• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qanlı tarix, sentyabrın 1-də başlayıb 2-də bitən müharibə - FOTOLAR

Qanlı tarix, sentyabrın 1-də başlayıb 2-də bitən müharibə - FOTOLAR

Bu gün İkinci Dünya Müharibəsinin başlandığı gündür. 1941-ci ilin 1 sentyabrında faşist Almaniyasının Polşaya hücumu bəşəriyyət tarixinin ən qanlı savaşlarına yol açdı. İmperialist dövlətlərin xammal mənbələri, satış bazarları, yeni ərazilər, nüfuz savaşı uğrunda mübarizəsinin getdikcə dərinləşməsi, gündən-günə gərginləşən münasibətlərin hərbi müstəviyə qədəm qoyması 6 illik qanlı müharibənin başlıca səbəbləri idi. Publika.az İkinci Dünya Müharibəsi ilə bağlı ən maraqlı məqamları təqdim edir:

Öncə qeyd edək ki, müharibə işğala məruz qalmış dövlətlər istisna olmaqla, bütün qəsbkar ölkələr tərəfindən ədalətsiz idi. Çexoslovakiya rəhbərliyinin razılığı olmadan onun ərazilərini nasist Almaniyasına bəxş etmiş İngiltərə və Fransa hökumətləri bununla Hitlerin Avropadakı işğallarına son qoyulacağını düşünürdülər. Lakin Hitlerin qəsb planları Çexoslovakiya ilə yekunlaşmadı. Avstriyanı, Polşanı, Danimarkanı, Yunanıstanı, Yuqoslaviyanı, Belçikanı, Norveçi, Niderlandı işğal etmiş hitlerçilər sonda Fransanın mərkəzi küçələrində təntənəli marşla addımladılar. Hitler təkcə İngiltərəni diz çökdürə bilmədi. Nasistlərin növbəti hədəfi SSRİ idi.

1941-ci ilin 22 iyununda 3 milyonluq faşist əsgəri “İldırımsürətli müharibə” strategiyasına əsaslanan “Barbarossa” planı ilə SSRİ sərhədlərini keçdilər. Hitlerin əsas məqsədi Moskva, Leninqrad (Sankt-Peterburq) və Kiyevi işğal edib, dünyanın ən böyük imperiyasının sərvətlərini ələ keçirmək, slavyan xalqlarının bir qismini məhv etməkdən, bir qismini isə əsarət altına salmaqdan ibarət idi. Nasistlərin ilk hücumları olduqca sürətli və mütəşəkkil idi.

Rəhbərliyi hələ Stalin tərəfindən 30-cu illərdə məhv edilmiş SSRİ ordusu ilk 6 ay ərzində böyük itkilər verərək geri çəkildi. Lakin sovet ordusu mövqe döyüşlərində almanların hərbi birləşmələrini zəiflətdi. 1941-ci ilin dekabrında Moskva ətrafında hücuma keçən sovet hərbi birləşmələri düşmənə ağır zərbə endirdi. Bununla da alman ordusunun məğlubedilməzliyi haqqında əfsanə puç oldu. Elə həmin gün Perl Harborda hərbi bazası yaponların hücumuna məruz qalmış ABŞ da müharibəyə qoşuldu. Bununla da müharibədə iştirak edən dövlətlərin sayı artdı.

SSRİ-ABŞ-İngiltərə koalisiyası Almaniya-İtaliya-Yaponiya üçlüyünü məğlub etmək üçün hərbi əməliyyatlar strategiyası hazırladılar. Hərbi-siyasi planlara əsasən, ilk öncə Almaniyanı diz çökdürmək qərara alındı. Bunun üçün əsas məsələ Avropada ikinci cəbhənin açılması idi. Amerikalılarla ingilislər 1944-cü ilin iyununda Normandiyaya (Fransa) qoşun çıxarana qədər hitlerçilərə qarşı döyüşən sovet ordusu bir sıra ağır sınaqlardan üzüağ çıxdı. Stalinqrad (1941-ci ilin noyabrı – 1943-cü ilin yanvarı), Kursk (1943-cü ilin iyul-avqustu) kimi ağır döyüşlərdə alman diviziyalarını əzmiş sovet ordusu 1944-cü ilin noyabrında SSRİ-nin dövlət sərhədlərini tam bərpa etdi. SSRİ-nin 1710 şəhərini və 70 min kənd və qəsəbəsini məhv etmiş almanlar “qırmızı” imperiyanı çökdürə bilmədilər.

Şərqi və Mərkəzi Avropa ölkələrinin hitlerçilərdən azad edilməsi əməliyyatlarına başlamış SSRİ ordusuna qərbdən Fransanın və digər ölkələrin nasistlərdən azad edilməsi uğrunda döyüşən ingilis-alman ordusu dəstək verirdi.

300 min əsgərini itirmiş İtaliyanın müharibədən çıxması faşistlərin əl-qolunu bağladı. 1945-ci ilin 15 aprelində Berlinə hücuma keçən sovet ordusu şəhəri üzük qaşı kimi mühasirəyə alıb, onu bombardman etməyə başladı. Vəziyyətin çıxılmaz olduğunu görən Adolf Hitler sovet qoşunları Reyxstaqın dəftərxanasının bunkerinin 200 metrliyində olarkən – aprelin 30-da özünü öldürdü.

Mayın 7-də Almaniyanın qeyd-şərtsiz təslim olması haqda akt imzalandı. Lakin hərbi əməliyyatlar mayın 9-dək davam etdi. Mərkəzi və Şərqi Avropa ölkələrinin hitlerçilərdən azad edilməsi uğrunda döyüşlərə atılmış SSRİ ordusu bu əməliyyatlarda özünün 1 milyon əsgərini itirdi.

Yaponların ABŞ hərbi gəmilərinə ağır zərbələr endirməsi Pentaqon rəhbərliyini insanlıq tarixində rast gəlinməmiş qeyri-adi üsula əl atmağa vadar etdi. Amerikalılar avqustun 6-da Xirosima, 9-da isə Naqasaki şəhərinə atom bombası atdılar. 450 mindən çox insanın həyatının sonunu gətirən atom bombaları yaponları təslimçilik aktına imza atmağa məcbur etdi. Sentyabrın 2-də ABŞ-ın “Missuri” xətt gəmisində Yaponiyanın təslim olması haqda akt imzalandı. Bununla da 6 il 1 gün davam etmiş İkinci Dünya Müharibəsi başa çatdı. 1945-ci ilin sonlarında başlamış, “Əsrin məhkəməsi” adlanan Nürnberq prosesi nasistlərin insanlığa qarşı ağır cinayətlərinin üstünü açdı. Mülki, hərbi cinayətlərdə iştirak etmiş faşist hərbi cəlladlarının 22-si barəsində ağır cəzalar tətbiq edildi.

P.S. Onlarla ölkənin iştirak etdiyi bu müharibədə 55 milyon insan həlak oldu. Onların böyük qismi mülki vətəndaşlar idi. SSRİ bu müharibədə 25 milyon, Fransa 600 min, Almaniya 13,6 milyon, Çin 5 milyon, Polşa 6 milyon, İngiltərə 360 min, Çexoslovakiya 600 min, ABŞ 350 min, Yaponiya 3,6 milyon insanını itirdi. Müharibə illərində 18 milyon insan faşist düşərgələrində işgəncələrlə üzləşdi, 11 milyon insan faşist əsir düşərgələrində məhv edildi.

SSRİ xalqlarının Böyük Vətən Müharibəsi adlandırdığı 1418 günlük hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycandan cəbhə bölgəsinə 600 min insan yollanmışdı. Onların 350 min nəfəri cəbhədən qayıtmadı. Yeri gəlmişkən, Azərbaycan SSRİ-nin itkiləri ABŞ-ın müharibədəki insan itkisindən çox, İngiltərənin itkiləri ilə bərabər idi. Üstəlik alman qırıcı, bombardmançı təyyarələri ilə döyüş girən sovet təyyarələri Bakı benzini ilə səmaya qalxırdı.

Ümumilikdə 55 milyon insanın məhvi ilə nəticələnmiş İkinci Dünya Müharibəsinin nəticələri bir sıra ölkələr üçün tarixi dərs oldu.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR