• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Məlahət İbrahimqızı: “Bilirəm ki, qocalanda övladlarım məni qocalar evinə qoymayacaq...” – MÜSAHİBƏ/FOTOLAR

  • Nida.az
  • 14 Aprel 2015 16:15
  • 2 912 Baxış
Məlahət İbrahimqızı: “Bilirəm ki, qocalanda övladlarım məni qocalar evinə qoymayacaq...” – MÜSAHİBƏ/FOTOLAR

Mətbuatda onunla bağlı siyasətdən kənarda hər hansı müsahibəyə rast gəlməmişdim. Elə söhbətimizin əvvəlində də siyasətdənkənar danışmayacağını bildirdi. Müsahibənin alınmayacağını düşünürdüm, amma haradan gəlib, hara çıxdıq…Qonağımız millət vəkili, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü, Siyasi elmlər üzrə Fəlsəfə doktoru Məlahət İbrahimqızıdır. Məlahət İbrahimqızı eyni zamanda 1998-ci ildən Lider Qadınlar İctimai Birliyinin təsisçisidir. Onunla yemək bişirməsindən, nəvələrindən, maşınının markasından tutmuş, görmək istədiyi tarixi şəxsiyyətə qədər hər şeydən danışdıq. O qədər sadə və səmimi müsahib idi ki, hətta saatlarla da intervünü uzatmaq olardı. Əslində pediatr olan, sonra hüquq təhsili alan bu xanımın tələbəlik illərində voleybol yarışlarında iştirak etdiyini, ən böyük arzusu olan həkimliyi niyə bir kənara qoyub ictimai həyata atılmasını, yəqin ki, çoxları bilmir. Beləliklə, Publika.az “Siyasətsiz siyasətçi” rubrikasında Məlahət İbrahimqızı ilə müsahibəni təqdim edir:

- Məlahət xanım, adətən, siyasətlə bağlı müsahibələr vermisiniz. Sizə siyasətdən kənar danışmaq çətin deyil ki?

- Yox, çətin deyil. Sadəcə olaraq, özümü artıq belə çərçivəyə salmışam.

- Adətən, deputat deyəndə hamının ağlına ciddi, kostyum geyinmiş, müəyyən çərçivədə olan insan gəlir. Doğrudanmı deputat olmaq üçün belə çərçivələr mütləq olmalıdır?

- Bilirsiniz, deputat siyasətçidir, millət vəkilidir, minimum 40 min seçici tərəfindən seçilir. Artıq bir insan öz ailəsi, öz kəndi, bölgəsi çərçivəsindən çıxırsa, tanınırsa, demək, o, artıq öz istəyi və marağından daha çox təmsil etdiyi toplumun, təşkilatın və ya insanların ona olan etimadına məsuliyyət daşımaqla bərabər cavabdehdir, özündən daha çox onların marağına uyğunlaşmalıdır. Daha doğrusu, şəxsi maraq və istəklər arxa plana keçməlidir. Bu, mənim şəxsi fikrimdir. Siz deyirsiniz - pencək geyinməlidir. Mənim fikrimcə, əsas odur ki, hər bir sənət sahibinin, eləcə də siyasətçinin imici olmalıdır. İmic dedikdə burada bu, bir kompleksdir, bir sistemdir. Bilikdən, təcrübədən, görünüşdən, davranışdan başlamış, geyimə qədər imici formalaşdırır. Bu gün diplomatiyada bədən dili kimi termindən istifadə edilir, siyasətçi də diplomatdır. Ona görə düşüncəmə görə bəzi detallar hərdən kiçik görünsə də, bəzən çox əhəmiyyətli sayılır. Məsələn, kiçik bir uşaq bağçasının müdirəsi də bütöv bir kollektivin rəhbəri sayılır. Bəzən insanlar məsləhət verməyi, tərbiyə verməyi xoşlayır. Əslində isə hər kəs özü nümunə olmağı ilə qarşısındakına məsləhət də, öyüd-nəsihət də vermiş olur. Bu o deməkdir ki, onlar qarşısında təkcə işi ilə deyil, həm də şəxsi nümunəsilə də cavabdehdir, məsuliyyət daşıyır. Xüsusilə də biz bölgələrə gedəndə özümüzü elə təqdim eləməliyik ki, seçicilərimizdən fərqlənməyək. Əslində heç bir fərqimiz də yoxdur. Əgər mənə etimad göstərən insanların səsi ilə millət vəkili olmuşamsa, mənsub olduğum yüz minlərlə partiya üzvü etimad göstəribsə, mən, əlbəttə, onların biriyəm. Çünki onların səsi və etimadı ilə biz Ali Məclisə mandat qazanmışıq. Bəzən daha çox Millət Vəkili deyirik, məncə, biz daha çox öncə Millət, sonra Vəkil düşünməliyik. Türklərin ən çox sevdiyim bir sözü var – “alçaq könüllü”.

- Yəni insan sözü ilə deyil, əməli və davranışları ilə nümunə olmalıdır...

- Bəli. Bu mənada millət vəkilləri də daha çox məsuliyyət daşıyır. Bir məsələ də var, onu da qeyd edim. Bəzən hansısa tanınmış adamlarla bağlı məsələ mətbuatda ictimailəşir, sosial şəbəkələrdə yayılır. Bəzən bununla bağlı iradlar tuturlar ki, mətbuat öz sərhədini aşıb, şəxsi məsələlərə toxunmaq olmaz. Mən bir halda şəxsi məsələ ilə bağlı mətbuata iradımı bildirə bilərəm. O da həqiqətən şəxsi məsələdirsə. Məsələn, insan ailəsi ilə, övladları ilə haradasa istirahət edirsə, bu, onun razılığı olmadan mətbuatda qabardılırsa, yaxşı hal deyil. Kimsə bunun işıqlandırılmasına lüzum görmürsə, bu, onun hüququdur. Amma hansısa yolu düz getmirsə, bu, başqa məsələ. Əksinə, cəmiyyət və ya ictimaiyyət qarşısında cavabdeh olan tanınmış insanların məsuliyyəti daha çoxdur. Cəmiyyətə neqativ təsir edən məsələlərin ictimailəşməsinin tərəfdarıyam. İctimai xadimin özünün və ya ailəsinin davranışında hansısa problem varsa, o, necə nümunə ola bilər? Bu mənada medianın, eləcə də ictimai qınağın çox olması vacibdir.

- İxtisasca həkimsiniz. Bir müddət pediatr işləmisiniz. Uşaqlarla işləmək daha çətindir, yoxsa böyüklərlə?

- Bəli, əvvəlcə Tibb Universitetini, sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Hər ikisi ilə işləmək həm asandı, həm də çətindir. Ümumiyyətlə, bir şey bilirəm ki, harada işləyirsən işlə, işini sevməlisən. İnsan kim olursa olsun, öz işini sevmirsə, işindən zövq almırsa, onda uğur qazana bilməz.

Mən 1998-ci ildən sonra həkim kimi işləməmişəm. 1998-ci ildə Ulu Öndərimizin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilk olaraq yarandıqda 2000-ci ilədək sədr müavini işləmişəm və 2000-ci ildən isə YAP-ın etimadı ilə millət vəkiliyəm.

- Bəs tələbəlik illərinizi necə xatırlayırsınız?

- Hər iki tələbəlik illərimi çox yaxşı xatırlayıram. Hesab edirəm ki, bu illər insanın həyatının, ömrünün ən gözəl dövrünə - gənclik dövrünə düşür. Gənclik də, bilirsiniz, yaradıcı, qurucu keyfiyyətlərlə zəngin olan illərdir. Mən Universitetdə oxuyanda əlaçı olmuşam. İctimai işlərə həm orta məktəbdə, həm ali məktəbdə çox həvəs göstərirdim. Baxmayaraq ki, orta məktəbdə oxuyanda heç ağlıma da gəlməzdi ki, həkimlikdən başqa hansısa sahədə də işləyə bilərəm. Çünki həkimliyi, özü də uşaq həkimliyini çox sevmişəm. Amma, görünür, ictimai işlərə olan həvəsimdəndir ki, öz sevdiyim sənətimdən uzun illərdir ki, ayrılmışam.

- Əlaqələriniz var tələbə yoldaşlarınızla? Tanınmış şəxslər var aralarında?

- Bəli, həm tələbə, həm də məktəb yoldaşlarımla əlaqələrim var, görüşürük. Onların arasında çox tanınan və nüfuzlu insanlar vardır. Tez-tez olmasa da, müəyyən tədbirlərdə görüşmək imkanı olur.

- Məlahət xanım, uşaqlarınızı evləndirmisiniz, gəlinləriniz var, necə qayınanasınız?

- Mən heç vaxt elə düşünməmişəm ki, insan necə qayınana olmalıdır, necə ana olmalıdır. Belə şeylər, məncə, bəsit hisslərdir. Sadəcə fikirləşmişəm ki, insan istər iş münasibətlərində, istər ailədə övladla, qohumlarla, iş yerində kiminlə olursa olsun, yüksək münasibətlərdə olmalıdır. İnsanlar bir-birlərinə hörmət və güzəşt etməyi bacarmalıdır. Dünyada elə iki insan yoxdur ki, eyni xarakterdə, eyni düşüncədə olsun, xasiyyətləri üst-üstə düşsün. Çox vaxt insanlar bir-birlərinin mənfi cəhətlərini axtarırlar, amma əslində həmişə yaxşı xüsusiyyətləri axtarmalıdırlar. Müsbət şeyləri daha çox görəndə, insanlar birinə hörmət etməyi və sevməyi bacarırlar. Bir də insan heç kəsin haqqına girməməlidir. Gəlinlərim də mənim övladlarımdır. Əgər övladlarımın, daha doğrusu, oğlanlarımın və nəvələrimin xoşbəxtliyi onlardan asılıdırsa, onlara başqa cür baxa bilərəmmi?

- Son vaxtlar ailədaxili münaqişələrin sayı artıb. Qadınlar çox zaman zorakılığa məruz qalırlar. Bir çox hallarda isə hansısa problemi olan və onu həll etməkdə aciz qalan qadın çıxış yolunu polisə müraciət etməkdə görür. Amma buna görə də qadını qınayanlar çoxdur. Ümumiyyətlə, siz millət vəkili kimi necə fikirləşirsiniz, bu problemləri aradan qaldırmaq üçün qadın polisə müraciət edə bilərmi? Bəs qadın nə etməlidir?

- Suala görə təşəkkür edirəm, bu, məni narahat edən ən həssas məsələlərdən biridir. Mən deməzdim ki, Azərbaycanda qadınlara qarşı zorakılıq halları çoxdur. Düzdür, dünyanın heç bir yerində bu statistikanın düzgün aparılması mümkün deyil. Çünki hər kəs ailəsində baş verənləri gəlib statistikada qeydiyyata almır. Bəzi ölkələrdə, o cümlədən ABŞ-da, bəzi Avropa ölkələrində ailədaxili zorakılıqların belə çılpaqlığı ilə verilməsi, qabardılması yasaqdır. Amma çox təəssüf ki, bizdə bu məsələ son vaxtlar çox qabardılır. Biz bu yaxınlarda bununla bağlı bir layihəyəyə də başlamaq istəyirik, çünki bununla bağlı könüllü olaraq monitorinq də keçirmişik. Mətbuatda hər gün görürük ki, hansısa qadını asdılar, öldürdülər, qadına qarşı şiddət etdilər və ya hansısa qadın çılpaq şəkildə, əşya kimi nəyinsə reklamını edir. Yəni qadın bu qədərmi hörmətdən düşübdür? Azərbaycanda qadın yüz illərdir, min illərdir mədəniyyətimizdə, kultumuzda çox uca tutulubdur. Biz həmişə “Ana - Vətən” deyirik, Ana Torpaq, “Cənnət anaların ayaqları altındadır” deyirik. Ailədə ananın ölümü uşaqlar üçün daha böyük faciə kimi qəbul olunur, nəinki atanın. Uşaq anadan yetim qalır deyirlər. Bizdə ana o qədər müqəddəsləşdirilib. Bu da Qurandan qaynaqlanır. Bir millət iqtisadi cəhətdən güclü ola bilər. Amma iqtisadiyyatı bir gün çökə və ya zəifləyə də bilər. Amma bir milləti yaşadan onun milli-mənəvi dəyərləridir, dilidir, dinidir. Dünyada bir çox xalqlar bu dəyərlərin itməsindən assimilyasiya olublar. Biz bu məsələyə çox həssas yanaşmalıyıq və qadından mətbuatda bir reklam əşyası kimi istifadə etməməliyik. Maarifləndirmə işlərini aparmalıyıq. Amma “başını kəsdi”, “öldürdülər”, “təcavüz etdilər” və s. kimi yazıları görəndə adam Azərbaycan qadını olduğuna görə xəcalət çəkir. Belə məlumatlar insanların psixologiyasına da çox pis təsir edir. Həm də belə şeylərin çox qabardılması analoji hadisələrin sayını artırır.

Polisə gəlincə, polis asayişi, əmin-amanlığı qoruyur. Dövlətçiliyin qorunmasında xüsusi yeri vardır. Onun sayəsində biz 24 saat küçədə də rahat gəzə bilirik. Amma polisə öz həyat yoldaşından şikayət edəndən sonra o ailənin birgə xoşbəxt yaşaması necə mümkündür? Dünyanın bütün ölkələrində yazılmış və yazılmamış qanunlar var. Biz heç yerdə yazmırıq, heç yerdə demirik ki, ananı sevmək lazımdır, uşaqları sevmək lazımdır. Konstitusiyada yazılır ki, böyüyə hörmət, kiçiyə hörmət etmək lazımdır. Amma bunun qanun kimi, norma kimi yükündən daha çox xalqımızın minillərdən bu günə yaratdığı mədəniyyət və milli dəyərlər var. İctimai nəqliyatda - avtobusda, metroda yaşlı qadın, uşaq, hamilə qadın görən kimi o saat yerimizdən qalxırıq. Düzdür, son vaxtlar burada da axsama var. Amma biz bunu ictimai qınaqla aradan qaldıra bilərik. Biz bəzən heç xarici dilə "ağsaqqal, ağbirçək" sözünü tərcümə edə bilmirik. Amma bunun müqabilində gənc ailədə münaqişə ola bilər. Elə bir meyar, ölçü vahidi yoxdur ki, polisə hansı halda müraciət etmək lazım olduğunu müəyyənləşdirsin. Mən kişilərin qadınlara qarşı hər hansı şiddətini qəbul etmirəm. Bu, insana, insanlığa və insan əxlaqına yaraşmayan şeylərdir. Şüurlu insana fiziki cəhətdən cəza vermək olarmı? Kim təhqirdən istifadə edirsə, demək, onun mədəniyyətində və tərbiyəsində bir az qüsur var. Mən nə fiziki cəzanı, nə də təhqiri qəbul edə bilmirəm. Məsələnin digər tərəfi: davamlı olaraq münaqişələr varsa, onu da gedib polisə müraciətlə həll etmək olmaz. Əksinə, onda bir az da dərinləşəcək. Azərbaycan kişilərində elə bir xüsusiyyət yoxdur ki, evində olan ailə işinin hüquq-mühafizə orqanlarında ictimailəşməsini qəbul etsinlər. Əslində bu da bizim güclü ailə dəyərimizin və ya ailə institutunun olmasından qaynaqlanır. İnsan münasibətləri şüşə kimidir, çatladısa, qırılacaq və onun bərpa olunması çox çətindir. Bizim öz ailə institutumuz var, gedib Avropa ailə institutunu gətirib tətbiq edə bilmərik. Bizim öz gözəl ailə dəyərlərimiz var. Ailədə problem varsa, həm oğlan, həm də qız tərəfinin hörmət etdiyi, sözü keçən insanlar – ağsaqqallar, ağbirçəklər var. Onlar ailədaxili münaqişələrin aradan qaldırılmasında çox böyük rola malikdirlər. Bizdə xalq diplomatiyası ailə ənənələrində də çox ciddi rola malikdir. Bizim ailə əxlaqında, ailə institutunda bu məsələlər qəbul olunmur və ailə institutunu dağıdır. Əgər statistika aparsalar ki, ailə münaqişəsi ilə bağlı 5 nəfər polisə müraciət etdi və bu ailələr bərpa olundu, mən razılaşaram. Amma bu yol bizim yol deyil. Təbliğat, maarifləndirmə, təhsil və xüsusilə də qızların təhsili, onların öz hüquqlarını bilmələri vacibdir.

Elə ailələr var ki, kişi hər gün içir gəlir, ailəsinə zülm edir. Bu heç vaxt düzəlməyəcək. Bəzən qadın buna dözür-dözür, sonda onu öldürür. Nəticədə cinayət baş verir. Belə hallarda çox vaxtında tədbir alınmalıdır, özü də cərrahi.

- Televiziyalar da bu baxımdan ailə dəyərlərini sarsıdır.

- Bəli, bu da başqa bir mövzudur. Çox təəssüf ki, Azərbaycan televiziyalarında ailə dəyərlərimizi sarsıdan verilişlər verilir. Mən bəzən fikirləşirəm ki, bu insanlar bunu, bəlkə, qəsdən edirlər. Bizim ən böyük gücümüz nə neftimizdə, nə iqtisadiyyatımızda, nə incəsənətimizdədir, bizim milli mənəvi dəyərlərimizdədir. Avropa ölkələrində ailə institutu, demək olar ki, yox dərəcəsindədir, nə qədər qocalar evləri var. Orada heç bir valideyn əmin deyil ki, qocalanda ona uşaqları baxacaq. Elə övlad da ona əmin deyil. 18 yaşına çatandan sonra valideyn ona nəzarət etmir. Bu, onu göstərir ki, onlarda ailə dəyərləri, ailə institutu yoxdur. Bizdə cəmi bir qocalar evi var. Kim ora gedirsə, valideynini atan övladlara nankor kimi baxırıq. Bilirəm ki, mən qocalanda, övladlarım məni qocalar evinə qoymayacaq, mənə yaxşı baxacaq. Çünki anamın 81 yaşı var və biz ona necə baxmışıqsa, elə də münasibəti görəcəyik.

Mənim 57 yaşım var, amma indi də anamın bir əli mənim və digər bacı-qardaşlarımın üstündədir. O, bu yaşında rayonda meyvəni qurudur, mürəbbə bişirir və bizə göndərir. Əslində bizim bu yaşdakı anamızın o zəhmətinə ehtiyacımız yoxdur. Amma biz yenə də onun üçün körpəyik. Bəzən xarici dostlarıma belə şeyləri deyəndə məəttəl qalırlar.

Bizdə ailədaxili münaqişələr olur. Amma biz bunu ailə dəyərlərimizə zərbə vuraraq deyil, milli dəyərlərimizi assimilyasiya edə-edə yox, maarifləndirici üsullarla ailədə maksimum münaqişələri azalda bilərik. Çox təəssüf ki, bu gün də bəzən doğulan qızlara Bəsti, Qızbəs, Qıztamam, Tamam qoyurlar. Rəhmətlik Səməd Vurğun “Bəsti” poemasında belə fikir səsləndirir:

Anan səni doğanda adına Bəsti dedi,

Əllərimi bir fələk oğuldan kəsdi dedi.

Beləydi bizdə qayda - qız doğanda analar

Baxıb qara geyərdi su üstündə sonalar.

Yəni bu islamaqədərki cahillik dönəminin ənənələrini yenədəmi yaşadırıq biz... Bizim qürur mənbəyimiz olan Dədə Qorqudda qadına münasibət bir nümunədir. Bütün boylarda qadın kişinin sirdaşı, xatunu, anası və ya qadın sərkərdə və s. kimi öyülür. XXI əsrdə biz daş dövründən qalma xüsusiyyətlərimizi saxlamalıyıqmı.

Bu gün qızlarımızın təhsili birinci dərəcəli məsələmiz olmalıdır. Bəzən ailədə oğlana daha çox üstünlük verilir. İki övlad, qız və oğlan ali məktəbə ödənişli təhsilə qəbul olunubsa, bəzən oğlanın pulunu ödəyirlər, qızınsa yox. Fikirləşmirlər ki, biz qızı daha çox təhsilləndirməliyik, oğlan gedib fəhlə də işləyə bilər. Qız təhsilli olanda öz hüquqlarını da müdafiə edəcəkdir.

- Nəvələrinizdən söz düşmüşkən, onlara vaxt ayıra bilirsiniz?

- Mənim iki nəvəm var. Onlardan biri Almaniyada yaşayır, digəri isə mənim yanımdadır. Nəvə başqa bir şeydir. Sözsüz ki, ona vaxt ayırmamaq mümkün deyil. İşdən sonra çalışıram nəvəmə çox vaxt ayırım.

- Deyəsən, bədii ədəbiyyatla aranız yaxşıdır. Ötən il NATO PA-nın Bakıda keçirilən seminarında əfqanıstanlı nümayəndə Nizami Gəncəvini fars şairi adlandırmışdı. Siz onun səhvini düzəltdiniz və özünüz də onun farsca dediyi hissəni Azərbaycan dilində səsləndirdiniz.

- Bəli. Ədəbiyyatı çox sevirəm. Əvvəllər çox oxuyurdum. İndi, birincisi, vaxt azdır, ikincisi də, internet olandan sonra daha çox internetdən oxuyuram. Mən daha çox klassik ədəbiyyatı sevirəm.

- Hansı əsərləri oxuyursunuz?

- Azərbaycan klassiklərindən mənim üçün Cavid əbədiyaşar və ölməz şəxsiyyətdir, “Qılınc və qələm” əsərini çox sevirəm. Onu neçə dəfə oxumuşam. Axırıncı dəfə təzəcə oxumuşdum ki, eşitdim “Çövkən” oyununu YUNESKO Qeyri-Maddi Mədəni İrs siyahısına salacaq. Həmin əsərdə də oyunun qədim Azərbaycan oyunu olması ilə bağlı çox gözəl məqamlar var... Eşidəndə çox sevindim və Mehriban xanıma dua elədim ki, nə yaxşı bizim tarixi oyunumuz, mədəniyyətimiz belə təbliğ olunur.

- Məlahət xanım, yemək bişirə bilirsiniz?

- Əlbəttə. Evdə yeməyi özüm bişirirəm.

- Hansı yeməkləri xoşlayırsınız?

- Mənimçün əsas odur ki, dadlı yemək olsun. Evdə uşaqlarımın, nəvələrimin sevdiyi yeməklərin hamısını bişirirəm.

- Bildiyimə görə, bahalı maşın tərəfdarı deyilsiniz.

- Mən ümumiyyətlə israfçılığı sevmirəm. Biz həddindən artıq dəbdəbəni xoşlayırıq. Toy da edəndə, maşın da alanda. Hər birimiz tez tez Avropaya səfər edirik . Almaniyaya diqqət edək. Orada insanların çoxu rahatçılıq üçün balaca maşınlardan istifadə edirlər. Bizdə insanlar özlərini yükə salaraq böyük və bahalı avtomobillər alırlar. Özü də kreditlə....Həmin bahalı avtomobillərin monitorinqini aparsanız, görərsiniz ki, onların çoxu ağır faizlə kreditdədir.

- Sizin maşınınızın markası nədir?

- Maşınım YAP-nın xidməti maşınıdır, “Toyota”.

- Özünüz sürürsünüz?

- Yox. Özüm sürə bilirəm, amma sürmürəm. Mən maşın sürməyi çoxdan öyrənmişəm. Bəlkə də, sürücülük vəsiqəmin vaxtı bitib...Yaxşı yadıma saldınız (gülür). Onu da deyim ki, qadınların maşın sürməyinə çox gözəl baxıram və çox arzulayıram ki, cavan qızların hamısı maşın sürə bilsinlər. Bir şeyi heç vaxt unuda bilmirəm. Əvvəllər sovet vaxtı maşını olan ailələrdə o maşını kişilər səhər sürüb gedirdi işə. Sonra qadın çətinliklə ictimai nəqliyyatla metroda, avtobusda işə gedirdi. Axı bizim öz mədəniyyətimiz var, azərbaycanlıyıq, xalqımızın öz dəyərləri var. Əslində, bu, əksinə olmalıdır. Qoy qadın rahat getsin, kişi ictimai nəqliyyatdan da istifadə edə bilər, hətta soyuqda dayanacaqda gözləyə də bilər.

- Ev işlərini özünüz görürsünüz, yoxsa köməkçiniz var?

- Ev işlərinə bir az vaxt çatdıra bilmirəm. Mən buna pis baxmıram. Əvvəllər bunu yaxşı qəbul eləmirdilər. Qadınlar fikirləşirdilər ki, “mən gedib kiminsə evində işləmərəm”. Əslində insan hansı işi bacarırsa, onu da görməlidir. Mərifətli, tərbiyəli, yaxşı bir ailənin yardımçısı işləməkdə ayıb nə var ki?

- İdmanla məşğul olursunuz?

- İdman sağlamlıqdır, məncə, hamı məşğul olmalıdır. Peşəkar idman isə başqadır. Əvvəllər voleybol oynamışam, hətta respublika birinciliyində də iştirak etmişəm. Peşəkar səviyyədə məşğul olmaq niyyətim olmayıb, amma voleybolu çox sevmişəm. Ümumiyyətlə, sağlam həyat tərzi yaşamaq üçün ya piyada gəzməlisən, ya da üzgüçülüklə məşğul olmalısan.

- Bunlardan hansına vaxt tapırsınız?

- Piyada gəzməyə vaxt tapıram. Çalışıram işdən çıxanda evə piyada gedim. Hava yaxşı olanda, adətən, evə piyada gedirəm.

- Sevdiyiniz filmlər var?

- Mən son dövrlər çəkilən filmlərimizi bəyənmirəm. Əvvəllər çox gözəl filmlərimiz var idi. Bu yaxınlarda bir məşhur filmə baxdım - “Fateh 1453”. Həqiqətən də türk tarixinin qürürverici bir filmidir. Ümumiyyətlə, tarixi filmləri çox sevirəm.

- Bəzən insanlarda belə bir istək olur ki, tarixin hansısa dövründə yaşamış tarixi şəxsiyyətlə söhbət etsin. Məsələn, bir nəfərin Füzuli ilə və ya Şekspirlə bir dövrdə yaşamaq istədiyi ilə rastlaşmışam. Sizin belə bir imkanınız olsaydı, kiminlə görüşmək istəyərdiniz?

- Əlbəttə, hər kəsə nəsib olmayan bir xoşbəxtlikdir, insan hansısa böyük bir şəxsiyyətin müasiri olsun. Mən klassiklərdən məmnuniyyətlə dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə görüşmək istəyərdim. Klassiklər, xüsusən də, Nizami mənim ən çox sevdiyim şairdir. Bu mənada mən də çox şanslıyam. Mən ulularımızın, babalarımızın, nənələrimizin min illər boyu arzuladığı və Müstəqil dövlətdə yaşamağın həsrətini çəkdiyi bir dövlətin qurucusu olan xalqımızın Milli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin müasiri olmuşam, onunla dəfələrlə görüşmüşəm, tövsiyələrini və məsləhətlərini bilavasitə dinləmişəm. Onunla görüşdüyüm tədbirlərin 15-ə yaxın diski var məndə. Mənim üçün bunlar ən əziz və qiymətli sərvətdir. Hər görüş bir tarix, bir məktəb, bir örnək...

O həm də millətin atası idi... Həqiqətən də, onun müasiri olmuş insanlar üçün bu çox qiymətli şans idi . Mən də bu baxımdan çox xoşbəxtəm ki, Heydər Əliyev kimi böyük şəxsiyyətlə dəfələrlə görüşmüşəm. Onunla eyni zamanda yaşamışam.

- Qadınların ictimai həyatda rolu sizi qane edirmi?

- Bu suala görə də çox təşəkkür edirəm. Qadınların ictimai həyatda rolu deməzdim ki zəifdir, amma hələ də yetərincə deyil. Bü gün ölkəmizdə dövlət səviyyəsində qadınlarımızın inkişafı üçün hər cür şərait yaradılmışdır. Amma daha çox fəal olmalıyıq. Qadınların kişilərlə bərabər təmsilçiliyi bütün aspektlərdən, insan haqları, ədalət, iqtisadi baxımdan çox önəmlidir. Hər bir ölkənin güclü iqtisadiyyatı üçün onun zəngin təbii resursları ilə bərabər, güclü əmək resursu olmalıdır. Qadın da, kişi də əmək resursudur. Bu mənada təkcə kişilərdən istifadə olunarsa, burada çatışmazlıq olacaqdır. Bəzən çox tənqid edirlər ki, qadınlar parlamentdə, hökumətdə, nazirliklərdə azlıq təşkil edir. Amma bununla da razılaşaq ki, seçkiöncəsi qadınların sayı 10%-i keçmirsə, nəticə necə ola bilər ki, 30 və ya daha çox olsun... Yəni problem ondadır ki, qadınlarımız daha çox çalışmalıdır. Bir də hər şey təkamüllə olsa, daha təbii, faydalı və dayanıqlı olar.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR