Mehman Həsən - Baloğlanı dinləyib borclarını unudanlar
Bizi izləyin

Digər

Mehman Həsən - Baloğlanı dinləyib borclarını unudanlar

Mehman Həsən - Baloğlanı dinləyib borclarını unudanlar

Bu yaxınlarda təsadüfən tanınmış teleaparıcı İradə İsaqın ATV kanalında yayımlanan “Düz üzünə” verilişinə baxdım. Verilişin qonağı Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov idi.

Əvvəlcədən deyim ki, Baloğlan müəllim xalq tərəfindən sevilən müğənnilərimizdəndir.

O ki, qaldı öz fikrimə, bilmirəm, Baloğlan Əşrəfov pis müğənnidi, yoxsa yaxşıdır, bircə dəqiq bildiyim odur ki, sevilən insandır. Məsələn, anamın onun mahnılarına necə diqqətlə qulaq asdığının dəfələrlə şahidi olmuşam. Bu gün durub desəm ki, hörmətli əməktar artistimizi bəyənmirəm, o saat bir bala oğlan çıxıb deyə bilər ki, sən sevmirsən sevmə, əsas odur ki, anan Baloğlanı sevir. Mən də ilin-günün bu vaxtında papağımı yerə soxası deyiləm ki...

Başqa bir məsələ də var. Əgər Baloğlan Əşrəfov sevilən bir müğənni olmasaydı, o cür ağır xəstəliyə düçar olanda Mübariz Məsimov yarım milyonunu ona qurban verməzdi. Və ya sadə bir azərbaycanlı öz ciyərinin yarısını ona bağışlamazdı.

Baloğlan müəllim həmin verilişdə hər şey haqqında danışdı. Ancaq bir məqam diqqətimi çox çəkdi və məni incitdi. Baloğlan müəllim sinəsini qabağa verib deyir ki, mənim indiyə qədər kimsəyə borcum olmayıb, əksinə, mənə borclu olublar.

Əslində, bu sözü bir amerikan, alman, fransız müğənnisi desəydi, bəlkə də ona qarşı olan sevgim birə beş artardı. Amma bura Azərbaycandır, Fransa deyil. Baloğlan müəllim isə sadə azərbaycanlıların sevimli müğənnisidir. O sadə azərbaycanlı ki, banklara olan borcu aylıq maaşından qat-qat çoxdur. Bunu təkcə mən demirəm, hamı deyir və hamı bilir.

Baloğlan müəllim, ola bilər ki, sizin yeriniz rahatdı, döşəyiniz qaz tükündən, yastığınız qu tükündəndi. Və siz də bu acların sevimlisisiniz, axı sizi də elə hamıdan çox borcu olanlar sevir. Sizə qulaq asıb borclarını unudan nə qədər insanlar var. Bəs səsinin sehri ilə hamıya borcunu unutduran Baloğlan Əşrəfov niyə bu dəfə hamının borcunu yadına saldı?

Vallah, özüm də daxil olmaqla dostlarımın, tanışlarımın da nə qədər borcu var. Vallah, Baloğlan müəllim, sizin bu çıxışınız məndə sadə xalq anlayışından çox uzaq olan, təkəbbürlü bizmesmen, məmur təsəvvürü yaratdı.

Banka nə qədər sənəd aparan, sanki TQDK-nın test imtahanındaymış kimi suallara cavab verən və aldığı pulu bir günün içində dəva-dərmana, problemlərinə xərcləyən yüz minlərlə insan var. Sonra da hər ay bank ödənişinin vaxtı çatanda ondan-bundan borc axtarırlar. Pul tapmayanda bankın hər gecikmiş günə görə yüklədiyi faizi düşünüb, bankdan gələn hər zəngdə cəhənnəmi bir dövrə vurub qayıdan insanlar var.

Baloğlan müəllim, ola bilər ki, sizin maddi durumunuz yaxşıdı. Allah həmişə yaxşı eləsin. Yaxşı toylar tutursunuz, qazanırsız... Sağlığınıza qismət olsun. Amma heç olmasa, xalq qarşısında bunu söyləməyin. Bizi incitməyin. Nə yazıq ki, bizim hamıya borcumuz var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm