz bu problemin indiyədək çözülməməsi ilə bağlıdır. Sizcə bu fikirlər nə qədər düzgündür?

- Bu sual fikrimdə məni prezidentliyim dövrünə qaytarır. Müxalifət onda da məni Ermənistanla müharibə etmək istəməməkdə ittiham edirdi, sanki bizim buna real imkanımız var idi. Tale elə gətirdi ki, Xalq Cəbhəsi hakimiyyəti və dediyim kimi, mənim səylərim sayəsində tam təchiz olunmuş ordunu çox asanlıqla aldı. Milli Ordunun yaradılması işində göstərdiyim səylərin nədən ibarət olduğunu sizə izah edim.

Əgər 1991-ci ilin dekabrında MDB dövlət başçılarının Alma-Ata şəhərində keçirilən ikinci iclasında mən Azərbaycanın heç olmasa, MDB-nin tərkibinə daxil olmasına nail olmasaydım, o zaman 1992-ci ilin yayında AXC iqtidarı da Qarabağ məsələsi istiqamətində hərbi kampaniyaya (yeri gəlmişkən uğursuz) başlaya bilməzdi. MDB-yə üzvlük 4-cü Sovet ordusundan və Xəzər donanmasından öz hərbi əmlak və silah payımızı almağımız üçün əsas şərt idi.

Məsələn, MDB-yə daxil olmaqdan imtina edən Gürcüstan uzun müddət keçdikdən sonra silah payı qazandı. SSRİ müdafiə nazirliyinin əmlakı bölüşdürülən zaman hər dəfə ona xatırladırdılar ki, Gürcüstan Birliyin tərkibinə daxil deyil. Bizim halda isə, 1991-ci il dekabrın sonunda MDB dövlət başçılarının Minskdə keçirilən üçüncü iclasında yalnız MDB-yə üzvlük sayəsində, mən Azərbaycanda yerləşən 4-cü ordunun silah və əmlakının, zirehli texnikasının, Xəzər donanmasının Hərbi Dəniz gəmilərinin Azərbaycana verilməsi barədə məsələ qaldırdım. Bu məsələ ilə bağlı MDB dövlət başçılarının iclası həmin vaxt buraxılan SSRİ müdafiə Nazirliyinin rəhbərliyinə protokol tapşırığı qəbul etdi.

Bu protokol tapşırığını yerinə yetirmək üçün 1992-ci ilin fevral ayının əvvəlində o zaman ləğv edilən müdafiə nazirliyində nazir müavini olmuş Boris Qromov, Azərbaycandan SSRİ Ali Sovetinə deputat seçilmiş və HDQ Baş Komandanı admiral V.Çernyavin Bakıya gəldilər. Onların iştirakı ilə keçirilən müşavirəyə AXC nümayəndələri də dəvət olunmuşdular.

Onlardan ancaq Rəhim Qazıyev yadımdadır. Respublika ərazisində olan bütün hərbi əmlakın və hərbi texnikanın inventarlaşdırılması üzrə komissiya yaradıldı. Xalq Cəbhəsinin fəalları hərbçilərin texnikanı çıxara biləcəkləri silah arsenallarını və zirehli texnika yerləşən anqarları nəzarətə götürdülər.

Demokratik dövrlərdə ən yüngül iş hakimiyyəti tənqid etmək və ona işləməyə mane olmaqdır. Ona görə də müxalifətin belə davranışı mənim üçün arqument deyil. Məsələn, mən bilmirəm ki, müxalifət 1992-ci ilin mart ayında məni istefa verməyə məcbur etməklə nəyə nail oldu. O nəyi yaxşı etdi ki, bununla qanuni prezidentə qarşı öz antikonstitusion hərəkətlərinə bəraət qazandırmış olsun.

Bu müddət ərzində mənə qarşı aparılan mənasız mübarizədə mən heç bir konkret və müsbət bir şey deyə bilmirəm. Əksinə, AXC-nin yüksəlişi və süqutu tarixi Azərbaycanda demokratik hərəkat haqqında mənfi fikir formalaşdırdı. Xırda intriqalarda və ictimai çəkişmələrdə batmış müxalifət cəbhəsində etibardan düşmə baş verdi.

- Ümumiyyətlə, hazırda ölkə müxalifətinin fəaliyyətini necə qiymətləndirirsiz?

- Mənim müxalifətə münasibətim əvvəlki suala cavabımda olduğu kimi kifayət qədər tənqididir. Mən onun fəaliyyətinə qiymət vermək fikrində deyiləm, çünki necə deyərlər, hər şey göz qabağındadır.

- Prezident seçkilərində qalib gəlmək üçün ölkə müxalifəti Milli Şuranı yaratdılar. Nədənsə sonradan bu təşkilata üzv olan bəzi partiyalar ələlxüsus də Müsavat partiyası buranı tərk etdi? Müxalif partiyaların fikirləri bugünkü gündə üst-üstə düşməməsinə səbəb nədir?

- Müxalifət qüvvələrinin birləşməsi çoxdankı və çox mürəkkəb problemdir. Ötən illərdə müxalifətin dəfələrlə bir yerə toplaşıb seçkilərə layiqli rəqabətlə çıxmasına cəhd etməsinə baxmayaraq, o, buna nail ola bilməmişdir. Həmişə olduğu kimi, problem xarakterlərin uyğun gəlməməsinə, böyük və kiçik partiyaların liderlərinin ambisiyalı olmasına söykənir. Belə tale əvvəlki dövrlərdə olduğu kimi, real qüvvələr nisbətinin tələb etdiyi konstruktiv xarakterdən uzaq olan sonuncu Milli Şuraya da nəsib oldu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR