Məktəb, yoxsa repetitorlar: Abituriyentin yüksək göstəricisi kimin hünəridir? - SORĞU
Bizi izləyin

Qırmızı.az

Məktəb, yoxsa repetitorlar: Abituriyentin yüksək göstəricisi kimin hünəridir? - SORĞU

Bu il ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı nəticələrə görə, abituriyentlər arasında 2094 nəfər 600-dən çox, 15 nəfər isə 700 bal toplayıb.

Şirvan şəhər təhsil şöbəsinin müdiri Paşa Nəbiyev bildirib ki, şəhərin ümumtəhsil məktəblərinin məzunlarından qəbul imtahanlarında 600-dən yuxarı bal toplayanların sayında kifayət qədər artım olub, 34 nəfər 600-700, 36 nəfər 500-600 arasında bal toplayıb.

Şirvan şəhərinin 18 saylı tam orta məktəbindən 17 nəfər 600-dən çox, 16 və 21 nömrəli məktəblərdən isə 12 nəfər 600-700 bal arası nəticə göstərib.

Məzunların 14-ü türk liseyinin şagirdi olub

18 saylı tam orta məktəbin direktoru İsmayıl Yusubovla əlaqə saxladıq. Direktor dedi ki, bu il məktəbin 113 məzunu olub, onlardan 84-ü ali məktəblərə qəbul imtahanlarında iştirak edib, 62 nəfər uğur qazanıb. 600 baldan çox nəticə göstərən 17 məzundan isə 14-ü 2014-cü ildən fəaliyyəti dayandırılan Şirvan Özəl türk Məzunlarının şagirdləri olub.

21 saylı məktəbin direktoru Səadət Quliyeva isə bildirdi ki, son 5 ildə məktəbin göstəriciləri yüksəlib: "Ötən il 9 məzunumuz 500-600, 3-ü isə 600 baldan yuxarı nəticə göstərmişdi. Bu il II ixtisas qrupu xaric I, III, IV ixtisas qrupu üzrə məzunlarımız 600-700 aralığında bal toplayıb. Ən yüksək nəticə göstərən məzunumuz 672 bal qazanıb. Onların hamısı lap aşağı sinifdən savadlı, intizamlı şagirdlər idi.

Ümumiyyətlə, məktəbimizdə bu il 49 məzun olub, 35 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib, 23-ü birinci turdan keçərək, ali məktəbə qəbul olub".

"Məktəbimizdə mütəmadi bilik yarışları keçirilir"

Yüksək nəticələrin səbəbini direktor məktəbdə ibtidai bazadan şagird hazırlığının yüksək səviyyədə aparılması ilə əlaqələndirdi, amma bu şagirdlərin əlavə repetitor hazırlığından keçməsini də istisna etmədi: "Heç kəs dana bilməz ki, ölkəmizdə ali məktəbə girmək istəyən şagirdlərin 99 faizi repetitor hazırlığından keçir. Bizim məktəbdə ibtidai sinif müəllimləri güclüdür, şagirdlərin ibtidai bazadan bilik təməli möhkəm qurulur.

Məktəbimizdə şagirdlər arasında bilik səviyyəsinə görə öncədən müşahidələr aparılır və onların hansı profil üzrə yüksək nəticə göstərəcəyi proqnozlaşdırılır, valideynlərlə söhbətdə onlara övladlarının hansı ixtisas qrupunda uğur qazanacağı tövsiyə edilir və şagirdlər də o istiqamətə yönləndirilir.

5-ci sinifdən başlayaraq bu şagirdlər arasında seçim aparılır, onlar müxtəlif olimpiada və bilik yarışlarına istiqamətləndirilir. Bundan əlavə, bizim məktəbdə mütəmadi bilik yarışları təşkil edilir".

"Uğurun səbəbi repetitor hazırlığıdır"

Pedaqoji Universitetin müəllimi, təhsil eksperti Fəxrəddin Yusifov isə hesab edir ki, ali məktəblərə qəbul olan tələbələrin göstərdiyi yüksək nəticədə repetitor hazırlığının böyük rolu var: "Bu uğur məktəbin hünəri kimi qiymətləndirilməməlidir. Araşdırma aparsanız, məlum olacaq ki, həmin 14 şagird də bir il ərzində əlavə repetitor hazırlığından keçib. Danılmaz faktdır ki, Azərbaycanda fəaliyyət göstərən türk liseylərinə hazırlıqlı, bacarıqlı, savadlı şagirdlər seçilir. Digər bir amil də odur ki, türk liseylərində şagirdlərə elə təhsil verilir ki, onların məktəbdən yayınıb, əlavə repetitor hazırlığına ehtiyac qalmır. Türk təhsil sistemində təhsilə dair qanunların aliliyinə düzgün riayət olunur. Bizim orta məktəblərdə yuxarı siniflərdə şagird tapmaq olmur, çünki şagirdlər dərsdən qaçıb repetitor yanına gedirlər. "Təhsil qanunu"nun 42-ci maddəsində göstərilir ki, müəssisənin rəhbəri keyfiyyətə görə cavabdehlik daşıyır. Əgər təhsildə keyfiyyətə görə ilkin müəssisənin, məsələn, metodbirləşmə rəhbərindən tutmuş məktəb rəhbərinə, o cümlədən rayon təhsil şöbəsinə qədər cavabdehlik daşısa, təhsilin keyfiyyəti yüksələr".

Bakı-Türk Anadolu liseyinin müəllimi, təhsil eksperti Məlahət Mürşüdlü isə hesab edir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərində şagirdlərin əlavə informasiya ilə yüklənməsi halları var: "Bizdə müəllimlər şagirdlərə o qədər bol informasiya verirlər, şagirdlərdə əlavə yüklənməyə gətirib çıxarır, nəticədə alınan bilik alayarımçıq olur. Türk təhsil sistemində isə vəziyyət tamam başqa cürdür. Şagirdin məntiqi, idraki təfəkkürünü inkişaf etdirən mövzular, müəllimlərin yöntəmləri, dərs metodikası var".

Məlahət Mürşüdlü bildirdi ki, Azərbaycan müstəqillik əldə etdiyi son 20 ildə çox ölkələr gəzib müasir tələblərə cavab verən təcrübələr öyrənilsə də, vahid təhsil sistemi hələ də qurulmayıb: "Hətta keçmiş SSRİ ölkələri arasında Gürcüstan, Estoniya, Qazaxıstan kimi ölkələr təkmil təhsil sistemi yaradıblar. Çox təəssüf ki, amma biz bu 20 ildə hələ də yolun yarışındayıq. Uğursuzluğun başlıca səbəbi sistemsizlikdədir, təhsildən daha uğurlu gözləntilər üçün belə bir vahid sistem yaratmalıyıq. Bu istiqamətdə son illər atılan addımları təqdir etmək gərəkdir".

Sevil Hilalqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm