• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“5 min ailə sosial ipoteka kreditindən faydalanaraq öz mənzil problemini həll edəcək”- AÇIQLAMA

  • Digər
  • 15 İyul 2015 12:54
  • 1 008 Baxış
“5 min ailə sosial ipoteka kreditindən faydalanaraq öz mənzil problemini həll edəcək”- AÇIQLAMA

Dövlət başçısı ipoteka kreditləşməsinə əlavə 200 milyon manatın ayrılması barədə göstəriş verdi. Sosial ipoteka kreditlərinin büdcədən maliyyələşdirildiyini nəzərə alsaq, bu kreditləşmə növünə ayrılan vəsaitin həcminin 4 dəfə artırılması deməkdir. Qeyd edək ki, 2015-ci ildə sosial ipoteka kreditlərinə ayrılan vəsaitin həcmi 25 faiz artırılaraq 40 min manatdan 50 min manata çatdırılıb.

Publika.az-a açıqlama verən Vüqar Bayramov bildirir ki, sosial ipoteka kreditlərinin güzəştli olduğunu nəzərə alsaq, bu, xüsusən sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələrin sözügedən vəsaitdən yararlanmasına imkan verəcək: “Ən azı 5 min ailənin sadəcə sosial ipoteka kreditindən faydalanaraq öz mənzil problemini həll etməsi deməkdir. Eyni zamanda ipoteka kreditləşməsi aktiv tələb formalaşdırsa da, kreditin mərhələli ayrıldığını və maliyyələşmənin əsasən Bakının 2-ci və 3-cü zonalarına təsir göstərdiyini və əmlak bazarındakı tələbin mövcud səviyyəsini nəzərə aldıqda mənzillərin qiymətində yaxın zamanlarda artımlar proqnozlaşdırılmır”.

“Bölgədə yaşayanalara 2 faizlik sosial ipoteka krediti vermək olar”

V.Bayramov deyir ki, ipoteka proqramının şərtlərinin təkmilləşdirilməsinə ehtiyac var: “Bu istiqamətdə nələrin edilməsinə ehtiyac var? Kreditlərin verilməsi üçün ayrılan vəsaitin həcminin artırıldığını nəzərə alaraq sosial ipoteka üçün maksimum məbləğin artırılması vacibdir. Nəzərə alaq ki, bu kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin ən azı 75 min manatadək artırılması məqsədəuyğundur. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək. Eyni zamanda, ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi vacibdi. Bunun üçün uzun müddət müzakirə edilən 2 praktikadan istifadə edilməsi mümkündür. Birincisi, əmanət tikinti bankların formalaşdırılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. İpoteka krediti təklif edən bankların əksəriyyəti bu ilin iyununda ilkin ödəniş məbləğini artırmaqla risklərini sığortalamağa çalışdıqlarını nəzərə alsaq, bu addımın atılması oldquca əhəmiyyətlidir. Belə ki, əgər əvvəllər adi və sosial ipoteka krediti təklif edilən zaman mənzil qiymətinin 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi bu göstərirci əksər banklarda ən azı 2 dəfə artırılıb. Bu baxımdan, ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi və ilkin ödənişlər üçün minimum deyil, maksimum limitlərin müəyyənləşdirilməsinə ehtiyac var. Yəni, Mərkəzi Bank “qiymət tavanından” istifadə etməklə prosesi tənzimləyə bilər. Bu zaman, qanunvericiliyə edilən dəyişikliklə sosial ipoteka kreditləri üçün maksimum 20 faiz ilkin ödənişin tələb edilməsi müəyyənləşdirilə bilər. Sosial ipoteka kreditləşməsinə ayrılan vəsaitin həcminin artırıldığını nəzərə aldıqda regionlara veriləcək ipoteka kreditlərinin məbləğinin artırılmasına da ehtiyac var. Regionlara verilən kreditlərin məbləğində xeyli azalmalar var.

Eyni zamanda, regionlar ipoteka kreditlərindən tam olaraq istifadə edə bilmədiyi üçün regionlara verilən ipoteka kreditlərinə limitlərin müəyyənləşdirilməsi məqsədəuyğundur. Həmin limitlər daxilində ipoteka krediti təqdim oluna bilər. Bu, o deməkdir ki, məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulmalıdır. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb ola bilər. Regionlara təqdim edilən ipotek kreditləri üçün diferersial faizlərin tətbiq etməklə bölgədə yaşayan vətəndaşlarımıza 2 faizlik sosial ipoteka kreditinin təklif edilməsi də mümkündür”.

Sosial mənzil fondu yaradılmalıdır

İqtisadçının sözlərinə görə, digər mühüm istiqamət isə sosial mənzil fondunun yaradılması ilə bağlıdır. Sosial mənzil fondunun formalaşdırılması aztəminatlı ailələrin mənzil probleminin həlli, tikinti sektorunun dəstəklənməsi ilə yanaşı əmlak bazarında qiymətlərin tənzimlənməsi baxımdan da əhəmiyyətlidir. Artıq belə fondlar yalnız inkişaf etmiş və etməkdə olan ölkələrdə, o cümlədən qonşu Türkyədə deyil, həmçinin bir sıra MDB dövlətlərində, eləcə də Rusiyada fəaliyyət göstərir. Sözügedən fond həmin ölkələrdə vətəndaşlara yüngül şərtlər ilə mənzilə sahib olmaq imkanı verir: “Sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanlarımız qonşu ölkələr ilə müqayisədə daha yüksəkdir. Dövlət büdcəsindən ildə 200 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar. Bu vəsait həmçinin mənzil bazarının rentabelliyinin qorunması baxımından təhlükəsizdir. Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin kvadratmetrinin 250 manata başa gələcəyi proqnozlaşdırılır. Hazırda Bakıda 1 kvadaratmetrin “malaaltı” 210 manata başa gəlir, 40 manat isə yaşamaq üçün ilkin şəraitin yaradılmasına - divarın ağardılmasına, döşməyə örtük çəkilməsinə və sanitariya qovşağının işə salınmasına gedir.

Əgər sovet illərindəki kimi yığcam, yəni təxminən 50 kvadratmetrlik mənzillər inşa edilərsə, bu, ildə 16 min yeni mənzil deməkdir. 20 ilə verilən 50 kvadratlıq mənzil üçün ailə ayda maksimum 80 manat ödəməli olar. Dövlət sosial mənzil fondu üçün yeri pulsuz ayrır, tikinti şirkətlərini isə tender əsasında seçir. Bu məsələnin daha bir neçə çox əlverişli tərəfi də var: birincisi, indi xərclənən vəsaitlər 20 il ərzində dövlət büdcəsinə qayıdacaq və bu, indiki yüksək gəlirlərdən gələcək nəsillərin də istifadə etməsinə imkan yaradacaq. İkincisi, mənzil bazarında qiymət artımlarının qarşısı alınır. Bu da hətta sosial mənzil fondundan istifadəyə etməyənlərə də əlverişli qiymətlər ilə mənzil almaq imkanı verir. Üçüncüsü, bu, aztəminatlı aiələri yüksək kirayə haqqları ödəməkdən azad edəcək, eyni zamanda kirayə bazarında qiymətləri stabilləşdirəcək. Həmçinin, dövlət sifarişləri əsasında mənzil tikintisi regionların proporsional inkişafını təmin edə bilər. Çünki belə fondlar sadəcə paytaxtda deyil, eləcə də regionlarda da formalaşdırılacaq. Beləliklə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə sosial mənzil fondunun formalaşdırılması kimi kifayət qədər əhəmiyyətli sosial layihəyə start verilir. Bu məsələ ilə məşğul olan Maliyyə Nazirliyi bir müddətdən sonra dövlət başçısına hesabat verəcək. Deməli, tezliklə Azərbaycanda sosial evlərə sahib olmaq mümkün olacaq”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR